Bu universitetin bufetində oturmaq niyə qadağan edildi?

Bu universitetin bufetində oturmaq niyə qadağan edildi?
21 sentyabr 2022
# 12:00

Kulis.az Vüqar Babazadənin "Odlar Yurdu Universitetinin fabulası ətrafında" adlı yazısını təqdim edir.

Odlar Yurdu Universitetinin bufetində tələbələr üçün olan stullar yığışdırılıb və tələbələr əyləşmək üçün stul tapmırlar. Buna səbəb onların bufetdə çox vaxt keçirməsi olub.

Sözgəlişi, qeyd etmək lazımdır ki, Odlar Yurdu Universitetinin adı gözəldir. Öz ölkəmizə də Odlar Yurdu deyirik. Odlar Yurdu, atəşpərəstlik, zərdüştlük, Od, odu qorumaq, Avesta, adamın ağlı gedir çıxır Hörmüz və Əhrimənə, yaxşılıq və pisliyə, xeyir və şərə, nə bilim, Leyli və Məcnuna. Bəh-bəh-bəh. Odlar Yurdunda Odlar Yurdu Universiteti. Odlar Yurdunda Odlar Yurdu Universitetinin odlu-alovlu tələbə və müəllim heyəti.

Bu uzun müqəddimədən sonra qayıdaq Odlar Yurdu Universitetinin bufetindəki dəyişikliyə.

“Bufet” (büfe) sözü Latın dili ("bufetum" – parlaq bir cədvəl) sayəsində Fransız dilində meydana gəlir və zaman keçdikcə digər təriflər əldə edir, ictimai iaşə müəssisəsi, bir növ yemək otağı mebeli və s.

Universitet bufetlərində tələbələr və müəllimlər oturub yemək yeyir, fasilələrdə çay, kofe içir və s. Adətən bufet universitetdə ən çox sevilən yer olur. Çünki tələbələr orda bir yerə yığışa, qızlarla baxışa, yanbayan sıxışa, dönərdən tıxışa, gedirik çıxışa, bir-birinə sürpüşə, öz aralarında dartışa, qımışa, girpişə, çırpışa, qırpışa, qıprışa bilərlər.

Buna görə də bufet sevimli və doğma yerdir. Əksər hallarda bufetdə işləyən bibi və xalalar da çox mehriban olur, tələbələrlə övladları kimi davranır. Şəxsən, mən, bufetdə işləyən pis xislətli xala və bibi görməmişəm. Tələbəlik dövründən xatırladığım iki-üç şey var ki, onlardan biri də universitetdəki bibilərdir. Allah onlara can sağlığı versin. Bir dəfə dekan dirənmişdi ki, 200 manat ver bir kəsrini bağlayacam. Kompaniya yalnız bu günədir. Sabahdan qiymətlər yenə qalxacaq. Mən də həmin an gedib bufetdə işləyən bibilərdən 200 manat borc alıb bir kəsrimi bağlamışdım. Onların əldə hazırladıqları 1 manata olan toyuq-çörəklər də dadlı olur. Nəysə.

Bufetdə hamı, demək olar ki, bərabərdir. Milyonçunun qızı da gəlib karton stəkanda 20 qəpiyə çay alır, kasıbın balası da. Varlı da gəlib yaşıl plastik stullarda oturur, kasıb da. Daha imkanlı uşaqlara ayrıca kreslo vermirlər, yaxud onlar Himalay dağlarından yığılan çay içmir. Hamı bir nəfər kimi sallama milli çay içir. (“Azərçay”ın burda reklamı ola bilərdi). Yəni bunu o tərəfi-bu tərəfi yoxdur. Bufetdəsənsə, haqların bərabərdir.

Odlar Yurdu Universitetində isə tələbələri bu gözəl anlardan, gözəl xatirələrdən məhrum edib. “Yedin, dur”, “Aldın, uçdun” rejimində işləyən Universitet bufeti tələbələrə qarşı ədalətsizliyə yol verib. Biz də həmişəki kimi əzilənin yanındayıq.

Özü də guya ki, bunun səbəbi, tələbələrin bufetdə çox oturmasıdır. Başa düşmək olmur, tələbə bəs harada oturmalıdır? Bufetdə oturmalıdır da. Getsin dərsdə otursun? Dərsdə oturub nə öyrənəcək? Dərsdə oturmaqdansa, bufetdə oturmaq milyon dəfə yaxşıdır.

Ola bilər ki, Universitet rəhbərliyi tələbələri düşünür. Onları da qınamalı deyil. Bilmək olmur. Bəlkə də, yeni stullar almağa gediblər. Yaxud hansısa dekanın, kafedra müdirinin balaca yığıncağıdır, stulları ora aparıblar ki, qonaqlar rahat əyləşsin. Yaxud stulları satıblar. Yaxud stulları kimsə yeyib. Yaxud stullar qeybə çəkilib. Vallah, hər şey olar. Bayaq Odlar Yurdu Universitetinin mistik adından danışdıq...

Nə bilim, hər şey ola bilər.

Burda kiçik bir faşistlik də var. Deməli, müəllimlər üçün olan hissədə stullar var, amma tələbələr üçün olan hissədə yoxdur. Bu mənzərəni gördüm, səhər-səhər qanım qaraldı. İndi buna nə ad verək? Biabırçılıqdır. Əgər bu stulları satırsınızsa, hamısını satın, yeyirsinizsə, hamısını yeyin. Yaxud götürürsünüzsə, hamısını götürün. Ümumiyyətlə, əvvəlcə, müəllimlər buna reaksiya bildirməli idilər ki, belə şey olmaz. Əgər tələbələri oturmağa qoymursunuzsa, biz də oturmuruq. Ay əziz Odlar Yurdu sakinləri, bir az həyasız olmaq lazımdır. Həyasız olmayanda, adamı basıb əzirlər.

Bu ayrıseçkiliyə qarşıyıq. Ümumiyyətül-cəmiyyən, bu hərəkət düzgün hərəkət deyil. Gətirin qaytarın uşaqların stullarını, qoy otursunlar bufetdə ürəkləri istəyən qədər. Heç tələbə olmamısızmı? Bəlkə, hansısa uşaq qohum evində qalır, evə getmək istəmir, günortadan sonra bir az veyllənib, axşam getmək istəyir. Belə tələbə uşaqlar doludur. Qohum evinə getməmək üçün min dənə şeylə başlarını qatırlar. Heç olmasa onlara bir stul verin əyləşsinlər bufetdə vaxtı öldürsünlər. Nə olar ki? Ölərsiz? Ölməzsiz axı. Bir metrə yerdə sakit-sakit oturub, gələn-gedənə baxacaqlar da.

Qərəzül-mə-əs səbəb, bir az da vicdanlı və humanist olmaq lazımdır. Tələbələr bizim gələcəyimizdir.

Sonda sizə hikmətli bir pritça danışmaq istəyirəm. Lütfən rəylərinizi əsirgəməyin. Yazın, cavablayaq, soruşun izah edək, istəyin dağları dələk, xahiş edin, kömək edək.

Bir gün Molla bazardan üç kilo ət alıb evə göndərir ki, arvad bir-iki gün xörək bişirsin. Arvad qonşu arvadları çağırır, əti bişirib yeyirlər.
Molla axşam böyük bir iştahla evə qayıdır ki, indi ət yeyəcək. Evə çatan kimi arvadına deyir:

– Arvad, acam, xörəyi gətir şam edək!

Arvad bir az çörək, bir-iki baş soğan gətirib Mollanın qabağında qoyur. Molla soruşur ki:

– Arvad, bəs, əti niyə bişirməmisən?

Arvad deyir:

– Başıma daş düşsün. Əti yuyub stolun üstünə qoydum ki, ocağı yandırım. Başım qarışmışdı. Sonra getdim əti götürüm. Gördüm ki, pişik hamısını yeyib!

Molla heç nə deməyib durur. Pişiyi tutub qoyur tərəziyə. Çəkib görür ki, düz üç kilodur. Arvada baxıb deyir:

– İndi mənə düzünü de: əgər bu pişikdirsə, bəs ət hanı? Əgər ətdirsə, bəs pişik hanı?


# 3941 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #