Oteldə özbəyin ayağını qıdıqlayan Azərbaycan yazıçısı

Oteldə özbəyin ayağını qıdıqlayan Azərbaycan yazıçısı
13 avqust 2015
# 08:00

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “13 nömrəli otaq” yazısını təqdim edir.

Altmışıncı illərin sonları idi. Özbəkistanda Azərbaycan ədəbiyyatı günləri keçirilirdi. Görkəmli yazıçı və şairlərimizdən ibarət heyət tədbirlərdə iştirak etmək üçün qardaş respublikaya göndərilmişdi. Bunların içərisində yaşlılar da var idi, nisbətən cavan olanı da.

Əvvəlcə qonaqları Daşkənddə o vaxtın yaxşı bir mehmanxanasında yerləşdirirlər. Binanın bir mərtəbəsi başdan-ayağa Azərbaycan yazıçıları ilə dolur. Hərə xahişinə görə öz tay-tuşu ilə bir otağı tutur. Bircə yazıçı Əli Vəliyev nə yaşlılara qoşulur, nə cavanlara, xudmani bir otaqda tək yerləşir.

Bir azdan hamı ədəbiyyat günlərinin açılışı keçiriləcək binaya yollanır. Qalxırlar ikinci mərtəbəyə, salona daxil olurlar. Özbəklər qonaqlarını ayaq üstə, alqışla qarşılayırlar. Hər kəsə yer göstərilir. Süleyman Rüstəm, Əli Vəliyev, Əbülhəsən və yaşlı nəslin bir neçə başqa nümayəndəsini hörmət əlaməti olaraq qaldırıb səhnənin ortasında qurulmuş uzun masada özbək yazıçılarının arasında oturdurlar. Çıxışlar başlanır. Hər iki tərəfin qələm ustaları çılğınlıqla ürək sözlərini söyləyirlər. Ara-sıra şeirlər oxunur. Sonda söz Süleyman Rüstəmə verilir. Süleyman Rüstəm masanın böyründə qoyulmuş kürsüyə keçib nitqinə başlayır. Əvvəlcə özbək və Azərbaycan xalqlarının dostluğundan, qardaşlığından söz açır, keçmişdən, bu gündən misallar gətirir. Sonra Böyük Vətən müharibəsində hər iki xalqın oğullarının səngərlərdə çiyin-çiyinə qəhrəmancasına döyüşdüklərindən danışır. Birdən böyürdən səs eşidir:

“Gəpla, gəpla, yaxşı gəplayırsan...”

Çönüb görür masanın lap bu yanında əyləşmiş, başında arağçın yaşlı bir özbək gülümsər üzlə ona baxır və başını aram-aram dala-qabağa yellədir. Süleyman Rüstəm pərt olsa da özünü ələ alıb çıxışını davam etdirir. Nizamidən, Nəvaidən söz açır, iki qardaş xalqın ədəbiyyatlarının qarşılıqlı təsirindən danışır.

“Gəpla, gəpla, yaxşı gəplayırsan.” - Süleyman Rüstəm sözünə ara verib baxıb görür həmin kişidi, ona baxıb irişir. İstəyir çıxışını yarımçıq kəssin. Amma birtəhər hövsələsini basıb, sözünün mabədinə keçir və nitqini tələsik yekunlaşdıraraq, qardaş eldə xoş qarşılandıqları üçün minnətdarlıq etməyə hazırlaşır. Lakin, mümkün olmur, qulağı yenə həmin yerdən, eyni cümləni alır: “Gəpla, gəpla, yaxşı gəplayırsan...”

Şair daha dözə bilməyib qeyzlə kürsünü tərk edib, salondan çıxmaq istəyir. Bir şey anlamayan özbək qardaşlar tələsik yaxınlaşır, onu birtəhər saxlayıb, nə baş verdiyini soruşurlar. Süleyman Rüstəm deyir “belə hörmətsizlik olmaz axı, ağzımı açan kimi, o kişi başlayır ki, yaxşı goplayırsan, özü də gülür”. Şairi qucaqlayıb sakit edirlər, bildirirlər ki özbəkcə “danışmağa” “gəplamaq” deyilir.

Xülasə, bir qədər keçmiş tədbir bitir. Qonaqları gətirib ötürürlər qaldıqları mehmanxanaya. Hərə öz otağına keçib rahatlanır. Əli Vəliyev də otağında tək uzanıb yorğun halda yuxuya gedir. Amma çox yata bilmir, qalxıb bir az pəncərədən bayıra baxa-baxa bayaqkı tədbirdəki pərtliyi yada salır, fikrə gedir. Sonra darıxıb dəhlizə çıxır, Süleyman Rüstəm qalan otağa yaxınlaşır, istəyir qapını açsın. Görür içəridən səs-səmir gəlmir. Nə fikirləşirsə ordan aralanıb, bir-bir o biri otaqların yanından keçir. Birinin yanında ayaq saxlayır, nömrəsinə baxır, 13 rəqəmini görür. Yadına düşür ki, bayaq Əbülhəsən özü kimi bir bəstəboy, koppuş özbək kişiylə buranı seçmişdi. Hələ onda beynində sual dolaşmışdı: “Əbülhəsənin bu nömrədən xoşu gəlib, yoxsa fikir verməyib, baxtına düşüb?”

Başını yavaşca yaxınlaşdırıb qulaq verir. İçəridən ara-sıra gah Əbülhəsənin, gah da özbəyin astadan qırıq-qırıq gülüşünü eşidir. “Maraqlıdır, görəsən nəyə gülürlər? Yəqin bayaq Süleyman Rüstəmin başına gələnə” düşüncəsiylə hər şeyin yerini bilən, şitliklə arası olmayan yazıçı 13 nömrəli qapıdan uzaqlaşır. Gəzə-gəzə gəlib çatır o sırada axırıncı otağa. Qulağını qapıya dayayır. Heç bir səs eşitmir. “Görəsən burda kim var?” fikriylə qapını azca aralayır, görür şair Rəfiq Zəka və iki tay-tuşu otağın ortasındakı masanın kənarında oturub sakitcə siqaret çəkirlər. Yaşları arasında qırx ilə yaxın fərq olmasına baxmayaraq onunla söhbətdən xoşlanan Əli Vəliyev istəyir içəri keçsin. Amma baxır ki, masanın üstündə yarımçıq şüşə var, fikirləşir, yəqin cavanlar şam eləyir və qapını örtüb, gedib girir öz otağına.

Bir saat keçir. Yazıçı lap darıxır. Həmsöhbət axtarışıyla yenə dəhlizə çıxır. Görür heç kəs yoxdu. Üz tutur Rəfiq Zəkanın otağına sarı. Yolda 13 nömrəli qapının yanında dayanıb yenə qulaq verir. Yenə özbəklə Əbülhəsənin qırıq-qırıq gülüşünü eşidir. Amma bu dəfə bir az ucadan gülürlər. Başını bulayaraq dodaqaltı “Süleyman çoxdan yadından çıxarıb, bunlar yox” deyib yollanır axırıncı otağa. Qapını bir az aralayıb təkrar bayaqkı mənzərəni görür. Yenə üç nəfər oturub sükut içində siqaret tüstülədirlər. Əli Vəliyev ortadakı yarımçıq şüşəyə baxıb məəttəl qalır. “Ə, üç cavan ola, əl boyda şüşəylə bacarmaya...” fikirləşir. Sonra görür o şüşədən ikisi də yerdədi, amma içi boş. Yenə qapını örtüb, gedib otağına çəkilir.

Bir saat da keçir. Yazıçı bilmir neyləsin. Tərslikdən yuxusu da gəlmir. Yenə çıxır dəhlizə. Görür ins-cins yoxdu. Naəlac, yenə üz tutur Rəfiq Zəkanın otağına sarı. Yolda bir də 13-cü qapının yanında ayaq saxlayıb qulaq verir. Hıçqırıqlı gülmək səsləri eşidərək “ə, oldu qurtardı dəəə!” deyib qapını aralayır və qarşısındakı əcaib səhnədən gözləri bərəlir: görür özbəklə Əbülhəsən çarpayıda baş-ayaq uzanıblar. Bir-birinin üzünü görmürlər, hərə gözünü o birinin ayağına zilləyib. Növbəylə gah Əbülhəsən özbəyin ayağının altını qıdıqlayır, özbək için-için gülür, gah da özbək Əbülhəsənin ayağının altını. Bu dəfə də Əbülhəsən hıçqıra-hıçqıra uğunub gedir.

Əli Vəliyev özbəklə Əbülhəsəni oyunlarıyla baş-başa buraxıb qapını örtür. “İlahi, bunu da gördüm! Görəsən hansının ağlına gəlib? Mən də deyirəm 13-ü niyə seçib...” söylənə-söylənə hirslə sonuncu otağa doğru addımlayır. Fikirləşir ki, daha bu uzunluqda da oturmaq olmaz, yəqin dağılışmış olarlar. Qapını aralayıb əvvəlcə tüstüdən heç nə seçə bilmir. Yavaş-yavaş tüstü-duman dəhlizə sovrulmağa başlayır. Yazıçı gözünü qıyıb diqqətlə baxanda görür məclis həmin tərkibdə hələ də davam edir.

“Ətin tökülsün Rəfiq Zəka nə qədər olar, buuu (iki barmağını dodağına yapışdırır), bu (boğazına çırtma vurur), fıshafıs, qurdhaqurd?!” – deyib qapını çırpıb gedir...

# 1390 dəfə oxunub

Müəllifin son yazıları

# # #