İlham Əsgərov: "Dünyanın ən böyük teatrları ilə əməkdaşlıq edəcəyik"

İlham Əsgərov:  "Dünyanın ən böyük teatrları ilə əməkdaşlıq edəcəyik"
20 may 2025
# 17:33

Kulis.az Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi İlham Əsgərovla müsahibəsini təqdim edir.

- İlham müəllim, Milli Teatra rəhbərlik etməyinizin iki ili tamam oldu. Gəlin, yaxın keçmişə bir yerdə nəzər salaq. Ötən iki il Akademik Milli Dram Teatrı üçün hansı hadisələrlə yadda qaldı?

- 2023-cü ilin aprelin 9-da görkəmli rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov dünyasını dəyişdi. Allah Azər Paşa müəllimə rəhmət eləsin. Teatrımızın kollektivi onun əziz xatirəsini ehtiramla yad edir. Azər müəllimin vəfatından sonra böyük tarixi, yaradıcılıq ənənələri olan teatra rəhbərlik etmək mənə həvalə olundu. Əlbəttə, böyük sənətkarlarımızın çalışdığı, korifey sənətkarlarımızın izi, nəfəsi, xatirəsi olan bu əzəmətli teatra rəhbərlik etmək böyük məsuliyyət və şərəfli işdir. Mən 30 ildir bu teatrda çalışıram. Çox şadam ki, bu illər ərzində bir çox görkəmli sənətkarımızla çiyin-çiyinə işləmişəm, onlardan həyatım və peşəm üçün vacib olan çox şey öyrənmişəm. Bu, mənim üçün əsl məktəb olub. Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan teatrı və kinosunun görkəmli sənətkarları çalışır. Kollektivin çox güclü potensialı, böyük yaradıcı təcrübəsi var. Böyük məmnuniyyətlə deyirəm ki, teatrımızda görkəmli sənətkarlarımızın gənclərə münasibəti çox isti və səmimidir. Bu, nəsillər arasındakı doğmalığın bariz nümunəsidir.

Ötən iki ilə nəzər salanda, ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təqdim olunan "Ölülər" və "Qarabağnamə" tamaşaları haqqında danışmaq istərdim. Hər iki tamaşa Ulu Öndərimiz Heydər Əliyevin ən çox sevdiyi tamaşalardandır. Çox şadam ki, kollektivimiz bu tamaşaları Heydər Əliyev Mərkəzində böyük təntənə ilə nümayiş etdirdi. Ulu Öndərimizin teatra olan böyük sevgisi, sənətkarlara olan diqqət və qayğısı bizim hər birimiz üçün böyük örnək və nümunədir.

Daha sonra teatrda həyata keçirilən təmir işləri haqqında danışmaq istərdim. Tamaşaçı zalında döşəmə örtüyü tamamilə yeniləndi, səhnədə, foyedə, teatrın fasadında təmir işləri həyata keçirildi. Bundan başqa Mədəniyyət Nazirliyinin həyata keçirdiyi və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan paytaxt teatrlarının bölgələrə qastrol səfərləri haqqında danışa bilərik. Bu layihə bu gün də uğurla davam edir və əminliklə deyirəm ki, bölgə teatrları və tamaşaçıları üçün çox vacib, faydalı layihədir. Bu layihənin davam etdirilməsi, bölgələrlə daha sıx yaradıcı proses qurmaq üçün Mədəniyyət Nazirliyi tərəfindən qarşımıza konkret tələblər qoyub, konkret tapşırıqlar verilib. Layihə çərçivəsində müxtəlif tamaşalarla bir neçə dəfə Lənkəran, Şəki, Gəncə, Mingəçevir teatrlarında olmuşuq. Bu teatrlarda “Qarabağnamə”, “Xurşidbanu Natəvan”, “Xanuma”, “Şükriyyə”, “Cəhənnəm sakinləri”, “Manqurt”, “Küknarlara məktub”, “Bir, iki, bizimki” və başqa tamaşalar bölgələrdə nümayiş olunub. Layihənin məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

- Akademik Milli Dram Teatrının tamaşaları “Mədəniyyət” kanalının efirində də canlı nümayiş olunur. Bu, artıq ənənəyə çevrilib...

- Bəli. Mən AzTV-nin və “Mədəniyyət” kanalının rəhbərliyinə, bu işlərdə zəhməti olan bütün komanda üzvlərinə dərin təşəkkürümü bildirirəm. Teatrımızın AzTV və “Mədəniyyət” kanalı ilə çox sıx və faydalı əməkdaşlığı var. Hər hansı tamaşamız televiziya vasitəsi ilə nümayiş olunanda bir çox tamaşaçılardan, teatrsevərlərdən bunun əks-sədasını, xoş təəssüratını eşidirik.

- Son iki ildə hansı tamaşaların premyeraları olub?

- İlk olaraq 2023-cü ilin iyun ayında Cavid Zeynallının “Şükriyyə” tamaşasının premyerası keçirildi. Daha sonra Şıxəli Qurbanovun “Sənsiz”, Anarın “Dantenin yubileyi”, Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Hüseyn Cavidin “İblis”, Şekspirin “Ledi Maqbet”, Məmmədhüseyn Təhmasibin “Bir qalanın sirri”, Kamal Abdullanın “Sehrbazlar dərəsi”, Qoqolun “Müfəttiş”, Əli Əmirlinin “Varlı qadın” tamaşaları hazırlandı. “Ledi Maqbet”, “Müfəttiş” və “Varlı qadın” tamaşaları görkəmli sənətkarlarımız - Xalq artistləri Bəsti Cəfərovanın, Cəfər Namiq Kamalın və Firəngiz Mütəllimovanın yubiley yaşları münasibətilə benefis tamaşalardır. Hazırda Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam edir. Yaxın vaxtlarda həmin tamaşanın da premyerasını edəcəyik. Sonra “Aydın” tamaşasının məşqlərinə başlanılacaq. Hazırda yaradıcı iş aparılır. Daha bir tamaşamız isə Xalq artisti, görkəmli sənətkarımız Nurəddin Mehdixanlının yubileyi münasibətilə “Kral Lir” benefis tamaşası olacaq. Bu tamaşa üçün xaricdən rejissor dəvət etmişik. Sentyabr ayında “Kral Lir”in məşqlərinə başlanılacaq. İlin sonunda isə Xalq yazıçısı Maqsud İbrahimbəyovun və Xalq şairi Bəxtiyar Vahabzadənin yubileyləri münasibətilə hər iki sənətkarımızın yaradıcılığına müraciət edəcəyik. Bir xüsusi və vacib məsələni də qeyd etmək istərdim. Biz dünyasını dəyişən sənətkarlarımızı da unutmamışıq. Onların əziz xatirəsini həmişə, ehtiramla anmışıq, məzarlarını ziyarət etmişik və afişalar çap edərək tamaşalar həsr etmişik. Hökümə Qurbanovanın 110 illiyi münasibətilə “Sənsiz”, Mirzağa Əliyevin 140 illiyi münasibətilə “Ölülər”, Tofiq Kazımovun 100 illiyi münasibətilə “Sənsiz”, İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan”, Ramiz Novruzun anım günü ilə bağlı “Filumena Marturano”, “Azər Paşa Nemətovun anım günü ilə bağlı “Ölülər” tamaşaları nümayiş olunub. Teatrımız “Milli Teatr”, “Qızıl Pərdə” və “Yubiley” mükafatları təsis edib. Əlamətdar yaşlarını qeyd edən sənətkarlarımız, əməkdaşlarımız bu mükafatlarla təltif olunur.

- Teatrın beynəlxalq əlaqələri hansı vəziyyətdədir? Hansı addımlar atılıb və bundan sonra nə gözlənilir?

- Teatrımız Qoderzi Çoxelinin “Küknarlara məktub” tamaşası ilə Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb. Ötən il Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil etdik. Forum çərçivəsində “Sənsiz” tamaşası nümayiş olundu. Daha sonra mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunduq. Forum çərçivəsində Rusiya, Serbiya və Belarusun milli teatrları ilə əməkdaşlıq haqqında müzakirələr apardıq. Bu müzakirələr öz real nəticəsini verdi. Sankt-Peterburqun Aleksandrinski Teatrı, Belarusun Yanka Kupala adına Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq haqqında Memorandum imzaladıq. Minskdə imzalanma mərasimində Belarusun mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin və Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev iştirak etdi. İmzalama mərasimi Belarus mətbuatında geniş işıqlandırıldı. Ən vacib addımlardan biri də bu oldu ki, Aleksandrinski Teatrının, Sankt-Peterburq Dövlət Universitetinin pedaqoqları aktyorlar, rejissorlar və teatr prodüserləri üçün master-klas keçdilər. Teatrımızın “İblis və...” tamaşasının premyerası Aleksandrinski Teatrında keçirildi. Bu, bizim üçün tarixi hadisə, böyük uğurdur. Aleksandrinski Teatrı isə “Evlənmə” tamaşasını teatrımızın səhnəsində təqdim elədi. Daha bir memorandum Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı ilə imzalandı. Teatrın Bədii rəhbəri, böyük sənətkar Robert Sturua 10 Mart - Milli Teatr Günü münasibətilə təşkil etdiyimiz təntənəli tədbirdə iştirak elədi. 2025-ci il ərzində Minskə və Tbilisiyə qastrol səfərlərimiz olacaq. Bütün bu işlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyinin yaxından dəstəyini, diqqətini və qayğısını hiss etmişik. Beynəlxalq əməkdaşlıqla bağlı planlarımız çoxdur. Milli Teatrların Beynəlxalq Forumunu keçirmək fikrimiz var. Artıq müəyyən rəsmi yazışmalar aparılır. Bundan başqa Türk dünyası ölkələri ilə teatr əlaqələrimiz daha intensiv və səmərəli olacaq. Əsas planlarımızdan biri memorandum imzaladığımız ölkələrin milli teatrlarındakı rejissor, rəssam, texniki işçilərin mübadiləsini etməkdir. Bu, teatr mühitimiz üçün faydalı təcrübəyə çevrilə bilər.

- İlham müəllim, adını qeyd etdiyiniz ölkələrdə Azərbaycan teatrına maraq necədir?

- Çox böyük maraq var. Aleksandrinski Teatrında Azərbaycan teatrının tarixi və bu günü haqqında sərgi təşkil etdik. Teatrın aktyorları, rejissorlar, teatrşünaslar və tələbələr böyük maraq göstərdilər. Rusiyanın milli teatrları, Türk dünyası ölkələrinin teatrları bizimlə əməkdaşlığa hazırdılar. Moskvada keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalından məktub almışıq. Teatrın direktoru və Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvü kimi məni festivalın açılış mərasimində iştirak etmək üçün fəxri qonaq qismində dəvət ediblər. Moskvaya səfər çərçivəsində Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krokla görüş keçiriləcək. İki teatr arasında memorandum imzalanması ilə bağlı ilkin məsələləri müzakirə edəcəyik. Bu böyük teatrın direktoru Kiril Krok bizimlə əməkdaşlığa böyük məmnuniyyətlə hazırdır.

Əlbəttə, yaxın vaxtlarda Avropa teatrları ilə də yaxın əlaqələr qurulacaq. Bunun üçün teatrın beynəlxalq əməkdaşlıq marşrutu müəyyən olunub və yaxın vaxtlarda danışıqlara başlayacağıq. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq əlaqələri günbəgün böyük uğurla inkişaf edir. Ölkəmizin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara uyğun olaraq, biz də teatr kimi, mədəniyyətin bir istiqaməti olaraq, öz işimizi dövlətimizin atdığı mühüm addımlara uyğun şəkildə qururuq. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif ölkələrdə təntənəli şəkildə Azərbaycan mədəniyyəti günləri keçirilir. Məhz bu istiqaməti, bu yol xəritəsini əsas tutaraq, danışıqlar aparırıq və dünyanın ən böyük teatrları ilə əməkdaşlıq edəcəyik.

- “Bölgə teatrlarının Bakı premyerası” layihəsi başa çatdı. Gözləntiləriniz özünü doğrultdu?

- Bu layihə regionlarda yaradıcı prosesi bir daha öyrənmək, bölgə teatrlarının problemləri və uğurları ilə tanış olmaq üçün çox vacib idi. Layihədə 11 teatr 16 tamaşa ilə iştirak etdi. Tamaşalar Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlandı. Layihədə 8 gənc rejissor iştirak etdi və təqdim olunan 16 tamaşadan 11-ni gənc rejissorlar hazırladılar. Düşünürəm ki, bu, gənc rejissorlar üçün yaxşı təcrübə oldu. Biz teatr olaraq gənc və istedadlı rejissorlarımızın zəif və güclü tərəflərini görə bildik. Milli Teatr olaraq, gələcəkdə gənc rejissorlar, aktyorlar və dramaturqlar üçün layihələr etməyi düşünürük. “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin davamı olaraq, Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində gənc rejissorların tamaşalarından ibarət layihə həyata keçirəcəyik. Rejissorlarla danışıq aparılıb, əsərlər müəyyən olunub, yaxın vaxtlarda tamaşaların hazırlanması ilə bağlı konkret addımlar atılacaq.

- Müasir dövrdə sosial media reklam üçün ən effektiv platformadır. Teatr tamaşaçıların cəlb olunmasında bu imkandan necə istifadə edir?

- Repertuarda olan tamaşalar nümayişdən bir neçə gün əvvəl feysbuk və insaqramda paylaşılır, reklam olunur. Bu, tamaşaçıların teatra cəlb olunması, səhnə əsərlərinin təbliği baxımından öz müsbət təsirini göstərir. Teatrımızın media ilə yaxından və səmərəli əməkdaşlığı var. Bura televiziya kanalları, qəzetlər, informasiya agentlikləri və saytlar daxildir. Təşkil olunan premyeralar, yubiley və anım günləri tədbirləri, dövlət bayramları ilə bağlı materiallar mütəmadi olaraq onlayn və ənənəvi mediada, TV kanallarında yayımlanır. Biz, eyni zamanda, tamaşaların sosial mediada ödənişli reklamlarını da həyata keçiririk. Bu, sosial medianın geniş imkanları çərçivəsində günün tələbidir və bu imkanlardan istifadə etməsək, ciddi şəkildə tamaşaçı itirə bilərik.

- Müsahibə üçün təşəkkür edirik və son olaraq, nə demək istəyirsinizsə, buyurun.

- Mən təşəkkür edirəm. Bu gün Akademik Milli Dram Teatrının qapısı istedadlı və zəhmətkeş gənclərin üzünə həmişə açıqdır. Teatrda professional texniki və yaradıcı heyət çalışır. Onlar xaricdə təcrübə keçmiş bacarıqlı və istedadlı şəxslərdir. Məmnuniyyətlə deyirəm ki, bu gün gənc rejissorlar və aktyorlar bizdə yetişir. Özümüz üçün müəyyən etdiyimiz ən vacib istiqamətlərdən biri onlara yol açmaq, işə cəlb etmək, yaradıcı potensiallarını reallaşdırmaq üçün imkan yaratmaqdır. Bu, bizim vəzifəmiz, öhdəliyimiz və mənəvi borcumuzdur. Bütün işlərdə bizi dəstəkləyən Mədəniyyət Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Gördüyümüz bütün işlər, atdığımız addımlar Milli Teatrın - bu əzəmətli mədəniyyət ocağının böyük və fədakar kollektivinə təşəkkür borcumuzdur. Azərtac

# 92 dəfə oxunub

Oxşar xəbərlər

“Maqbet”in teatr taleyi - Türkan Cəfərli

“Maqbet”in teatr taleyi - Türkan Cəfərli

11:55 20 may 2025
 “Sehrli Yaylıq”  tamaşasının premyerası oldu

“Sehrli Yaylıq” tamaşasının premyerası oldu

15:10 19 may 2025
“Kontrabas”  festivaldan mükafatlarla qayıtdı

“Kontrabas” festivaldan mükafatlarla qayıtdı

10:16 19 may 2025
Adam yalan yazanda dinsiz olur

Adam yalan yazanda dinsiz olur

10:00 17 may 2025
Lənkəran Teatrında yeni tamaşa hazırlanır

Lənkəran Teatrında yeni tamaşa hazırlanır

17:50 13 may 2025
"Burdan min atlı keçdi..."  tamaşasının premyerası oldu

"Burdan min atlı keçdi..." tamaşasının premyerası oldu

17:54 9 may 2025
#
#
# # #