Tereza, Tereza

Tereza, Tereza
24 sentyabr 2012
# 10:00
Bizim mətbuatda bir mövzu azca aktuallaşan kimi, hər hansı konuda iki-üç ağlı başında olan, əli qələm tutan adam polemikaya girən kimi, aləm dəyir bir-birinə. Başı çıxan da, çıxmayan da, yazı adamı olan da, olmayan da, cumur mövzuya, elə bil mövzu ehsan plovudur. Sonra mövzunun istismarı bitir, necə deyərlər ət yeyilib qurtarır və bu dəfə meydana sümük gəmirənlər çıxır. Olan işdir. Anlayıram ki, gündəmdə olan mövzu elə bil illüziyadır ki, hamı özünü ona çırpıb, parlamaq, görünmək istəyir, amma arkadaşlarımız unudurlar ki, gözünə ilğım görünən adamın cadar-cadar olmuş dodaqları, bərəlmiş gözləri, “su, su!”- deyə dəli kimi sevincdən çığırması da var.

Bizdə hələ də polemika estetik fikir ayrılığından, dünyagörüşlər fərqindən doğmur, bizdə polemik atmosfer təşkil olunur. Son aylar mətbuatdakı bir neçə debatı, polemikanı diqqətlə izlədim. Az qala hər yazıdan 28 maydakı pivəxanaların, zirzəmi kafelərin, 20 qəpiklik ayaqyollarının qoxusu gəlir. Müəllifin yazısının adına , fotosuna baxırsan, öz-özünə deyirsən ki, mən bu adamı tanıyıram, sonra mətnini oxuyursan deyirsən ki, hə, mən bu adamı da tanıyıram. Niyə bəs o adam, öz yazısına bu adamın fotosunu qoyub ? Video debatlarda da bunu hiss etmişəm.

Videolara baxırsan və görürsən ki, adamın gözləri, üzü, dodaqları – hər şeyi özününküdür, amma danışmağa başlayanda, başqasının səsiylə danışır. Bu marionetlər, imitatorlar, kukla şəxsiyyətlər məsələnin məğzini dərk etmirlər, bu Oruel situasiyasını anlamırlar, bu Kafkesk vəziyyəti dəyərləndirə bilmirlər.

İtalo Kalvinonun çox sevdiyim bir hekayəsi var. Bu yarım səhifəlik hekayənin adı “Tereza”dır. Hekayənin məzmunu təxminən belədir : bir nəfər üzünü bir binaya tutub “Tereza, Tereza” –deyə çığırmağa başlayır. Bir-iki dəqiqədən sonra bir nəfər çığıran adama yaxınlaşıb deyir: yavaş çığırırsan, belə eşitməz, gəl, bir yerdə möhkəm çığıraq. Başlayırlar çığırmağa. Bir azdan onlara başqaları da qoşulur və hamısı bir yerdə başlayırlar “Tereza, Tereza” qışqırmağa. Sonra adamların içindən biri soruşur ki, sən qızın evdə olduğundan əminsənmi ? Birinci “Tereza” qışqıran adam deyir: yox ! Bir başqası söhbətə qarışır : qardaş, yəqin açarın evdə qalıb, hə ? Oğlan cavab verir: yox, açarım üstümdədi.

Tamam ayrı bir adam dillənir: onda niyə qalxmırsan ki, evə ? Oğlan cavab verir: Mən axı burda yaşamıram. Adam təəccüblə soruşur: bəs bu evdə kim yaşayır? Oğlan deyir: vallah, bilmirəm. Adamlardan biri əsəbi halda oğlandan soruşur: bəs burda dayanıb niyə “Tereza” çığırırsan onda ? Oğlan cavab verir: mənim üçün fərqi yoxdur, istəyirsiniz başqa adamın adını qışqıraq.

Adamlar əsəbləşir, amma içlərindən biri deyir ki, gəlin son dəfə bir yerdə “Tereza” qışqıraq və dağılışaq. Razılaşıb, son dəfə qışqırırlar və hərə öz yoluna gedir. Kalvino hekayəni belə bitirir: binanın altında bir nəfər hələ də inadla “Tereza, Tereza” qışqırırdı.

Kalvinonun hekayəsində cəmi bircə nəfər olan inadçı bixəbər bizdə əfsus ki, yüzlərlədir. Ayrı bir dərd də var: mən qorxuram ki, bizdə naməlum ünvana, boş yerə “Tereza” qışqırsınlar və birdən dünyada yerli-dibli var olmayan “Tereza” xanım həmin eyvana çıxıb camaata əl eləsin, çünki bu ölkədə nə desən ola bilər.

# 1741 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #