"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub

"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub
9 sentyabr 2024
# 14:29

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Deyim ki, ölkədə ən asan şey çoxluğu tənqid eləməkdir. Oğulsan, azlığı tənqid elə.

Nədən ki, çoxluğun kürəyi havada olur, adətən. Azlığın isə...

Vay o gündən ki, çoxluq kürəyini bir-birinə söykəyə.

*

Ölkədə bəlli adamlar var ki, vaxtaşırı çıxıb “sensasiyalı” fikirlər deyir, sonra da bir müddətlik gözdən itir. Bir müddət keçir, sonra yenə peyda olur və başqa mövzu atır ortaya.

Bəhram Bağırzadə də onlardan biridi.

O, hər dəfə nəsə deyəndə bir qrup adam düşür ortaya ki, bəs Bəhram müəllim, əslində, başqa şey demək istəyir-filan.

Bir müddət əvvəl bakılı-rayonlu söhbətinin çörəyini yeyən Bəhram Bağırzadə bu dəfə də deyib ki, bəs iş tökülüb qalıb ölkədə, işləyən yoxdu.

Tək Bəhram Bağırzadə deyil, son illərdə belə söhbətlər eləyən adamların sayı xeyli artıb.

Halbuki ən ali haqlardan biri susmaq haqqıdır. Danışmaya da bilərsən. Ən azından, ümidimiz olar ki, danışsa, bəlkə, yaxşı danışar.

Elə Bəhramın özü.

Maraqlıdır, bu adamın özü nə iş görür?

Aktyordurmu? Ortada bir şey yoxdur.

Yazıçıdırmı? Ortada bir şey yoxdur.

Aparıcıdırmı? Ortada bir şey yoxdur.

Hə eee, nə vaxtsa nəsə olmuş ola bilər, ancaq uzun müddətdir ki, biz onun heç bir dişədəyən işini görmürük.

Azərbaycanda azərbaycanlı uşaqlara rus dilində kitab yazan adamın elit təbəqənin elit yazıçısı olmaq cəhdidirmi bu?
Ancaq heç cür alınmır ee... Mümkün deyil.

Arada status yazıb partladır, açıqlama alırlar, ya da müsahibə eləyirlər. Sonra həmin müsahibədən iki-üç video kəsib paylaşırlar. Bir-iki gün müzakirə olunur, mövzunun şirəsi gedəndən sonra atılır bir qırağa, bir az keçir, başqa bir “şirəli” mövzu ilə qonağımız olur.

Yenə də deyirəm, Bəhram danışmaya da bilər.

Danışmasa, daha maraqlı olar, əslində.

Axı o özü də ölkənin həqiqətlərini yaxşı bilir. Səndən-məndən də yaxşı.

İşsizlik var, yoxdur, onu da yaxşı bilir.

Bilmirəm, ola bilər çox şeyi deyə bilmir.

Di gəl ki, dediyi də budur.

Növbəti “şirəli” mövzulara qədər...

# 3103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #