Samiraldo: "Mən kişiyəm, qadın deyiləm!" - Müsahibə

Samiraldo:  "Mən kişiyəm, qadın deyiləm!" - Müsahibə
24 iyun 2024
# 14:41

Kulis.az Ülvi Bahadırın stilist Samiraldo ilə müsahibəsini təqdim edir.

- Bir sözlə - "açıldı" - ilə həyatı dəyişən nadir insanlardansan. Bu söz necə yarandı?

- O söz, əslində, mənim üçün müqəddəsdir. Bütün yollarımı açdı. 40 il əziyyət çək, işlə, işlə pul qazanma, hörmət qazanma, adın it dəftərində adın olmasın, amma bir “açıldıı”dan sonra elə hörmətin qalxsın. Tədbirlərə, açılışlara çağırdılar, hətta pul da verməyə başladılar mənə.

- İstənilən insana, hətta aktyor olsa belə, desən ki, klounluq edirsən, qüruruna toxunar. Sən isə rahat bir şəkildə deyirsən ki, mən klounluq edirəm. Bu rahatlıq hardan gəlir?

- “Kloun” sözü çox bahalı sözdür. Hər insan kloun ola bilməz. Əgər bu istedad mənə verilibsə, mən bir kəlməmlə insanları güldürə bilirəmsə, nəyi pisdi? O vaxt mənimlə onkoloji, ölümcül xəstəliyi olan insanlar görüntülü danışırdılar, ünsiyyətdə olurdular, mən onları güldürə bilirdim. Mənim güldürməyimin nə qədər qüvvəsi var, mən bundan niyə utanmalıyam? Hərə bir yolla pul qazanır. Bu yol da mənə şöhrət gətirirsə, niyə ondan çəkinməliyəm? İnsanların güvəndiyi insanam mən.

- Samiraldonu yaratmağın maddi ehtiyacdan, yoxsa mənəvi ehtiyacdan qaynaqlandı?

- Samir Əliyev zəif, gücsüz idi. Gördüm ki, o cür mümkün deyil, o özünü müdafiə eləyə bilməz. Çox təhqirlər gəldi, çox üstümə gəldilər. Ona görə düşündüm ki, bu obrazı yaradıb Samir Əliyevi onun arxasında gizlədim, qoruyum. Elə bir taktika işlətdim, xeyir də tapdım. İndi artıq Samiraldo elə hörmət qazanıb ki, artıq Samirin gizlənməyinə ehtiyac yoxdur. Samiraldonu çox sevir insanlar. Samir qədər söymürlər, təhqir eləmirlər. Həyat davam eləyir.

- Nə vaxtsa bezmisən, yorulmusan bu obrazdan?

- Çox olub. Qadın geyimləri geyinəndə, başımı bağlayanda özümə sual verirəm ki, bu nə vaxtadək belə davam eləyəcək? Hərdən istəyirəm normal olum, normal insanlar kimi geyinim. Sadə olum, amma görürəm ki, alınmır.

- “Nə vaxtadək?” sualının cavabı nə olur?

- Yaş öz işini görür. İki ildən sonra mənim əlli yaşım olacaq. Yəqin ki, yavaş-yavaş bu obrazdan çıxacam.

- Başqa bir obraza bürünəcəksən, yoxsa artıq ehtiyac olmayacaq?

- Düşünürəm ki, artıq dayanmalı olacam. İndi insanlar məni hələ ki, belə sevir. Yəqin ki, artıq özüm üçün yaşamalıyam.

- Artıq tam Samir kimi yaşamaq istəyirsən? O, təxminən, nə qədər sonra olacaq?

- Əlli yaşdan sonra.

- Bu obraz uşaqlıqdan gəlir, yoxsa bir anda yarandı? Adətən, insanlarda belə fikirlər uşaqlıqdan formalaşır.

- Yox. Düşünmədim ki, belə olar. Mənim başqa sənətim var. Sanki insanlar bu obrazı yaratdılar mənim üzərimdə, məni belə görmək istədilər. Mən də insanların arzularını gerçəkləşdirdim.

- Bu yaradıcı düşüncə, yaradıcı təfəkkür uşaqlıqda olub səndə, yoxsa sonradan yaranıb?

- Uşaqlıqda mənim rəssamlığa meylim var idi. Geyim portallarına baxırdım, saçla, makiyajla maraqlanırdım. Mənim ən çox stilistliyə marağım var idi. O vaxt belə sahə barədə məlumat çox deyildi. Amma mənim uşaqlıqdan bu sahəyə meylim var idi, xoşum gəlirdi. Böyüyəndən sonra kişilərdən demək olar ki, ən birinci makiyaj eləyən mən olmuşam. Bu sahədə çox şeylərdə birincilik mən eləmişəm. Stilistikanın da adını birinci mən qoymuşam. Əvvəllər bərbər, makiyaj edən var idi, stilistsə bunun ümumisidi, insanı dəyişəndi. İnsanın xarakteristikasını, görüntüsünü birləşdirib ondan bir obraz yaradır. Fərq etməz incəsənət adamı olsun, siyasətçi olsun, ya da adi bir şəxs. Əsas odur ki, ona verilən imici daşıya bilsin. İnsan var ki, deyir, mən heç vaxt qırmızı geyinmərəm. Amma sən elə eləməlisən ki, o qırmızıya nifrət eləməsin, sevsin və onu daşısın.

- Sənin belə komplekslərin var geyimlərlə bağlı?

- Uşaq vaxtı var idi bəzi komplekslərim, məsələn, sovet dövrünün bayramlarında mənə böyük ölçülü kostyum geyindirirdilər. Mən də etiraz edirdim, geyinmək istəmirdim. Düşünürəm körpənin öz geyimi var, çünki o bir də körpə olmayacaq.Yaş keçir, insan eyni dövrü təkrar yaşamır. Mən hazırda istəsəm də gənc görünə bilmərəm, istər-istəməz yaş özünü göstərir. İstəsəm də saç saxlaya bilmərəm, yaş keçdikcə saç tökülür, keyfiyyətin itirir. Ona görə də hər bir yaş dövrünün geyimini, saç düzümünü, imicini vaxtında eləmək lazımdı. Adam var, səksən yaşında plastik əməliyyatlarla özünü formada saxlayır. Formada ola bilərsən, amma on səkkiz yaşında qız kimi ola bilməzsən. Saçını elə hörə bilərsən, elə geyinə bilərsən, amma gülməli görünərsən. Amma elə insanlar var ki, iyirmi yaşı var, dörd dəfə əməliyyat olunub. Orasını-burasını dartdırıb, burnun düzəldirib, niyə axı? Deyirəm, Allah sənə o qədər gözəl bədən verib, yaşın azdır, hər şey təbii gözəldir. Qırx-əlli yaşdan sonra elə, indi niyə eləyirsən? Nə məcburdur, Allaha da acıq gedir axı. Sən xəstə deyilsən, şikəst deyilsən. Mən uşaq vaxtı çox xəstə idim, danışa, yaxşı yeriyə bilmirdim. Amma heç nə deməzdim ki, Allaha acıq gedər. Allah istəsə, mənim əlimi də, ayağımı da, dilimi də açar, hər şey onun əlindədir. Mən kimi xəstə insanlar az hallarda sağalır. Mən demək olar ki, bu xəstəliklə mübarizə belə aparmadım. Allah məni sevdi, kömək etdi.

- Valideyinlərin səndən bu xəstəliyə görə imtina etmişdilər, yoxsa sonradan xəstələndin?

- Onlardan soruşanda dedilər ki, sən sağlam doğulmusan. Mən hərdən danışıram onlarla. Bir yandan düşünürəm ki, məni valideynlərim özləri qoyublar ora. Varlı olublar. Anam biznesmen olub, atam mühəndis.

- Neçə yaşın olub onda?


- Az. Körpə olmuşam. Atamın da, anamın da öz ailələri, uşaqları var. Düzünə qalanda, mənim həyatım tənhalıqla doludur. Tənha olanda mən daha sakit, hüzurlu oluram. Yanımda kimsə olanda onlar məni vururlar, qazandığım uğurları, evimi, maşınımı, hər şeyimi əlimdən almaq istəyirlər. Sanki gözlərini onlara dikiblər. Mən çox yaxşılıqlar eləyirəm. Qazancımın demək olar ki, səksən faizini insanlara verirəm. Amma insanların düşüncəsi belədi ki, əgər mən bunu onlara verirəmsə, onlardan qorxuram. Deməli, onlar bəzi şeyləri hədə-qorxu ilə tələb edə, cinayətə əl ata bilərlər. Ona görə hesab edirəm ki, mənim ən böyük səhvim insanlara özüm kimi inanmağımdır.

- Bayaq dedin ki, varlı ailədə doğulmusan. Səni hansı səbəbə görə qoyub getdiklərini açıqlamadılar?

- Mənə peşman olduqlarını deməyiblər. Anam deyib ki, səni Moskvanın ən bahalı xəstəxanasında dünyaya gətirmişəm. Amma mənim həyatımı məhv elədi. Bilirsiniz, o anadır da. Hərdən mənə deyirlər ki, onu bağışla. Mən onu bağışlaya bilərəm?

- O özü istəyibmi bağışlanmasını?

- O mənim həyatımı darmadağın etdi. Mən həyatda nələrdən keçdim. Necə çətinliklərlə bu zirvəyə gəlib çıxmışam. Mənim elə günlərim olub ki, pansionatda qalmışam. Balaca bir otağım olub, həftələrlə yeməyim olmayıb. Heç kimin qapısını döyməmişəm, heç kimdən heç nə istəməmişəm. O vaxtlar dövlət işində işləyirdim. Bir də görürdün, maaş ləngiyirdi. O vaxt pul alacağım bir insan da yox idi. Elə deyirlər ki, bəxtəvər onun başına. Evləri, maşınları.

- Hətta un da daşımısan.

- Hə. On altı yaşımda.

- Ordan çıxandan sonra başlamısan bu işə?

- Bu pilləyə gəlmək üçün hər işə əl atırdım. Hətta pul yox, çörək olsun deyə çalışırdım.

- Belə həssas xarakterindən dolayı zorakılığa məruz qalmısan? Çünki tək uşaq yetimxanadan çıxır, qarşısında böyük bir həyat var. Un daşıyır, başqa işlərdə işləyir.

- İndi baxırsan zəifəm də, amma o vaxtlar Allah mənə elə qüvvə verdi ki... Sən özünü müdafiə eləməlisən. Özünü müdafiə eləməyi bacarmasan, səni məhv eləyərlər. Vəhşi təbiətə çıxırsan. O vəhşi təbiətdə saf, təmiz çıxır, görür ki, orda canavar, çaqqal, şir var. Səni yemək, parçalamaq istəyirlər. Sən özünü müdafiə eləməlisən. Sizə zarafat gəlməsin. Kimi özünü təmiz çıxara bilir, kimisə yolda məhv olur. Mənim kimi yüzlərlə insan uşaq evlərindən çıxıblar. Hardadır onlar? Həbsxanalarda, dəlixanalarda, tək-tək adamlar var ki, sağ qalıblar.

- O gücü hardan tapdın?

- Zərbə aldıqca güclənirsən.

- İlk zərbə hardan gəldi?

- Mən ilk zərbəni yaşadığm pansionatda aldım.

- Ən ağır zərbə nə oldu?

- Ən ağır zərbəni axır günlər aldım. Dost dediyin, çörək kəsdiyin insandan elə zərbə görürsən ki, mən belə zərbə həyatımda ilk dəfə aldım.

- Nəyi qoruya bilməmisən?

- Sağlamlığımı qoruya bilmədim. Ayaq sinirlərimdə, ürəyimdə ciddi problemlər yaşadım.

- Davamlı olaraq sənə orientasiyanla bağlı suallar verəndə deyirsən ki, mən homoseksual deyiləm, kişiyəm. Həqiqətən, belədir, yoxsa cəmiyyətdən çəkindiyin üçün deyirsən bu sözləri?

- Mən cəmiyətdən nə qorxuram, nə çəkinirəm. Guya cəmiyyət bilmir ki, Samiraldo kimdir? Mən açıq–aşkar parik də taxıram, qadın paltarı da geyiNİrəm. Deməli, Samiraldo bu cəmiyyətdən qorxmur. Çünki cəmiyyətdə qorxulası, çəkiniləsi bir şey yoxdur. Cəmiyyət yaxşı bilir kim nə hoqqalardan çıxır. Elə insanlar var ki, kostyumla insanları aldadırlar. O kostyumların arxasında o qədər Samiraldo obrazı var ki... Bu mənim sənətimdir. Bəzən insanlar deyir ki, ay Samiraldo, axı sən ondan deyilsən. Deyirəm ki, canım, mən ondan olsam da, olmasam da bu mənim öz problemimdir. Hər bir insan azaddır. Allah da mənə azad düşüncə verib və çalışıram ki, o azadlığımla başqasına ziyan vurmayım.

- Mən sualı məhz ona görə verdim. Bu cəmiyyətdə minlərlə insan cəmiyyətin basqısına görə orieantiyasını gizlədir.

- Mən tolerant ölkədə yaşayıram. 90-cı illərin Samiraldosuyam. Görün mən nə zəmanələr, nə dövrlər görmüşəm. Nardaranda böyümüşəm. Uşaqlığım Bilgəhdə, Buzovnada keçib. Deyirlər, kəndlər belə, elə. Mən bir dəfə olsun orda oğlanlardan artıq-əskik söz eşitməmişəm. Tərbiyəsizlik görməmişəm. Başqa gözlə baxmağını görməmişəm. O vaxt arıq, yaraşıqlı uşaq idim. Şortik geyinib piyada Bilgəhdən Maştağaya gedərdim, gör bir adam mənə pis nəzərlə baxardımı? Əhmədlidə, Tarqovıda adama pis baxırlar. Tərbiyəsizlik edirlər. Bəlkə, kimlərsə mənim fikirlərimlə razılaşmayacaq, özləri bilər. Mən gördüyümü deyirəm. Çox şeylər yaşamışam, analiz etməyi çox gözəl bacarıram. İndi də Bakının kəndlərinə gedirəm. Oranın adət-ənənələri qalıb.

- Amma Bakı kəndlərində belə şeylərə münasibət qatıdır.

- Mən qara-qura işlərlə məşğul olmamışam axı. İndinin özündə də kimsə deyə biməz ki, Samiraldonun həyatında bu gizlini var. Heç vaxt olmayıb. Ola da biməz. Kimsə yalandan deyə, şər ata bilər. Amma gərək sübut gətirsin.

- Bir ara xəbər yayılmışdı, özün demişdin ki, ərə gedirəm.

- O vaxt Şahin Cavadsoy mənə “azərbaycanın Leydi Qaqulyası” deyirdi. Leydi hara, Qaqulya hara? O jurnalistlərin şouları idi, oxucaların diqqətini cəlb eləmək üçün. Bəzi insanların düşündüyü kimi mən homoseksual, pozğun olsaydım, jurnalistlər məni ciddi qəbul eləməzdilər.

- Bəs özünə belə təkliflər gəlib?

- Mənə hər gün belə təkliflər gəlir. Mən də onlara fikir vermirəm, Bəzən görürəm ki, kimsə acı-acı baxır mənə. Mən də ona, - “ay mənim ürəyim, gözəlim”, - deyirəm. Axşam hardasan,bəlkə, gedib dəniz kənarında gizlənpaç oynayaq? Başlayır gülməyə. Hər şeyi ciddiyə almamaq lazımdı, sonu yaxşı olmur.

- Ciddi münasibət qurmaq istədiyin vaxtlar olub?

- İnanırsan ki, mən ömür boyu qarışqa kimi işləyib qazanmışam. Elə şeylərə vaxtım olmayıb. İşdən o qədər yorulurdum ki.. İndi də gecələr dördə, beşə qədər oxuyuram. Məsələn, bu gün bura gəlmişəm. Gəlməsəydim, axşamacan yatacaqdım. Bəlkə, yaş özünü göstərir, mənim üçün indi əsas sakit yaşamaqdır.
Vaxtı çatanda məni Azərbaycanda heç kim tapa bilməyəcək, səyahətçi olacam. Dünyanı gəzəcəm. Yığdığım pulları ancaq səyahətə verə bilərəm. Mənim öz siyasətim, öz planlarım var. Mən həyata elə-belə baxmıram.

- Oxumağa necə qərar verdin? Sən özün başladın, yoxsa kimsə təklif elədi?

- Yox, heç ağlıma da gəlmirdi. Bir restoranın açılışı olacaqdı 8 martda. Deyiblər ki, qalan müğənniləri tez-tez görürük onsuz da. Qoy Samiraldo gəlsin. Getdim, gördüm nə qədər insan var. Vaxtlarını ayırıb bayramlarını mənimlə birlikdə qeyd etmək istəyiblər. Restoran da mənə yaxşı qonorar verdi. İnanırsınız, mən o qonorarı götürəndə utandım. İfaçı üç saat oxudu, mənsə dayanıb insanlarla şəkil çəkdirirdim. Buna görə mənə neçə min dollar pul verdilər, sağ olsunlar.

- Sonradan oxumaq üçün öz üzərində işlədin?

- Mənim bir bəstəkarım var. Arzu Abbasova. O, yeganə insandı ki, məni anlayır. Mənə təklif etdi ki, gəl mənim mahnılarımı oxu. Gözəl aranjımançı, gözəl bəstəkardı. Mənə mahnılar verdi, elə birinci mahnısı “Ləhləlülə” oldu. İkinci mahnı oldu “Rakka çiko”. Hamısı trend oldu. İnsanlar da maraqla dinlədi. Hara gedirsən eyni mahnılar, amma insanlar bezmirlər. Bu mahnının iynəli sözləri var,

- Dünyanın hər üzün görən Samiri axırıncı dəfə nə təəccübləndirib?

- Məni ndiki uşaqlar təəccübləndirir. Tiktoka girirəm hərdən, mən uşaqların necə tez böyüdüklərinə çox təəccüblənirəm. Biz hər şeyi görə-görə öyrənmişik. Bunların görməyə-görməyə hər şeydən xəbərləri var. O gün rəfiqəmin yanına getmişdim. Beş aylıq uşağı var, artıq telefon axtarır. Bu da insanların robotlaşmasına gətirib çıxaracaq.

- Hazırda stilistlik etmirsən. Ən çox nəyə görə darıxırsan?

- Hə, darıxıram. Məsələn, sənin saçını görürəm. İstəyirəm forma verim. İşimi o qədər sevirəm. Neçə ildir işləmirəm artıq.

- İşləməməyə bir anda qərar verdin?

- Yox, səhhətimdə bəzi problemlər yarandı. Həkim dedi ki, gözlərin zəifləyir. Gördüm ki, artıq makiyaj eləyəndə, saç kəsəndə gözlərim axır, dumanlı görürəm. Həkim dedi ki, olmaz.

- Amma bəzən deyirlər ki, bu addımı sırf daha çox qazanmaq üçün atmısan.

- Mənim qəbuluma yazılmaq üçün günlər, illər lazım idi. Mən o işdən yaxşı pul qazanırdım.

- İndiki qədər, yoxsa?

- İndiki ilə fərq çoxdur. Onda bir saçı on manata kəsirdim. Min manat qazanmaq üçün 100 saç kəsmək lazım idi. Bu da mümkün olan bir iş deyil. O qayçını atdım, bu qayçını tutdum. Lenti kəsdim. Məsələn, Gəncəyə getmək beş min manatdı.

- Sağlamlığında problem olmasaydı, işini davam etdirərdin?

- Mən heç vaxt sənətimi pula dəyişməmişəm. Sənətimə sadiq insanam. Mən bu sənəti məni çox istəyən bir insana görə seçmişdim. Günlərin bir günü mənə dedi ki, mən istəyirəm sən oxuyasan, bir sənət sahibi olasan. Sonra mən bu sənəti atanda gedib ondan üzr istədim. Dedim ki, bağışla, sənin istədiyin işi axıra qədər apara bilmədim.

- Hazırda səhnədə ən zövqsüz müğənnilər kimlərdir?

- Eyni tipdə olan müğənnilər var; Vəfa, Türkan, Damla və bir çoxları. 2000-ci ildən sonra gələn müğənnilər efiri, səhnəni pis günə qoydular. İstər meyxana deyənlər olsun. Baləlidi nədi? İncəlik itdi, elə kobudlaşdırdılar ki bu sənəti. Baxın, Türkiyədə bu sənətə necə dəyər verirlər.

- Orda tamaşaçı da tələb eləyir, burda yoxdu o tələb.

- Yox. Bizim tamaşaçılar bahalı toy eləyirlər, toya Röyanı, Aygünü, Ədalət Şükürovu, Günay İbrahimlini çağırırlar. Onların da tələbi nədi? Gözəl şou görmək.

- Bayaq mətbuatdan danışdın. Gündə min cür xəbər yazırlar. O xəbərlərin içində haqqında yayılan ən absurd xəbər nə idi?

- Mənim haqqımda ölüm xəbəri yayılmışdı. Çox narahat olanlar var idi.

- Bu hansısa hadisədən sonra yaranmışdı.

- Yol gedirəm, dostlarım, bacım yazır ki, məlumat yayılıb ki, qəza keçirmişəm, ölmüşəm. Məni bir az narahat elədi.

- Axırıncı dəfə valideynlərinlə nə vaxt görüşmüsən?

- Mən indiyə qədər görməmişəm onları. Elə-belə telefonla danışmışam.

- Fikirləşirsən ki, nə vaxtsa bağışlaya bilərsən?

- Mən anamı çoxdan bağışlamışam. Amma onu heç vaxt qucaqlaya bilmərəm. O mənim qanadlarımı qırıb.

- Heç Samirlə Samiraldonun mübahisəsi düşübmü?

- O qədər.

- Hansı qalib gəlir ən çox?

- İkisi də. Hər ikisi əkizlər bürcüdü də. Əkizlər on dəqiqə elə ola bilər. on dəqiqə belə.

- Samir ən çox Samiraldoda nəyi qəbul eləmir?

- Samiraldonu çox sevir o.

- Samiraldo sadəcə bir obrazdı, yoxsa onun da ruhu, duyğuları var?

- Mən iyirmi dörd saat obrazdayam. Hər yerdə beləyəm. Mənim bir sifətim var. İçim elə Samirdi. Mənim ruhum Samirdi. Mən ruhumu Samiraldo eləyə bimərəm.

- Heç o təhlükəni hiss eləmisən?

- Heç vaxt. Mən uşaq evində böyümüşəm, Heç vaxt pulum olmayıb. Amma heç vaxt heç kimə paxıllıq eləməmişəm.

- Bu qədər şey yaşamısan, nə vaxtsa intiharı düşünmüsən?

- O qədər.

- Axırıncı dəfə nə vaxt olub?

- Elə son günlər. O qədər əsəb keçirdim ki... Həyatımda ən çox qorxduğum şərlər, böhtanlar atıldı.

- Bu dəfə nə qorudu səni?

- Allah..

- İndi qarşında balaca Samir otursa, ona nə demək istəyərsən?

- Deyərdim ki, gözütox ol. Nəfsinə sahib çıx.

# 13153 dəfə oxunub

Müəllifin son yazıları

# # #