Atmaca atan aktrisa, səhnəyə çıxmaq istəyən jurnalist, qadınları kişiyə çevirən rejissor - Reportaj

Atmaca atan aktrisa, səhnəyə çıxmaq istəyən jurnalist, qadınları kişiyə çevirən rejissor - Reportaj
3 fevral 2023
# 09:00

Kulis.az Samirə Əşrəfin “Kloun Bizzz” tamaşasından hazırladığı reportajı təqdim edir.

Teatrın pərdəarxası olur axı. Mətbəxi yox a, pərdəarxası. İndiki dildə kulisi. Bəlkə də, paytaxtda yeganə teatrdır ki, media üçün heç vaxt pərdənin arxası olmayıb. Bəlkə də, bu Vaqif müəllimin qoyub getdiyi psixosof poetikasından irəli gəlir. Yuğ həm də yuğlamaq, mərasim qeyd etmək, birlikdə olmaq, bərabərlik anlamındadır. Ona görə də Yuğun tamaşaları zamanı aktyorlar tamaşaçı ilə çox yaxın məsafədə olurlar. Bəzən onlara replikalar atırlar. Hazırlıqlı, Yuğ teatrının him-ciminə bələd olan tamaşaçı dərhal həmin replikaları tutur, ona uyğun davranır. Yuğda tamaşaya baxdığım zaman hərdən istəyirəm ki, ayağa qalxıb mən də aktyorlara qoşulum. Bildiyim əsərdirsə, müəyyən hissəsindən mən də deyim, rolda olum. Dəfələrlə bu hissi yaşamışam, xəyal etmişəm.

Ümumiyyətlə, Yuğun aktyorları, yaradıcı heyəti mənə hər zaman doğma olub. İlkin illərdən bu teatrın aktyorları ilə xoş münasibətim olub. Tamaşalarına gedən hiss etmişəm ki, məni, ümumiyyətlə, ədəbiyyat, media adamı görəndə, gözlərinə işıq gəlir. Daha da hərarətlə, həvəslə rollarını ifa edirlər.

Neçə vaxtdır ki, Yuğdakı yeni tamaşalara gedib baxa bilmirdim. Ötən həftə bu tilsimi sındırdım. Əvvəlcə, rejissor Gümrah Ömərin "Şəbədə" tamaşasına gedib baxdım. Gedişim spontan alındığından, güclə tamaşaya çatdırdım özümü. Yeri gəlmişkən, çox yaxşı tamaşadır. Mütləq gedib baxmağınızı, Axundov yaradıcılığından yaranan tamaşanın enerjisini hiss etməyinizi istərdim.

Ancaq budəfəki tamaşa teatrın baş rejissoru Mikayıl Mikayılovun quruluşunda "Klon Bizzz" tamaşası idi. Sorağını çoxdan alsam da, heç cür teatrın həndəvərinə gedib çıxa bilmirdim. Taledən yayınmaq, qismətdən uzaqlaşmaq isə olmaz...

Teatrın pilləkənlərini çıxanda, qarşıma gözəl və uzunboylu bir xanım çıxır. Məni tamaşanın məşqlərinin keçirildiyi yerə aparır. Səhnənin arxasına. Pillələr sona çatanda, diktofonumu qoşuram. Addımlarımı sayıram. Bir, iki, üç, dörd, beş... Altıncı addımın sonuna aktrisa Zümrüd Qasımovanın səsi qarışır:

– Hə, Samirə xanım, xoş gəlmisiniz. Gəlin, gəlin.

Sonra məni rejissor Mikayıl Mikayılova təqdim edir:

– Mikayıl müəllim, Samirə xanım, Kulis.az saytından gəlib. Bizim tamaşamız haqqında yazacaq.

Mikayıl bəylə və digər iki aktrisa ilə salamlaşıram. Çoxdandır planlaşdırdığım müsahibə barədə Mikayıl bəyə deyirəm:

– Biz sizinlə ayrıca görüşəcəyik, müsahibə üçün. Amma indi tamaşanızın pərdə arxasına baxmaq istəyirəm. Sonra da tamaşaya.

Mikayıl bəy gülür:

– İnşallah, edərik. Amma Samirə xanım, bizdə pərdə ancaq səhnədə olur (gülüşürük).

Səhnədə aktrisalar Zümrüd Qasımova, Natəvan Qeybani və Təranə Ocaqverdiyeva klon libasındadırlar. Üz, gözləri al-qırmızı boyanıb. Zümrüd xanım məşqə qaldığı yerdən davam edir:

– Məndə gedirəm bu tərəfə, hanı mənim çamadanım, hanı deyirəm.

Natəvan xanım ondan soruşur:

– Gələn xanımın adı nədir:

­– Samirə xanım, Samirə.

– Həəə.

Bu bilgi Natəvan xanım tərəfindən tamaşa başlanan kimi atmaca şəklində səhnədən mənim özümə qayıdır. Natəvan xanım klon geyimində səhnəyə daxil olanda deyəcək:

– Hanı o jurnalist Samirə Əşrəf? Bayaq soruşurdu ki, rolunun öhdəsindən gələ bilirsən? Elə bil mən müsahibə-zad verirəm.

Natəvan xanımın bu atmacasını göydə tuturam, nəzakətlə bir-birimizə baxıb gülürük.

Hələliksə, məşqdəyik...

Mikayıl bəy aktyorlara deyir:

– Siz bu tərəfə gedirsiniz. Deyirsiniz, kim bilir, kim bilir. Nə lovğalanırsan?

Təranə xanım Zümrüd xanıma baxıb deyir:

– Gəl, Züma, gəl.

Zümrüd xanım addımlayır:

– Nə qalacaqsan, nə yaşayacaqsan.

Sonra Natəvan xanım deyir:

– Kim bilir.

Sonda hər üçü heyrətlənir:

– Ahhh, kim bilir???

Beləcə məşq davam edir, mən də maraqla onları izləyirəm. Hərdən şəkillər çəkirəm. Amma Mikayıl müəllimin aktyorlarla söhbəti imkan vermir ki, onu daha yaxşı çəkim.

– Mikayəl bəy, bəlkə, elə qalasınız bir-iki saniyə. Sizin şəklinizi çəkə bilmirəm.

O, gülür. Əllərini şaquli və hərəkətsiz vəziyyətdə saxlayıb deyir:

– Belə?

– Hə, belə. Yaxşıdı, əladı, kadrları götürdüm.

Lap peşəkar fotoqraflar kimi işimi yekun edib fotoaparatı çantama qoyuram.

Sonra ritmik rəqs başlanır. Aktyorlar köhnə çamadanlarını götürüb rəqsə başlayırlar. Rəqs bitəndən sonra rejissor onları səhnənin mərkəzinə toplayır. Bir neçə tapşırıq və fikir mübadiləsi. Daha sonra havada üç aktyorun və bir rejissorun əlləri birləşir. Bir, iki, üç deyib əllərini havaya qaldırırlar və məşq bitir. Bu o deməkdir ki, onlar bir-birlərinə uğur arzu edirlər. Mən replikamdan qalmıram:

– Mikayıl bəy, camaat gəldi, gəlin, bir az söhbətləşək.

Gülümsəyərək mənə yaxınlaşır. İlk sualımı ünvanlayıram:

– “Klon Bizzz” neçənci dəfə nümayiş olunur?

– Təzə tamaşadır. Əslində, tamaşanı pandemiyadan əvvəl qurduq. Sadəcə oynanılmadı. Bildiyiniz kimi sonra da pandemiya ilə bağlı iki illik pauza yarandı. Bu fasilədən sonra biz məcbur olduq ki, hər şeyi yenidən yadımıza salaq. Çünki əlimizdə nə video vardı, nə səs yazısı. Bir ay yarım təzədən məşqlər etdik. 2022-ci ildə premyerası oldu.

– Əsərin məzmunu, ideyası üç qoca klounun həyatından bəhs edir. Matey Vişnekin kifayət qədər məşhur əsəridi. Amma sizin quruluşda aktyorlar kişi yox, qadınlardı...

– Əsər absurd janrda yazılıb. Üç qoca klon iş axtarırlar, onlar heç kimə lazım deyillər. Amma mən əsərdə bir az dəyişiklik etdim. Səhnədə üç qoca obraz görmək istəmirdim. Ona görə mən fikirləşdim ki, səhnədə üç qadın olsun, amma kişi geyimində.

– Niyə kişi aktyorlar yox, qadınlar?

– Əslində, onlar kişidirlər. Kişi kostyumundadırlar. Obrazları da kişi obrazıdır. Amma kostyumun içindəki qadındır. Burada qəribə bir şey var ki, klounun, ümumiyyətlə, cinsiyyəti olmur. Burada mən istəmədim hansısa qadını, və ya kişini göstərim. Mənim göstərmək istədiyim insan idi.

– Bu cür məşq prosesi hər dəfə təkrar olunur?

– Hər dəfə. Biz yığışırıq hər tamaşadan qabaq məşqlər edirik. Mən tamaşaçı rəylərindən də eşidirəm ki, onlar hər dəfə gəlib baxırlar, amma fərqli hisslərlə burdan gedirlər. Çünki aktyorlar fərqli ifa göstərirlər. Baxmayaraq ki, səhnədəki dekorasiyalar dəyişmir, amma aktyor ifaları dəyişir, əvvəlkilərindən fərqlənir.

Bir az aranı qarışdırmaq istəyirəm. Gözü ucu kənarda dincələn aktrisalar baxıb Mikayıl bəydən soruşuram:

– Oyunçularınızdan razısınız?

– Oyunçular qadındır, necə razı olmayım (gülür). Mən onları çox istəyirəm. Çox maraqlı proses keçirik. Mən, ümumiyyətlə, fərqli aktyorlarla işləməyi xoşlayıram.

Söhbət əsnasında yadıma düşür ki, Mikayıl bəy həm də Yuğun baş rejissorudu. Fürsət düşmüşkən teatrın ümumi vəziyyətini xəbər alırm.

– Əslində, Yuğun truppa potensialı, doğurdan da, böyükdür. Çoxlu əsər, material götürüb işləmək olar. Teatrın potensialını göstərmək üçün isə müəyyən bir şərait lazımdır. O şəraitdə hələ ki, yoxdur.

– İndi də görünür ki, çox minimal şəraitdə işləyirsiniz...

– Bəli, çox minimal şəraitdə işləyirik. Ümid edirəm ki, çox yaxın zamanda bu məsələ həll olunar. Yəni, doğurdan da, çox çətindir. Biz yaradıcılıqdan çox danışa bilərik, amma yaradıcılığı göstərmək üçün şərait lazımdır. Müəyyən vaxta qədər mümkündür. Amma sonradan çətinliklər yaranır. Bizim binamız, səhnəmiz yoxdur. Mənim layihələrim var, amma bu daha böyük məkanlar üçün mümkündür. Ümid edirəm ki, binamız olacaq biz o layihələri həyata keçirəcəyik.

Mikayıl bəylə gələcək üçün müsahibə planlaşdırıb onunla sağollaşıram. Zümrüd xanıma yaxınlaşıram. İlk baxışdan o, çox qayğısız, şən görünsə də, daxilində bir neçə dəqiqədən sonra ifa edəcəyi rolun həyəcanını yaşadığını hiss edib soruşuram:

– Zümrüd xanım, necəsiniz, rolunuzdan razısınız?

– Mənim rolumun adı Qırmızıdı. Qoca klounam. Belə deyək də, qırmızıya xas bütün xüsusiyyətlər bu klounda olmalıdır. Səhnədəki üç kloun işləmək üçün bir yer uğrunda mübarizə aparırlar. Əslində, bu tamaşada bütün yaradıcı insanların faciəsini görə bilərsiniz. Çünki sənətkar qocalanda, düşünür ki, mən heç kimə lazım deyiləm. Kloun geyindiyimiz bir obrazdır. Rolların, ümumilikdə, əsərin daha dərin mənası və mesajları var. Obrazların alt qatında gedən ruhi proseslər var. Bir səhnədəyik, obrazları təqdim edirik. Amma həm də sənətkarın faciəsini göstəririk.

– Kloun rolu ifa etmək çətindir?

– Düzdür, klounun cinsi yoxdur. Amma özünüz də, görəcəksiniz ki, çox çətin bir işdir. Biz burda klounlar kimi akrobatik məşqlər göstərmirik. Bunun üçün çoxsaylı məşqlər lazımdı. Biz klounların, aktyorların içinə gedən prosesləri göstəririk.

Zümrüd xanımı tamaşa öncəsi düşüncələri ilə baş-başa buraxıb, Natəvan Qeybani ilə söhbətləşirəm.

– Natəvan xanım, tamaşaçı ilə kontakt necədir? Alınır?

– Bizdə hər tamaşada alınır. Bu tamaşada daha çox alınır. Düzdür, elə yerlər var ki, etik, estetik çərçivələr qorunur. Mənim rolum klounların ən yaşlısıdı. Hər işin öz çətinliyi var. Amma belə siz deyən dəhşətli çətinliklə üzləşmədik. Amma tamaşa çox hərəkətli olduğundan axıra yaxın hiss edirsən ki, əməlli-başlı yorulmusan. Amma işimiz alınanda, qoyduğumuz mətləblərə çatanda, o yorğunluq doğurdan da, adama zövq verir.

– Rolu ifa edərkən, yəqin ki, özünüz müəyyən axtarışlar etmisiniz?

– Çox etmişəm. Mikayılla işləmək də, çox faydalıdır. Ona görə ki, Mikayıl psixasof teatr poetikasını işləmək üçün əlverişli şərait yaradır. Çünki poetikanı rejissor bilmirsə, aktyor bilirsə və yaxud da əksi baş verirsə, onda ortaq iş alınmır. İkisi də biləndə isə yaxşı iş ortaya çıxır.

Təranə xanımla dəfələrlə rastlaşmışam, tamaşalardakı rollarını da izləmişəm. Bu aktrisanın içərisində qəribə bir rahatlığın, özünə inamın olduğunu hiss etmişəm. Bəlkə də zahiri yanılmadır. Hər halda düşündüyüm sualı verirəm. Cavab maraqlı olur:

– Yox, bəzən çox həyəcanlı oluram (gülür).

Mikayıl müəllim irəli sıralarda əyləşib. Onun eşidəcəyi tərzdə gülə-gülə deyirəm:

– Mikayıl müəllimlə işləmək necə idi?

– Çox yaxşı, rahat.

Natəvan xanım bizə qoşulur:

– Mikayılda ən çox bəyəndiyim xüsusiyyət odur ki, pis mənada rejissor iddiası yoxdur. Mən rejissoram, mən deyən olmalıdır demir. Aktyorla məsələhətləşər, onun rahatlığını nəzərə alar, soruşar – Nata, sənə belə rahatdı? Rahat deyilsə, dəyişim. Yəni onun üçün mən, şəxsiyyət daha vacibdir. Bəlkə, bu günə qədər üzünə deməmişik, amma indi eşidir...

Təranə xanım da həmkarının fikirlərini təsdiq edir:

– Mikayılla işləmək həm də ona görə rahatdır ki, beş dəqiqə gecikəndə, irad tutmur, aktyoru həyəcana salmır. Başqa rejissorlarla belə olmur.

– Belə çıxır ki, burda geninə-boluna gecikmisiniz (gülürəm).

– Yox, Yox gecikməmişik. Amma o qədər rahatlıq, azadlıq verir ki, sən artıq sıxılmırsan. Özünü istədiyin kimi realizə edə bilirsən.

Mən də Təranə xanımla razılaşıram:

– Əslində, elə olmalıdır. Haqlısınız. Siz necə düşünürsünüz, Zümrüd xanım?

– Məncə də, onunla işləmək çox rahatdı, çox tələbkardı. Aktyordan nə istədiyini gözəl bilir. Bizə məkanda deyir, eləyin bunu amma sonda öz istədiyini qurur. Deyir, eləyin, eləyin, amma sonda öz istədiyini qurur (gülüşürük).

Beləcə Mikayıl bəyə elə bəy tərifi vura-vura söhbətimizi yekunlaşdırırıq. Nəzarətçi on dəqiqədən sonra tamaşanın başlanacağını xəbər verir. Aktyorlar qəfildən yoxa çıxırlar. Özümü zalda böyük işığın altında tək tənha görürəm. İlk dəfədir ki, teatrın zalında belə təkcənə əyləşmişəm. Amma bir az keçir zal dolur, hər kəs öz yerini tutur. Hətta ayaq üstə qalan tamaşaçılar da olur. Tamaşa başlayır. Tamaşa haqqında isə... Nə vaxtsa, ayrıca bir yazıda görüşərik...

# 3268 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq

Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq

18:22 12 dekabr 2024
Qazaxda "Səmirsiz" tamaşası təqdim edildi

Qazaxda "Səmirsiz" tamaşası təqdim edildi

12:01 9 dekabr 2024
“Mən Feyerbaxam”  monotamaşası yenidən nümayiş olunacaq

“Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq

16:06 7 dekabr 2024
IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı

IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı

13:57 6 dekabr 2024
Şuşa Teatrında “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq

Şuşa Teatrında “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq

16:36 5 dekabr 2024
Qazax Dövlət Dram Teatrında yeni tamaşa

Qazax Dövlət Dram Teatrında yeni tamaşa

11:30 5 dekabr 2024
# # #