Kitab qadağaya layiqdirmi?

Kitab qadağaya layiqdirmi?
3 avqust 2012
# 12:10
Bu ərəfələr Almaniyada kitab dünyası maraqlı olduğu qədər, həm də tikanlı müzakirənin kandarındadır. Bir tərəf uçurumdu amma hansı tərəfdi o, fikir birliyinə nail olmaq mümkün deyil.

Almaniyada Adolf Hitlerin “Mənim Savaşım” kitabına tətbiq edilən qadağanın son illəri yaşanmaqdadır. Almaniyalılar İkinci Dünya Müharibəsindən sonra beynəlxalq tələblərə əməl edərək qadağanı tətbiq etmişdi.

“Mənim Savaşım” 2015-ci ilə kimi qadağan olunub. Göstərilən tarixə isə bir şey qalmayıb. Nə baş verəcək o zaman? Yaxud nə olmalı?

Hamının bir fikri var və fikirlər arasındakı məsafə kainatlar qədərdi...

Hitler “Mənim Savaşım” kitabını 1924-cü ildə yazıb. Kitabı yazdığı zaman həbsxanada idi. Kitabı bitirdiyində 700 səhifə, 2 cild ortaya çıxdı. Kitab tez nəşr olundu və Veymar Respublikası dövründə geniş oxucu kütləsi tərəfindən qəbul olundu. Müharibə illərinin işğalçı küləkləri əsərkən törədilən cinayətlərdə əl kitabı oldu. Nasistlər hakimiyyətə gələn kimi kitab bütün cəmiyyət tərəfindən qəbul olundu.

1945-ci ildə hər evdə demək olar ki, “Mənim Savaşım” var idi. 10 milyondan artıq tirajla nəşr olunduğu təxmin edilir. İndi insanları düşündürən əsas sual budur: Bu qədər nifrət, kin və zorakılıq saçan, hər cümləsində beyinləri yuyan və insanları bir-birinin üzərinə qaldıran kitabın yeni nüsxələri çap olunmalıdırmı? Bu mövzuda oxuduğum yazıların ən maraqlısı berlinli intellektual Paul Hockenosun yazısıdır. Həm qəzetçi, həm politoloq olmağı məsələyə fərqli rakurslardan baxmağına kömək edib. Almaniyada sol hərəkatın vəziyyətindən bəhs edir.

Alman solu bir xeyli güclü, dərin keçmişə sahibdir. Və “Nasizmin İncili” adlandırılan “Mənim Savaşım” kitabının ümumən qadağan olunmasına etiraz edir. Liberalların da mövzuya fərqli baxışları var. Kitabın qadağan olunmasının o vaxt üçün başa düşülən addım olduğunu amma bu gün alman oxucuların “Mənim Savaşım”ın bayağı bir mətn olduğunu görə biləcək səviyyədə olduğunu, qadağa davam edəcəksə bu dəfə marağın lazımsız yerə artacağını, yəni qadağanın tam əksinə xidmət edə biləcəyini deyən insanlar da var.

Dünyanın çox hissəsində olduğu kimi Almaniyada da radikal sağ qüvvələr iqtisadi və siyasi böhranlardan istifadə edir. Hockesn özlərinə Nasional-Sosialist deyən qrupun doqquzu qaçqın on nəfəri öldürməsinin üstündən çox zaman keçmədiyini xatırladır. Ölkədə əhalinin yüzdə 20-də kök salmış yəhudi nifrəti olduğunu da bildirir. Belə bir vəziyyətdə “Mənim Savaşım” kitabını yenidən nəşr etmək düzgündürmü?

(Bunu da unutmaq lazım deyil ki, qadağan olunmuş kitabı Almaniyada rahatlıqla tapmaq olar. Ancaq qadağa qaldırılmış deyil).

Alternativ yanaşmanı Bavariya höküməti göstərdi (Almaniya Federativ Respublikasının cənub şərqindəki əyalət). Öz büdcələrindən xeyli miqdarda vəsait ayıraraq, 2016-cı ilin yanvarında nəşr olunmaq üçün xüsusi versiya hazırladılar. Kitabı qadağan etmək üçün (dolayı yolla oxucuların gözündə qaldıraraq ilahiləşdirmək) ya da olduğu kimi nəşr etmək (dolayı yolla zəhər və nifrət saçmasına imkan yaratmaq) yerinə “izahlı” bir nəşr hazırladılar. Ön söz və hər səhifəyə əlavə edilən izahlar kitabın insanlıq tarixinə verdiyi zərərin gözlər önünə gəlməsi məqsədi daşıyır. Bu qədər böyük ölçüdə utandırıcı sənəd varsa nədir doğru yol? Qadağan etmək? İfadə azadlığına inanıb olduğu kimi nəşr etmək? Yoxsa həll yolu tapıb, xüsusi nəşr hazırlamaq? Cavabları tapmaq heç bir cəmiyyət üçün rahat olmamalı, hələ Almaniya üçün... Müharibə 67 ildir ki, bitib. Nə Avropa o Avropadı, nə də dünya o dünyadı. Amma irqçilik, separatçılıq çox əfsus ki, bitməyib. Qatı sağ qüvvələr kənara çəkilib hücuma keçməyi planlaşdırırlar. Özlərinə qondarma düşmən azlıqlar axtararaq...

Çətin mövzudur, xüsusən yazarlar və oxucular, yəni kitabların azadlığına ürəkdən inanan insanlar üçün. Bavariya hökümətinin hazırladığı “izahlı nəşr” dəyərli, maraqlı bir layihədir. Çünki, “Mənim Savaşım”-ı qadağan etmək təəssüf ki, ona layiq olmadığı bir dəyər qazandırır. Olduğu kimi nəşr etmək isə insanların vicdanı ilə qumar oynamaq deməkdir. Bu səbəbdən kitabı simvolizə edən itələyici, dağıdıcı ideologiyanın insanlığa nələr “bəxş” edəcəyindən bəhs edən izahlar və açıqlamalar olan yeni nəşr çıxış yolu ola bilər. Lakin son təhlildə unutmayaq ki, qaranlıq bir kitab yazıldı ya da oxundu deyə deyil, fərdlər əzbərçi kollektivə, kütlələr qorxu girdabına, siyasətçilər qəddarlığa, demokratiyalar faşizmə keçdi deyə yaşandı bütün faciələr. Kitablardan əlavə dəyişməsi lazım olan başlar...

(elifsafak.com.tr)
# 1268 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #