2021-ci ilin “Oskar” saxtakarlığı

2021-ci ilin “Oskar” saxtakarlığı
8 may 2021
# 09:00

Kulis.az kino tənqidçi Sevda Sultanovanın bir neçə nominasiyası üzrə “Oskar”a layiq görülmüş “Köçərilər yurdu” haqqında yazını təqdim edir.

Çin əsilli amerikalı rejissor Xloya Çjaonun “Köçərilər yurdu” (Nomadland) üç nominasiyada “Oskar”a layiq görüldü. Daha öncə isə film Venesiya festivalının baş mükafatını qazanmışdı.

Amerikalı jurnalist Cessika Bruderin eyni adlı sənədli romanı əsasında ekranlaşdırılan “Köçərilər yurdu” 2008-ci il iqtisadi böhranının sadə insanların həyatına necə təsir etməsindən danışır. Yaşı 60 ötmüş Fern (Frensis Makdormand) işini itirdikdən sonra furqonda uzun bir yola çıxaraq köçəri həyat tərzinə başlayır. O, mövsümü işlərdə çalışan, yardıma ehtiyacı olan müxtəlif problemli insanlarla tanış olur. Sərt gerçəklikdən çıxış yolunu köçərilikdə -daimi hərəkətdə tapan bu insanlar sağ qalmaq uğrunda mübarizə aparırlar.

Film haqda müxtəlif ölkələrin kino tənqidçiləri tərəfindən müsbət resenziyalar yazılıb. Hətta onu “şedevr” kimi qiymətləndirənlər də yox deyil.

“Köçərilər yurdu”nu izləyəndə onun konkret hansı sənət meyarlarına görə mükafatlara layiq görülməsini anlamaqda çətinlik çəkdim. Oxuduğum bir neçə resenziyada müsbət rəylər əsaslandırılmır. Ümumi fikirlərdən isə bu qənaətə gəldim ki, “Köçərilər yurdu” insanları daha çox duyğusal mənada sarsıdıb. Amansız kapitalizm dünyası tərəfindən cəmiyyətdən qovulmuş, işçi resursu kimi istifadə müddəti bitmiş fərdlərin çətinliklərə baxmayaraq mərhəmət, xeyirxahlıq kimi hisslərini itirməməsini nəzərdə tuturam...

Hələ ötən əsrin dünya kinosunda dəfələrlə ən müxtəlif traktovka və rakurslarla, vizual stilistikalarla işlənmiş qədimdən qədim olan bu mövzuya (kapitalizmin, sosial problemlərin fonunda insanın təkliyi, ekzistensiyası və bunun fərdin mənəvi dünyasına təsiri, rolu) Çjao orijinal bədii yanaşma təklif eləməyib. Hətta rejissor kimi yaradıcı əmək də xərcləməyib.

Bəs nədən “Köçərilər yurdu” trendə çevrilərək, bəh-bəhlə qarşılanır. Çünki film bu gün kinofestivallarda təyin olunmuş konyunkturaya, hansısa nüfuzlular tərəfindən müəyyən olunmuş oyun qaydalarına tamamən uyğundur. Ən əsası isə gender faktoruna görə. Çjao “Oskar” mükafatına layiq görülən ikinci qadın rejissordur. Yazılarımdan birində qeyd etdiyim kimi, 2024-cü il üçün “Oskar”a namizəd olan filmlərə irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərlə mübarizə məqsədilə yeni qaydalar müəyyənləşdirilib. Bu mənada Çjaonun həm qadın olması, həm də monqoloid irqinə aidliyi onu mükafat yağışına tutub. Digər tərəfdən filmin məzmunu - insanların mənəvi, psixoloji-sosial baxımdan çarəsiz qaldığı pandemiya dönəminə adekvatdır. Film bir növ, mövcud xaosda alternativ həyat tərzi təklif edir.

Mahiyyət etibarilə “Köçərilər yurdu” sentimental, duyğu sümürücülüyü üzərində qurulmuş adi sosial dramdır. Başqa cür desəm, istehsalçılar sosial mövzunu istismar edərək onun üzərində spekulyativ oyunlar qurur...

İlk səhnə də daxil olmaqla, sonradan daha bir epizodda Fernin təbii ehtiyaclarını ödəməsini nədən göstərməsini rejissor əsaslandırmır. Misalçün, Marko Ferrerinin “Böyük tıxama” qara komediyasında personajların ölənədək yeməsinə, qaz buraxmasına, qaytarmasına, təbii ehtiyaclarını ödəməsinə rejissorun nədən fokuslandığı aydındır: istehlakçı cəmiyyətin, hedonizmin tənqidi.

Lakin Fernin nəcis ya sidik ifarz etməsi kimi çılpaq naturalist səhnələri hadisələrin inkişafında dramaturji rol oynamır və yaxud personajın xarakterinin açılmasında bir işə yaramır. Rejissor bu mənada Fernin unitazda oturmasından tutmuş tumanlarını qatlanmasına qədər gərəksiz detallardan istifadə edir.

Anlaşılmayan məsələlərdən digəri Fern obrazının təyinatıdır. Məsələ ondadır ki, rejissor əvvəldə Fernin köçəri həyat tərzini seçməsini onun sosial durumunun çətinliyi ilə əlaqələndirir. Zatən, filmin qayəsi də buna xitab etməliydi. Lakin hadisələrin gedişatında aydınlaşır ki, ümumiyyətlə, fasiləsiz hərəkət, eyni şəhərdə, evdə qala bilməmək Fernin xarakterinin özəlliyidir və köçəriliyin əslində onun sosial durumu ilə sıx əlaqəsi yoxdur. Üstəlik, illərlə bacısını yoluxmayan, ailəsinin həyatından itən bu qadın ona təklif olunan yardımdan, evdən imtina edir.

Həmçinin, digər personajlar da (onların əksəri real insanlardı və aralarında zabitdən tutmuş şirkət əməkdaşınadək müxtəlif peşə sahibləri var) köçəri həyatlarından narazı görünmürlər: mahnı oxuyur, rəqs edir, günəşdə dincəlir. Və üzləşdikləri problemlər elə də dramatik deyil. Hər halda bizim ölkəmizdəki sosial problemlər qədər. Sadəcə, rahat həyata alışan amerikalılar öz komfort zonalarından çıxanda, tutaq ki, arzuladıqları yaxtanı ala bilməyəndə bunu faciəyə çevirirlər. Yəni filmdə şişirdilmiş dramatizm var, nəinki gerçək insan ağrısı.

Ola bilsin, rejissorun dokumental prozanı reportaj -informativ üslubda çəkməsi, gerçəkliyi bədii estetik məziyyətlərsiz göstərməsi emosional ovqatın, dramatizmin yaranmasına mane olur. Yəni bəlkə də ağrı, problem doğrudan da var – amma bütün hallarda onlar görünmür. Yaxud sualı belə qoyaq: hamı qayğısız görünürsə konflikt nədədi? İşsizlik, xəstəlik sadə həyat faktlarıdır. Fakt isə konflikt demək deyil. Ona görə film boş, heç nə haqda əhvalat kimi alınıb.

Çoxpersonajlılğı, yəni müxtəlif fərdlərin öz hekayələrini anlatmasını rejissor sadəcə danışan başlarla həll edir və teleestetika səviyyəsində informativ bilgi verir. Bu informativlik, soyuqluq və emosiyasızlıq bütün film boyu davam edir.

Fernin nəhəng dünyada kimsəsizliyi, təkliyi və eyni zamanda təbiətlə harmoniyası, arzusunda olduğu azadlığa can atma duyğusu dərin təsvir qatlarında işlənmək əvəzinə, sadəcə klipvarı müxtəlif landşaftların fonunda göstərilir. Filmdə istismar olunan həm də mərhəmət duyğusudur. Köçəriliyi seçən insanların mərhəməti, anlayışı, yardımsevərliyi texniki və banaldır: mərhəmətin üzə çıxması üçün bədii interpretasiya- konkret situasiya, hadisə yaradılmır. Fern kiminsə dərdini dinləyir, Fern kiməsə yardım edir, Fernin kiminsə faicəsinə acıyan üzü yaxın planlarda anfasdan, yandan göstərilir. Eyni zamanda Fernin təkliyində onun zavallı olmaqdan qoruyan kövrək qüruru sezilir.



Hə, bir də nağıllardan gəlmiş sehrbaz, şəfqətli qocaya bənzəyən, köməksiz insanları daim motivasiya edən, antikapitalist mövqeli Bob Uellsin düşük fəlsəfi-sakral mühazirələri də var.

Rejissor aktyorlara işləmək üçün də özünü əziyyətə salmayıb. Hiss olunur ki, filmin uğurlu alınması üçün daha çox Frensis Makdormandın peşəkarlığına bel bağlayıb, əhvalatın ağırlığını aktrisanın çiyinlərinə yükləyib. Fern - Koen qardaşlarının ekran əsərlərində, həmçinin, Martin Makdonaxın “Missuri, Ebbinq sərhədində üç bilbord” filmində aktrisa kimi maksimal nəticə ortaya qoyan Frensis Makdormandun ən zəif oyunudur.

“Köçərilər yurdu” boşuq istehsal edən, müəllif kinosu libasında peyda olan saxta filmlərdən biridir: ləng planlar, kontekstsiz natural səhnələr, “dərinlik” kimi təqdim olunan yorucu dialoqlar, səthi təsvirlər.

Daha pisi odur ki, dünya Çjaonu ciddi sənət əsəri çəkdiyinə inandıraraq ona böyük bir yalan danışıb.

# 4139 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #