Məhəllə futbolu - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

11 may 2023
# 13:59

Kulis.az Vüsal Bağırlının “Məhəllə futbolu” adlı yeni yazısını təqdim edir.

Çox adam futbola sadə, primitiv oyun, əyləncə növü kimi baxır. Əslində, belə deyil.

Futbol həvəskarları bilir ki, futbol şahmat təfəkkürü, başını qaldırıb meydançanı, oyundaşlarını görə bilmək bacarığı, topu bütün orqanizmi ilə hiss etmə qabiliyyəti tələb edəcək qədər həssas və ağıllı oyundur.

Futbol ani anda, ildırım sürəti ilə qərar vermək, yumru, girdə topu itirməmək, rəqibə verməmək, üstəlik, dar, məhdud məkanda onu öz komanda yoldaşına dəqiq ötürmək bacarığıdır. Futbol peşəkar qapıçının qoruduğu bir neçə metrlik qapıya dəqiq və sərrast qol vurmaq məharətidir.

Futbolda “dərin ötürmə” deyilən bir məfhum var. Bu zaman, pleymeyker yaxud dispetçer yarımmüdafiəçi (adətən 10 nömrəli oyunçu) topu havayla, yerlə, çəpinə, yaxud da düzünə elə ötürməli, zərgər dəqiqliyi ilə elə pas verməlidir ki, rəqibin bir neçə oyunçusunun arasından keçən top, onun bütün müdafiəsini çaş-baş qoysun və hücumçunu qapıçı ilə təkbətək çıxarsın.

***

Əvvəllər, vaxtımızı səmərəli keçirmək üçün yığışıb, kiçik və uçuq məhəllə meydançasında futbol oynayardıq. Sonradan oynamaq istəyənlərin sayı birə-beş artdı, daha böyük meydançaya keçmək zərurəti yarandı. Beləcə, dost-tanışlar bir yerə yığışdıq və sözü bir yerə qoyub həvəskar komanda yaratdıq.

Komandanın təşkilati məsuliyyəti öz üzərimdədir. Həftənin əvvəlindən çətin və məsuliyyətli bir işlə qarşı-qarşıyayam: hamını toplamalı, heyəti formalaşdırmalı, düzgün bölgü etməliyəm.

Beləliklə, həftə-içi həvəskar komandamızın bütün üzvləri həyəcanlı anlar yaşayır, messencerim, vatsapım sual dolu mesajlardan şişib, partlamaq həddinə çatır.

Müasir dövrdə, internetin və sosial şəbəkələrin operativ üstünlüyü məni hamıya ayrı-ayrılıqda xəbər göndərmək əziyyətindən xilas edir. Şərti adı "Məhlə dostları” olan qrupa, "bu həftə oynayırıq?” yazıram, "enter”i basıram və vatsapın cingiltisi eşidilir. Heç beş dəqiqə keçmir, təsdiq cavabları dolu kimi yağır. Daha bir neçə dəqiqə və budur, komanda hazırdır.

Mikrorayondakı geniş bir sahəni tutan stadionumuz vahid və böyük meydançadan ibarətdir. Stadion gündəlik oynayan məhəllə komandaları üçün ortadan iki bərabər, nisbətən kiçik hissələrə bölünüb.

Ancaq həftə sonları burada peşəkar oyunlar da keçirilir. Əvvəllər, meydançanın futbol üçün o qədər də əlverişli olmayan köhnə "rezin” örtüyü, indi müasir görünüşlü və daha rahat olan süni ot örtüyü ilə əvəz edilib. Fəqət, süni örtüyün də yağışlı və çiskinli havalarda sürüşkən olması, zədə riskini artırması kimi mənfi cəhətləri var.

***

Oyun günü evdən çıxmağa hazırlaşıram. Futbol geyimini, idman ayaqqabımı, bədən dəsmalımı kiçik çantama dürtürəm. Ayağımı çölə atdığım an, qəflətən vəziyyət gərginləşir. Qapının cırıltısı məni xoşagəlməz kiçik təzyiqlərlə üz-üzə qoyur. Həssas anam səsi eşidib mətbəxdən qışqırır. “Hara gedirsən?”. Bir anlıq sükut, və öz səsimə diksinirəm.

Futbola.

Otaqdan tənə dolu səs eşidilir:

Bu yaşda da futbol oynayarlar?! İndi küləkdə, çovğunda gedib yenə özünü soyuğa verəcəksən..?!.

Həmişəki kimi narazıdır. Heç nə deməyib, cınqırımı belə çıxarmıram. Barmağımın ucunda bloka keçib, səssizcə qapını örtür, aradan çıxıram.

***

Meydançanın kip örtülmüş dəmir darvazasını açmaq üçün azca güc sərf etməlisən. Hava toranlaşan kimi yandırılan projektorun ağımtıl parlaq işığı gözlərimi qamaşdırır. Yamyaşıl üzüyola meydança, küləksiz azacıq çiskinli payız havası sanki adama "haydı durma, gəl oyna, qol vur” deyir.

Komanda yoldaşlarım meydançanın kənarına toplaşıb, yubanan oyundaşlarına, məzəmmətlə baxır. Onlar qaçış cığırında yüngül məşqlər, müxtəlif qızışdırıcı hərəkətlər edir və səbirsizliklə oyunun başlamasını gözləyirlər. Biz heyətdəki güclü və zəif oyunçuların tarazlığını pozmadan, hər biri yeddi nəfər olmaqla, iki bərabər güclü komanda yaratmalıyıq.

Vahid forma yoxdur deyə, burada istənilən komandanın yaxud, oyunçunun formasına rast gəlmək mümkündür: "Qarabağ”, "Qəbələ”, "Fənərbağça”, "Barselona”, "Qalatasaray”, Messi, Ronaldo, Mbappe, Haaland. Bir sözlə, hamı burdadır, aləm bir-birinə qarışıb.

Bölgüdən sonra hər komanda kiçik məşvərət və məsləhətləşmə keçirir, oyunçular, mövqelər üzrə vəziyyətləri dəqiqləşdirir.

Top mərkəzə qoyulur, fit səsi eşidilir və mübarizə başlayır. Oyunun normal hakimi, arbitri olmadığından burada məhəllə futbolunun bütün klassik qayda-qanunları, spesifik leksikonu tətbiq edilir.

Məhlə futbolu aşağıdakı qaydada keçirilir:

– Vahid qapıçı yoxdur və o, hər qoldan sonra dəyişir;

– Cərimə zərbəsi, onbirmetrlik olduqda, top ələ dəydikdə tez-tez mübahisələr düşür, kimsə mütləq cığallıq edir;

– Adətən, ən sürətli fint və driblinq bacaran oyunçu hücuma, qabariti və texnikası zəif olan isə müdafiəyə meyl edir;

– Əgər top meydançadan xeyli kənara düşərsə, onu zərbəni vuran oyunçu gətirməlidir.

Oyun qızışır. Hamı qaçır, tullanır, yıxılır, durur, söyür, qışqırır, bir-birini itələyir. Top bir qapıdan, o biri qapıya hərəkət edir, gah bir toru silkələyir, gah digər qapıdan keçir.

Bir saat sürətlə ötüb keçir və qarşılıqlı hücumu, mübahisəli, gərgin oyun sona çatır. Daha çox əzm, iradə göstərən, dözüm nümayiş etdirən, oyuna konsentrasiya olan komanda qələbə qazanır.

Oyun bitir. Hesab məlumdur. Boğucu hamam buxarının kəskin tər iyi ilə qarışdığı "razdevalka”da fərqli əhval-ruhiyyə hökm sürür. Kətil üzərində əyləşib əynimi dəyişir və komanda yoldaşlarıma göz qoyuram. Məğlublar, içi özüm qarışıq kefsiz və məyus halda oturmuş, gözlərini məchul nöqtəyə zillənmişlər. Biz tərəfdən səs-səmir, hənirti belə gəlmir. Elə dərin sükut, pərt səssizlik hökm sürür ki, sanki qurbağa gölünə daş atmısan.

Digər tərəfdə isə vəziyyət tam fərqlidir. Səs-küy baş çatladır, ağız deyəni qulaq eşitmir. Qələbə qazanan tərəf yüngül eyforiyadan vəcdə gələrək zarafatlaşır, qızğınlıqla başa çatmış oyunu və sərfəli nəticəni müzakirə edirlər. Kimisi oyundaşının ötürməsini tərifləyir, digəri zədəli dizindəki qançlrmə yaranı göstərib ufuldayır, özünə qarşı edilən haqsız kobudluqdan şikayətlənir.

Duş qəbul edib, dostlarla sağollaşır, təmiz havaya çıxıram. Bayırda gün batıb, hava artıq qaralıb. Yorulub süstləşmiş, duşdan sonra yumşalmış bədənimlə özümü yenidən doğulmuş kimi, yüngül və rahat hiss edirəm. Bel çantamı çiynimə aşırıram, ayağımı səkiyə qoyuram və yaxınlıqdakı dayanacağa tərəf addımlayıram.

# 1354 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #