13 yaşında evdən qaçan Varis, 9 yaşında ərə verilən Opra və bizim Bircə...

13 yaşında evdən qaçan Varis, 9 yaşında ərə verilən Opra və bizim Bircə...
16 yanvar 2018
# 11:00

Kulis.az yazıçı-publisist Vahid Qazinin “Varis Diriye, Opra Uinfri və bizim Bircə” yazısını təqdim edir.

Avtobioqrafik roman müəllifi məchul qadına məktub yerinə

Rejissor Şerri Hormanın 2009-cu ildə çəkdiyi “Səhra çiçəyi” adlı bir film var. Somali əsilli fotomodel, yazıçı, ictimai xadim Varis Diriyenin (Waris Dirie) həyatından bəhs edir. Barbar ənənələrin hakim olduğu mühitdə qoca kişiyə ərə verilən 13 yaşlı Varis evdən qaçır. Afrika səhrasını keçib paytaxt Maqadişiyə gəlir. Tale küləyi onu Londona atır. Bəxt üzünə gülür, dünya şöhrətli model olur. Şöhrətin tam zirvəsindəykən bir gün BBC televiziyasına özünün dəhşətli sirrini açır – uşaqlıqda sünnət olduğunu deyir və BMT-nin xüsusi səfiri simasında qadın sünnəti kimi vəhşi milli adət-ənənəyə qarşı ümumdünya kampaniyası başladır.

Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanını oxuyanda o film yadıma düşdü.

Başqalarının tabu bilib toxunmadığı, sirr deyib danışmadığı hamıyabəlli həqiqəti öz nümunəsində faş etməkdən çəkinməyən insanlar cəsurdurlar. Bunu eləməyə ürək gərəkdi, asan iş deyil! İlk dövrlər öz cəmiyyətlərində anlayışla qarşılanmasalar da, sonradan hər kəsin rəğbətini qazanan şəxslərə çevrilirlər.

Bir də, hansı Tanrı elçisi öz vətənində peyğəmbər olub ki?!

“Bircə” anonim müəllifin təxəllüsüdü. “Cəhənnəmdən keçmiş mələk” romanı mühafizəkar adət-ənənələrinin hakim olduğu Azərbaycan əyalətində bir qadın taleyindən bəhs edir. Belə baxanda kitabda oxuduqlarımız hamımızın gözümüzü açıb gördüyümüz, eşitdiyimizdi. Adət-ənənələrimiz deyib qəbul etdiklərimizdi.

Söhbət təkcə hüquqsuz qadının zorən ərə verilməsindən getmir. Guya hansımızın nənəsi babamızı görüb-görüşüb, sevib-sevişib ərə gedib ki! Tək-tüklər ola, olmaya.

Elə öz nənəmdən deyim. Rəhmətlik danışırdı ki, babamı ilk dəfə Tiflisdə, “Leyli və Məcnun” operasında görüb. Əmisi arvadı uzaqdan babamı göstərib deyib ki, əmin səni ona ərə verir. “Kimə, o qara kişiyə?”

Atası öləndən nənəm Tiflisdə əmisigildə yaşayıb. Nənəmin, böyük əmimin pasportda yazılan doğum tarixlərinə inansaq, belə başa düşülür ki, o, 15 yaşında ərə verilib. Babam yaşda ondan xeyli böyük, həm də zəhmli kişiymiş. Sonralar bizə gülə-gülə danışırdı bunu. Deyirdi ki, bunu eşidəndə hətta evdən qaçmaq da istəyib, amma ürək eləməyib.

“Ön sözü”ün müəllifi İmran Bədirxanlı əsərin qəhrəmanını belə təqdim edir: “Mələk ötən əsrin 70-80-ci illər sovet Azərbaycanında böyüyüb boya-başa çatmış tipik əyalət qadınıdır. Az qala islamaqədərki ərəb dünyasında olduğu sayaq qız övladların arzulanmadığı çoxuşaqlı bir ailədə doğulan Mələk ağlı kəsəndən özünü anasına artıq yük, doğmalarına yad varlıq, qardaşları üçün nəslin adını, şərəfini zədələyə biləsi şübhəli məxluq sanıb”.

Kitab haqda geniş yazmaq fikrim yoxdu, ədəbi tənqidçi deyiləm. Bircə onu deyim ki, Bircənin yazı dilini, təhkiyəsini bəyəndim. İmranla da razıyam, bu “avtobioqrafik roman çağdaş ədəbiyyatımızda bənzəri olmayan sənət nümunəsidir”.

“Özlərində cürət tapıb öz şəxsi hekayələrini danışan bütün qadınlarla qürur duyuram və onlardan ilham alıram. Bu il biz tarixə düşdük”.

Bu sözləri o gün “Qızıl qlobus” mükafatı alan Opra Uinfri (Oprah Winfrey) deyib. O, bu mükafatı kinematoqrafiyaya verdiyi töhfəyə görə alıb. Opra aktrisa, teleaparıcı, telemaqnat, ictimai xadimdi.

O, dünyanın ən nüfuzlu qadınları sırasında öndə gedənlərdəndi. Opra Uinfri ilk qaradərili milyarder qadındı. Sərvəti 2,8 milyard dollardı. Onun radioşəbəkəsi, kinostudiyası, populyar saytı, jurnalı və kabel televiziyası var.

Bunlar indi olanlardı. O vaxt isə…

Opra Uinfri etiraf edib ki, uşaqlığı qardaşlarının, dayısı və onun dostlarının atmacaları, nə bilim, əlləmələri, barmaqlamaları və bu sayaq başqa cinsəl sataşmalarıyla keçib. Belə gözümçıxdı həyata dözməyib, 60-cı illərin üsyankar yeniyetmələri kimi o da etiraz edib – evdən qaçıb küçəyə sığınıb.

9 yaşında zorlanıb. 14 yaşında uşaq doğub. Uşağı doğuşda ölüb. Bundan sonra doğamaq qabiliyyətini itirib.

Bu gün Opra Uinfri ABŞ prezidentliyinə iddiasını dilə gətirir.

Onun uğuru teleşoularında tamaşaçılarla səmimi ünsiyyət qura, insanlara özünəinam duyğusunu aşılaya bilməsindədi. “Həyatınızda nəyisə dəyişdirin!” çağırışı milyonlarla insana sirayət edib.

Məruz qaldıqları cinsi zorakılığa görə qadınlar yox, bunu edən kişilər utanmalıdılar! Onun bu qətiyyəti ictimai rəydəki ehkamları alt-üst edir. Qadınlara ürək verir, dillərini açır.

Son aylar Hollivud aktrisalarının başlatdıqları hərəkat ümumsükunət içində tornado effekti verdi. Opra Uinfridən ilhamlanmalarına şübhəm yoxdu.

***

Ayıblar qaranlıqda ayıbdırlar, gün işığı hər qaranlığı aydınladır. Dünya aydınlıqda gözəldi!

Əsərin bədiiliyi bir yana Bircənin romanı qadın cəsarətinə misal kimi də qiymətlidir.

# 2500 dəfə oxunub

Müəllifin son yazıları

# # #