Bədənimiz yerin cazibə qüvvəsinə uduzdu – Ulucay Akifdən Yeni Şeir

Bədənimiz yerin cazibə qüvvəsinə uduzdu – <span style="color:red;">Ulucay Akifdən Yeni Şeir
13 iyun 2018
# 16:20

Kulis.az gənc şair Ulucay Akifin “Leyla və qağayı” adlı yeni şeirini təqdim edir.

Torpaq bütün sevdiklərimizi yedi, dostum.

Bütün körpələrin qanını içdi amansızca

və bu yaz asfaltın altından

neçə bənövşə çıxa bilməyərək

intihar etdi torpaq altında,

ana bətnində öldürülən

körpələr kimi.

yəni bu yaz hər şey

bir başqa oldu, dostum.

Gözləmədiyimiz qədər “bir başqa”

və pis...

Torpaq bütün sevdiklərimizi yedi, dostum.

Dünən

“Sülh üçün əlimizdən gələni edirik” deyən lider

bu gün

son model silahlarını təqdim etdi bizə.

“Bu silah Dünyanı iki dəfə məhv edə bilər”

dedi gülümsəyərək,

qamaşan dişlərini göstərdi bizə.

Yəni bu gün

daha böyük yük düşdü üstümüzə.

Tanrım,

bütün doğmalarını müharibədə itirən

Suriyalı Əhmədin fəryadı

fon musiqisi kimi getdi xəbərlərdə,

Bir gün sonra aclıqdan öləcək

Leylanın göz yaşlarını da

iki saniyə göstərdilər.

Yəni bu gün bizi

bu gün bizi bir az da məhv etdilər.

Dənizdən sonuncu balığı

oğurlayan qağayı da öldü aclıqdan.

Ölərkən,

ona baxan ac qağayılar

keçdi gözünün qarşısından.

Tanrım,

nələrisə səhv etdik,

səhv etdik lap əvvəldən.

Bədənimiz yerin cazibə qüvvəsinə uduzdu,

Ruhumuzsa göylərin.

İndi sağalan yaralarımın da

yeri göynəyir.

# 1955 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #