Kulis.az yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu ilə müsahibəni təqdim edir.
– Orxan müəllim, necəsiniz? Həyat necə gedir, nə işlər görürsünüz?
– Çox sağ olun. Həyatıma ayrılmış zaman su kimi axıb gedir.Vaxtdan da çıxa bilmədim. Biz post tarix, post sivilizasiya, post insan dönəmini yaşayırıq. Mənim işim sizdən çətindir, çünki mən o dönəmi bu günlə müqayisə edə bilirəm. Tarixin yaşandığı və bitdiyi dönəmi özüm üçün müqayisə edirəm və təəccüblənirəm ki siz bu bəsit realıqda necə yaşayacaqsınız?
– Çox adam sizi “Köhnə azərbaycanlı” Orxan Fikrətoğlu kimi tanıyır? Kimdir bu “köhnə azərbaycanlı”, necədir?
– Sevdiyim yazıçı Murkokun “Zaman sınırında rəqslər” adlı bir əsəri var. Bu əsər Avropanın modern, fantazi və ənənəvi mədəniyyətlərinin miksindən formalaşmış “zaman kənarında” oynanılan bir sənət nümunəsidir. Köhnə azərbaycanlı məqamı da mənim üçün həmin söylədiyim və bitmiş tarixin süni zamanla kəsişdiyi sərhəddə efir məkanı işində özüm üçün bəlli etdiyim bir sərhəd dirəyidir və mən həmin bu sərhəddə söz rəqslərini edirəm. Sadəlövlüklüdür? Tam razıyam. Amma özümlə bacarmıram.
– ANS vaxtınızda ölkənin gündəm mövzularını satirik münasibətinizlə təhlil edirdiniz. Deyəsən, indi o enerji qalmayıb sizdə. Yoxsa həvəsiniz yoxdur?
– Biz post jurnalistika dövrünü yaşayırıq, klassik jurnalistika artıq yoxdur. Ona görə yox ki, jurnalistikaya təzyiq var, ona görə də yox ki, jurnalistika peşə tənəzzülünə uğrayıb, ona görə ki, artıq kütlə peşəyə sosial sifariş kimi "məni maarifləndir" sifarişini vermir. Kütlə istəyir ki, qapı deşiyindən kiminsə taleyini izləsin. Əylənsin. Düşünməsin. Bu gün "Zorxana" sifarişi yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün reallığında tamaşaçı saxta informativ alanda “texno qəbulediciyə” çevrilib. İnsanlar daha xəbəri analiz edib ondan nəticə çıxarmırlar. Sadəcə olanları dalğa kimi qəbul edib, onu öz ağıllarında şərh etməyə çalışırlar. Bu gün insanlıq ədəbiyyatın, sənətin və medianın “kolxoz dönəmini” yaşayır. “At da hamınındır. Torpaq da”. Amma əməldə beyin-əkin əkilmir.
– “Ölü mətn” əsəri post sufi bir əsərdir, və bu əsəriniz çoxlu rezonans doğurdu. Sizcə, 22-ci əsrin başlanğıcında modern bir insan kapitalizmin içində yaşayaraq sufizmdən anlaya bilərmi?
– Dünyanı idarə etməyə çalışanlar yəni ki, ölkələr üçün yeni idarəçilik modelləri düşünən siyasətçilər ədəbiyyatın, kinonun və xüsusilə də dinin proqressiv qanadına aid olan təriqətlərin tamamiylə məhvinə yönəli bir doktrin yürüdürlər. Sufizm nədir? Gəlin əvvəlcə onu araşdraq. Sufizm Allahı hiss etməkdir. Əminlikdir. Allahın göndərdiyi kitabı elm yolu ilə və ya ibadət edərək, müəyyən ilahi əmrləri anlayıb, əməl edərək, onun tabu və sınırları içində yaşayayaraq deyil, qəlbin ilə hiss etməkdir. Sufi sərhədsizdir. Sufi sadəcə Allaha sevgidir və onunla Allah arasında heç bir vasitə və əlaqəçi yoxdur. Sufi Allahı susmaqla, şeirlə və digər təriqətinə uyğun vasitələrlə tanıyır. Sevir və tanıdır.
Döyənə əlsiz gərək,
Söyənə dilsiz gərək,
Dərviş könülsüz gərək -
Sən dərviş olamazsın!
22-ci əsrin insanı insaniyyətin əldə etdiyi bütün ənənələri unutmuş, ailə modeli daxil elementar ənənələri belə daha yaşamaq istəməyən texno-insandır. O post tarix dönəmini ideyasız və arzusuz yaşayır . Bu insanın missiyası Aristoteldən qalma “katarsist” anını yaşamaq deyil. Bu insanın məqsədi ilahiləşmək deyil, Allah olmaq deyil, hətta Şeytan olmaq belə deyil. Nə qədər qəribə olsa da, bu insanın missiyası sadəcə ötürücüyə çevrilməkdir. Məsələn, siz Maskın layihələrinə baxın, Marsa uçmaq və Tvitterdə insanlara öz kontentlərini nümayiş etdikdən sonra yeni bir tv açmaq imkanını yaratmaqdır. Təbi ki, bu yanaşmanı Mask yaratmayıb, bu istək dünyanı yönədənlərin siyasətidir. Marsa kim uçmaq istəyər? Hissiz, tarixsiz, ailəsiz və ənənəsiz bir insanın təbii ki, Marsa uçmaq istəyi olacaq. Onun artıq vətəni yoxdur. Amma məsələ bundadır ki, Marsa uçuşun özü də utopiyadır. Pul tələsidir.
Marsa hələ yaxın 200 ildə heç kəs uçmayacaq, bu sadəcə həm biznes layihədir. Həm də daha qorxulu bir işdir. İnsan hissiyatını itirib. Bu keyfiyyətsiz informativ burulğanın içində yaşayan insanın sufizmdən kənarda qalması mənim üçün bir faciədir. Amma sufizmi Azərbaycanın bir məhəlləsinə belə realda tətbiq etmək mümkün deyil, bunu izah etmək də mümkün deyil. “Ölü mətn” romanı isə, əslində, mənim şəcərəmin 100 il içində yaşadıqlarıdır. İçində sevgisini qoruyan bir mətn müəllifinin taleyidir. Və o taledə şəcərənin sonuncu insanı əsirdir və laldır. Bu gün Xəlvətiyyə dərviş təriqətinə, Seyyid Yəhya Bakuvinin təliminə rəğmən biz hamılıqla xəlvətdəyik. Yəni Xaqanidən, Nizamidən gələn Azərbaycan şüuru bu gün də xəlvətdədir. əslində sağlam dünyanın özü də xəlvətdədir və bu reallıq ruhən bizə çox yaxındır. Bu gün əsl insan fikir mağarasındadır, mənim fikrimcə ortada hərlənən bu psevdomühit isə əsl insanlar deyil.
– İllər öncəki bir köhnə verilişinizi izlədim, orada kinayəli olaraq “Bəri başdan deyim ki, deputat olmaq fikirim yoxdur”- deyirsiniz. Niyə deputat olmaq istəmirdiniz? İndi də yoxdur belə istəyiniz?
– Dövlətin təməl prinsiplərinə xidmət etmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin müstəqilliyini qorumaq da. Çünki mən burada yaşayıram və bura mənim ərazimdir. Siyasətlə isə siyasət bilənlər məşğul olmalıdır, mənim işim ədəbiyyatdır. Təbii ki, mən oraya gedib zamanımı itirmək istəmərəm.
– Orxan müəllim, siz sosial şəbəkələrdə qəribə bir susğunluq içərisindəsiniz, sanki yoxsunuz. Facebookda da çox az dostunuz var. Bu sosial şəbəkələr, Tiktok, İnstaqram nə demək istəyir?
– Çox qarışıq bir dövrdə yaşayırıq. Hər bir insan özü üçün “filosof”dur , “yazıçı”dır. Və bu dırnaqarası “yazıçı” və “filosof”ların içində gerçək və yalan ədəbiyyatın sərhəddi itib. Artıq hamı təfəkkür yiyəsidir, hamı fikir söyləyə bilir. Hamı özünü artıq oxucu kimi deyil, yazıçı kimi hiss edir. Bu total sözçülük və total boşboğazlıq reallığında idarə olunan Tiktok və başqa sosial seqmentlər birmənalı olaraq cəmiyyətlərdə özgürlüyü, fərdiliyi məhv etmək üçün düşünülmüş siyasi sifarişlərdir. Bu gün sosial şəbəkələr ortastatistik azərbaycanlının inkişafına xidmət etməyəcək bir reallıqdadır . Amma ağıllı ölkələr, ağıllı dövlətlər sosial şəbəkələrdən ağıl ilə istifadə edirlər, elmi-texnoloji intibaha doğru addımalr atırlar. Sosial şəbəkələrdən pul qazanırlar. Azərbaycanda isə sosial şəbəkələr laqqırtı,linç və bir birini təhqir etmək meydanıdır. Sizə deyim ki, artıq rəsmi qurumlar belə sosial şəbəkələrdən yararlanaraq işlərini tənzimləyirlər.
Dünyaya alternativ bir dünya yaradıblar, o dünyada hamı danışır. İş yox, əməl yox, ancaq şüar və təhqirlər var. Cinayət işləri də açılır orda. Bu gün daha bizə sosioloq da lazım deyil, hər şey ordadır, ağıllı adam orda hər şeyi müqayisə edib, nəticə çıxara bilər.
– Televiziyada çalışırsınız. Telekanallarımızın hazırkı vəziyyəti sizi qane edirmi?
– Maarifçilik pul gətirmir. Əgər TV bir gün pul gətirməsə, ikinci gün bağlanacaq. TV-lərin böhran keçirməsinin səbəbi maliyyədir. Maliyyə qaynaqlarının tapılması isə artıq Azərbaycanda azad biznesin inkişaf etməsi ilə bağlıdır. Azad biznes niyə inkişaf etmir? Çünki monopoliya var, çünki bəzi məmurlar siyasətdən kənar biznesə də girişirlər. Bunlar hamısı əxlaq məsələləridir. Biri-birinə bağlıdır. Konkret olaraq bir TV-ni tənbeh etmək düzgün deyil. Mediada tamamilə yeni yanaşmalar tədbiq edilməlidir. Media vergidən azad olundu, düşünürəm bu qanun TV-lərə şamil olunsa, tamamilə yeni bir yanaşma ortaya çıxacaq. TV-lər dövlətə yararlı insanları yetişdirmək üçün, azad nəfəs almaq üçün sabit maliyyə qaynaqlarına sahib olmalıdırlar.
– Orxan Fikrətoğlu özünü nə qədər uğurlu bir imza hesab edir?
– Açığı, Azərbaycan oxucusunun, tənqidinin, ədəbi mühitinin Orxan Fikrətoğlunu sona qədər oxuyub, anlayıb, tanımasına və ədəbi zəmində dəyər verməsinə inanmıram. Amma əminəm ki, haçansa daha yaxşı bir dönəmdə, Orxan Fikrətoğlunun birinci kitabından tutmuş sonuncu kitabına qədər çap olunmuş əsərlərinin hamısının dəyəri veriləcək. Mənim haqqımda çoxlu elmi məqalələr yazılıb, əsərlərim ətrafında analizlər aparılıb, elmi işlər müdafiə edilib. Amma düşünürəm ki, hələ bu tam deyil. Mənə ən yaxın olan təhqiqat Şirindil Alışanlınının “Vaxt” kitabım haqqında yazdığı geniş təhlilidir və yazılarım bu mətndə düzgün analiz olunub.
Mən həmişə yadlar içində doğma, doğmalar içində yad olmuş bir yazıçıyam. Çünki formalaşmağım Moskvada olub, formalaşmağım daha çox Avropa nəsri üzərindəndir. Azərbaycanda son dönəm yaranmışı yeni nəsr isə ənənədən kənardır. Onun daxili sütunları mənim nəsrmdə olduğu kimi dünya və Avropa nəsr qaynaqlarından və rəmziliklərindən qaynaqlanmır. Dediyiniz tele layihələr kimi köksüzdür. Mənim görmək istədiklərim, yazmaq istədiklərim isə daha böyük ənənələrə bağlıdır. Düşünürəm ki, bir nəsl gələcək Orxan Fikrətoğlu imzası onlar üçün çox real və örnək imza olacaq.
– Müasir yazarlarımızdan hansı müəllifləri bəyənir, oxuyursunuz?
– Ad çəkmək istəmirəm, çünki mənim üçün proses addan daha vacibdir. Tendensiya olaraq müasir Azərbaycan poeziyasında, nəsrində kifayət qədər maraqlı imazalar var. Amma bunların hamısı totalda müasir Azərbaycan ədəbiyyatı havasını yarada bilmir. Bilirsinizmi, dünyada kim ədəbiyyat yaradırsa və ədəbiyyatı çox gözəl bilirsə, ona sual verəndə ki ədəbiyyat nədir, deyir bilmirəm, bilərəkdən deyir ki, bilmirəm. Amma Azərbaycanda ədəbiyyatı bilməyənlər də deyir ki ,mən ədəbiyyatı bilirəm. Ədəbiyyatı bilmək mümkün deyil, ədəbiyyat bir prosesdir, sən bu prosesin içindəsən. Dənizin damlası sənə dənizdən informasiya verə bilməz, sən o sahilə çıxıb, dənizi görəndən sonra anlaya bilərsən ki, harada yaşayırsan və kimsən.
Amma çox istəyərdim ki, dil baxımından, mövzu genişliyi baxımından indiki nəsl ən azı 19-cu əsrin əvvələrinə qayıdsınlar. Biz hardan gəlirdik, nəyi istəyirdik. Məsələn, Azərbaycanın fiziki coğrafiyasını kim yaradıb? Müharibələr və daha çox da işğalçılar. Azərbaycanın tarixini kim yaradıb? Atabəylilər, səlcuqlular və s. Azərbaycanın söz coğrafiyasını kimlər yaradıb? Nizami və Xaqani.. . Xaqani ilə Nizaminin coğrafiyası bəs niyə daraldı? Niyə İskəndərdən yazan Nizami gəldi Hüseyn Caviddə Turançılığa çıxdı ? O konsepti biləndən sonra sən yeni bir şey ortaya çıxara bilərsən.
– Azərbaycanda hansısa rejissoru bəyənirsinizmi?
– Teatrda sevdiyim xətt rəhmətlik Vaqif İbrahimoğlunun xəttidir.Mənim 3-4 pyesimi işləyib və tamaşaya qoyub. Başqa teatrlara mən əsər vermirəm, çünki o pafos, o hay-küy mənə yaddır. Nə mən onlara uyğunam və nə onlar mənə uyğundur. Azərbaycanda sevdiyim rejissor Bəxtiyar Xanzadədir və onun pantomima teatrıdır. Mən belə hesab edirəm ki, pantomima teatrı Azərbaycanda sənətlə məşğul olan az trubbalardandır. Kinoda da, ədəbiyyatda da təki hamı Bəxtiyar Xanzadənin susub danışmaq mexanizmini anlayaydı. Onların son əsəri, Qoqolun “Şinel” əsərinə baxıdım və fərəhləndim ki, Azərbaycanda hələ də sənət qalıb. Vaqif İbrahimoğlunun o eksperimenti təəssüf ki, total mədəniyyətə çevrilə bilmədi. Vaqif İbrahimoğlunun ömrü və “Yuğ” teatrında yaratdığı dəyərlər, bizim dövrün dili idir.
Konksept olaraq Azərbaycan kinosu rəngkarlıq baxımından, kino operatorluq işi və aktiyor oyunu baxımından heç də dünya kinematoqrafından geri qalmır. Ideoloji müstəvidə rejissorların fərdi yanaşması zəminində də, az çox özəl adlar olub, Arif Babayev olub, Şamil Mahmudbəyov olub. Ancaq kinoda intibah yaşadığımızı deyə bilmərik. Mədəniyyət Nazirliyində baş verən müsbət dəyişiklik, yeni nazirin təyin olunması düşünürəm ki, vəziyyəti dəyişəcəkdir.Buna zəmin var.
– Son dövrdə sosial şəbəkələrdə gənc nəsil və başqa sənətə aid olmayan şəxslər yazıçı və şair titulunu paylaşımlarında aşağı düşürməyə çalışırlar, bu insanlar niyə bu işləri görürlər?
– Mənim üçün yazıçı cəmiyyətin sağlam ənənəsini, əxlaqını daşıyan və milli dəyərlərlə sağlam yaşayan biri olmalıdır. Yazıçı örnəkdir, yazıçı misaldır. Çünki sən bir millətin qəlb mühəndisisən. Sən bir millətin ruhaniyyatını yaradırsan, sənin qəlbin və əlin çirklidirsə necə ruhaniyyat yarada bilərsən ? Sən əgər düşmüş, alçalmış bir insansansa, əxlaqdan, dəyərdən uzaqsansa deməli mətnində də bu nöqsanlar görünəcək.