Belarus qızı ovlamaq istəyirdim, dənizdə boğuldum – Gənc yazarın Antalya xatirəsi

Belarus qızı ovlamaq istəyirdim, dənizdə boğuldum – Gənc yazarın Antalya xatirəsi
4 avqust 2021
# 12:30

Kulis.az Ulucay Akifin “Antalyada ölümlə üz-üzə” yazısını təqdim edir.

Mən ömrümdə cəmi bir dəfə ölümlə üz-üzə gəlmişəm. Deyirlər, ən dəhşətli ölüm suda boğulub ölməkdi. Elə mən də az qalsın öləcəkdim, özü də indi adını belə xatırlamadığım bir qıza görə...

Hər şeyə lap başdan başlayım. 2018-ci ilin yayında cibimə sadəcə yol pulumu qoyub Antalyaya getmək qərarına gəldim. Onda magistraturanın birinci kursunu bitirmişdim.

Antalyaya gedib yay boyu orada işləmək və istirahət etmək ağlıma düşmüşdü. Elə bu cür də etdim.

Antalyanın məşhur turistik kəndlərindən olan Kəmərə gəlmişdim.

Dağların ətəyində, Ağ dənizin sahilində yerləşən gözəl Kəmər...

İki gün iş axtardıqdan sonra üçüncü gün “Aura” klubda ofisiant işinə düzələ bildim. “Aura” oranın ən məşhur gecə klubu idi. Təsəvvür edin, beş minə yaxın adamı qəbul edə biləcək zalı var idi. Bura Türkiyənin və Rusiyanın ən məşhur müğənniləri konsert verməyə gəlirdi.

İş rejimim axşam saat 8-də başlayıb, səhər saat 4-də bitirdi. İşdən çıxıb yoldaşlarla yemək yeməyə gedirdik. Çox vaxt yaxınlıqdakı dönərçidə otururduq. Mən bir dönər və ayranla kifayətlənirdim. Sonra uşaqlar evə yatmağa gedirdi, mən isə yollanırdım çimərliyə, dəniz sahilinə.

Həmin gün də belə etmişdim.

Hər səhər burada günəşin doğuşunu izləmək, sonra heç olmasa bir saat üzmək gündəlik rutinim idi. İşin yorğunluğunu üstümdən belə atırdım.

Məlumunuzdur ki, Antalyada turistlərin əksəriyyəti, ruslar, ukraynalılar, beloruslar, bir sözlə, slavyanlardır. Dənizin sahilinə gəlib onların ağ bədənlərini izləmək, onlarla tanış olmaq da gündəlik rutinimə daxil idi. Bəlkə istirahətimin ən gözəl hissəsi də elə bu idi.

Xoşbəxtlikdən, rusca da bilirəm...

Ölümlə üzləşdiyim o gün də sahildəki şezlonqlardan birində uzanıb günəşin üfüqdə yavaş-yavaş peyda olmasını seyr edirdim.

Rus turistlər də asta-asta çimərliyə gəlirdilər. Orada olduğum müddətdə fikir vermişdim ki, əksər ruslar mütləq günəşin doğuşunu izləməyə və bu saatlarda üzməyə gəlir. Sonra da yenidən otellərinə qayıdıb səhər yeməklərini yeyirdilər.

Türkiyədə bütün siqaretlər baha və aşağı-yuxarı eyni qiymətə olurdu. Siqaretlərin qiyməti cüzi fərqlənirdi, ona görə də orada olduğum müddətdə “Marlboro” çəkirdim.

Siqaretimi çəkərək dənizi seyr edirdim. Elə günəş dənizdən bir qarış yuxarı qalxmışdı ki, gözüm sahilin iki-üç addımlığında üzən bir sarışın, bəyaz bənizli qıza sataşdı.

Elə bil dalğaların sahilə gətirdiyi bir balıq idi, amma bundan heç narahat deyildi. Qız tək deyildi. Yanında yaşlı bir qadın da var idi. Böyük ehtimal, nənəsi idi. Elə nənəsinə görə sahilə yaxın üzürdü. Hərdən nənəsinin əlindən tutub suda gəzdirirdi, sonra yenə aralanıb tək üzürdü.

O, elə rahat üzürdü, sanki bütün həyatını suda keçirib. Suda balıq qədər rahat idi.

Günəş gözlərimi qamaşdıra-qamaşdıra qızın yaş bədənini izləyirdim. Niyəsə islanmış qadınlar həmişə daha gözəl görünürlər. Hərdən dayanıb əlləri ilə yaş saçlarını arxaya atırdı. Həmin anda onun sinəsinin necə qabardığını görürdüm.

Bədən ölçüləri boyuna görə ideal idi.

Siqaretimdən sonuncu qullabı alıb kötüyünü torpağa basdım və ayağa qalxdım. Vaxt itirmək istəmirdim.

Yavaş addımlarla dənizə girdim. Səhər saatları olsa da su ilıq idi. Bir az addımladıqdan sonra bütün bədənimi islatmaq üçün suya baş vurdum, bir az suyun altında üzüb çıxdım. Dərindən nəfəs aldım. Bütün bunları edərkən, nəzərimi qızın üzərindən çəkmirdim. Elə onların həndəvərində üzürdüm.

Özümü pusquda gözləyən köpək balığı kimi hiss edirdim. Hərdən suyun altına baş vurub uzun-uzadı üzür, ovumun ətrafında dövrə vurub yenidən suyun üzünə çıxırdım. Deyəsən, artıq qız da bunun fərqində idi. Yenə suya baş vurub üzməyə başladım və onların lap yaxınına getdim. Suyun altında artıq qızın ayaqları görünəndə üzə çıxdım.

Sudan çıxanda qızın baxışlarının da məndə olduğunu gördüm. Deyəsən, onu ovlamaq niyyətində olduğumu hiss etmişdi və bundan heç narazı görünmürdü. Mənə baxıb gülümsədi. Nənəsinin əlindən tutub suda gəzdirirdi.

- Su əladı, ilıqdı! – söhbətə başlamaq üçün dedim.

Gülümsədi. Nənəsi də eyni təbəssümlə mənə baxıb cavab verdi:

- Həə, gözəldi. Özü də tərtəmizdi.

Su doğrudan çox təmiz idi. Sinəmə qədər dərinlikdə olsam da, ayaq barmaqlarımı görə bilirdim.

- Rusiyadansınız? – söhbət kəsilməsin deyə soruşdum.

- Yox, Belorusiyadan. – bu dəfə qız cavab verdi.

- Nə gözəl! Minskdən? – özümü məlumatlı göstərmək üçün soruşdum.

- Yox. Biz Brest şəhərindənik. – yenə nənəsi cavab verdi.

- Həəə, Brest! “Dinamo Brest” komandasını tanıyıram. – dedim.

- Mən tanımıram. – qız yenə gülümsəyərək dedi və çox uğursuz söhbət elədiyimin fərqinə vardım.

Məni bu vəziyyətdən elə nənəsinin sualı çıxardı:

- Rusca əla danışırsan! Buralısan?

- Xeyr. Bakıdanam. İstirahətə gəlmişəm. – niyəsə işləmək üçün gəldiyimi demək istəmədim. Əslində, elə istirahətə gəlmişdim.

Adımı soruşub maraqla qarşıladılar. İndi yadıma gəlməsə də mən də onların adlarını soruşdum. Bir az Bakıdan, Azərbaycandan danışandan sonra qız nənəsinə dedi:

- Sən burada qal. Mən bir az üzüm, gəlirəm!

- Yaxşı, qızım. Üz. Mənə görə narahat olma. – nənəsi dedi.

Və qız heç gözləmədiyim an üzünü mənə tutub dedi:

- İstəyirsən, gəl, bərabər üzək.

Bu göydəndüşmə təklifi anındaca qəbul elədim.

Üfüqə doğru üzməyə başladıq.

O, çox incə hərəkətlərlə, rahat üzürdü. Orada olanda fikir vermişdim, onların (yəni slavyanlar) üzməyi mənə qurbağaların üzməyini xatırladırdı.

Əllərini və ayaqlarını sinxron şəkildə çox sakitcə ortadan kənarlara doğru sürüşdürə-sürüşdürə üzürdü və bunu edərkən də çox rahat suyun üzərində qalırdılar.

Mən isə nə qədər çalışsam da bu cür üzməyi öyrənə bilməmişdim. Elə qafqazlılar kimi qol ata-ata, şappıltıyla üzməyi bacarırdım. Belə üzmək də insanı çox tez yorur. Hələ mənim kimi siqaret çəkən birini...

Qızla yanaşı üzərək sahildən və yaşlı nənəsindən uzaqlaşmağa başladıq. Günəş yavaş-yavaş öz gücünü toplayırdı, üzümdə və qollarımda istiliyi hiss edirdim.

Qızla söhbət etməyə çalışırdım, amma bir problem var idi. Kənd uşaqları kimi suyu şappıldada-şappıldada üzdüyümdən, suyun səsi qızın dediklərini eşitməyimə mane olurdu.

