Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?
19 oktyabr 2026
# 12:00

Kulis.az "44 günün yaddaşı" layihəsi çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nurirəliyev haqqında yazını təqdim edir.

Vətən müharibəsində zəfər yalnız yerdə qazanılmadı. Torpaqda irəliləyən əsgərin başı üzərində qəhrəmanlar da vardı. Onlardan biri polkovnik Zaur Nudirəliyev idi.

Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakıda anadan olub. Uşaqlığı və ilk məktəb illəri Sabunçu rayonunun Zabrat qəsəbəsində keçib. 1985-ci ildə 192 nömrəli orta məktəbə gedib, 1992-ci ilə qədər orada oxuyub. Sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Lisey illəri onun gələcək yolunu müəyyənləşdirdi.

1995-ci ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olunub. Beş il sonra, 2000-ci ildə təyyarəçi ixtisası üzrə təhsilini başa vurub. Həmin ilin fevralında Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlayıb.

Bu xidmət iyirmi il çəkdi və pillə-pillə irəlilədi. Zaur əvvəlcə 3-cü aviasiya eskadrilyasında təyyarəçi, sonra baş təyyarəçi oldu. 2004-cü ildən 1-ci aviasiya eskadrilyasında çalışdı: baş təyyarəçi, manqa komandiri, komandirin müavini-şturman, qərargah rəisi. 2013-cü ildən 2015-ci ilin avqustunadək eskadrilyaya özü komandanlıq etdi. Sonra hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılması bölməsinin rəisi vəzifəsinə təyin olundu. Yəni o, təkcə uçan yox, uçmağı öyrədən və planlaşdıran adam idi.

Zaur Nudirəliyev: Əsir düşməmək üçün döyüş təyyarəsini düşmən səngərinə  çırpan polkovnik

Müharibədən əvvəl düşmən yeni nəsil hava hücumundan müdafiə vasitələri almışdı. Hücum başlayanda ilk iş bu vasitələri susdurmaq idi. Su-25 təyyarələri isə əsasən aşağı hündürlükdə döyüşmək üçün nəzərdə tutulub, belə uçuşda vurulma ehtimalı yüksək olur. Komandanlıq yeni taktiki üsulun hazırlanmasını polkovnik Nudirəliyevə tapşırdı. Xaricdə təhsil almış, Türkiyə ilə birgə təlimlərdə təcrübə toplamış pilot bunun öhdəsindən gəldi. O, təlimlərdə təyyarənin imkanlarından tam istifadə etdi və yüksək hündürlükdən, nişangahsız, riyazi hesablamalarla bomba atmağın yolunu tapdı. Bu üsul NATO standartlarına uyğun idi. Zaur Nudirəliyev onu başqa pilotlara da öyrətdi. Həmkarı mayor Cavid Fərəcovun sözlərinə görə, Su-25-dən lazer əsaslı bombaların ilk atışlarını da o həyata keçirib.

2020-ci il sentyabrın 27-də müharibə başlayanda bu təcrübə artıq sınaqdan çıxmışdı. Nudirəliyev Ağdərə, Füzuli və Cəbrayıl istiqamətlərində düşmən mövqelərinə zərbələr endirdi. Bu taktikanın sayəsində pilotlarımız 600-dən çox uçuş yerinə yetirdi, bütün müharibədə isə cəmi bir Su-25 itirildi. Bu, təsadüfi rəqəm deyil. Arxasında illərlə aparılan hazırlıq dayanırdı.

Oktyabrın 4-də Zaur Cəbrayıl istiqamətində təyin olunmuş hədəfə yaxınlaşırdı. Kəşfiyyat məlumatına görə, həmin ərazidə düşmənin hava hücumundan müdafiə vasitələri olmamalı idi. Amma mərkəzi komanda məntəqəsinə bu vasitələrin işə düşdüyü xəbəri gəldi. Pilotlara geri qayıtmaq tapşırığı verildi. O isə hədəfə zərbəni artıq endirmişdi və geri qayıdırdı. Sonra çağırışa cavab vermədi. Təyyarə vurulmuşdu. Eyni istiqamətdə uçan polkovnik-leytenant Elçin Məmmədovun dediyinə görə, ağır yaralanmasına baxmayaraq, Zaur Nudirəliyevin katapult etmək imkanı vardı. O, əsir düşməmək üçün bunu etmədi və təyyarəni düşmənin canlı qüvvəsinin və zirehli texnikasının üzərinə yönəltdi.

Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş...

Onun qanı yerdə qalmadı. Həmin istiqamətdə düşmənin hava hücumundan müdafiə vasitələri tamamilə məhv edildi. Bu, pilotsuz uçuş aparatlarının, döyüş helikopterlərinin və hücum təyyarələrinin geniş istifadəsinə yol açdı. Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi və Füzuli şəhəri azad olunarkən Quru Qoşunları və Xüsusi Təyinatlı Qüvvələr az itki ilə irəliləyə bildi. Zaurun gördüyü iş yalnız bir döyüşlə bitmədi. O, başqalarının yolunu açdı.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Nudirəliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. O, II Fəxri Xiyabanda dəfn olunub.

O, ailəsinə də peşəsi qədər bağlı idi. Həyat yoldaşı Nazilə Nudirəliyevanın sözlərinə görə, ən böyük arzusu övladlarını savadlı və Vətənə layiq insan kimi böyütmək idi. Onların dərsləri ilə daim maraqlanırdı. Qızı Pəri 600 balla universitetə qəbul olanda çox sevinmişdi. Oğlu Ömərin də yaxşı oxumasını istəyirdi. Nazilə xanım uşaqları onun adına layiq böyüdəcəyini deyir.

Zaur Nudirəliyev: Əsir düşməmək üçün döyüş təyyarəsini düşmən səngərinə  çırpan polkovnik

Zaur Nudirəliyevin həyatı iki yerə bölünmür: bir tərəfdə sakit illər, o biri tərəfdə döyüş. Hər şey eyni xətt üzrə gedib: öyrənmək, öyrətmək, hazırlaşmaq və vaxtı gələndə üzərinə düşəni etmək. Bu gün Cəbrayıl azaddır. Bu azadlığın arxasında onun gözə görünməyən zəhməti də var.

# 273 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər