Kulis.az Numizmatika Muzeyinin açılış mərasimindən reportajı təqdim edir.
XII əsrə aid tarixi memarlıq abidəsi olan İçərişəhərdəki Aşur məscidində Numizmatika Muzeyinin açılış mərasimi keçirilir.
Açılış mərasimində çıxış edən akademik İsa Həbibbəyli səpələnmiş sikkələri bir yerə cəmləşdirməyi əlamətdar dövlətçilik hadisəsi adlandırır.
"Bu baxımdan muzeyin həm də elmi tədqiqat sahəsində də fəaliyyət göstərməsi numizmatika üzrə tədqiqatçıların yetişməsinə səbəb olacaq".

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev isə belə layihələrin tariximizə, keçmişimizə və gələcək nəsillərə töhfə verdiyini deyir:
"Bu layihələr vasitəsilə ölkəmizin tarixini yerli və xarici ziyarətçilərə daha dolğun şəkildə təqdim etmək mümkün olacaq. Bu layihələr sırasında sualtı arxeologiya ilə bağlı tədqiqatlar da xüsusi yer tutur. Hazırda həmin istiqamətdə işlər davam etdirilir və gələcəkdə bu mövzuya həsr olunmuş yeni sərginin hazırlanması nəzərdə tutulur".

Ekspozisiyada nümayiş etdiriləcək sikkələr e.ə. III əsrdən eramızın XX əsrinədək olan geniş tarixi dövrü əhatə edir. Ekspozisiyada Azərbaycan ərazisində aşkar edilmiş və müxtəlif dövlətlərə — Roma, Parfiya, Qədim Yunanıstan, Prussiya, İngiltərə, Rusiya, Ərəb Xilafəti və Monqol imperiyasına aid tarixi pul nümunələri nümayiş etdirilir.
Ekspozisiyada ümumilikdə Muzey fondunun numizmatika kolleksiyasına daxil olan 200 ədəddən çox sikkə nümayiş olunur.
Ekspozisiyanın əsas məqsədi ziyarətçilərə pulun meydana gəlməsi, onun tarixi təkamül mərhələləri və müxtəlif dövrlərdə iqtisadi-sosial münasibətlərdə oynadığı rol haqqında elmi əsaslara söykənən sistemli və dolğun təsəvvür formalaşdırmaqdır.
Açılışın rəsmi çıxışları İçərişəhərin qədim divarlarında əks-səda verərək yavaş-yavaş səngiyir. Qonaqların mərkəzi zaldan uzaqlaşmasını fürsət bilib rəfdəki kitablara göz gəzdirirəm. Hamının muzeyə doğru getdiyi görüb binadan çıxıram.
Çöldə Bakının isti iyul küləyi əsir. Dar cığırla asta addımlarla muzeyə doğru yol alıram. Ətrafda xeyli turist şəkil çəkdirir, xalçalara, qədimi əşyalara baxır. Kənardan br nəfərin səsini eşidirəm:
"Bu istidə nə məcburdu? Gözlə, hava bir az sərinləsin, sonra çıx gəz də".
Açığı, təri dabanında hiss eləyən biri olaraq haqq qazandırmaya bilmirəm.
Gedə-gedə fikirləşirəm ki, tarixi yerlərə ya tək gəlmək lazımdır, ya da söhbətdən xəbəri olan adamla. Vay o gündən ki, kimsə məcburi gələ… O adam üçün bir dəqiqə də bir saat kimi gəlir. Nəyəsə diqqətlə baxanda əsəbiləşir, tələsir, göz bərəldir…
Düşüncələr içində muzeyə çatıram. Xeyli adam var. Pilləkənlə aşağı enib muzeyə daxil oluram.
Adamların arası ilə addımlayıram. Stendlərə göz gəzdirirəm.
İçərinin zəif işıqlandırması məni düz mərkəzə doğru çəkir. Divarda asılmış bir məlumat lövhəsinin qarşısında dayanıram. "Karniz səthində həkk edilmiş kitabə" deyə yazılıb. Oxuduqca sözlərin dərinliyi məni bürüyür:
Qurani Kərim, Bəqərə surəsi, 256-cı ayə...
“Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (şeytanı və bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”
Məlum olur ki, üzərində dayandığım bu məkan hələ 1171-ci ildə ustad Aşur tərəfindən tikilib. İki mehrabı olan, divarlarında nəbati ornamentlərlə işlənmiş üçsıralı stalaktit kəməri gəzdirən bu tarixi məbəd indi başqa cür qiymətli xəzinələrə ev sahibliyi edir.
Gözlərim bir az irəlidə, şüşə vitrinə doğru əyilmiş, başında həsir şlyapası olan yaşlı bir ziyarətçiyə sataşır. Onun simasındakı dərin qırışlar elə bil qarşısındakı qədim əlyazmanın səhifələri ilə həmahəngdir. O, böyük bir diqqətlə, bəlkə də gəncliyinin xatirəsini axtarırmış kimi kitaba baxır.

Yaxınlaşıb mən də həmin əlyazmaya nəzər salıram. Səhifələri zamanın toxunuşundan saralmış, kənarları qatlanmış, ərəb əlifbası ilə nəfis şəkildə yazılmış bu mətnlər kim bilir neçə-neçə alimin, neçə-neçə sufinin əllərindən keçib.
Əlyazmanın aurasından ayrılıb rəngarəng stendlərə doğru yönəlirəm.
Qarşımdakı lövhə "ZƏRBXANALAR: Dirhəm Dövrü" adlanır.
Yanımdakı yaşlı bir kişi diqqətlə lövhədəki məlumatları oxuyur. Şüşənin altındakı balaca, dairəvi, üzəri naxışlarla dolu gümüş dirhəmlər işığın altında bərq vurur. Məlumatları oxuduqca qulağıma səslər gəlir… Orta əsrlərin səs-küylü bazarları, uzaqdan gələn karvanların zəng səsləri, xalça satan tacirlərlə ədviyyat axtaran alıcıların amansız sövdələşmələri...
Dirhəm bir zamanlar bugünkü qlobal valyutalar qədər güclü, təsirli və beynəlxalq idi.

Gümüşün soyuq parıltısına yaxınlaşdıqca içlərindən biri xüsusilə diqqətimi çəkir. Üzərindəki relyefli təsvir – mürəkkəb tac geyinmiş bir hökmdarın profili, ətrafındakı qədim yazılar məni xeyli uzaqlara, Sasanilər dövrünə, bəlkə də ondan da əvvələ aparır.
O dövrlərdə pul təkcə alqı-satqı vasitəsi deyildi; pul həm də sənət əsəri, təbliğat maşını, dövlətin varlığının ən inkaredilməz sübutu idi.

Muzeydəki ab-hava çox fərqlidir. Burada heç kim tələsmir. Ziyarətçilər bir stenddən digərinə asta addımlarla keçir, təfərrüatları qaçırmamaq üçün vitrinlərə sanki nəfəs verəcək qədər yaxınlaşırlar.

Gəzintimin növbəti dayanacağı məni XVII-XVIII əsrlərin geosiyasi burulğanına atır. Qarşımdakı qara fonda sarı hərflərlə yazılıb: "DÖVLƏTLƏR RƏQABƏTDƏ: Bazarlar Ticarətdə".
Oxuduqca anlayıram ki, coğrafiyamız necə də qaynar bir qazan olub. Səfəvi imperiyasının qüdrətli Təbriz və Ərdəbil zərbxanalarının vahid pul sistemindən, XVIII əsrdə mərkəzi hakimiyyətin zəifləməsi ilə Rusiya, Osmanlı və Əfqan qüvvələrinin hakimiyyət uğrunda mübarizəsinə qədər uzanan bir dövr. Və ən maraqlısı, bu dövrdə eyni bazarda müxtəlif pullar qaynayıb-qarışırdı.
Lövhənin aşağısına doğru baxıram:
"Dövrün diqqətçəkən cəhəti Avropa ilə ticarətin genişlənməsi idi: Polşa, Avstriya və Almaniya mənşəli sikkələr regionun beynəlxalq mübadilədəki rolunu göstərirdi".
Orada, kiçik şüşə dayaqların üzərində fərqli, bizim ənənəvi şərq motivlərindən tamamilə uzaq sikkələr düzülüb. Biri Belçika kralı II Leopoldun, digəri isə İspaniya kralı XII Alfonsonun adını daşıyır. Onların bu gün İçərişəhərdə nə işi var? Bu sual məni bir anlıq xəyalpərəst edir. Bəlkə də gənc bir holland taciri günlərlə davam edən uzun dəniz səyahətindən sonra Xəzərin sahilinə lövbər salıb. Bəlkə də o, cibindən çıxardığı bu Avropa sikkələri ilə İçərişəhərin səs-küylü bazarından ipək, bəlkə də ilk xam neft çəlləklərini alıb. Bu kiçik gümüş dairələr mədəniyyətləri bir-birinə bağlayan gözəgörünməz körpülərdir.
Yavaş-yavaş gəzintinin sonlarına gəlib çatıram.
"SON ZƏRB: Multivalyutalı Mühit"
1813 Gülüstan və 1828 Türkmənçay müqavilələrindən sonra Şimali Azərbaycan Rusiya imperiyasının pul sisteminə daxil edilib. Əsrlərlə davam edən müstəqil zərbxana ənənəsi bununla sona çatsa da, əsrin ikinci yarısında Bakı neft sənayesinin sürətli yüksəlişi regionu yenidən qlobal iqtisadi sistemin mərkəzinə çevirib. Rus rublu ilə yanaşı İngiltərə funt sterlinqi, Alman markı yenidən küçələrdə dövriyyəyə girib.
Bu məlumatların fonunda qarşıma bir eksponat çıxır. Şüşənin arxasında 1924-cü ilə aid böyük bir gümüş sikkə dayanır. Üzərində çar qartalları, şah tacları deyil; fəhlə və kəndli fiqurları, arxa planda isə doğan günəşin şüaları və zavod boruları həkk olunub. Cəmi bir neçə onillik ərzində cəmiyyətin, ideologiyanın və mülkiyyət anlayışının necə kəskin şəkildə dəyişdiyinin ən bariz nümunəsi. Bu sikkə Romanovlar sülaləsinin süqutu, qısamüddətli müstəqil Azərbaycan Cümhuriyyəti və ardından gələn qanlı sovetləşmə prosesinin həm şahidi, həm də birbaşa iştirakçısıdır.

Muzeydə keçirdiyim hər dəqiqə məni uzaq keçmişin fərqli bir səhifəsinə apardı. Karvan yollarının tozunu canımda hiss etdim, usta dəmirçilərin çəkic səslərini qulaqlarımda eşitdim, yadelli tacirlərin Bakı bazarlarındakı təəccübünə şərik oldum.
Muzeyin ağır, taxta qapısını arxamca örtüb yenidən İçərişəhərin günəşli küçələrinə çıxıram.