15 yaşlı qızın ölümündə kim günahkardır?

15 yaşlı qızın ölümündə kim günahkardır?
31 mart 2022
# 11:30

Dünən axşam 15 yaşlı qız imtahanlardan az bal yığacağını düşünərək intihar edib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Bu faciənin, yəqin ki, günahkarı “tapılmayacaq”. Günahkar isə çoxdur. Öncə ailəsi, yəni qorxduğu kəslər, sonra cəmiyyət, sonra təhsil sistemi.

O yeniyetmə qız birinci təhsil sisteminin, sonra ailəsinin qurbanı oldu.

Beş il qabaq universitetdən öz istəyimlə imtina etdim. Bir neçə səbəbi var idi bu imtinanın. Onlardan biri və bəlkə də, birincisi, tədris sisteminin məndən aldığı beş-altı saat qarşılığında heç nə öyrətməməsi, təhsil səviyyəsinin yetmiş-səksən yaşlı müəllimlərin sovet təfəkkürü, sovet düşüncəsi, hətta sovet ideologiyasının çərçivələrində olması, gənc müəllimlərin də yeni fikirlərinin rəhbərlik qapılarından keçməməsi idi.

O vaxt normal olaraq (həm də olmayaraq) ailəm mənə dəstək olmadı. Günü bu gün də onların qınağı ilə qarşılaşıram. Bütün uğursuzluqlarımın səbəbi kimi mənim ali təhsildən yayınmağımı göstərirlər. Onlar üçün (və azərbaycanlı əksər ailələr üçün) ideal övlad modeli kostyumlu işdən, yaxşı maaşdan, diplomdan, hamının sevmək istədiyi, səliqəli prototipdən ibarətdir.

On beş yaşlı qızın imtahanlardan necə qorxduğunu, nələr hiss etdiyini anlaya bilirəm. Universitetdən imtina edəndə mənim də on beş yaşım olsaydı, indiki dostlarımı hələ də tapmamış, öz yolumu müəyyən etməmiş olsaydım mən də intihar düşünəcək səviyyədə ciddi depressiya keçirərdim. Çünki öz valideynlərinin səni bir kağız parçasına görə qiymətləndirməsi nəinki mənfi situasiya yaradır, həm də şəxsiyyətini alçaldır.

Ailəm mənim universitetdən imtinamı onlardan da imtina kimi qəbul etmişdi. Hər gün evdəki söz-söhbətdən qaça bilmirdim və səbir etməkdən başqa əlacım yox idi.

On beş yaşında bir yeniyetmə ya kollec imtahanı verə bilər, ya şəhadətnamə imtahanı, ya da sınaq imtahanı. Və bunların heç biri onun gələcək həyatına ciddi təsir etməyəcək. Onun qarşıda öyrənmək, bu imtahanlardan uğurla keçmək üçün hələ üç ili var. Bu yazdıqlarım normal, təhsilli ailələrə şamil olunmur. Çünki düzgün təhsil almış, dünyanı anlamış bir adam heç vaxt öz övladını ali təhsil alıb və ya almayıb deyə qiymətləndirməz.

Əgər bir övlad ailəsindən qorxursa, onlara səmimi ola bilmirsə, o ailə xoşbəxt, cəmiyyət üçün faydalı deyil və o cür ailələrin dağılması daha məqsədəuyğundur. Üç nəfər əgər bir evin içində bir-birindən qorxursa, kənardakıların sözləri, fikirləri ilə öz həyatlarını idarə edirsə, onlar ailə yox, təkamüldən uğurla keçmiş heyvan sürüsüdür.

O yeniyetmənin ölümündə günahkar həm də təhsil sistemimizdir. Təpədən dırnağa rüşvətə, qeyri-peşəkarlığa, köhnə qəliblərə söykənən bir sistem, məncə, dünən baş verən o intihar hadisəsində yox, bütün məktəblərin, ali təhsil ocaqlarının və təhsil rəhbərliyinin binalarının içində də təqsirkardır. Bu gün ali təhsilli gənclərin işsiz qalmasında, orta təhsilli gənclərin cəmiyyətdə özünə bir mövqe tapmamasında da təhsilimiz günahkardır. Cəmiyyətin ictimai fikrinin formalaşmamağında, hüquq və vəzifələrimizi bilməməyimizdə də günahkar təhsil sistemidir.

Məktəblər, universitetlər yeniyetmələrə, gənclərə şəxsiyyət, fərd kimi yanaşmadığı üçün, onlardan kapitalizmin kübar qulları olmağı tələb etdiyi üçün bu cür xəbərlərlə tez-tez qarşılaşacağıq.

Təhsil doğrudanmı diplom, yaxşı bal deməkdir? İnsan özünü təkmilləşdirə bilməzmi? Özü öyrənə bilməzmi? Və ya hamı mütləq dövlət işində, 9-6 rejimindəmi işləməlidir? Bu ölkənin sahibkarlara, dərzilərə, taksi şoferlərinə, bunlar kimi yüzlərlə peşənin nümayəndələrinə ehtiyacı yoxdurmu? Niyə biz övladlarımızdan hələ də həkim, mühəndis, polis olmağını tələb edirik?

Sonda nə olur bəs? Bu cür faciələr. Travma almış gənclik.

On beş yaşlı yeniyetmə buludların arasından məni eşidirsə, ona demək istəyirəm ki, bu ailə, bu cəmiyyət, bu kütlə üçün öz körpə həyatından keçməməliydin. Mübarizə aparacaq gücü özündə tapmalıydın. İndi isə bu dediklərim nafilədir. Ona görə də, o təmiz yerlərdə sənə istədiyin həyatı arzulayıram.

# 2861 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #