Kulis.az Ülvi Bahadırın V Kitab Sərgisindən hazırladığı reportajı təqdim edir.
Sərgiyə getmək üçün APA-dakı dostlarla birgə maşına əyləşib yola çıxırıq. Əlahəzrət Günəş yol boyu düz alnımın ortasını nişan alıb. Arxada 3 nəfər olduğumuza görə, qaçışım yoxdur. Arabir hansısa binanın, ağacın arxasına keçib rahatlaşdırır adamı, ancaq qəfildən hiss eləyirsən ki, başının bir tərəfindən tüstü çıxır.
Beləcə buxarlana-buxarlana sərgi keçirilən yerə çatırıq. Asta addımlarla çadırlara tərəf gedirəm. Məlum yazıdan sonra gözüm Şahbaz Xuduoğlunu gəzir. Xoşbəxtlikdən tanımır. Ancaq yenə də içimi qurd yeyir – birdən tanıyar ee.
Beynimdə əcaib ssenarilər...
– Sən Kulisdə işləmirsən?
– Aha...
O da çəkir məni çadıra, salır təpiyinin altına. Vur ki vurasan... Sonra da üst-başını düzəldib sakitcə çıxır çadırdan. Mən da qanın içində arxa tərəfdən sürünə-sürünə çıxıram.
Elə bu mənasız düşüncələrdə idim ki, adam qəfildən yanımdan keçib-getdi. Yaxşı qurtardıq...
Yavaş-yavaş kitablara baxa-baxa irəliləyirəm. Bir neçə dostu görürəm. Endirimlərin istədikləri kimi olmadığından gileylənirlər.
Onlarda ayrılıb səhnə olan hissəyə gəlirəm.
Xalq artisti Vidadi Həsənov elan səsləndirir. Məşhur türk yazıçısı Ahmet Ümit gəlib. Səhnənin sol tərəfində kitab imzalamaq üçün yer düzəldilib.
Həmin yerin yanından keçib digər stendlərə baxmağa gedirəm. Gözüm bütün kitab sərgilərində olduğu kimi yenə də Çingiz Aytmatovu axtarır. Hara, hansı kitab mağazasına, yarmarkasına, sərgisinə getsəm, axtardığım ilk müəllifdir Aytmatov. Əsas da “Dəniz kənarı ilə qaçan alabaş” və “Gün var əsrə bərabər”.
Stendlərin birində xəstə uşaqlara yardım üçün qutu var. Ya kitab alırsan, ya da ora gücün çatan qədər pul salırsan.
Kitablara göz gəzdirdim. Marağımı çəkən kitab olmadığına görə maddi yardım göstərmək qərarına gəldim. Məndən sonra da xeyli adam yaxınlaşdı. Kitab alan kitab aldı, almayan da mənim kimi pul saldı.
Bir müddət sonra Ahmet Ümit təşrif buyurdu. Jurnalistlərin suallarını cavablandırdı. Sonra da oxucular əllərində kitablarla müəllifin əyləşdiyi stolun başına yığışdılar.
Yavaş-yavaş yazıçı və şair dostlar da gəlməyə başlayır.
Orxan Həsəni ilə görüşürəm. Əlində 2 sellofan kitab var:
– Bunlar hamısı təzə çıxan kitablarındı?
– Bir hissəsi hə, qalanları da aldıqlarımdır.
Ahmet Ümitin imza saatı bitir.
Orxanla birgə sərginin arxasındakı Fotoqraflar evinə gedirik. Burda Qismət Rüstəmov, Anar Rəhimov və Aqşin Yeniseyin “Süni intellekt və ədəbiyyat” mövzusunda baş tutacaq panelinə hazırlıq gedir.
Adamlar yavaş-yavaş yığılmağa başlayır. İlk sırada Şəhriyar del Gerani, Şərif Ağayar, Məqsəd Nur və Kənan Hacı əyləşib. Mən də özümə bir yer tapıb otururam.
Anar Rəhimov və Qismət gəlir, sonra da Aqşin Yenisey.
Sıralar dolandan sonra mövzuya start verilir. Ondan əvvəl Qismət zarafatından qalmır:
– Dünən burdakı çıxışların birinə baxırdım. Qəfildən səs kəsildi. Ordan kimsə dedi ki, bu tərəflərdə yaxşı kələfur verirlər. O biri də qayıtdı ki, şirəli danaları da pis deyil.
Bununla həm iştrakçıları rahatlatdı, həm də çəkilişin kefiyyətinə iradını bildirdi.
Panelin moderatoru Anar Rəhimov idi.
Birinci Qismət çıxış elədi:
– Mən bu mövzuda daha çox Türkiyə mühitini izləyirəm. Türkiyədə 2 hadisədə son illərdə daha aktualdır. Biri konseptual sənətlə məşğul olan Bager Akbayın təcrübəsidir. Bager Akbay şeir yazan bir proqram yazıb. Əvvəlcə bir şeir göndərir, istədiyini ala bilmir. Sonra botun yaddaşına türk və dünya ədəbiyyatından şeirlər yükləyir. Bir az düzəlir. Son fikirləşir ki, necə eləyim bunu şair kimi qəbul eləsinlər? Fikirləşir ki, Türkiyədə ən çox istifadə olunan soyad “Yılmaz”dır, ad da “Mehmet”dir. Bunun adını qoyur Mehmet Yılmaz. Sonra fikirləşir ki, Mehmet Yılmaz çox kişimərkəzçidir. Ona görə də “Deniz Yılmaz” eləyir. Sonra test üçün şeirləri “Yurdumun şairləri” qəzetinə göndərir və testi keçir. Çap eləyirlər. Sonra bir az da irəli gedib Deniz Yılmazın – həyatda olmayan bir adamın kitabını çap eləyir. İndi burda belə bir sual ortaya çıxır ki, bədii yaradıcılığın hansı meyarlarını müəyyənləşdirə bilərik ki, süni intellekt onu sənin əlindən ala bilməsin? Sonra isə bir nəfər bilmədiyi fransız dilində Google Translate sayəsində kitab tərcümə eləyib. Xırda redaktələr işləri olub, vəssalam. Bu, o deməkdir ki, bir müddət sonra tərcüməçilərə ehtiyac olmayacaq. Belədə də nə qədər adam işsiz qalacaq.
Sonra Anar Rəhimov Aqşin Yeniseyə sual ünvanlayır:
– Süni intellektin inkişafındakı təhlükə nədir?
– Amazonda süni intellektin yazdığı 200-dən artıq kitab satılıb. Biz indi istedadın ilahi mənşəli olduğunu düşünürük, ancaq bir müddətdən sonra bəlli olacaq ki, bizim “istedad” dediyimiz şey beyində gedən rəqəmsal prosesin nəticəsidir. Mən ChatGBT-dən soruşdum ki, sən nə vaxtsa şüur sahibi ola biləcəksən? O, ona verilmiş bilgilər əsasında cavab verdi ki, belə bir ehtimal var, yəni süni intellekt nə vaxtsa şüur sahibi ola bilər. Bu gün süni intellekt bizim ona verdiyimiz informasiya əsasında nəsə eləyir. Necə ki biz nə vaxtsa eyni informasiyanı təbiətdən alıb allaha çevirdik. İnformasiyamız çoxalandan sonra ona ad da qoyduq – Zevs. “Zevs” təbiətin bizə verdiyi informasiya idi.
Sonra iştirakçılar öz fikirlərini bildirdilər. Bir neçə dəqiqəlik fikir mübadiləsindən sonra panel yekunlaşdı.Yavaş-yavaş insanlar çölə çıxmağa başladılar.
Elə təzəcə çölə çıxıb sərin mehi canıma çəkirdim ki, telefonuma bildiriş gəldi. Aylardır, yox ee, illərdir mənə şeir göndərib “bax, gör necədi?” deyən dostum yenə çiçəyi burnunda bir şeir göndərib. İlin-günün bu vaxtı adam uca dağlardan, gen dərələrdən əl çəkmir. Bildik də... lalə, nərgiz açıb, yarının intizarından cismin od tutub yanır, ta bəsdi də, özün yanırsan, heç olmasa, millətə yazığın gəlsin. Yayın istisində öldük ta.
Təkcə dostuma aid deyil. Ümumiyyətlə, hələ də bu mövzulara kəmənd atanlar mənə həmişə qeyri-ciddi görünüb. Baxırsan ki, işlətdiyi cihazlar son model, sürdüyü maşının təkəri mən boyda, di gəl ki, yazdığı şeir “ay canı yanmış”. Bilmirəm, bəlkə, elə lüks həyat uzaqlaşdırır insanı müasir estetikadan. Mən varlı adamların çoxunu belə gördüm. “Dəvə-qanad” söhbəti də ola bilər.
Elə bu düşüncələrlə yavaş-yavaş sərginin keçirildiyi yerdən uzaqlaşıram. Ruhumda Çingiz Aytmatovun “Gün var əsrə bərabər”inin əzbərə bildiyim səhnəsi...
“İnsan, dəvə və it dallarına baxmadan qaçırdılar. Birdən Yedigeyə elə gəldi ki, manqurt oğlu tərəfindən oxla vurulmuş Nayman Ananın başından saldığı ağ yaylıqdan əmələ gəlmiş ağ bir quş hardansa böyürdən çıxdı. Ağ quş bu həşir-qiyamət içində insanla yanaşı uçaraq deyirdi:
Kimlərdənsən? Adın nədir? Adını yadına sal. Sənin atan Donanbaydır, Donanbay, Donanbay, Donanbaydır, Donanbay...
Yenidən birləşən zülmət içində bu səs hələ çox eşidildi”.