Füzuliyə görə əsərlərini yandıran, atası ilə danışmayan, dostlarından xəbərsiz ölən Azərbaycan yazıçısı - MARAQLI ADAM

Füzuliyə görə əsərlərini yandıran, atası ilə danışmayan, dostlarından xəbərsiz ölən Azərbaycan yazıçısı - <span style="color:red;">MARAQLI ADAM
24 noyabr 2017
# 09:00

Kulis.az “Maraqlı adamlar” layihəsindən mərhum yazıçı-jurnalist Mehdi Bəyazid haqqında Şərif Ağayarın yazdığı xatirə-əhvalatları təqdim edir.

Mehdi Bəyazidi ilk dəfə “Ədəbiyyat qəzeti”nin redaksiyasında görmüşəm. 90-cı illərin axırları idi. O, ədəbiyyatdan heyrətlə danışır, bütün yazdıqlarını yandırdığını söyləyirdi. Səbəb? Klassik bir qəzəl beyti. Oxuyub o beyti və anlayıb ki, heç nə yaza bilmir. Bəs hansı beytdir bu? Mehdi böyük roman ustaları kimi dinləyicilərin marağını bu beyt ətrafında birləşdirib uzun-uzadı danışırdı. Biz də heyranlıqla söhbətin sonunu gözləyirdik ki, bu adamı bütün əlyazmalarını yandırmağa vadar edən o misraları eşidək. Nəhayət gözlənilən an gəlib çıxdı. Beyt bu idi:

Keçdi meyxanadan el, məsti-meyi-eşqin olub

Nə mələksən ki, xərab etdin evin şeytanın?

Əvvəl eşidəndə mənə heç bir təsir etmədi. Hətta ilk dəfə gördüyüm bu arıq, qumral kişiyə ürəyimdə güldüm də. Sonralar beytin dərinliklərinə varanda Mehdi Bəyazidə haqq qazandırdım. Daha sonra düşündüm: “Beytə söz ola bilməz, lakin yazılarını niyə yandırasan?”

Və o gündən bu günə hələ də bilmirəm, Mehdi düz eləyib, yoxsa səhv. Əhvalımdan asılı olaraq bu suala cavabım da dəyişir.

***

Anası vaxtsız ölmüşdü, məşhur ali məktəblərin birində kafedra müdiri işləyən atası rus qadınla ailə qurmuşdu. Mehdi ögey anasından rus dilini çox yaxşı öyrənmişdi. İkinci ana dili kimi. Azərbaycan dilini isə onun kimi bilmək sadəcə mümkün deyildi. O dili bədəniylə, bütün əzalarıyla hiss eləyirdi.

Bir dəfə mətbuatda sərbəst şeirləri çap olunan Murad Köhnəqalaya deyib ki, bunları bildik, bəs bu misraları nə vaxt yazacaqsan:

Ay ağalar, bir tərlanım uçubdu

Sağ əlimdən sol əlimə alınca...

Xəstə Qasımın bu misralarından ilhamlanan Murad özünün məşhur qoşmalarını yazmağa başlayır və hər yazanda gəlib Mehdi Bayazidə oxuyur. Bir gün belə bir şeir yazır:

Naşılar əlindən ağular içdim

Ustad kəlamını bal deyib gəzdim

Sonra düşünür ki, “ağular” sözünü anlamayan olar, onu “ağılar” eləyir.

Qoşmanı Mehdiyə oxuyanda ikinci variantdakı kimi oxuyur. Mehdi şeiri dinləyəndən sonra həmin söz olan misranı təkrar oxumasını istəyir. Murad oxuyur və Mehdi deyir:

- “Ağılar” sözünü “Ağular” elə...

Və beləliklə, Muradın ona söyləməməsinə baxmayaraq, şeirin ilkin, təbii variantı hiss edir.

***

Bəzən möhkəm içir, başını qaldırmağa belə taqəti olmurdu. Və belə anlarda məndən Aşıq Ələsgərin şeirərini deməyimi istəyirdi. Mən də deyirdim. Arada maraq üçün başqa şairlərə keçəndə heysiz əlini yuxarı qaldırıb başını bulayırdı. Ondan qəlp bir söz də keçirmək olmurdu.

***

Mən Mehdi Bəyazidə kor divara dəyən kimi dəydim. Dəydim, sarsıldım, amma ayıldım. O olmasa gerçək sözün nə olduğunu anlaya bilməzdim. Ya da çox gec anlayardım. Lakin buna sevinmək yoxsa, kədərlənmək lazım olduğunu dəqiq bilmirəm.

***

O, adamın içində hələ sözə çevrilməyən ədəbiyyatı görürdü. Bir az da qara magiya vardı özündə. Bəzən adamı yorurdu, əzirdi, sıxırdı... Məşhur bir misal vardı o vaxtlar: Mehdi Bəyazidi hirsləndirməyin, yoxsa həqiqəti deyib hamımızı biabır edəcək!

***

Onunla mübahisədən qaçırdı hər kəs. Yalançı tostlar, saxta təriflər yanında keçərsiz idi. Bunun əvəzində bəzən özünün pul və badə xatirinə kimisə təriflədiyini görmüşdüm. Arada belə səhvləri özünə deyirdim, elə gülümsəyirdi ki... Belə ərk və sevgiylə gülümsəməyi adam yalnız öz doğma atasında görə bilər: “Balam yekəlib, hər şeyi bilir!”

***

O, bir Dostoyevski heyranı idi. Axırıncı gün ölüm halətində bağ evindən xəstəxanaya aparanda aynaya baxıb gur saçlarını əliylə arxaya daradı və dedi:

- Ax, Roskolnikov!

***

Məşhur yazıçılarımızdan birinin üstünə qışqırdı bir dəfə:

- Yazdıqlarını təzədən yazıb, gözünə soxaram!!!

Yazıçı dinmədi. Çünki Mehdinin haqlı olduğunu bilirdi.

***

Yazıçı Səfər Alışarlının “Gavur” povesti çıxanda Mehdi sevindiyindən uçurdu və deyirdi:

- Povesti Səfər yazıb, hamı məni təbrik edir.

***

O, anasından sonra evlənməsini atasına bağışlaya bilmirdi. Ondan ayrılması və ölüm yatağına düşənəcən dindirməməyinin əsas səbəbi bu idi. Ancaq həm də keçirdiyi tüfeyli həyatı atası qəbul edə bilmirdi. Özü bu barədə heç nə demirdi. Eşitdiyimə görə, atası ona ev almaq üçün pul vermiş, o, pulu dağıtmış, axırı yerdə qalanla Sumqayıt yolunun üstündə balaca bir həyət və bir daxma ala bilmişdi. Elə o evdə də xəstələndi. Onu vərəm dispanserinə biz apardıq. Mən və mərhum Ədalət Əsgəroğlu... İçki, uzun müddət normal qidalanmama bədəninin immunitetini öldürmüşdü. Ona görə vərəmə yoluxdu. Xəstəxanadan sonra bir neçə ay yaşadı. Harda öldü, necə dəfn olundu heç birimiz bilmədik. Ədəbi mühitdən heç kim olmadı yanında. Ancaq xəstəxanada yatan vaxt mən atasının iş yerinə getdim, orda tapmasam da telefonunu alıb zəng vurdum və vəziyyəti izah etdim. Sonra maraqlandım ki, atası Mehdiyə yiyə çıxıb.

***

Bir gün dedim, həkimə getməlisən, çox sınıxmısan. Xətrinə dəydi ki, kobudluq edirsən, adam adamın üzünə belə söz deməz. Mənə uşaq kimi baxırdı, ona görə eşitmirdi. Bir dəfə də insan iradəsi haqqında mühazirə oxumuşam ona. İndi yadıma düşəndə gülmək tutur məni. Deyəsən, Nitsşeni təzə oxumuşdum. Dedim, insanda istedad və intellektlə yanaşı iradə də olmalıdır, yoxsa heç nə alınmayacaq. Güldü gülməyinə, amma təsirləndi xeyli... Mehdi böyük ədəbiyyat, böyük həqiqət qarşısında məğlubiyyətini vaxtından əvvəl anladı. Buna görə özü qarışıq hər kəsdən, hər şeydən qisas alırdı elə bil.

***

Axırıncı dəfə Milli Kitabxananın qarşında görüşdük. Rəngi-rufu açılmışdı. Sonra yoxa çıxdı və bir neçə ay keçmişdi ki, öldüyünü eşitdim. Biz eşidəndə çoxdan rəhmətə getmişdi. Dəqiq tarixini bilən yox idi. Sonralar dedilər ki, Qazaxın Kəmərli kənd qəbiristanlığında basdırılıb.

***

Mehdi Bəyazid şəxsi həyatından danışmağı sevmirdi. Mən bilən bir oğlu vardı. Ürək edib ondan bu barədə heç nə soruşmurdum. Bircə anasını çox sevdiyini gizlətmirdi. Akif Səməd rayona gedəndə onun anasının qəbrini ziyarət etmişdi. Bunu Mehdiyə deyəndə çox təsirlənib, Akif Səmədə şeir yazmışdı. Şeirdən bir misra yadımda qalıb: “Daş məzardan boylandımı tuti dillər ayrısı...”

Ana, illər ayrısı,

Şana tellər ayrısı

Bir günə dözməz idik

Olduq illər ayrısı

Bu, bayatını dağıdıb uzun şeir eləmiş və mövzuya uyğunlaşdırmışdı.

***

Futbol xəstəsi idi. Banişevskini dəlicəsinə sevirdi. Özü də gəncliyində əla futbol oynayırmış. Xasiyyətində kaprizlər çox idi. Misal üçün, ən ağır günlərində də onu tanıyan imkanlı dostlarının qapısını döymədi. Əvəzində, kasıb qələm adamlarından yüz qıram araq istəməyə, yolpulu almağa utanmırdı. Özündə də pul olanda çox mərd davranırdı. Bir dəfə hardansa, gərək ki, Yadigar Məmmədlidən, xeyli qonorar almışdı. Axşamacan o pulu yemək-içməyə dağıtdı. Faciə bilirsiniz nədir? Özü o puldan ağız dolusu bir şey yemədi. Yalnız içdi və siqaret çəkdi.

***

Məni yandıran odur ki, onunla düz-əməlli bir şəkil çəkdirmədim. Həyatın bax bu tərəfi də var. Adama elə gəlir ki, həmişə belə qalacaq. Amma qalmır. Bir də görürsən heç şəkil də deyil adam. Mehdi Sahibəzzaman kimi qeybə çəkilib.

# 2973 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #