Pul: ekzistensiya, yoxsa görməmişlik?

Pul: ekzistensiya, yoxsa görməmişlik?
17 iyul 2012
# 14:51
Yaxşı xatirəmdədi, 1989-cu ilin eyforik havasında, müstəqil dövlətimizin nə zamansa qurulacağı və milli pul vahidimizin olacağı haqda şirin xəyallar qururduq.

Əlbəttə ki, bu zaman işin sırf iqtisadi və funksional tərəfi heç bir kəsi əsla maraqlandırmırdı - bu “müstəqillik aksessuarı” gələcək müstəqil dövlətin başqa rəmzləri - bayraq, gerb, himn və hətta ordu ilə bir sırada dururdu bizim üçün. Bizim üçün bu nə qədər əlçatmaz görünsə də, sovetin üzərində Leninin başı qərar tutmuş və artıq sanki daşıdığı ideoloji yük qədər nimdaşlaşmış əskinasları öz sırf alıcı funksionallığını itirdikcə, hər şeyi “sıfırdan başlamaq” həvəsi, yeni qrafika ilə işlənmiış şax pulları – əsas da bunlar müstəqilliyimizin təsdiqi olacaqdı - görmək həvəsi getdikcə çoxalırdı.

Əslində bizim pula münasibətimiz demək olar ki, bütün sahələrdə olduğu kimidir, üzdə - “Pul əl çirkidir” kimi deyimləri yaradan toplum reallıqda bu pulu cəmiyyətdəki çatları kölgələmək üçün sanki mexanizmlərdə yağ olduğu kimi sırf amortizasiya vasitəsinə çevirib. Cəmiyyətimizdə pula əvvəllərdən olan çoxmənalı münasibət (əslində əgüb (ayıb) – birbaşa hansısa mənanı yox, bizdə açılması tələb edən bir çox imperativlərin toplumudur) özünün təzahürlərini bədii yaradıcılıqda, xüsusən ədəbiyyatımızda tapmışdı (Axundovun mifikləşmiş Hacı Qarası, Anarın “Evləri köndələn yar” pyesində pulları tüpürcəkli barmaqları ilə xaraktercəsinə sayan Bazarkom-Səyavuş Aslan, pulları qandıqda saxlayan Qaynana və s.), və hətta, elə sovet zamanında bu mövzuda meyxana da qoşmuşdular: “Kasıbnan düşmandı kopolunun pulu”.

Əlbəttə ki, tək bizdə yox, Avropada da pulun insan xislətinin deformasiyasındakı rolu haqda, bir çox dövrlərdə incəsənət vasitəsilə göstərilib: Fransua Rable, Hieronymus Bosch, Fransisko Qoyya, Onore de Balzak, az qala bütün kinematoqraflar buna parlaq misaldır, lakin orada bu problem demək olar ki, həllini tapıb-əlbəttə ehtiraslarla alışıb-yanan bəşər övladı üçün mümkün olan çərçivə-sistemdə, bu haqda bir qədər sonra.

Nəsə, aylar keçdi, illər döndü, düşünüb-xəyal etidiklərimizin bir hissəsi doğrudan da həqiqətə çevrildi. Milli pullarımız da nəhayətdə meydana gəldi. İlk sevinc, coşqu, eyforiya tezliklə məyusluqla əvəzlənməyə başladı. Ölkədə baş vermiş dərin böhran nəticəsində milli valyuta ucuzlaşır, yenicə çap edilmiş, rəngi hələ qurumağa macal tapmamış əskinaslar nimdaşlaşırdı. Gözü tərəzi olan xalq milli pul-falan hərləmir, əskinasların üzərindəki şəkillərə istehzalı münasibət sərgiləyirdi. İş ora çatmışdı ki, məişətdə əndirabadi yazılar peyda olurdu: Naxçıvan aeroportunda şərti olaraq “tualet” adlanan üfunət adasının mərkəzində yerləşən daxmacığın üzərində yazılmış - “туалет бир низами” - elanı kimi. “Məmməd”, “Şirvan” kimi epitetlər 2006-cı ildə yeni pul vahidlərinin tətbiqindən sonra unudulsa da, tarixin bir hissəsi kimi çoxlarına yetərincə dərs verdi–xalq adlanan toplum qeyri-funksionallığı əsla qəbul etmir və hansısa romantik sentetsiyalarla yaşamır.

