Beş uşaq doğandan sonra başlanan etiraflar – Məktəbli sevgiləri

Beş uşaq doğandan sonra başlanan etiraflar – Məktəbli sevgiləri
16 sentyabr 2020
# 12:42

Hərdən düşünürsən, görəsən, Qeys məktəbdə dərs oxumağa gələn qəbilə qızlarının içindən Leylini görüb sevməsəydi, Məcnun olub çöllərə düşməsəydi, o hekayənin tarixçəsi və o tarixçədən yaranan ədəbiyyatın halı necə olardı? Bəlkə də, Qeys və Leyli adi, sıradan iki insan kimi ailə qurub, yaşayıb, milyonlarla insan kimi köçüb gedəcəkdilər dünyadan, amma belə olsa, onlarla “Leyli və Məcnun” dastanı, poeması yaranmazdı.

Məktəb uşaqlar üçün hər şeyin başlanğıcıdır. Elə sevginin də. İlk dəfə orta məktəb illərində dadırıq bu hissi. Çoxumuz ilk ayrılığımızı da o illərdə yaşayırıq. Həmin illərin sevgisi, ayrılığı, yaşantıları çoxumuzun həyatını dəyişir, bəlkə də. Müsbət və ya mənfi - fərqi yoxdur, bu yaşantılar bizim gələcəyimizə, gələcək münasibətlərimizə, sevgi haqda düşüncələrimizə ciddi təsir edir. Məktəb sevgilərinin çox cüzi bir qismi evliliklə nəticələnir. Ələlxüsus da kənd yerlərində bu sevgilərin qovuşmaqla, səadətlə bitdiyini görmək olur. Bakı kimi nisbətən böyük şəhərlərdə sevgini, ayrılığını, kədərini unutmaq olar, unutduracaq bir xeyli adam, əyləncə, fikrini dağıdacaq məşğuliyyətlər tapa bilərsən, amma kiçik kəndlərdə o ayrılıq acısı kölgə kimi ardınca sürünür. Gah baxırsan, doqqazlarının ağzındasan, gah ev telefonuna uzanır əlin, gah mağazadan çıxanda görürsən, gah da elə burun-burun gəlirsən özüylə qəflətən, bazarda. Hələ ürkək-ürkək nişanlısının qolundan yapışıb pal-paltara boylandıqlarını da gördünsə... İlk elçilik söhbəti də kənddə ən birinci sənə çatır. Anan dodaqaltı ,ya da elə gülə-gülə üzünə çırpır qapaz kimi – “Salehin oğluna alıblar filankəsin qızını”. Hə, indi hara gedəcəksən? Hara qaçacaqsan? Harda gizlənəcəksən?

İnanın, sevdiyi qızın toyunda qol qaldırıb oynayan nə cavanlar görmüşük. Ya da sevdiyi oğlanın nişanlısını kənd avtobusunda gözaltı süzüb, qanlı-qanlı baxan qızcığazları...

Bir müddətdən sonra təbii ki, unudulur, bütün kədər, bütün göz yaşları tarixə qovuşur. Amma sonralar, çox sonralar hamıya güvənsiz yanaşır adam. Kimisə sevməyə, kimisə gözləməyə həvəsin olmur. Ayrılığa sevgidən daha əvvəl hazır olursan. Ya da əksinə, o ötən sevgini düşündükcə öz-özünə gülürsən.

Məktəbyaşlı uşaqlara bütün hallarda sevgi mənfi təsir edir. Qarnında pır-pır edən kəpənəklər sənə fikrini cəmləməyə imkan vermir. Uzaqdan uzağa, sakitcə, gizlincə sevirsən, kimsə hiss etməsin, valideynlərin başa düşməsin deyə çabalayırsan. Gah dərsdən qaçıb onu evə ötürürsən (öz aləmində guya beş addım geridə yeriməklə gizlənirsən, heç kim görmür, başa düşmür). Ya da dərsə girməyib siniflərinin qapısını kəsdirirsən. Birdən kimsə baxar ona. Beynində bunlarla əlləşən on iki, on üç, on beş yaşlı bir uşaq dərslərə nə qədər maraq ayıra bilər?

Qızlarda vəziyyət bir az fərqlidir. Hətta qızlar bu məsələdə oğlanlardan daha soyuqqanlıdır. Oğlanın yazdığı bütün sevgi məktublarını oxuyub, səliqə ilə qatlayıb kitabların arasında gizlədir, gözünü süzdürə-süzdürə baxıb keçir hər dəfə. Uzağı bir kəlmə “mən hələ dərs oxuyuram, məktəbi bitirib universitetə gedəcəm, yazır məktubların birinə cavab kimi. Yəni nə “hə” demir, nə “yox”. İndi gözlə gözləyə bildiyin qədər.

Bu amansız bir həqiqətdir ki, məktəb vaxtı universitetə hazırlaşan bütün qızlar, oğlanlar sevdiklərinin universitetə qəbul olmağını istəmir. Çünki universitetə girdinsə, məktəb bitdisə, bir ayrılıq havası əsəcək, bu mütləqdir. Kənddən çıxıb o boyda şəhərə, o boyda universitetə gedən qız, ya da oğlan səni bəyənərmi? Qısqanclıq dolu bir paxıllıq hissi yaranır uşaq qəlbində. Həmişə burda, bu kənddə, əlçatan olsun deyə arzulayırsan. Və ali məktəbə qəbul olmaq çox sevənləri bir-birindən ayırır. Gözdən uzaq, könüldən iraq məsələsi. Ya gedən daha səni istəmir, ya da qalan daha əvvəlki qədər sevmir. Tətildən tətilə görüşdükcə, arabir telefonla danışdıqca tez-tez “dəyişmisən”, “belə deyildin” kimi sözlərlə bir-birinin qəlbini qırıb uzaqlaşırlar. Bizim kənddə, rayonda hər il universitə qəbul olan qız sayı oğlan sayından daha çox olurdu. Və bizim nəsildən nə qədər uşaq sevgisinin “zibilinə düşüb” dərsdən geri qalmış, universitetə qəbul ola bilməmişdi.

Orta məktəb sevgisi ilə evlənənlər az olur. Bu da ancaq kimin kimlə adı çıxıb, “leyli məcnun” olub, məktəbin, kəndin dilində dolaşıbsa o aşiqlər olur. Mənə həmişə elə gəlib ki, onlar əslində, sevgidən yox, məcburiyyətdən evlənirlər axırda. Bütün kənd sizdən danışır, universitetə də qəbul olmamısınız, bu oğlan əsgərliyə gedəcək, sənə də kim adını çəkib elçi düşmək istəsə, deyəcəklər “o filankəslə sevişir”. O qızların çoxu sonralar, dörd beş uşaq anası olandan sonra bunu etiraf edirlər. Sevib, evlənib, ayrılmış, dağılmış, xəyanətə uğramış aşiqlər bəzən etiraf edə bilirlər - yenidən və başqa birinə aşiq olduqlarını.

Məktəb sevgisi səni geri atır! Həmin vaxt xoşbəxtlikdən ayaqlarını yerə başa bilmirsən, qapı-baca güdməyə, gizlin məktublar yazıb yollamağa o qədər başın qarışır ki, bəlkə gələcəyini öz əllərinlə boğub öldürür, həyatını çox dar bir çərçivənin içinə alırsan. Və ya bu travmalar gələcək həyat və münasibətlərdə səni necə incidəcək xəyal belə etmirsən.
Düzdür, hansı yaşda olmasından asılı olmadan sevgi həmişə eyni cür - axmaq təbəssümlər, səbəbsiz sevinmələr, ürək döyüntüləri, həyəcanla gəlir – amma iyirmi beş, otuz, qırx yaşında sən onunla necə davranmalı olduğunu bilirsən. Məktəbdəki o saf, dünyanın neçə bucaq olduğundan bixəbər körpə deyilsən axı artıq.

Bizim vaxtımızda (bu ifadədən zəhləm getsə də, istifadə etməyə məcburam) vəziyyət daha sadə, bəsit idi. İndi sürət, internet, tik-tok dövrünün sevgiləri də əcaib-qəraib şəkillər alıb. O vaxt bir-birinin əlindən, yanağından öpmək üçün uşaqlara məktəbin qaranlıq dəhlizləri ya da pilləkənlərin altı bəs edirdisə, indi gənclər sevişmək üçün transformatorların içinə girirlər. Biz bir-birinin ev telefonuna zəng edib susan nəslin son sevgililəri idik. İndi isə sosial şəbəkələr, çat danışıqlar, bir-birinə göndərilən şəkillər - ən yaxşı halda bunlar.

Bizim vaxtımızda heç altmış yaşlı müəllim məktəbli qızı zorlayıb hamilə qoymurdu...

Valideynlər, müəllimlər bu hallardan xəbər tutan kimi uşaqları cəzalandırmaq, öyüd-nəsihət vermək, gah da qadağalarla başa salmağa cəhd etdikcə, uşaq bir az da uzaqlaşır valideyndən. Ətrafdan və dərslərdən də uzaqlaşır. Mənə elə gəlir ki, hətta valideynin və ya müəllimin bu davranışı uşaqda bir növ rahatlıq yaradır. Necə olsa, bilirlər ki sevirsən, sevgilin var və daha gizlətmək üçün özünü yormalı olmursan. Və uşaq ağlınla prinsipə də düşürsən hələ.
Bu dövrdə ən effektiv metod məktəb psixoloqları ilə söhbət ola bilər. Düzdür, mən özüm məktəbimizdə psixoloq ştatının varlığını yalnız onuncu sinifdə bilib şoka düşmüşdüm. Məncə elə şəhər məktəblərində də vəziyyət bundan yaxşı deyil.

Ü.Dökmənin “Oxumaq bacarığı və alışqanlıqları haqda psixo-sosial araşdırma” adlı məqaləsini oxuduqdan sonra düşünürəm ki, müəllim-uşaq-valideyn və ya ətraf-uşaq-məktəb üçbucağının uşaqların təhsil və tərbiyəsində kifayət qədər təsirli olması üçün bura əlavə bir fiqur da artırılmalıdır. Uşaqların hörmət etdiyi müəllimlərdən, çəkindiyi valideynlərdən başqa güvəndiyi bir obraz da olmalıdır – misal üçün, məktəb psixoloqları. Və cinsi yetişkənlik dövrünə girən şagirdlər üçün bu obraz daha zəruri, daha faydalı ola bilər.

Uşaqlar müəllimlə, valideynlə danışa, bölüşə bilmədiklərini kiminləsə paylaşmalıdır. Qorxudan heç kimə deyə bilmədiklərini deyəcək, güvənə biləcəyi bir ünvan olmalıdır. Olmalıdır ki, uşaqlar zorlanıb susmasın, on dörd yaşında hamilə qalıb, bətnindəki uşaq böyüyüb altı aylıq olanda anlamasın, küçələrin tinində tanımadığı insanlardan evdən oğurladığı pullar hesabına metamfetamin alıb istifadə etməsin. Köşklərdən aldığı “ştuçnu” siqaretlərin ovuda bilmədiyi uşaqlar intihar etməsin.

Gəlin, yeni təhsil nazirimizdən yeni tədris ilində bu sahəyə xüsusi diqqət ayırmağını rica edək. Bəlkə maraqlanar, kim bilir.
Uşaqlar, noolar, tələsməyin, “sevirəm” deməyə, “sevgilim” deməyə tələsməyin. Qarşıda çox illər və çox sevgililər var hələ, inanın!

# 16245 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #