Pinokyo, çəkməli pişik və kirpi - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

16 yanvar 2023
# 10:20

Kulis.az Vüsal Bağırlının "Pinokyo, Çəkməli Pişik və Kirpi…" adlı yazısını təqdim edir.

O, dumanın içərisinə girdi və görünməz oldu

“Kirpi dumanda” cizgi filmindən…

Qızımla bir oyun oynayırıq. Nə bilim, bəlkə də, sizin üçün də faydalı və maraqlı olar. Kimsənin nəsə öyrənə biləcəyini nəzərə alıb, oyunumuzdan bəhs etmək istəyirəm.

Deməli, oyun belədir. Qaydaya görə, o məndən hər həftə ölkə və heyvan adı soruşur. Mən istənilən ölkəni, quşu və ya heyvanı qızıma söyləyirəm.
Nuray isə uşaq ensiklopediyasına, kitablara, internetə baş vurur, onlar haqqında məlumatları toplamağa çalışır. Keçən həftə o, Yaponiya və ördəkburunu araşdırmışdı.

Buhəftəki mövzumuz isə İtaliya və kirpi haqqında oldu. İşə birlikdə girişdik. Əvvəlcə, xəritələr toplusunun və “Google map”in köməyi ilə İtaliyanın Appenin yarımadasındakı uzunsov, qəribə mövqeyini tapdıq.

Qızım qaşlarını dartdı, genişlənmiş göz bəbəkləri ilə təəccüblə mənə baxdı və dedi:

– Ata nə qəribə ölkədir, lap “Çəkməli pişiyin” ayaqqabılarına bənzəyir?!

Gülümsəyib, başımla təsdiqlədim.

Sonra onunla İtaliyanın iqlimi, əhalisi, İntibah incisi Florensiya, su içində şəhər Venesiya və moda mərkəzi Milan haqqında məlumatlarla tanış olduq.

Paytaxt Roma, onun ortasında yerləşən Vatikan dövləti haqqında oxuduq, paytaxtın bünövrəsini qoyan, dişi canavarın süd verib bəslədiyi Romul və

Rem qardaşlarının əfsanəsini dinlədik.

Təbii ki, bu məqamda məşhur italyan nağıllarını da unutmadıq. Canni Rodarinin “Celsomino yalançılar ölkəsində” və “Çippolino”, Karlo Kollodinin

“Pinokyo”sunu, onun yalan danışdıqca uzanan burnunu xatırladıq.

Ölkə mövzusunu bitirincə, heyvan mövzusuna keçdik.

Kirpi haqqında yazını oxumazdan əvvəl, Yutubun köməyi ilə Yuriy Norişteynin məşhur “Kirpi dumanda” cizgi filmini birlikdə seyr etdik.

Cizgi filmi, bu möhtəşəm sənət əsəri nədən bəhs edir?

Qüssəli bir kirpinin taleyindən. Hər birimiz tanınmaz, bilinməz, mübhəm bir mühitdə özümüzü necə hiss edirik, başımıza nələr gələ bilər? Bax film həyatın özünü, onun qaydalarını bizə başa salır, yuxarıdakı suallara cavab verməyə çalışır.

Həyat özü bir duman, pərdəyə bürünmüş sirli tamaşadır. Orada hər şey ilk baxışdan olduqca sadə təsir bağışlayır. Hər şeyi görürsən, hər şeyi hiss edirsən. Hər şey sanki aşkardadır. İnsanlar, yollar, ağaclar, dağlar, üfüqdəki qalın meşə.

Cizgilər aydınca seçilir, lakin, əsl gerçəklik, insanların ruhu, daxili aləmi, fikirləri həmişə duyulmur. Oralar qatı duman içindədir. Elə filmdə, kirpinin balıqla qarşılaşdığı epizodda olduğu kimi. Bəzən insan kənardan çıxılmaz görünən vəziyyətlərə düşür. Nicat yolu görünmür. Bu zaman, gözlənilməz məqamda uzaqdan xoşagəlməz təsir bağışlayan, yad birisindən kömək alırıq. Tanınmaz, naməlum bir kəs qolumuzdan yapışıb, bizi bataqlıqdan çıxarır. Bizə ən çətin anda dayaq olur. Bax insan o zaman xilas olur, içi ümid işığıyla dolur.

Filmdən sonra, kirpi haqqında yazılara, məqalələrə göz atdıq və qorxu anında iynəli yumağa dönən bu qəribə, qeyri-adi heyvana dair maraqlı faktlar oxuduq:

Kirpinin adı, latınca “ericius” kimi yazılır və “tikanlı sədd” mənasını verir. Kirpinin bədənində təxminən iki minə qədər iynə olur. Heyvanın qış yuxusu 128 gün çəkir. Kirpi yatarkən, bədənini temperaturu 2 dərəcəyə qədər enir. Kirpi zəif görsə də, iybilmə və eşitmə qabiliyyətinə söz ola bilməz. Onlar üzməyi bacarsalar da, suda çox qala bilmirlər. Kirpilərdə ilan zəhərinə qarşı təbii immunitet var. Kirpiyə həmçinin, mərgümüş, sianid turşusu, kalium sianid kimi təhlükəli zəhərlər təsir etmir.

Beləcə, təxminən saat yarım çəkən oyunumuz bitdi. Gecə düşmüşdü. Artıq pəncərə önündə qaranlığın qalın pərdəsi endirilmişdi. İkimiz də eyvana çıxdıq və təmiz payız havasında ulduzlara tamaşa etməyə başladıq.

Hə, “Kirpi dumanda” filminin ilk sözləri yadınızdadırmı?

“Axşamlar kirpi, səmadakı ulduzları saymaq üçün ayıgilə gedirdi”

# 1512 dəfə oxunub

Müəllifin son yazıları

# # #