Zelenskinin adı verilən araqlar - Vüqar yazır...

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

15 mart 2022
# 13:20

Kulis.az Vüqar Babazadənin "Klassika məşqləri" adlı yazısını təqdim edir.

Giriş 1

Səhərin hələ bir gözü açılan vaxtlar idi. Həyatın bütün mənasızlıqlarına rəğmən geyinib-keçinib işə gəlmişdim. Birdən Ulucay içəri girib telefonu stolun üstünə vızıldatdı. Elə bildim ki, yenə kimsə hansısa yazıya görə zəng edib, xahiş edib ki, başlığı dəyişin, o nə başlıqdır? Birdən Ulucay qayıdıb, nə desə yaxşıdı?

– “Ahəng” sözünün özündə ahəng qanunu pozulub. Bu nə paradoksdur belə?! Ahəng sözündə ahəng qanunu niyə pozulmalıdır?! Dəlixanadı e!

Güc-bəla ilə sakitləşdirmişik.

Bu hadisəni ona görə yazıram ki, görün biz necə adamlarıq. Üstümüzə gəlməyin. Hamımızın belə problemləri var. İlişməyin bizə. Başımız çönə bilər. Normal adamlar deyilik biz.

Giriş 2.

Allah istərsə bir kişinin işini
Mərmərə batırar, qırmaz dişini.
Allah istəməzsə bir kişinin işini
Plov yeyərkən qırar dişini.


Bu hikmətli epiqrafı verməkdə məqsədim odur ki, oxucular bəzən hikmətin belə zəif mətnlərdə, bu cür ibtidai şeirlərdə olduğunu görsünlər. Yəni ki, həyatdan nəsə öyrənmək üçün gərək gözünü dörd açasan. Zəif mətnlərdən, naqis insanlardan, fəlakətli hadisələrdən qorxmayasan.

Buna ən yaxşı misal qədim misirlilər olub. Bildiyiniz kimi ən bərəkətli, əkinə yararlı torpaqlar Nil çayının sahilinə yaxın ərazilərdə olurdu. Nil çayı daşandan sonra, selin çəkildiyi ərazilər əkinə yararlı, münbit torpaqlara çevrilirmiş. Burdan görürük ki, daşqın, sel özüylə bərabər təkcə fəlakət gətirmir.

Ümumiyyətlə, son vaxtlar tam əmin olmuşam ki, hər şey baxış bucağına görə dəyişir. Hansısa filosof deyirmiş ki, “Sən mənə baxırsan, “okay”. Bu mənəm. Sən məndə nə görürsənsə, o sənsən”. Sözümün canı odur ki, pis hadisələri də avantaja çevirib, onlardan yararlanmaq olar. Pis hadisələri avantaja çevirib, onlardan yararlanan insanlar həyatda həmişə uğur qazanacaq. Mən buna zərrə qədər də şübhə etmirəm.


Giriş 3

Məni təhlükəli novator olmaqda günahlandırmayın. Deməyin ki, öz yazılarında cinayətkar qəlbin peşmanlığını zəiflətmək istəyirəm. Mənim humanist etikamın cinayətkar meylləri müdafiə etdiyinə görə qüsurlu olduğunu deməyin. Rəsmi olaraq elan etmək istəyirəm ki, mənim heç bir pozğun məramım yoxdur.

Özümü sığortalayandan sonra bildirmək istəyirəm ki, Rusiya-Ukrayna müharibəsi getdikcə kapitalizmin bir hissəsinə çevrilir. Necə? Son zamanlar qabağıma çıxan bəzi şeyləri görüb şoka düşmüşəm və belə bir qənaətə gəlmişəm. Baxın.

Tort dükanlarının birində Ukrayna bayrağı rəngində piroqlar satılır. Zelenskinin adı verilən araqlar istehsal olunur. Sarı-mavi rəngli paltarların satışı çoxalır. Ümumiyyətlə, Ukraynanı andıran ən xırda detal belə əmtəə də istifadə olunaraq, bazara çıxarılır. Və insanlar da dəstək məqsədilə bunları rahatlıqla alır. Guya ki, üstündə sarı və mavi rəngli krem olan tort alsan Ukraynaya yardım və dəstək verirsən. Qəribədir.

Giriş 4.

Azərbaycan radioları biabırçı vəziyyətdədir. Hər səhər işə gələrkən ən az 20 dəqiqə taksilərdə radioya qulaq asmalı oluram. Özü də bu dəqiqə ən çox dinlənilən veriliş səhər proqramıdır. 101.1 fm-dir, yoxsa 106.3 fm. Üç nəfər yığılıb – ikisi kişi, biri qadın – söhbət edirlər. Söhbət nədən ibarətdir? Heç nə, boş-boş şeylər.

Mən paxıl adam deyiləm. İnsanların xoşbəxtliyi məni sevindirir. Paxıl insanlar öz gücünə güvənməyən, zəif insanlardır. Mən həmişə köhnə sevgililərimin xoşbəxt olmasını arzulamışam. Yəni paxıl deyiləm. Paxıl olsaydım məndən ayrılandan sonra bədbəxt olmalarını istəyərdim.

Hər nəysə, sözümün canı odur ki, bu radio aparıcıları hər səhər elə bir əhvalda, elə bir atmosferdə olurlar ki, adam öz həyatına nifrət edir. Baxırsan ki, ancaq deyib gülürlər, nə bilim camaatla məzələnirlər, gic-gic söhbətlər edirlər.

Üstəlik, buna səhər saat 9-dan başlayırlar. Onların bu cür saxta səmimiyyəti, yalançı xoşbəxtliyi mənim ürəyimi bulandırır. Bir az təbii olun da. Axı heç kim radioda yaşamır. Bu həyatdıye.

Bilirik ki, hamının qanı səhərlər qara olur. Sizin yalançı səmimiyyətiniz və saxta gülüşləriniz insanda ikrah hiss oyadır və istər-istəməz qıcıqlanırsan. Yenə deyirəm, paxıl adam deyiləm. Heç kimin xoşbəxt olmağının paxıllığını çəkmərəm. Amma qurbanolduqlarım səhər-səhər nə olub, bu nə qışqırmaq, əylənmək, gülməkdir belə?

Mövzuları isə dəhşətdir. Oyun oynayırlar. Bu oyunlar müxtəlif cür olur. Ya zəng vuran dinləyici ona verilən suallara “hə, yox, bəli, xeyr” cavabları verməməlidir, ya danışığında hansısa hərfi işlətməməlidir, ya da ən maraqlısı, hansısa sitat gətirirlər və onu tapmağa çalışırlar ki, bunu şou-biznesdən kim deyə bilər filan? Yəni ki, belə gic-gic şeylər.

Burdan bütün fm-ləri təhdid edirəm. Mən daha bezmişəm taksi şoferlərindən “onu söndürə bilərsiz?” xahişini etməkdən. Lütfən, normal şeylər verin bizə. Vaxtım azdır, yorulmuşam, yoxsa daha geniş yazardım bu barədə.


Giriş 5

Dünən Rusiyanın “Pervıy kanal”ında yayımlanan “Vremya” verilişində kanalın redaktoru Marina Ovsyannikovanın "Müharibəyə yox!" plakatı açdı. Bu hərəkət şübhəsiz ki, əsl mərdlik və cəsurluq nümunəsidir. Etirazın ən kreativ təzahürüdür. Marina Ovsyannikova bu addımıyla tarixə adını yazdı və qəhrəmana çevrildi.

Azərbaycanlı psevdo-intellektuallar da bu hadisəni görüb başladılar ki, bəs biz “No war, müharibəyə yox” deyəndə oluruq pis, Marina xanım deyəndə olur qəhrəman. Rəylərdə bir-birini qıran kim, söyüş söyən kim, aləm dəymişdi bir-birinə. Marinanı da, müharibəni də bir anda yaddan çıxartdılar.

Bu hadisəni burda saxlayıb, sizə başqa bir hadisə danışmaq istəyirəm.
O vaxt Ankara və Konyaya meteor düşmüşdü. Bir türk “ziyalısı” da durub yazmışdı ki, “atmosferə girən göy cisimlərinə meteor, yerə çatıb, düşənlərə isə meteorid deyirlər. Meteor yerə düşməz. Əgər düşdüsə, o olur meteorid. Ona görə də, “Ankara və Konyaya meteor düşdü” yox, “Ankara və Konyaya meteorid düşdü” demək lazımdır”.

Belə, adam deyərlər ki, ay sənin dərdini sevsinlər. Bir qram ağlı olan adamlar analogiyalar arasındakı məntiqi əlaqələri şəksiz tutacaqlar və başa düşəcəklər. Başa düşməyənlər isə getsinlər “tupoy”luqlarına davam eləsinlər.

Giriş 6

Od çərşənbəsi münasibətilə sizi təbrik etmək istəyirdim ki, uşaqlar da eşitdilər. Onlar da təbrik edir, çoxlu-çoxlu salam deyirlər sizə. Mart insanın cintutan vaxtıdır. Bahar gəlir, enerjili olun, gülün, sevin, kef eliyin. Qarşıdan gələn Novruz bayramınızı hələlik təbrik eləmirəm, çünki çərşənbənizi təbrik elədim. Bayramı da bayram da edərəm.

# 2192 dəfə oxunub

Müəllifin son yazıları

# # #