Qocalmağa macal tapmayanlar

Qocalmağa macal tapmayanlar
2 may 2024
# 11:20

Kulis.az Vüsal Bağırlının "Qocalmağa macal tapmayanlar" adlı yeni yazısını təqdim edir.

“Düşməni bağışlamaq olarmı? Tanrı onu onsuz da bağışlayacaq! Bizim vəzifəmiz onların görüşünü təşkil etməkdir.” – Frenk Al Kapone, Amerika qanqsteri.

ABŞ 20-ci əsrin əvvəlləri.

Amerika kapitalizminin qaçılmaz böhranı.

Nə baş verir axı? Fəlakət! Prosesin adı:

“Böyük Depressiya” (Great Depression).

1929-cu ilin 24 oktyabrından başlayaraq, 1939-cu ilin ortalarına qədər davam edən dərin iqtisadi krizis.

Aclıq, yoxsulluq, kəskin pul-para çatışmazlığı, inflyasiya, devalvasiya, borcların artması, iqtisadi çətinliklər və problemlər. Monopoliyalar rəqabəti və təbii iqtisadi prosesləri dayandırır, aclıq kütlələri öz məkrli caynağına keçirir.

İşsizlik artır, dilənçilik, cinayətkarlıq və mafiyalar tərəqqi edir. Qaniçən qanqsterlər ordusu meydana gəlir. Alkoqolun istehsalına və daşınmasına məhdudiyyətlər qoyan “Quru Qanun” adlı milli qanun qüvvəyə minir.

Kontrabanda, narkobiznes və qeyri-leqal istehsalla məşğul olan Amerika mafiyası dövlətə meydan oxuyan güclü qüvvəyə çevirilir.

Nyu-Yorkda, Los-Ancelesdə, Çikaqoda mafiya qanla meydan sulayır, qan su yerinə axır. Qan-qan deyən qanqsterlər, irland, italyan və yəhudi klanlar arasında müharibə, savaş və qisas tüğyan edir.

Qarşısıalnımaz miqyas alır. Küçə atışmalarında yüzlərlə dinc, günahsız sakin çarpaz güllələrin altında can verir. Butleger dəstələri, kriminal qruplar Amerikanın ölüm kabusuna çevirilirlər.

Al Kaponenin, Karlo Qambininin, “Sısqa” Merlinonun, “Xoşbəxt” Lüçanonun, “Çapıqlı” Mİkkinin kolt, karabin və vinçesterlərlə, dinamitlərlə silahlanmış mənfur bandaları həm bir-birlərini, həm də atışmaların məzlum, günahsız qurbanlarını, dinc, günahsız insanları öldürür, qətlə yetirir, amansızlıqla məhv edirlər.

Mafiya sıralarına qəbul edilən, onun sprut caynağına keçənlərə ilk olaraq bu sual verilir: “Sən bilirsənmi, bu işlə məşğul olanlar qocalmır, gənc ikən ölürlər?”.

***

Bakı, 21-ci əsrin əvvəlləri.

“Traffik canavarı” hər il yüzlərlə can alır. Yolllarda, küçələrdə, şosse və sürət trassalarında baş verən nəqliyyat qəzaları insanların həyatına amansızlıqla son qoyur.

İnformasiya saytlarında yol-nəqliyyat qəzaları haqqında gedən gündəlik statistik məlumatlar o qədər çoxalır ki, artıq belə məlumatlar adi qarşılanır, hiss-həyəcan doğurmur.

Yol-nəqliyyat qəzaları, avtomobillərin piyadaları vurması, toqquşmalar, sərt döngədən burulan yuxulu maşının dərəyə aşması, hansısa piriusun dirəyə çırpılması kimi dəhşətli hadisələr yalnız trafikin bol olduğu, tıxacların əsəb gərginliynə çevrildiyi paytaxtın küçə və prospektlərində deyil, rayonlararasi magistrallarda, hətta sakit kənd yollarında da baş verir.

Yol-hərəkət qaydalarından xəbərsiz, ibtidai savadi belə olmayan, mindirəcəyi sərnişindən ötrü didişən, müştəri üstündə açıq savaşa çıxan taksi, avtobus sürücüləri və digər sərnişin daşıma nəqliyyatları ələ “Tompson pulemyotu” almış qanqsteri xatırladırlar.

Yollarda şütüyən, ötüşən, öz sürətinin hədd-hüdudunu bilməyən brend markaların, “Sport Car”ların, “Porsche”, “Gelandewagen”,“Maserati”, “Bugatti”lərin günahı üzündən insanlar səkilərdə, şosse kənarlarında, asfaltın üzərində can verir, həyatlarını itirirlər.

Piyada keçidləri, yolüstü körpülər, asfalta çəkilən zebr-cizgilər və işıqforlar, çoxsaylı qadağa-məhdudiyyət nişanları belə onları xilas etmək gücündə deyil.

Bu qəzalara görə avtomobillə səyahətə, yollara, küçələrə çıxan insanlar yaşayıb qocalmağa macal tapmır, gənc ikən ölürlər.

# 1519 dəfə oxunub

Müəllifin son yazıları

# # #