Dünya çempionatının mənasız himni

Dünya çempionatının mənasız himni
21 noyabr 2022
# 10:40

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Futbol ədəbiyyatdır, musiqidir, həyatdır....

Məhəllədə iki yeniyetmənin söhbətindən.

– Dünya çempionatı başladı e...
– Hə? Onsuz da, maraqlanmıram. Harada keçirilir?
– Qatarda
– Nə qatar?
– Hə də, ərəblər bir ətək pul töküb qatarın içində stadion tikiblər. Çempionat da orda keçirilir. Qatarın içində.
– Vaqon gedə-gedə oynayırlar?
Oğlan bir anlıq tərəddüd edir, düşünür və deyir.
– Bax orasını dəqiq bilmirəm...

***
Futbol hərəkətli oyundur. Futbol enerjidir, impulsdur, reaksiyadır. Futbol stimul, motivasiya və ruhdur. Futbol həm də ritmdir, rəqsdir, mahnıdır. Əsrarəngiz, unudulmaz melodiyadır.

O ən populyar, ən kütləvi idman növüdür.

Futbolu tək oynamaq yox, musiqi kimi duymaq, bütün lamisə duyğuları, bədən üzvləri ilə hiss etmək lazımdır.

Futbolun ədəbiyyatla da əlaqəsi var. Məşhur yazıçılardan bəziləri, həm də əla futbol oynayıblar. Kamyu, Karl Uve Knausqor, Nabokov, Oskar Uayld, Artur Konan Doyl, Yu Nesbe, Brodskiy.

Mətni mövzuya aid maraqlı əhvalatlarla xeyli genişləndirmək də olar.

Amma bugünkü mövzumuz futbolla ədəbiyyatı deyil, musiqini əlaqələndirəcək.

***
Böyük futbol bayramı başladı. Bir ay ərzində bütün planet əhli futbolla yaşayıb, futbolla nəfəs alacaq. Mundial keçirilən dövrdə, kaş hər yerdə sülh elan olunaydı, müharibələr dayanaydı. Amma əfsus ki, bu baş vermir. Yenə mərmilər partlayır, avtomatlar şaqqıladayır, insanlar qırılır.

Futbol mundialı bütün dünyanın izlədiyi, planetin diqqət kəsildiyi nəhəng tədbirdir. Bu tədbir özündə böyük idman təsərrüfatını, işçi qüvvəsini, külli miqdarda maliyyə vəsaitini cəm edir.

Favorit yığmalar, aşkar autsayderlər, qiyməti milyonlarla dollarlarla, funt-sterlinqlərlə, markalarla, bəzi ölkələrin illik büdcəsi ilə ölçülən ulduz futbolçular, əcnəbi və yerli məşqçilər, nəhəng tamaşaçı kütləsi, jurnalistlər, KİV.

Amma mundialda tək onlar deyil, təhlükəsizlik, reklam və vizual amillər də böyük rol oynayır. Çempionat ərəfəsi yarışmanın yeni topu, yeni loqosu, talismanı geniş kütləyə təqdim edilir.

Bu amillərdən ən təsirlisi, təbii ki, dünya çempionatının himnidir. Çempionatın musiqisi, onun pasportudur, şəxsiyyətini təsdiq edən sənəddir.
Yaxın günlərdə Qətər mundialının yeni himni təqdim olundu. Mahnı “Hayya Hayya” adlanır.

Yutubda axtarış verib himinin klipinə baxdım, səbrimi basıb musiqini sonadək birtəhər dinlədim. Sarı avtobus səhranın ortasında yol gedir. Bir dəstə adam ortada, mənasız tuku-tuku-taka-tuku sədaları altında aramsız, fasiləsiz dingildəyir. Vəssalam. Ritm var, “dpds-dpds” var, amma melodiya, duyğu, emosiya yaradan musiqi yoxdur.

Yəni dünya çempionatının bu ilki mahnısı bir qəpiklik mahnı deyil. Mənasız səs-küy və söz yığınıdır.

Bəs dünya çempionatlarının ən yaxşı mahnısı hansıdır?

Hansı mahnı ağılları başdan çıxarıb, hansı mahnı yaddaşlarda əbədi iz buraxıb?

FİFA tərəfindən təsdiq olunmuş ilk rəsmi himn 1978-ci ilin dünya çempionatında səsləndi. Mahnının müəllifi əfsanəvi Ennio Marrikone idi. Musiqi nömrəsini Buenos-Ayresin simfonik orkestri səsləndirirdi. Kompozisiya “Anthem” adlanırdı. Yəni sadəcə olaraq, “himn”.

1982-ci ildə İspaniyada keçirilən mundialın əsas nəğməsi böyük opera müğənnisi Plasido Dominqonun əsrarəngiz ifasında səsləndi.

Bütün himnləri sadalayarkən, baxdığım və yaddaşımda qalan ilk dünya çempionatını, Maradonanın şəxsi benefisinə çevrilmiş “Meksika-1986”nın əsas mahnısını xatırlamaya bilmirəm. Bu Arrow təxəllüslü musiqçinin ifa etdiyi “Hot-Hot-Hot” mahnısı oldu.

1990-cı ildən üzü bəri keçirilən mundiallarda isə çempionatın rəsmi himnindən savayı, həm də rəsmi nəğmələr, xüsisi kliplər və çempionata həsr olunmuş bütöv musiqi albomları buraxılmağa başladı.

1994-cü il çempionatına həsr olunmuş xeyli ifa meydana gəldi. Burada Tina Törneri, Con Bon Covini, Glorylandi qeyd etmək olar. Amma ən əsas mahnı şübhəsiz ki, əfsanəvi “Queen” rok qrupunun 1977-ci ildə bəstələdiyi möhtəşəm “We Are the Champions” idi. Mahnı Fredi Merkurinin ifasında adamın tüklərini biz-biz edir.

2002-ci ildə Koreya və Yaponiyada keçirilən çempionatın mahnısını yunan bəstəkar Vanqelis bəstələmişdi. Mahnı “Anthem FİFA World Cup” adlanırdı.
2006-nın himni Herbetr Qronmayer, Amadu və Mariyamın ifasında “Celebrate The Day” mahnısı seçildi. Çempionata həsr olunmuş digər musiqi nömrəsi “The Time of Our Lives” idi. Nəğməni “II Divo” pop kvarteti səsləndirirdi.

2014-cü ildəki Braziliya mundialının himni "Dar um Jeito” (We Will Find a Way) mahnısı ilə təmsil olundu. Rəsmi mahnı isə “We Are One” (Ole Ola) idi.
Rusiyada keçirilən son çempionatın himnini aktyor-müğənni və bu ilki “Oskar” mərasiminin qalmaqallı iştirakçısı Uill Smit ifa etdi.

Nəhayət, gəlib çatdıq mindialların gəlib-keçmiş ən yaxşı mahnılarına. Mən yuxarıda sadaladığım bütün nəğmələrin, ifaların, bəstələrin içindən üç mahnını seçmişəm. Öz zövqümə görə sıralamışam. Birinci yeri 1990-cı il İtaliya mundialının hiti “To Be Number One”ə verirəm. İkinci yerdə Riki Martinin oynaq ritmili “Cope de la Vida” qərarlaşır. Üçüncü yerdə isə Şakiranın əsrarəngiz "Waka-Waka"sıdır.

Riki Martin öz mahnısında deyirdi:

Həyat bənzəyir kuboka,
Vaxt çatdısa, dayanma.
İtələ, oyna, gülcü ol,
İtələ, oyna, yüksəyə qalx
.

“Cope de la Vida” və "Waka-Waka"nı indi də radiolarda sevə-sevə səsləndirilir. "Waka-Waka"ya çəkilmiş klipi üç milyarddan çox insan izləyib.
Şakiranın gözəl rəqsinə, doğurdan da, baxmağa dəyər…

# 2694 dəfə oxunub

Müəllifin son yazıları

# # #