Yeni pullar gəlib, yeni də reallıq yaratdı. Azərbaycanın iqtisadi durumu da artıq dəyişmişdi, bu sadəcə postsovet ölkəsi deyildi, fantastik paraların fırlandığı-toplandığı bir ölkə idi. Dünyada təzələrdə (2002-də) meydana çıxmış yeni super valyuta sayılan € vahidinə bərabər bir pul vahidi ölkədəki yeni durum və iddialardan xəbər verirdi. O zamandan kifayət qədər kasıb durumda olan postsovet məkanının bir hissəsi olan Azərbaycanda qiymətlər sürətlə dəyişməyə başladı. Əvvəl-əvvəl, 90-larda xaricə gedən və aeroportlarda bir şüşə mineral suya 1 $, və ya kofeyə 3 $ qiymət görcək gözləri kəlləsinə çıxan sıravi soydaşlarımızı bu gün əcnəbi qiymətlər əsla təəccübləndirməz. Dünyadakı bir çox ölkələrdəki qiymətlər hazırda Azərbaycandan çox ucuzdur. Bakı haqda isə xaricdən gələn hər kəs buranın çox-çox bahalı bir şəhər olduğunu söyləyir. Sovetlərin çökməsindən sonra təbii olaraq 90-larda yaranmış qiymətlər durumdan əsər-əlamət qalmyaıb. Bu sınırları nə zaman keçdik, necə keçdik biz görən?

2007-də Köln Konservatoriyasında dəvətlə dərs deməyə gedərkən, burada ilk dəfə yarım illik həyat zamanı qeyri-turistik problemlərlə rastlaşası oldum. Yarım il çox olmasa da, həyat və məişəti qurmaq gərəkdi, daha turist kimi keçinə bilməyəcəkdim. Məişətdə çox naşı birisi kimi supermarketlərə, başqa yerlərə baş vurduqda paradoksal bir hal ilə rastlaşdım – necə olurdusa, qiymətlər bir çox məsələlərdə Azərbaycandakından daha ucuz idi! Bu necə olar bilərdi, ağlıma sığışdırmırdım. Köln Almaniyanın ən bahalı şəhərlərindən biridir, həyat necə Bakıdakından daha ucuz alına bilərdi?

Bir qədər diqqətli baxışda hər şey ayındınca və sadə şəkildə anlaşıldı. Burada həyatın bütün sahələrində hazır infrasturktur vardı, sistemli şəkildə həll edilmiş məişət məhz bu üzdən daha sərfəli alınırdı. Məsələn o zaman şəhər üzrə ictimai nəqliyyatda 1 aylıq gediş kartı haradasa 50 € civarında idi. Bu kartla şəhərin kifayət qədər böyük hissəsində istənilən ictimai nəqliyyatdan istifadə etmək mümkün idi: metro, tramvay, avtobus və elektrik qatarı bura aid idilər. Bunu Bakıdakı durumla müqaisə etmək olardımı? İctimai nəqliyyatı o zaman bərbad gündə olan (indi də ondan çox fərqləndiyini hesab edə bilmərəm) və bu səbəbdən tez-tez qeyri-real tarifləri olan taksiyə müraciət olunan Bakının yol xərcləri buradakından azı 4-5 dəfə fərqlənirdi. Təbii ki, buradakı ictimai nəqliyatın dəqiq iş rejimi, komfortu, hər bir nəqliyyat vasitəsinin işlək internet səhifəsi insana vaxtını planlaşdırmağa imkan verir və həyat ahəngini rəvanlaşdırır.

Bütün qalan sahələrdə də durum eyni idi – daima rəqabətdə olan çoxsaylı supermarketlərdə böyük endirim kampaniyaları biri-birini əvəzləyir, geyim-paltarı isə mövsüm və moda dəyişdikdə su qiymətinə almaq mümkün idi. Seçim rəngarəngliyi infrastruktur və rəqabətdən müəyyən edilmişdi. O zaman dəqiqliyi ilə anladım – bizim ən böyük problemimiz infrasturktur və sistem problemidir.

Bu səbəblər üzündən Avropanın heç də ən ucuz şəhəri olmayan Kölnün bahalı kafelərində standart kofe növü – Latte Macchiato 2.50, bəzi nadir hallarda ən uzağı 3.20 € qiymətinə, Bakıda “Torqovi” küçəsindəki babat kafe olan Traveler’s Cafe’də isə 7 AZN-a verilir. Bu səbəbdən Bakıda əldə etdiyiniz 100 AZN Avropadakı 100 € vahidinə nominal olaraq bərabər olsa da, reallıqda bu əskinasların funksional fərqləri çox böyük olacaq. Bu səbəbdən yüksək maaşla təmin olunmuş avropalıların bizdən fərqli olaraq hər 50 € vahidinə çox ciddi yanaşdığını, onların bizim təbirimizcə “копеечник” olduqlarından yox, bu vahidin funksiya etibarilə bizdəki 50 AZN-dan çox-çox fərqləndiyində görürəm.

Belə görünür ki, pul Avropada doğrudan da tədricən sırf funksiyaya çevrilməkdədir, Pul burada artıq hansısa birbaşa üstünlük rəmzi deyil və hansısa gizli mənaları özündə ehtiva etmir. Uzun illər sosial həyatda, ədəbiyyat və incəsənətdə aparılan mübarizə, hər nəsil dəyişikliyindəki islahatlar öz bəhrəsini verib. Elə bircə bu faktı gətirmək yetər ki, Avropadakı hakim siyasətçilərin maaşı və gəlirləri şəffaf cəmiyyətin lupası altındadır. Zatən bu yazını yazmağı da dünən metroda bir xanımın qəzetdə “Warum braucht CSU-Minister zwei Dienstwagen?“ (Xristian-Sosialist Birliyindən (CSU) olan nazirə nədən iki xidməti maşın gərəkdir?) başlığını görəndə qərarladım.

Maşın demişkən, məhz bu infrastuktur səbəbindən Avropada demək olar ki, hamı və daima səfər edir. Avropada sərhədlərin açıqlığı, qatar və təyyarələrin hərəkət və tarif müxtəlifliyi və zənginliyi istənilən istiqamətə səfər etməyi asanlaşdırır. Bu zaman qiymətlər müxtəlif sosial təbəqələr üçün fərqlidir, məsələn tələbələr başqa qiymətə, təqaüdçülər və əlillər isə tam başqa tariflə bilet alır. Düşünülmüş sosial güzəştlər və sosial müdafiə sistemi cəmiyyətdəki təbəqələr arasında müəyyən balansı tənzimləyir. Azərbaycanda isə səfər etmək nə deməkdir hamı çox gözəl bilir və anlayır.

Çoxlu pulla əldə edilən yüksək, lüks həyat səviyyəsi isə, əsla həyatın keyfiyyətini müəyyən edən başlıca səbəb deyildir. Həyatın keyfiyyəti hər bir insanın azad şəkildə istədiyi həyat tərzini seçimində və könüllü olaraq seçdiyi sahədə reallaşmaq üçün gəncliyə açılan imkanlardadır. Müasir və sivil cəmiyyət insanların öz məişət problemlərini ödəmək üçün para qazanmasına heç bir mane yaratmır. Məsələn, Avropa ölkələrində hansısa nazirin ya başqa iri dövlət məmurunun tələbə övladının tətil zamanı ofisiant və ya poçt işçisi kimi çalışması az qala norma kimidir, bu o qədər adi hal alıb ki, heç bir kəsi əsla təəccübləndirməz.

Azərbaycanda cəmiyyət üzərində və təhtəlşüurdakı pul diktatı (“hər şey pulun başındadı”?) isə onun cəmiyyətdəki hansısa funksional iştirakı deyil, paranın bizim ictimai təfəkkürdə deformasiyaya uğramış, pozğunlaşmış bir mənalarda yozulmasıdır. Əslində isə Azərbaycanda para sırf funksional mənada işlək deyil. Kifayət qədər ibtidai tayfa cəmiyyətində heç də hər şeyi “bu lənətə gəlmiş pul” həll etmir. İctimai tabular da (“camaat nə deyər?”) çox ağır zəhmətlə qazanılmış paranın mənasızcasına göyə sovurulmasında az rol oynamır.

Ölkədəki qeyri-adekvat iqtisadi və sosial durum başqa sahələrdə də - o cümlədən incəsənətdə, məsələn memarlıqda - əndirabadilik, əcaiblik və ekzotikaya gətirib çıxarır. Məhz bu səbəblərdən Bakının mərkəzi bomboş ölü məmur binaları ilə doludur...

P.S. Amma bu “əl çirki” söhbəti doğrudan nə qədər rəmzi söhbət olsa da, əskinaslar və eləcə də dəmir pullar sırf infeksion, bakterioloji cəhətdən həqiqətən müəyyən risqlərin daşıyıcısıdır. Bəlkə doğrudan da tamamilə qeyri-nağd elektron ödəmələrə, post-terminallara, bank köçürmələrinə keçməyin zamanı gəlib? Çirk də virtual qalar?
# 1227 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #