Molla - Vüqar Babazadənin hekayəsi

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

26 avqust 2022
# 10:40

Bu gün gənc yazar, saytımızın əməkdaşı Vüqar Babazadənin doğum günüdür. Kulis.az bu münasibətlə yazarı təbrik edir və onun "Molla" hekayəsini oxucuların diqqətinə çatdırır.

19. (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.

20. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.

21. Sonra onu öldürüb qəbrə qoydu.

22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

"Əbəsə" surəsi

Həyatımda bir neçə dəfə bərk utanmışam. İkisi də təxminən eyni cür olub.

Doqquz-onuncu sinfə qədər molla yanına gedib, Quran oxumağı, dinin çikini-bikini öyrənmişəm. Rayonda boş vaxtı ən yaxşı dəyərləndirmək şəkli bu cür məşğələlər, hobbilər idi. Mən təkcə oxumağı yox, həm də əzbərləməyi öyrənirdim. Açığı o vaxtlar niyə molla mənə Quranı əzbərlədirdi, hələ də baş aça bilmirəm. Lap o əzbərlədirdi, bəs sənin ağlına nə gəlib? Mənasını başa düşmədiyim böyük surələri əzbərləyir, hər gün gəlib mollaya danışırdım. Beləcə hafizlik yolunda qəti addımlarla irəliləyirdim.

Bilənlər bilir, Quran 30 cüzvdən ibarətdir. 114 surə bu cüzvlər arasında bölünüb, hər cüzvə müəyyən qədər surə düşüb. Biz, yəni gənc hafizlər, yalnız 30-cu cüzvü əzbərləyirdik. Çünki 30-cu cüzvdəki surələr digərlərinə nisbətən daha az idi, balacadan başlayıb, böyüyə doğru artan sıra ilə gedirdi. 30-cu cüzv Quranın son hissələridir. Əlbəttə, yaddaşı iti olan, içində bizdən daha çox din eşqi olan şagirdlər, ekstra güc göstərərək 30-cu cüzvü bitirib, 29-cu cüzvə, 28-ci cüzvə, 27-ci cüzvə keçir, onları da əzbərləyirdilər. Hətta bir dəfə bir yarışmada orta yaşlı bir oğlan özünü saxlaya bilməyib 13-cü, 12-ci cüzvə qədər gedib çıxmışdı. Ona çox fərqli münasibət göstərirdilər. Biz onun yanında adi adam kimi qalmışdıq. 30-cu cüzv nədi ki? O 13-cüzvdə idi.

Günlərin bir günü, molla mənə xəbər verdi ki, “Cəlilabadda cənub zonası üzrə hafizlik yarışması keçirilir, biz də qatılacağıq”. Vacib bir qeyd etmək istəyirəm ki, hardasa 7-8 il ərzində sadəcə 30-cu cüzvdə qaldım. 29-cu cüzvə heç cür keçə bilmirdim. Nəinki 29-cu cüzvə, heç 28-ci, 27-ci cüzvlərdən söhbət belə gedə bilməzdi. Artıq bu illər ərzində 30-cu cüzvün bütün surələrini bülbül kimi ötməliydim, amma, əsasən, “Nisa”, “Mütəffifin”, “Əbəsə”, “İnfitar” surələrini heç cür öyrənə bilmirdim. Xüsusən, “Əbəsə” surəsini. Hər cür varianta əl atırdıq, onu yadda saxlaya bilmirdim ki, bilmirdim. Uşaqlığımın, yeniyətməliyim ən gözəl bir neçə ili “Əbəsə” surəsini öyrənməklə, əzbərləməklə keçib. “Əbəsə vətəvəllə, əncəəhul əmmə” deyirdim, qalanı gəlmirdi. Kitaba baxmaq qadağan idi, molla da kömək etmirdi. İlk ayədən sonra ikimiz də bilirdik ki, dayanacağam, ona görə oturub yadıma düşməyi üçün guya fikirləşirdim. O mənə baxırdı, mən ona baxırdım. Bu uzun baxışlardan bir şey hasil olmayanda kor-peşman evə qaydırıdım. Bir müddətdən sonra molla bu gözlədiyi vaxtını dəyərləndirmək üçün müxtəlif vasitələrə əl atdı. İnternet çəkdirib, “Facebook”a girdi, qızlarla tanış oldu, onun dini mallar satılan mağazasında dərs alırdım deyə, müştəriləri ilə daha çox maraqlandı, onları qarşılayıb, bir-iki hədis danışaraq, ətirlərini satdı, işlərini gördü. Həqiqətən, hər gün gəlib, “Əbəsə vətəvəllə, əncəəhul əmmə” deyib bir saat gözləyirdim, sonra çıxıb gedirdim.

Vədə yetişdi, yarışma günü gəlib çatdı. Çox ciddi şəkildə hazırlaşmışdıq. Bildiyim surələri, təkrar-təkrar oxuyur, bilmədiyim surələri də hissə-hissə əzbərləyirdik. Mollanın iki yeniyetmə oğlu – onlar da gənc hafiz idi – və mən elə mollanın maşınında Cəlilabada yola düşdük. Yolda maşın məni tutdu, bir neçə dəfə maşında qusdum. Bu fasilələrə görə, yarışmaya gecikdik...

Cəlilabadın məscidinə çatıb, içəri daxil olduq. Pərişan haldaydım. O halla, nəinki “Əbəsə”, heç “İxlas” surəsini də soruşsaydılar deyə bilməzdim. Molla tez bizi qeydiyyata saldırdı. Adımı, yaşımı, cinsimi, hansı cüzvü bildiyimi qeyd elədilər.

Yarışma 4 münsif tərəfindən idarə olunurdu. Gənc hafizləri minbərə çağırır, onlara 5 müxtəlif surədən təsadüfi suallar verirdilər. Məsələn, bir münsif, hansısa surənin ortasından bir ayə deyir, surənin adını tapmağı, ondan sonrakı ayələri yarışanların deməyini tələb edirdi. Bu halla ilk dəfə qarşılaşırdım. Surənin ortasından demək də hardan çıxdı? Məsciddə yüzə yaxın tanımadığım adam vardı, qusa-qusa gəlmişdim, üstəlik ilk dəfə mikrofonla danışacaqdım.

Sıra mənə çatdı. Minbərə çıxıb gözləməyə başladım. Birinci münsif ilk sualı verdi. Bilmədim. İkinci sualı verdi. Bu bildiyim surə idi, amma həyəcandan dilim dolaşdı. Üçüncü sualı verdilər, onu bir az deyəndən sonra saxladılar ki, tələfüzzün pisdir. Dördüncü sual gəldi. Bu “Əbəsə” surəsi idi. Münsiflərdən biri dedi:

– Növbəti sual: “Əbəsə” surəsi. “Əbəsə vətəvəllə, əncəəhul əmmə”, ardını tamamla.

Bir anlıq elə bildim ki, yer kürəsi fırlanmağı dayandırdıb, üzümə tüpürdü. Göy qübbəsi üstümə düşdü. Halım pisləşdi. Gözlərim birdən camaatın içində olan mollama sataşdı. O, “Əbəsə” surəsinin adını eşidən kimi, başını tutmuşdu. Çıxılmaz vəziyyətdə idim. Surədən bir ayə bilirdim, onu da münsif demişdi. Beləcə bunu da bilmədim. Növbəti sualı, özündənrazı bir münsif verdi. Və belə dedi:

“Qardaşımız gəncdir, ona görə uşağı sıxmayaq, İxlas surəsini de”.

Onda mollamla yenidən baxışdıq. Gözlərində qəzəb qarışıq kədər vardı. “İxlas” surəsini yüz nəfərin içində bir hafizdən soruşmaq, onu təhqir etmək kimi bir şeydir. Məni təhqir etmək bir yana qalsın, “İxlas” surəsini yüz nəfərin içində bir hafizdən soruşmaq onun mollasını, müəllimi təhqir etmək demək idi. Qüruruma çox toxundu. Biabrıçı şəkildə rüsvay olub, utancımdan öldüm.

Mollanın uşaqları da heç nə bilmədilər. Beləcə, heç yarışmanın nəticələrini öyrənmədən, çıxıb getdik. Yolda molla bizə təndir çörəyi aldı. Arxada onu yedik. Rayona gedənə kimi heç kim danışmadı. Mən arabir fikirləşirdim ki, niyə məndən cinsimi soruşdular? Rayona çatanda birbaşa mollanın mağazasına gəldik. Hərəmizə bir ətirli sabun verdi. Dedi ki, “bu da sizin hədiyyələriniz”.

Evə gəldim, anam kartof-plovu bişirmişdi. Yarışmadan, üstəlik hafizlik yarışmasından qayıtmışdım. Hətta ətirli sabun belə qazanmışdım. Onu bizə mollanın verdiyini demədim. Evdə sevincin həddi-hüdudu yox idi.

# 7547 dəfə oxunub

Müəllifin son yazıları

# # #