Savalan Məmmədli: “Darvin “Növlərin mənşəyi”nə Şeytanın İncili kimi baxırdı”

Savalan Məmmədli: “Darvin “Növlərin mənşəyi”nə Şeytanın İncili kimi baxırdı”
17 may 2016
# 15:21

Kulis.az saytında Emin İmanlı imzası ilə “Yaradılışçı Savalan Məhəmmədliyə cavab əvəzi” adlı bir məqalə yayımlanıb. Məqalədə o, daha əvvəl ilahiyyatçı Şahin Həsənlinin təkamül fərziyyəsi ilə bağlı iddialarına verdiyim cavab məqaləsinə maddələr şəklində cavablar verilməyə çalışıb. Emin bəyin cavab vermək həvəsi, şövqü təqdirəlayiqdir, lakin “cavab əvəzi” yazmağa cəhd etməmişdən əvvəl, mənə izah etməyə çalışdığı təkamül fərziyyəsinin mahiyyətini bir az da özü araşdırsa idi, indi qeyd edəcəyim formada kobud səhvlərə yol verməzdi.

Bu məqalədə Emin bəyin qeyd etdiyi maddələrə elə eyni formada- maddələr şəklində cavablar yazacağam.

1. Bu maddədə mənim təkamül fərziyyəsi ilə bağlı anlayışları ayırd edə bilmədiyim iddia edilərək, təkamüllə bağlı anlayışa nə cürsə aydınlıq gətirilib. Gəlin gətirilən bu aydınlıqla tanış olaq. Emin İmanlı qeyd edir ki: Savalan bəy bir-birinə yaxın, amma fərqli olan üç anlayışı bir-birindən ayırd edə bilməyib:

A) Darvinin təkamül nəzəriyyəsi;
B) Darvinizm;
C) Evolyusionizm
.

Yazıda “Darvinin təkamül nəzəriyyəsi”, “darvinizm”, “evolyusionizm” anlayışlarının bir-birinə yaxın olsa da, bir-birindən fərqli anlayışlar olduğu bildirilir. Bu cümlələr müəllifin bu mövzulara nə qədər uzaq olduğunu göstərir. Təkamül fərziyyəsindən həqiqi mənada xəbərdar olan hər kəs bu fikrin nə qədər həvəskarca, səthi məlumatlara əsasən qurulduğunu və yanlış olduğunu görə bilər. Açıqlıq gətirəsi olsam; darvinizm sözü məhz darvinin təkamül nəzəriyyəsini ifadə edir. Evolyusionizm sözü də yenə təkamülün ingilis dilində ifadəsindən başqa bir şey deyil. Doğrudur, təkamül fərziyyəsi ilə bağlı fərqli anlayışlar vardır. Hansı ki, Çarlz Darvinin təqdim etdiyi təkamül modeli ilə razılaşmayan, alternativ təkamül sxemlərini təqdim edən təkamül versiyaları mövcuddur. Neodarvinistlərin ortaya atdığı “sintetik təkamül nəzəriyyəsi”, “sıçrayışlı təkamül”, yaxud bəzi “dindarların” icad etdiyi “Allahın təkamüllə yaratması” kimi yeni versiyalar mövcuddur. Mən o modelləri ortaya atanları da tanıyıram, o modellərin sxemlərini də, sxemlərin niyə yanlış olduğunun da elmi izahını bilirəm. Lakin burada məsələ budur ki, müəllif anlayışları bir-birinə qatdığımı iddia edərkən özü təkamül fərziyyəsi ilə bağlı anlayışları bir-birinə qarışdırıb. Ümumiyyətlə, Emin bəy istəsə, ona təkamül fərziyyəsi ilə bağlı bütün anlayışları ilk nöqtəsindən son nöqtəsinə qədər hərfbəhərf izah edə bilərəm. Təki bir də “darvinizmlə Darvinin təkamül nəzəriyyəsi ayrı-ayrı şeylərdir” deməsin.

