Ölkələr ayaqlayan, qoca cavan demədən hər kəsə yoluxan və nəhayət Çindən ta bizə qədər gəlib çatan koronovirus xəstəliyi ilə bağlı xəbərlər əl-ayaq açandan sonra anam demək, olar ki, həftənin hər günü eyni vaxtda telefonla canlı yayıma qoşulur, məni tibbi sahədə xeyli məlumatlandırır, virusdan qorunmaq üçün müxtəlif məsləhətlər verirdi. İlk günlər onun həyəcanını başa düşür, anlayışla qarşılayırdım. Hər dəfə anamla aramızda təxminən bu cür dialoq keçirdi:
- Yola çıxanda ağzını, burnunu bürü. İşə çatan kimi əllərinin təmiz-təmiz yu. İşdə masanın üstünə pereks qoy, əllərini tez-tez spirtlə sil və s.
Ötən gün işdən evə yenicə çatmışdım ki, mobil telefonumla, ev telefonu səs-səs verib zəng çaldı. Hər iki zəng anamdan gəlmişdi. Telefonun dəstəyindən anamın səsi gəlir, mobil telefondan isə anamın səsi ilə bərabər çöhrəsi də görsənirdi. Bir sözlə zəng zəngə, xəbər xəbərə qarışmışdı.
Anam olduqca həyəcanla gecə hamı yatandan sonra xüsusi vertolyotlar vasitəsi ilə ölkə üzərindən dərman səpiləcəyini deyir, bayırda heç nə saxlamamağı tapşırırdı.
Təbii ki, dərhal onun dediklərinin boş şayiədən ibarət olduğunu anladım. Məsələni sakit şəkildə izah edib xatırlatdım ki, mən həm də mətbuat işçisiyəm. Bütün günü xəbərin içərisində olan bir adama bu cür gülməli xəbərlər verməyin yeri yoxdur.
Anam isə israrla öz dediyindən dönmür, xəbərin Vatsap vasitəsi ilə hamıya göndərildiyini deyirdi.
Yenə də bu Vatsap camaatın başına istədiyi oyunları açır deyib anamla sağollaşmaqdan başqa çarəm qalmadı.
Ümumiyyətlə, bu Vatsap səsləri zaman-zaman bizim həyatımıza, yaşam tərzimizə ciddi təsir göstərir, hətta xeyli zərər vurur. Ən qeyri-ciddi və həqiqətə əsaslanmayan xəbərlər məhz Vatsapdakı qadın səsləri vasitəsi ilə yayılır. Bir də görürsən, oturduğun yerdə bir ağbirçək həyəcanlı səslə bu cür xəbər yayır: “Evdəki su kranlarından gələn sulardan istifadə etməyin. Sulara dərman qatıblar, içsəniz, hamınız bir gecədə qırılacaqsınız.”
Bu cür xəbərlər yayan adamlar görünür boş-bekar insanlardılar. Sosial şəbəkələrdən bezib, özləri üçün yeni əyləncələr kəşf edirlər.
Bəs bizim insanlarmız niyə bu şaiyələrə inanırlar?
Məgər ölkə tarladır, pambıq sahəsidir, nədir ki, yetən üstünə dərman çiləyə. Niyə insanlar dəqiq, rəsmi xəbərlərə yox, bu cür gopçu, həqiqətdən min ağac uzaq Vatsap xəbərlərinə, qadın dedi-qodularına pənah aparırlar?
Məni ən çox narahat edən isə sabun köpüyü kimi tezcə yoxa çıxan bu xəbərlərin yaranması, insanları yerindən eləməsi deyil, daha geniş miqyas alıb cəmiyyətə daha güclü təsir etməsidir. Bir gün bunun qarşısını almaq xeyli çətin olacaq. Bu səbəbdən, saxta xəbər yayan adamların kimliyi adiyyatı orqanlar tərəfindən araşdırılmalı, onlar üçün müvafiq cəzalar tətbiq edilməlidir. Yoxsa, bir də gördünüz ki, gələn dəfə daha ağlasığmaz xəbərlərlə kütləvi psixoz yaratdılar.