Su qulaqlarıma dolurdu, qızın dediyi sözlərdən ancaq hissə-hissə hansısa hərfləri eşidirdim.

- Oooo... Eeeee...Aaaaa....

Özüm təngnəfəs olduğumdan, ümumiyyətlə, danışa bilmirdim. Baxmayın, nə qədər də olmasa siqaret çəkməyimin buna böyük təsiri var idi.

Sahildən azı 60-70 metr uzaqlaşmışdıq. Çimərlik getdikcə insanlarla dolurdu. Mən isə çox yorulmuşdum.

Yadıma düşür ki, başımı sudan bir az yuxarı qaldırıb dedim:

- Suyun səsindən səni eşidə bilmirəm! Danışmayaq. Yorulmuşam, geri üzək, sahildə söhbət edərik.

Qız razılıq əlaməti kimi başını yellədi:

- Xoroşo!

Çox yorulmuşdum, sahilə bu cür əl-qol ataraq üzməyə gücüm çatmayacağının fərqində idim. Qərar verdim ki, bel üstə üzərək qayıdım. Elə daha sürətli və yorulmadan üzürəm.

Bel üstə çevrildim. Qollarımı kiçik bir qayığın kürəkləri kimi yanlara açdım və asta-asta sahilə tərəf üzməyə başladım.

Günəş şüaları düz gözümə düşürdü deyə gözlərimi yummuşdum. Dərindən nəfəs alaraq, özümə gəlməyə çalışırdım. Bir az pərt olmuşdum, amma bu haqda düşünməməyə çalışırdım.

Elə bir az belə üzdükdən sonra sahilə nə qədər qaldığını görmək üçün başımı qaldırıb sahilə baxdım.

İlahi!!!

Gözlərim yumulu üzürdüm deyə, necəsə fərqində olmamışam, qollarımı düzgün hərəkət etdirməyib əks istiqamətdə üzmüşəm!

Sahildən daha da uzaqlaşmışdım!

Gözüm qızı axtardı. Qız dənizin ortasında dayanıb təəccüblə mənim hara üzdüyümü, nə etdiyimi izləyirdi.

Təsəvvür edirsiniz?!

Elə bil masmavi səma daş olub başıma düşdü.

Həm qızın yanında biabır olmuşdum, həm də sahildən daha da aralandığım üçün əsəbiləşmişdim. Bu yorğunluqla təxminən yüz metr məsafəni geri necə üzəcəkdim?!

Tez sahilə üzməliydim. Amma bu dəfə bel üstə üzməyə risk edə bilməzdim. Dədə-baba qaydası ilə, əl-qol ataraq, suyu şappıldadaraq, kənd uşaqları kimi üzməliydim.

Bütün gücümü toplayıb, son dəfə nəfəsimi dərdikdən sonra üzməyə başladım.

İyirmi-otuz metr üzdükdən sonra yorulduğumu hiss etdim. Su yenə qulaqlarıma dolurdu. Tək qulaqlarıma yox, hərdən ağzıma da dolurdu. Çox duzlu idi, boğazımı yandırırdı.

Öskürə-öskürə üzürdüm.

Bir az da üzdükdən sonra bədənimin tamam ağırlaşdığını hiss etməyə başladım. Elə bil kiçik bir qayığı yox, nəhəng bir tankeri kürək çəkərək irəliyə aparmağa çalışırdım.

Artıq boğulacağımı düşünməyə başlamışdım. Mütəxəssislər deyir ki, panika boğulmaq ehtimalını ən çox artıran səbəblərdən biridi. Mən də tamamilə özümü itirmişdim.

Burada boğulsam, çabalasam, heç kim inanmayacaqdı və kömək etməyəcəkdi. Elə biləcəkdilər ki, özüm üçün əylənirəm, ya kimisə dolayıram.

Ağ dənizdə üzənlər bilər, su çox duzlu olduğundan, burada hamı çox rahat üzür, suyun üzündə qalır. Mən isə panikadaydım və özümü toparlaya bilmirdim.

Göyərtəsinə yavaş-yavaş su dolan gəmilər kimi hər dəfə bir az su udurdum.

Qışqırıb kömək istəməyə utanırdım. Orada öləcəyimi bilsəm də, bunu etməyə qürurum əl verməzdi. Onsuz da qızın yanında yetərincə biabır olmuşdum, bir də buna razı ola bilməzdim. Heç vaxt!

Qız artıq gözdən itmişdi. Yəqin, nənəsinin yanına çatmışdı və məni gözləyirdi.

Mənim isə gözlərim qaralmağa başlamışdı.

Suyun təzyiqindən başım partlayacaqmış kimi hiss edirdim. Bəlkə də artıq 1 litrə yaxın dəniz suyunu da udmuşdum.

Bakını, doğmalarımı, anamı düşünürdüm.

Saytların yazacağı xəbərlərin başlığını düşünürdüm:

“Gənc şair Ulucay Akif Antalyada boğulub öldü”.

Yox, bu, çox uzun oldu.

“Gənc şair Ulucay Akif dənizdə boğuldu”

Daha da qısaltmaq olar:

“Gənc şair dənizdə boğuldu”.

Bu yaşda və belə, tanımadığım bir belarus qıza görə, hansısa başqa bir ölkədə, özü də dənizdə üzə bilmədiyim üçün boğulub ölmək istəmirdim!

Adını bilmədiyim bir belorus qızla macəra yaşamaq üçün bu gənc yaşımda ölə bilməzdim!

Son dəfə gücümü toparladım.

Elə nəfəsimi dərəndə yenə xeyli dəniz suyu uddum, amma özümə təsəlli vermək üçün suyu bilərəkdən içdiyimi düşündüm və üzməyə davam etdim.

Artıq qızı və nənəsini görürdüm.

Mənə baxırdılar. İkisinin də üzündə təəccüb var idi. Nə baş verdiyini anlamırdılar. Onlar sahildən təxminən on metr aralıda idilər. Su boğazlarına kimi idi, amma dayanmışdılar. Deməli, ayaqları torpağa dəyirdi!

Tez onların yanına çatmalı idim!

Ayaqlarım yerə dəysə, mənə ölüm yox idi.

Artıq qol əzələlərim maksimum dərəcədə gərilmişdi. Onları paslanmış dəmir alətlər kimi, güclə tərpədirdim. Ayaqlarıma nəzarəti isə tamam itirmişdim. Ayaqlarımla mənə sadəcə ağırlıq etməkdən başqa bir işə yaramırdı. O qədər ağırlaşmışdılar, elə bil, iki nəhəng lövbəri özümlə sürüyürdüm.

İndiyə kimi heç belə olmamışdım, amma hər an sudurğa keçirə biləcəyimi düşünürdüm.

Artıq məsafə azalmışdı. Sahildəki adamların səslərini uğultu kimi eşidə bilirdim. Qıza çatmağıma beş-on metr qalmışdı.

İlahi!

Görəsən, həmin an kənardan necə görsənirdim?!

Qızın üzündən nə baş verdiyini anlamadığı hiss olunurdu. Ancaq üzündəki təlaşın da fərqində idim. Elə nənəsinin də baxışlarından bunları duyurdum

Son bir-iki metrdə əlimi qıza tərəf uzatdım:

- Əlini ver! Boğuluram! – bacardığım qədər yüksək səslə dedim.

Qız hələ indi başa düşmüşdü vəziyyəti. Tez mənə tərəf addımlayıb əlini uzatdı, məni özünə tərəf çəkdi. Ayağım torpağa dəydi.

Suya etibar etməyib bir də addımladım və dayandım. At kimi tövşüyürdüm. Dərindən nəfəs alıb özümə gəlməyə çalışdım. Bir əlim ombamda, bir əlim sinəmdə səmaya baxdım. Günəş düz başımın üstündə idi. Pıçıltıyla “Şükür, Allahım, Şükür!” dedim. Qız hər şeyin qaydasında olub-olmadığını soruşdu.

- Az qalsın boğulurdum! – deyib güldüm.

Üzündəki təlaş hələ tam yox olmamışdı. Tez sahilə çıxdım və şezlonqumda yox, qumun üzərində uzandım.

Ayağının torpağa dəyməsi necə gözəldir?!

Qız mənə içməyə su gətirdi.

- İç, nəfəsin yerinə gəlsin!

Onda fikir verdim ki, sinəm və qarnım necə qabarır, enir. Qızdan yarım litrlik su butulkasını alıb bir nəfəsə başıma çəkdim. Güldü.

Şezlonqumun altına qoyduğum siqaretdən birini götürdüm. Qız da birini istədi. Ona da verdim. Alışqanı əlimdən alıb siqaretlərimizi yandırdı.

Heç nə danışmaq istəmirdim. Utanc hissi indi daha da şiddətlənməyə başlayırdı. Qıza baxdım. Təbəssümlə məni izləyirdi.

Görünür, o, biabır olduğumu düşünmürdü. Ancaq artıq o, mənə bayaqkı kimi gözəl görünmürdü.

Siqaretimi çəkəndən sonra ayağa qalxdım, qızla sağollaşıb tez getməli olduğumu dedim və qaldığım evə qayıtdım.

# 5067 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #