Boşanan gözəl gəlinlərə yaxınlaşan oğlanların məqsədi

Boşanan gözəl gəlinlərə yaxınlaşan oğlanların məqsədi
17 avqust 2020
# 11:42

Bu günlərdə gənc yazıçının bir statusu sosial şəbəkədə müzakirə mövzusu oldu. Təxmini bu məzmundadır ki, bəzi boşanmış qadınlar özlərinə həyat qurmaq yerinə keçmiş ərlərinin qəza keçirib ölməsini və ya hansısa şəkildə bədbəxt olmasını gözləyir. Bu fikri rədd edənlər olsa da, xeyli sayda dəstəkləyən də var idi.

Gənc yazıçının istedadına hörmətim var, amma bu məsələdə onun və tərəfdarlarının nəzərə almadığı məqamlar var.

Qadına “get, həyatını qur”, demək asandır, bu sözü deyənlər də əmindirlər ki, bu az qala mümkünsüz bir şeydir.

Cəmiyyət həmişə qadından “ağır oturub batman gəlməyi” gözləyir və gözlədiyi davranışındakı bircə misqal yüngül hərəkət ailə fəlakətlərinə səbəb ola bilir.

Demək, boşanmış qadının iki yolu var: ya öz həyatını ailəsinə qurban verməli, ya da kiminləsə vətəndaş nikahına girməyi qəbul etməlidir. İstisnalar da olur, amma bu çox nadir hallarda baş verir. Çox nadir hallarda boşanmış qadına “Allahın əmri, peyğəmbərin izniylə” elçi çıxır.

Ailənin təzyiqləri altında olan boşanmış qadınların əksəriyyəti həmin bu elçini gözləyənə qədər yaşlanıb ağbirçəyə dönürlər və həyatlarını yap-yalqız başa vururlar.

Əslində qadına azad qadın kimi yaşamağa izin verməyən cəmiyyət ona ikinci dəfə ailə qurmağı da rəva bilmir. “Mental dəyərlərə” sığınan əksər yaşlılar kiminsə oğluna boşanmış qadın aldığını eşidəndə, ya əlini yelləyir, ya da xoşagəlməz sözlər söyləyir.

Bəs bu qadın neyləsin? Saçının birini ağ, birini qara hörsün, yoxsa azadlığının dadını çıxarsın? Hər iki halda da qadın təzyiqlərə məruz qalacaq.

Tanışımız olan qız yaxşı bir oğlanla ailə qurduğunu düşünürdü, amma bir müddətdən sonra oğlanın narkotikdən istifadə etdiyi və hətta satışı ilə məşğul olduğu ortaya çıxdı. Amma qız heç kimə bir kəlmə də demədən dözürdü, çünki onun islah olacağına ümidi vardı, həm də patriarxal cəmiyyətdə başqa necə addım atacaqdı ki?

Ərinin bütün günahlarını gizlədən qadın günlərin birində artıq hər şeyin faş olduğunun fərqinə vardı. Oğlan həbs edilmişdi. Qadın rəsmi şəkildə boşandı. Atası “həyatını qur”, dedi, amma boşanmış qadın həyatını qura biləcək qədər azaddırmı? Ailə ona bu azadlığı verirmi? Və yaxud bu “həyatını qur” sözləri tam olaraq nələri ifadə edir? Bunu “həyatını qur” deyənlərin özləri də tam anlaya bilmir. Tam şəkildə bilinməyən məqsədin dalınca getmək isə, razılaşın ki, absurddur.

Qız hələ gənc və gözəl idi, yenidən ailə qurmaq və nəhayət xoşbəxt olmaq istəyirdi. Amma cavan oğlanlar ona ancaq bir məqsədlə yaxınlaşırdılar. Qız məyus olmuşdu, artıq həyatdan ürəkaçan heç nə gözləmirdi. Digər tərəfdən günah edəcəyindən çox qorxurdu, axırda belə bir addım atdı: həbsxanadan çıxıb yenidən onunla barışmaq istəyən ərinin təklifini qəbul etdi və həmin dəhşətli şərtlər altında bir dam altında yaşamağa razı oldu.

Ailə qızın bu addımından bərk narazı qaldı, amma başqa yol da təklif etmirdilər. Cəmiyyətin ön mühakimələri qarşısında hamının əli-qolu bağlı idi.

Başqa bir nümunə... İş yoldaşım xeyli vaxtdır ki, ayrılıb. Ağır oturub batman gəlir, Allahın əmriylə elçi çıxacağını gözləyir. Amma nafilə. Artıq 40 yaşına çatıb, həmin gözlənilən elçi isə gəlib çıxmır.

Bu yaxınlarda bir nəfər ona ikinci arvad olmağı təklif edib. “Ayrıca evimiz və həyatımız olacaq, həyat yoldaşım kimi statusun olacaq”,- adam bunu deyib. Qadında həyata ümid oyanıb, amma təkbaşına bu qərarı vermək iqtidarında olmadığı üçün anasına və qardaşına üz tutub.

Hər ikisi daş atıb başını tutublar. “Belə çıxır, sən öz həyatını yaşayacaqsan? Qonum var, qonşu var, bizə nə deyərlər?” Üstəlik, qıza təzyiqlər edilib, evdən çıxmasına qadağa qoyulub, bir sözlə, qızı gözümçıxdıya salıblar. O, belə bir variantın olma ehtimalını dilə gətirdiyi üçün evdəkilərin gözündə “yüngül əxlaqlı qadın”a çevrilib.

Ailənin basqısı altında olan digər qadının taleyisə daha faciəli olub. Bu qadın zülmkar, əyyaş ərindən boşandıqdan sonra onu həqiqətən sevən bir adama rast gəlmişdi. Qadın sənətsəl ruhlu biri idi, içindəki mənəvi boşluğu dolduracaq bir insana ehtiyacı vardı. Ailədən gizli sevgilisilə görüşür, arzularını, ümidlərini paylaşır, birlikdə muzeylərə gedir, sonra bütün olanları birlikdə müzakirə etməkdən, getdiyi yerləri və bir birlərini kəşf etməkdən xoşbəxtlik duyurdular.

Amma əyyaş ər keçmiş arvadına qarşı qəzəbli idi, günlərin birində onu təqib edib sevgilisi olduğunu öyrənir və gizlicə şəkillərini çəkib qızı şantaj edir.

Despot atasından qorxan qız bütün xoşbəxtliyini ailəsinə qurban verir, əyyaş əri ilə barışdığını elan edir. Despot ata başda olmaqla bütün ailə qızın bu seçimini dəstəkləyir. Çünki, bir el məsəlinə görə, qızın ər evindən cəsədi çıxmalıdır.

Doğrudan da bir neçə gündən sonra qızın ər evindən cəsədi çıxır. Ərinin zülmlərinə dözə bilməyən qadın intihar etmişdi.

“Həyatını qur” deyənlər, görəsən, cəmiyyətin stereotiplərini dəyişmək iqtidarındadırlarmı? Qadına “həyatını qur” demək asandır, gərək onun həyatını quracağı mühiti yaradasan.

Əks halda qadının yaşadığı ağrı-acılarını ürəyindən sovurmaq üçün keçmiş ərinə qarğış etməkdən başqa yolu qalmayacaq.

# 10759 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #