Hamballar, fəhlələr, əli tapançalı qoçular - XX əsr Bakısı

XX əsrdə Bakı

XX əsrdə Bakı

21 fevral 2022
# 10:20

Kulis.az Vüsal Bağırlının "Moskva, Tverskoy, 1896" adlı yazısını təqdim edir.

Yutubda bir video ilə qarşılaşdım. Görüntülər tamaşaçını on doqquzuncu yüzilliyin sonuna, daha dəqiq, 1896-cı ilə aparır. Moskvada Tverskoy küçəsində əfsanəvi Lümyer qardaşları tərəfindən quraşdırılmış kamera həmin küçənin müəyyən anını kadrların yaddaşına köçürür. Filmin operatoru Şarl Muassordur. Video 58 saniyə davam edir.

Daş döşənmiş küçədə həmin dövrün müxtəlif insanları, mujiklər, seminariya müəllimləri, baqqallar, qorodovoylar ora-bura vurnuxurlar, harasa gedirlər, tələsirlər. Görüntülər dövrünə görə olduqca yüksək səviyyədə lentə alınıb, hətta səs effektləri belə heyrət doğurur. Atların, faytonların, karetaların daş döşəməni taqqıldadan ayaq-təkər səsləri, insanların, izdihamın uğultusu. Gedərkən, tez-tez, hədsiz maraqlı gələn kameraya sarı çevrilən insanlar.

Göstərilən kadrlarda əlavə diktor şərhi, alt yazı filan yoxdur. Hər şey tamaşaçının öz ixtiyarına buraxılır. Tamaşaçı film lentini müstəqil analiz edir, öz düşüncəsinin alt qatlarından keçirib qiymətləndirir.

Video mənə nəyə görə maraqlı gəlir?

Çünki çox real təsvirlərdir. Geyimlər, papaqlar, şapkalar, uzun əbaya oxşayan üst geyimləri, qadınların şlyapaları, gen ətəkli libasları. Hamısı bizi xatırladır. Eynən bizim kimi insanlar gündəlik zorən monoton qayğılar içərisində iş-güc dalınca harasa tələsirlər, naməlum ünvanlara yollanırlar.

Amma bizdən fərqli, orada elektrik yox, telefon, televizor yox, internet yox. Evlərdə, hətta ən varlılarda belə, indi adi sayılacaq məişət cihazları, ütü, soyuducu, kondisioner, paltar maşını yoxdur. Buna görə də, şəhər sakinləri günün işıqlı saatlarından maksimum yararlanmağa çalışırlar.

Həqiqətən, kadrdakı insanlar çox canlı görünürlər. Heç olmayacaq dərəcədə. Nəyisə ayaqüstü müzakirəyə çıxarırlar, bir-biriylə qızğın söhbətlər edir, kimlərinsə arxasınca qeybətləşir, yaxud təkliyə çəkilib düşünürlər. Bir azdan gedib yemək yeyəcəklər, ya da, nə bilim dəzgah arxasında işləyəcəklər. At çapacaqlar, evə dönəcəklər. Güləcəklər, sevinəcəklər, kədərə bürünəcəklər. Beyinlərdə arzular var, xəyallar var. Gələcək üçün planlar qurulur.

Düşünürsən ki, bütün bu hərəkətdə olan, nəfəs alan, gülən, təəccüb edən, sevinən, ağlayan, kədərlənən insanlar, kişilər, qadınlar, uşaqlar, hətta rüşeym halında doğulmağa hazırlaşan bütün körpələr belə, indi dünyada yoxdurlar. Mövcud deyillər. Ölüb getmişlər.

Beləcə, tarixin adi bir gününü, anını lentə alan qədimi kamera öz heyrətamiz təsvirləri ilə bizim hiss və duyğularımıza təsir edir. İnanılmaz təəssüratlar yaradır.

Video həyatın nə qədər fani, mövcudluğun nə qədər nisbi olduğunu, ölümün qaçılmaz labüdlüyünü bizə bir daha sübut edir, anladır. Sonumuzun burnumuzun ucu qədər qədər yaxında olduğunu çılpaq ləzzəti ilə, bütün dəhşəti ilə dolğun şəkildə hiss edirik.

Digər rakursdan baxdıqda, video həm də ona görə hədsiz maraq oyadır ki, kadrdakı obrazlar bizə Çexovun, Turgenevin, Tolstoyun, Qoqolun əsərlərindən boylanan tipik personajları xatırladır. HHH

***

Bəlkə, siz də görmüsünüz?

Bulvarda rəsm lövhələri var. Bakının on doqquzuncu yüzilliyin sonlarından üzü bəri, iyirminci əsrin sonlarına qədər müxtəlif təsvirləri. Bulvara gedəndə həmişə ayaq saxlayıb, təxminən bir əsrlik dövrü əhatə edən o lövhələrə baxıram. Başdan-ayağa çadraya, pərəncəyə bürünmüş, üzləri, gözləri belə görünməyən qadınlar, başında tüklü papaq, çuxura düşmüş gözləri, irəli çıxmış almacıq sümükləri ilə obyektivə baxan arıq, ələngə hamballar, eşşək belində muzdurlar, buruqların yanında işləyən qara fəhlələr, hampalar, əli tapançalı qoçular. Konkalar, neft buruqları, minarələr.

Ağ-qara rakursdan boylanan şəkillərdə hər şey, evlər, küçələr, səkinin kənarında harasa gedərkən, hərəkət pozasında quruyub qalmış Köhnə Bakı sakinləri, geyimlər, atlar, itlər, quşlar, hətta kölgələr, küləyin tərpətdiyi budaqlar belə tamaşaçıda inanılmaz təəssüratlar yaradır.

Tarixi şəkillərə, videolara baxdıqda mən istər-istəməz təsvirdəki incə, həssas xırdalıqlara varır, hər detalı, əşyanı yaxud geyim elementini öz dövrümün baxış bucağı altında müşahidə edir, müqayisəsini aparırsam. Hətta bəzən özümü kadr, yaxud rəsm qəhrəmanın yerinə qoyuram.

Bəs, görəsən, özüm orda olsaydım, həmin zəmanədə yaşasaydım nə edərdim? Dövrün qayda-qanunlarına öyrəşib, adaptasiya olub yaşaya bilərdimmi?

Rəsmləri seyr etdikdə xüsusi zövq alıram. Çünki tarix həmişə maraqlıdır, düşündürür və yazı-pozu üçün əlavə materiallar verir.

# 2470 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #