Onlar ölümə gedirlər - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

14 sentyabr 2022
# 16:00

Kulis.az Vüsal Bağırlının "Tapşırıq nömrə bir: Onu necə xilas etməli?!" adlı yazısını təqdim edir.

İstirahət günü axşam evdə yaxşı bir filmə baxmaq ümidi kanalları ora-bura çevirirdim. Birdən, gözüm tanış səhnələrə və epizodlara sataşdı.
Ekranda titrlər görünür. Monitor titrəyir, kadrlar bir-birini əvəz edir. 1944-cü ilin iyunun altısı. Omaha-biç, Normandiya. Kaskallı, zirehli, silahlı, qaşqabaqlı əsgərlərlə dolu qayıqlar küləkli dalğalı dənizdə irəliləyirlər. Onlar hara getdiklərini bilirlər. Onlar əməliyyata gedirlər. Onlar ölümə gedirlər.
Əsas kadrda barmaqlar nəzərə çarpır. Kimsə titrəyən əlləriylə flyaqanı açmağa cəhd göstərir. Sonra əllər flyaqanı yuxarı qaldırır, üzünü görə bilmədiyim naməlum əsgər su içməyə başlayır. Birdən o, doyub başını yuxarı qaldırır və mən baş rolun ifaçısını tanıyıram.

Tom Henks.

Filmdə o bölük komandiridir. Qaşları düyünlənib. Qayğılıdır. Çünki əsgərlərinin həyatına, əməliyyatın aqibətinə də özü cavabdehdir. Şəxsən.
Birdən əsgərlərdən biri şiddətli dəniz yırğalanmasına, əsəbi gərginliyə, tutqun havaya tab gətirmir. O əyilir və qusmağa başlayır. Heç kəs ona fikir vermir. Hamı can hayındadır.

Komandir, “yolu boşalt, bir nömrəli döyüş hazırlığına üç saniyə qaldı, ara məsafəni saxlayın, sahildə görüşərik” qışqırır. Bu dəm güllə səsləri eşidilir. Pulemyotlar şaqqıldayır, ətrafda mərmilər partlayır. Beyinlər dağılır, bədənlər parçalanır, vahiməli, təlatümlü dəniz qan-qırmızı rəngə boyanır.
Əfsanəvi Stiven Spilberqin “Sıravi Rayanı xilas edənlər” filmi müharibə haqqında ən yaxşı filmdir desəm, yəqin, yanılmaram.

Adətən filmlərə ikinci dəfə baxa bilmirəm. Hansısa bir əsəri isə nadir hallarda təkrar oxuyaram. "Sıravi Rayanı xilas edənlər" filmi elə sənət əsəridir ki, dəfələrlə baxsan belə bezmirsən.

Ümumi təəssürat:

Açıq, əl içi kimi düppədüz ərazidə insanları ətçəkən maşından keçirən kütləvi döyüş səhnələri. Çox az hissəsi sağ qalmış canlı varlıqların ümumi emosiyaları, cüzi ümid işartılarının amansız düşmən gülləsiylə yarıda qırılması, bir an əvvəl döyüş əməliyyat planı cızan döyüşçünün, indicə deşilmiş başı.

Film həm müharibə dəhşətlərini, həm də insanı duyğuları, mərhəməti, qəddarlığı, çətin anda köməyə yetişmək bacarığını, lazım gələndə cəsurluğu bütün çılpaqlığı, bütün dramatizmi ilə ortaya qoyur. Belə kino nümunələri insanda ziddiyyətli duyğular oyadır, tamaşaçını fərqli hisslərə, qeyri-adi ovqata kökləyir.

Filmdə belə bir epizod var. Kapitan Con Millerin dəstəsi kiçik bir fransız şəhərinə daxil olur. Uçmuş, dağıntıya məruz qalmış şəhər divarları arasında onlar düşmənlə amansız döyüşə girirlər. Bu zaman əsgərdən biri yerdə meyvələr görür. Cır almalar yola dağılıb.

Döyüş qızışır, hamı can hayındadır. Amma həmin əsgər özünü hər şeydən təcrid edib. O, müharibə hayında deyil. O, özünü ətrafda heç nə baş verməmiş kimi aparır. Ətrafda güllələr vıyıldayır, mərmilər partlayır, qəlpələr ölüm saçır. Amma bütün bunları o sanki görmür, duymur, eşitmir. Əsgər yerə tökülmüş meyvələri seçib, bir-bir arıtlayır. Salamatları, dəymişləri yeyir, çürükləri, kalları isə o tərəfə atır.

Tamaşaçı epizodu seyr edərkən, nəyi anlayır?

Absurdluğun pik nöqtəsini.

Bəzən ən çətin anlarda, ölümlə üz-üzə qaldıqda insan öz təbii ehtiyaclarından, ibtidai vərdişlərindən, heyvani instinktlərindən əl çəkə bilmir. Bəzən böyük filmlərin əsas mənası ustalıqla oynanılan belə kiçik epizodlarda təsdiq olunur.

Emosiya: Film elə ilk kadrlardan tamaşaçıda böyük təəssürat yaradır. Amerikalılar Normandiyaya desant çıxarır. Əsgərlər, zabitlər, çevik hərbi birləşmələr əvvəlcə dənizdən, sonra isə quru ərazidən güllənin, mərminin üzərlərinə yağış kimi yağdığı müharibə Avropasına qədəm qoyurlar. Onlar, boş, çimərlik ərazidən, ovuc içi kimi görünən çökək yerlərdən keçərək yuxarı dırmanır, hündür bunkerlərdə, yaxşıca hazırlanmış müdafiə qurğularında mövqelərini qorumağa çalışan faşistlərlə ölüm-dirim mübarizəsinə girişirlər. Onlar döyüşə-döyüşə, itkilər verə-verə, qarış-qarış irəliləyir və sonda qalib gəlirlər.

Kast

Seçilmiş istedadlar komandası, aktyor heyəti heyrət doğrumaya bilmir. Burada kimlər yoxdur: Tom Henks, Edvard Berns, Ceremi Devis, Mett Deymon, Covanni Ribizi, Barri Pepper.

Tənqid

Tutulan əsas iradlardan biri odur ki, ssenaridə məntiqi, düşünülmüş yanaşma yoxdur. Ağır döyüş əməliyyatlarından çıxmış, cəsur, təcrübəli səkkiz əsgərin naməlum birini xilas etmək naminə göz-görəti ölümə göndərilməsi nə deməkdir, bu nə dərəcədə düzgün addımdır?

Amma siz bir müharibəni içdən, özəkdən düşünün. Orada hansı rasional yanaşmadan, hansı məntiqi düşüncədən söhbət gedə bilər.? Dağılan şəhərlər, viran qalan yurdlar, sərgərdan, dilənçi, bədbəxt insanlar, ölüm, itim.

Filmin bütün epizodları bizi daim Dünya Müharibəsinin amansız cizgiləri, dəhşət doğuran gerçəklikləri ilə üz-üzə qoyur.


# 1958 dəfə oxunub

Müəllifin son yazıları

# # #