"Bu hekayənin yaxşı olduğunu sübut etsəz, yazmağa tövbə edəcəm" - Həmid Herisçinin hekayəsi haqqında

"Bu hekayənin yaxşı olduğunu sübut etsəz, yazmağa tövbə edəcəm" - Həmid Herisçinin hekayəsi haqqında
19 mart 2024
# 14:11

Kulis.az Həmid Herisçinin “Ayı pəncəsi” hekayəsi haqqında Vüqar Vanın "Məzmunsuzluq abidəsi" adlı yazısını təqdim edir.

Həmid Herisçinin təzə yazdığı “Ayı pəncəsi” hekayəsini gənc tədqiqatçı kimi təhlil etmək istəyirəm.

Hekayəni məzmunu belədir:

Bir tele-verilişdə ekstrasens deyir ki, əgər ayı pəncəsinin soldan üçüncü barmağını kəsib boynunuzdan assanız, şər-xatadan həmişəlik qurtarar, ruzi-bərəkət qazanarsız. Verilişin aparıcısı isə hekayənin baş qəhrəmanı Həmid Herisçidir. Deməli, Həmid müəllim həm hekayənin qəhrəmanıdır, həm verilişin aparıcısıdır, həm də hekayənin həqiqi müəllifi.

Ayı pəncəsinin insana şəfa verməsi haqqında “bayağı məzmunlu” (mövzunun bayağı məzmunlu olmağını qəhrəmanımız fikirləşir) polemikalar uzanır və nəhayət, Həmid bəyin ayı pəncəsi ilə bağlı xatirəsi yadına düşür. O keçmişdə Lerikdə yerləşən “Ayı piri”nə ziyarətə gedərkən yolda canlı-qanlı bir ayı ilə rastlaşır. Nə ayı Həmid müəllimə yol verir, nə Həmid müəllim ayıya. Ayı axırda əsəbiləşib nərildəyir və Talış dağlarında gözdən itir. Beləliklə, Həmid bəy qorxunc “Ayı piri”ni fəth edir, axşam orda yatır, səhər də oyananda görür ki, divardan çoxlu ayı pəncələri asılıb.

Bacardığım qədər lakonik izah etməyə çalışsam da, gücüm buna çatdı. Amerikanlar demiş, əgər bir şeyi beş cümlə ilə ifadə edə bilmirsənsə, deməli, nəyisə səhv etmisən.

Məncə, bu, hekayə yox, Həmid müəllimin xəyal dünyasına aid yüzlərlə əhvalatdan biridir. Hətta bir az irəli getsək, heç əhvalat da deyil. Bir-biri ilə əlaqəsi olmayan çoxhissəli fantastik yazıdır.

Əgər Həmid bəyin üstünə Josef Campellərlə, Kristofer Voglerlərlə getsək, təbii ki, bu mətndə hekayə standartları ilə bağlı çoxlu qüsurlar tapa bilərik. Amma buna ehtiyac yoxdur, çünki bu standartlar bir hekayəsi olan janrlar üçündür. Burda isə hekayə yoxdur. Bilmək olmur, Həmid müəllim bunu nə üçün yazıb? Nədir bu mətn? Nə demək istəyir? Niyə bu mətnə “hekayə” adını qoyub?

Hekayənin (şərti olaraq "hekayə" deyək) çeynənilib-udulası heç bir tərəfi yoxdur. Heç nəyi izah etmir. Niyə qəhrəman Lerikdə yerləşən “Ayı piri”nə gedib, orda nə işi vardı? Necə oldu ki, Ayı ilə qarşılaşdı? Qəhrəman kimdir, necə yaşı var, dərisi nə rəngdədir, Ayı nə əcəb ona heç nə eləmədi, əvvəli-axırı, bir sözlə, heç bir izah, heç bir məlumat yoxdur. Hər şey mücərrəddir, hər şey BİRDƏN baş verir. Heç nə mətnin içindən öz-özünə doğulmur. Necə odu sönməyə qoymamaq üçün tez-tez odun atmaq lazımdırsa, Həmid müəllim də süjeti ölməyə qoymamaq üçün hekayəyə tez-tez qeyri-orqanik şeylər atır.

Bayaq dediyim kimi, bu hekayəyə qayda-qanunlarla yanaşmağa ehtiyac yoxdur. Əgər beyinlə yanaşmasaq, gərək ürəklə yanaşaq. Hekayənin minimum tapşırığı oxucuya hansısa hiss yaşatmaq, qorxutmaq, güldürmək, sevindirmək, düşündürmək, ümumi desək, əyləndirməkdir. Yaxşı, bəs bu hekayə minimum vəzifəsinin öhdəsindən gəlirmi? Məncə, yox. Həmid Herisçinin qırmağına düşmək olmur. Çünki oxuya-oxuya nə müəllifə, nə də baş verənlərə inanmağın gəlir. Elə bil teatrda tamaşaya baxırsan və bilirsən ki, orda baş verənlərin heç biri həqiqi deyil.

Ortada bir fikir var. “Ayı pəncəsi insana şəfa verir”. Müəllif bu fikri yayır-yayır, arada lazımsız məlumatlar verir, ortada bir-iki şok effekti cəhdi, axırda da bitirmir, açıq sonluqla yekunlaşdırır. Bu cür hekayələrin ən vacib xüsusiyyəti budur. Sonda nə olur, naməlumdur.

Həmid bəyin hekayələrində ən çox işlətdiyi metod alleqoriya və metaforadır. Ayı piri, ayı pəncəsi, Turqut Özalın masası, Şah İsmayılın da oxşar ayı macərası, nə bilim, pirdə yatıb-durmaq, bəlkə də, hansısa əfsanəyə, mifoloji hadisəyə, əsatirə, dastana da göndərmələr-filan. Ona elə gəlir ki, bu alleqoriyaları ancaq özü tapa bilər, amma halbuki bunlar hər kəsin ağlına çox asanlıqla gələ biləcək şeylərdir. Bu alleqoriyalarla təzə heç nə demir, üstəlik, bunların yüzlərlə, minlərlə daha professional nümunəsi var. Məncə, ədəbiyyatın, ümumiyyətlə, alleqoriyaya ehtiyacı yoxdur.

Nə başa düşək indi bu “Ayı pəncəsi” hekayəsindən? Heç bir metafora, alleqoriya, üslub qanmayan sadə, adi bir oxucu kimi Həmid bəyə sual verirəm? Mən bu hekayədən nə başa düşüm? Bu hekayəni nə üçün yazmısınız?

Təsəvvür edin bu hekayənin müəllifi bir gənc yazardır. Belə bir şey yazıb ki, qəhrəman gedir Ayı pirinə, orda ayı ilə rastlaşır, axşam da orda yatır. Bunu eşidən hamı o gənc yazara gülər. Amma Həmid Herisçi belə bir mənasızlıq abidəsi "yaradanda" heç kim səsini çıxarmır? Həmid Herisçi olanda ürəyin nə istəyirsə, yazmaq olur? Nə olsun, tənqidçi yoxdur? Nə olsun, oxucu yoxdur? Bir az məsuliyyətli olmaq lazımdır.

Mənim üçün səmimi olmaq çox vacibdir. Sən öz yazdığın şeyə, həqiqətən, inanırsanmı, yoxsa camaatla məzələnmək istəyirsən? Məqsəd nədir? Hekayənin əvvəlində ayı pəncəsinin şəfasına inanan adamlara “bayağı” deyib, sonradan ayı pirində yatmaqla olmur, Həmid ağa.

Dürüstlük vacibdir. Mən əgər bilsəm ki, Həmid müəllim ayı pəncəsinin insana şəfa verməyinə, həqiqətən, inanır, onda bu hekayəni necəsə qəbul edərəm. Pis olsa da, səmimi olduğu üçün layiqli qiymətini verərəm.

Çox iddialıyam. Mənə kimsə bu hekayənin yaxşı olduğunu sübut etsə, yazmağa tövbə edib, qələmi yerə qoyaram.

# 2856 dəfə oxunub

Müəllifin son yazıları

# # #