2. Yazının ikinci maddəsində belə qeyd edir: “Savalan bəyin və onun kimi düşünənlərin başqa bir metodoloji səhvi isə odur ki, bilərəkdən və ya bilməyərəkdən təkamül nəzəriyyəsini ateizmlə eyniləşdirirlər”. Bu cümlənin ardından da qeyd edilir ki, təkamül fərziyyəsi deist, ateist, aqnostik şəkildə təfsir edilə bilər, amma mahiyyətcə, bunların heç birini əhatə etmir. Yenə bu maddənin sonuncu cümləsində darvinizmlə Darvinin təkamül fərziyyəsini eyniləşdirməklə ittiham olunmuşam.

Bu maddədə qeyd edilən məqamlara cavablara gəldikdə isə, öncəliklə, onu qeyd edim ki, çox istəyərdim, müəllif mənə bu mövzuda cavab məqaləsi yazmamışdan əvvəl, nəinki təkamül fərziyyəsini tam öyrənərdi, sadəcə təkamül fərziyyəsi ilə bağlı çox ilkin, cüzi anlayışlardan xəbərdar olardı. Çünki bu formada müəllifin təkamül fərziyyəsinin mahiyyətindən nə qədər məlumatsız olduğu aydın olur. Həmçinin bir “metodoloji” səhv edərək təkamül fərziyyəsini ateizmlə eyniləşdirdiyimi, əslində isə, təkamül fərziyyəsinin ateizm ehtiva etmədiyini qeyd edir. Halbuki E. İmanlı təkamül fərziyyəsinin əsası olan, Çarlz Darvinin yazdığı “Növlərin Mənşəyi, Təbii Seçmə yoluyla” kitabını oxumuş olsa idi, Çarlz Darvinin dostları ilə məktublaşmalarından xəbərdar olsa idi, təkamül fərziyyəsinin mahiyyətinin nə olduğunu araşdırmış olsa idi, ateizmin dünyada hansı yolla kökləndiyini bilsə idi, bu heç bir əsası olmayan sözləri yazmazdı. Konkret cavaba gələcək olsam, ən tutarlı cavabı Çarlz Darvinin özü açıqlayır:

“Mən “Allahsız” adlandırılmağa layiqəm. Bu nəticə, xatırladığım qədərilə, “Növlərin Mənşəyi”ni yazdığım vaxt beynimdə özünə güclü şəkildə yer tapmağa başladı”. (1)

Bu sözlər Çarlz Darvinə məxsusdur. Darvin özünü ateist olaraq təqdim edir. Bu prosesin də məhz təkamül fərziyyəsinin əsası olan “Növlərin Mənşəyi” kitabını yazarkən ortaya çıxdığını açıqlayır. Yəni ortada çox gülünc bir vəziyyət var. Çarlz Darvin “Növlərin Mənşəyi” kitabını yazarkən ateist olduğunu açıqlayır, bir sıra şəxslər da ortaya çıxıb “yox, elə şey yoxdur, Darvin dindar idi, təkamül fərziyyəsi də dini inkar etmir” deyirlər. Yaxşı, ey əziz “dindar təkamülçü”lər, Darvinin özünün də ateist olmasına səbəb olan, növlərin Allah tərəfindən yaradılması ilə deyil, bir-birindən törədiyini iddia edən “Növlərin Mənşəyi” kitabını hansınız oxumusunuz? Oxumusunuzsa, hansı əsasla iddia edirsiniz ki, təkamül fərziyyəsi ateizmin əsası deyil? Oxumamısınızsa, bu nə “səmimiyyət”dir? Bu qədər əksik məlumatlara sahib olduğunuz bir fərziyyəni müdafiə etmək sizə niyə borc olub?

Mövzuya qayıdası olsaq, təkamül fərziyyəsinin ateizmlə əlaqəsi məsələsində yenə Darvinin öz “Növlərin mənşəyi” kitabı üçün “Şeytanın İncili” (2), təkamül fərziyyəsinin bir mexanizmi sayılan təbii seçmə prosesi üçün isə “mənim ilahım” (3) ifadələrini qeyd edə bilərik. Göründüyü kimi, Darvin “Növlərin mənşəyi”nə Şeytanın İncili, təbii seçməyə isə ilahı kimi baxır və bunu gizlətmir. Onsuz da, fərziyyədən xəbərdar olanlar da bilirlər ki, təbii seçmə adlı xəyali mexanizm təkamül fərziyyəsində gizli bir ilah kimi təqdim edilir. Canlılar üçün faydalı xüsusiyyətlərin seçilməsini təmin edən bir batil ilah.

Təkamül fərziyyəsinin ateist əsasını ifadə edən şəxslərdən biri də məhz Çarlz Darvinin öz müəllimi, tanınmış elm adamı Adam Secvik olmuşdur. Mövzu ilə bağlı Adam Secvikin sözləri belədir:

“Darvinizm “soyuq ateist və materialist” fəlsəfə üzərində qurulmuşdur”. (4)

Bütün bunlara əlavə olaraq müasir dövrümüzdə dünyada ateizmin ən tanınmış bayraqdarı, eyni zamanda təkamül fərziyyəsinin ən şövqlü müdafiəçisi Riçard Dokinzin bu mövzu ilə bağlı fikirlərinə baxaq:

“Darvin intellektual səviyyədə qane olmuş ateist olmağa imkan yaratdı”. (5)

““Növlərin Mənşəyi” kitabından öncə ateist olmaq çox çətin idi”. (6)

Bütün bu qeyd edilən faktlardan da aydın olur ki, sözü gedən yazıda qeyd edilən məqamlar yanlışdır. Təkamül fərziyyəsini biz ateizmlə eyniləşdirmirik. Məhz fərziyyənin yaradıcısı daxil olmaqla, bütün bu fərziyyənin tərəfdarı olan alimlər eyniləşdirir. Həm də məsələ kimlərinsə eyniləşdirməsində deyil, məsələ burasındadır ki, fərziyyənin mahiyyəti sırf ateizmin əsasını təşkil edir. Çünki təkamül fərziyyəsinin mahiyyəti canlı növlərinin bir Yaradıcı tərəfindən yaradılmadığını, öz-özünə kortəbii proseslərlə yarandığını iddia etməkdir ki, bu izah da məhz Yaradıcı amilini çıxdaş edir. Bu maddənin son cümləsində darvinizmlə Darvinin təkamül fərziyyəsini eyniləşdirdiyim, amma əslində, bunun belə olmadığı qeyd edilib. Yenə də çox yanlış fikrə yol verilib. Məhz darvinizm sözünün mənası – Çarlz Darvinin yaratdığı təkamül fərziyyəsi deməkdir. Yazıda nəzərdə tutulan müasir təkamül fərziyyəsi ilə Çarlz Darvinin irəli sürdüyü təkamül fərziyyəsinin arasındakı fərqlərdirsə, bu fərq hal-hazırda “darvinizmlə Çarlz Darvinin təkamül nəzəriyyəsi” arasındakı fərq kimi təqdim olunmur. Bu fərq Darvinin təkamül modeli və neodarvinist model olaraq təqdim olunur. Lakin yeni təkamül modellərini Çarlz Darvinin irəli sürdüyü ilkin təkamül modelindən fərqli edən amillər fərziyyənin əsas anlayışını dəyişdirmir. Fərziyyənin iddiaları yenə eynidir. Müasir əlavələr isə sadəcə Çarlz Darvinin genetik məlumatsızlığından qaynaqlanan boşluqlarının mutasiya anlayışı ilə doldurulması, Lamarkın çökmüş irsiyyət nümunələrinin yeni mutasiya nümunələri ilə əvəzlənməsindən ibarətdir. Ancaq fərziyyənin ilk canlının Allah tərəfindən yaradılmadığı, öz-özünə cansız maddələrdən törədiyi iddiası, növlərin Allah tərəfindən yaradılmadığı, bir-birindən törədiyi iddiaları eyni qalır. Belə ki, müasir əlavələr klassik təkamül fərziyyəsinə “Yaradıcı” amilini əlavə etməmişdir. Klassik təkamül fərziyyəsindəki “elmi” boşluqlar yeni “elmi” anlayışlarla əvəzlənmişdir. Lakin fərziyyənin mahiyyətini ehtiva edən əsas anlayışlar yenə eynidir. Ən əsası isə, mən Şahin Həsənliyə verdiyim cavab məqaləsində təkamül fərziyyəsi ilə bağlı qeyd etdiklərimi özümdən uydurmamışdım ki, nələrisə də qarışdıram. Şahin Həsənli məqaləsində 70-ci illərdə Yaradılış nəzəriyyəsinin mübarizə apardığı bir “təkamül nəzəriyyəsi”ndən bəhs etmişdir ki, bu cümlə də sözü gedən təkamül fərziyyəsinin nə olduğunu açıqlayır. Ona görə də burada söz oyununa ehtiyac yoxdur.

3. Emin bəyin bu maddədə qeyd etdiyi məqamlar yenə də onun bu mövzulara nə qədər uzaq olduğunu göstərir. Çünki bu maddədə təkamül fərziyyəsinin iddialarının Yaradıcının olmadığı nəticəsinə gəlmədiyi qeyd edilir. Daha əvvəl də qeyd etdiyim kimi, çox yaxşı olardı ki, müəllif yazını qələmə almazdan öncə təkamül fərziyyəsi haqqında bir az araşdırma aparardı. Çünki öncə təkamül fərziyyəsinin nə dediyini vurğulayıb sonra cavab verməli oluram ki, bu da çətin olur və uzun çəkir. Təkamül fərziyyəsinin iddiasına əsasən, canlılar təsadüfi proseslərlə ortaya çıxıblar. Yəni ilk hüceyrə təbiətdə baş verən kortəbii təbii proseslərin nəticəsində öz-özünə yaranıb və həyatı meydana gətirən bir Yaradıcı yoxdur. İddiaya əsasən, həyat cansız maddələrdən təsadüfi təbii proseslər nəticəsində öz-özünə ortaya çıxıb. Təkamül fərziyyəsinin bu iddiasını vurğulamaq üçün də ən tanınmış təkamülçülərdən Miller və Foks laboratoriyalarda sınaqlar həyata keçiriblər. Bu sınaqların məqsədi həyatın, həqiqətən də, kimyəvi yollarla yarandığını isbat etmək, yəni Yaradıcının olmadığını isbat etmək idi. Təbii ki, Miller və Foks təcrübələrinin və bu sahədə aparılan digər bütün təcrübələrin nəticəsi uğursuz oldu. Lakin qeyd etmək istədiyim məqam odur ki, Emin bəyin təkamül fərziyyəsinin doğru olmasının Yaradıcının olmaması nəticəsinə gətirməyəcəyi fikri tamamilə yanlışdır. Bu fikrin tək səbəbi təkamül fərziyyəsinin mahiyyətindən xəbərsiz olmaqdır. Təkamül fərziyyəsinin, nəticə etibarilə, mahiyyəti ondan ibarətdir ki, canlılar yer üzündə Yaradıcı tərəfindən deyil, öz-özünə cansız maddələrin birləşməsindən yaranıblar, növlər də yenə Yaradıcı tərəfindən deyil, bir-birindən törəyərək ortaya çıxıblar. Buna görə də məsələ heç də qeyd edildiyi kimi deyil, əksinədir. Təkamül fərziyyəsinin doğru olmasını demək məhz Yaradıcının olmaması deməkdir. Yaradılışın doğru olmasını demək isə məhz Yaradıcının varlığını təsdiq etməkdir.

Bu maddədə yol verilən yanlışlıq sadəcə yuxarıda qeyd etdiyim məqamla yekunlaşmır. Eyni zamanda bu maddənin sonuncu cümlələrində qeyd edilir ki, “Tanrının var olub-olmaması elmi yox, fəlsəfi məsələdir. Burada son sözü elm yox, fəlsəfə deyə bilər”. Bu cür ifadə əksinə, tam tərsinə vurğulanmalı idi. Yaradıcının varlığı mövzusunda tək söz deyə biləcək qaynaq varsa, o da məhz elmdir. Fəlsəfə isə bu barədə ümumiyyətlə söz düşə biləcək sonuncu sahə belə ola bilməz. Çünki fəlsəfə faktlara əsaslanmır. Fəlsəfə insanların fikirlərinə, düşüncələrinə, mülahizələrinə əsaslanır. Elm isə insanların şərhlərindən asılı deyil. Elmin qaynağı müşahidələr, təcrübələr, sübutlar və dəlillərdir. Məhz Müqəddəs kitablarda da Allah öz varlıq dəlillərini görməyimizin yolunun elm olduğunu bildirir, fəlsəfə yox.

4. Emin İmanlının inanc olaraq mənsubiyyətini bilmirəm, mən müsəlman olduğuma görə, sözü gedən məqalədə dinlə bağlı qeyd etdiklərimin qaynağı da məhz Quran olmuşdur. Burada söz Şahin Həsənliyə cavab məqaləmdən gedirsə, o məqalədə Quran ayələrindən başqa heç bir dini arqument irəli sürülməyib. Bu halda, Emin İmanlı bu Quran ayələrini “olduqca xam”, “əsassız”, “müdafiə edilə bilməyən” olaraq görürsə, diqqətə çatdırmaq istəyirəm ki, Quran ayələrini deyərkən, bunları elmi faktlar kimi təqdim etməmişəm. Şahin Həsənlinin məhz din sahəsindəki iddialarına yenə dini qaynaqla cavab vermişəm. Müəllifin etməli olduğu şey Quran ayələrinə əsassız deməsi deyil, məqalədə verdiyim suallara cavab verməsi, Quranda təkamül fərziyyəsini təsdiqləyəcək ayə göstərməsi idi.

5. Bu maddədə yenə nə elmi, nə də dini əsası olmayan absurd fəlsəfi izahlar irəli sürülmüşdür. Öncəliklə, Quranın darvinizmi təkzib etdiyi mənim zənnim deyil. Quran açıq-aydın ortadadır. Quranda təkamül fərziyyəsinə isbat olacaq heç bir ayənin olmadığını, əksinə, Quranda təkamül fərziyyəsini təkzib edən yüzlərlə ayənin varlığını nümunələr verərək göstərdim. Müəllif isə bu maddədə Quranın təkamül fərziyyəsini nə təkzib etdiyini, nə də təsdiq etdiyini, yəni Quranın bu barədə heç bir açıqlama gətirmədiyini qeyd edir. Belə bir izah isə verilə biləcək ən uyğunsuz açıqlama idi ki, yazıda buna yol verilib. Çünki təkamül fərziyyəsi həyatın bir Yaradıcı tərəfindən yaradılmadığını, Yaradıcının olmadığını, canlıların kimyəvi yollarla təsadüfən ortaya çıxdığını, canlı növlərinin də bir-birindən törədiyini iddia edir. Quran ilk canlı daxil olmaqla, bütün canlıları Allahın yaratdığını, növlərin də bir-birindən təkamül yolu ilə deyil, Allahın “Ol” əmri ilə yaradıldığını bildirir. Quran açıq-aşkar Allahın yaratma qanununun təkamül deyil, Yaradılış olduğunu yüzlərlə ayə ilə bildirir. Bu halda, E. İmanlının Quranın adından “Quran bu barədə sükut edir” izahının heç bir əsası yoxdur.

6. Müəllif bu maddədə fiziki aləmlə metazifik aləmi mahiyyət və qanun baxımından eyni hesab etdiyimi qeyd edir. Fiziki aləmdəki təkamülün metafizik aləmdəki qanunlara aidiyyatının olmayacağını bildirir. Mənim də bu fikri “möhkəm fəlsəfi” dəlillərlə isbatlamalı olduğumu lazım bilir. Emin bəy cavab məqaləmi necə oxuyub, bilmirəm, amma məqaləmdə ən güclü qaynağı göstərmişdim. Bu məsələ ilə bağlı Quran ayəsi göstərmişəm. O isə yenə dini müstəvidəki bir söhbətə gətirdiyim Quran ayəsini görməzlikdən gəlir, “möhkəm fəlsəfi” dəlil istəyir. Əslində, məsələ Emin İmanlının mövzuya aid olmayan müxtəlif terminlərlə mürəkkəb şəkildə ifadə etdiyi kimi qarmaqarışıq deyil. Şahin Həsənli təkamülü Allahın yaratma qanunu olaraq təqdim etmişdi. Mən də Qurandan bir nümunə çəkərək Şahin Həsənlinin bu məqama cavab verməsini istəmişdim. Emin bəyin anlaya bilmədiyi, yaxud anlamaq istəmədiyi məqam da budur; Quranda bir çox ayədə Allah Axirətdəki yenidən dirilmənin və yaradılışın da bu dünyadakı ilkin yaradılış kimi olduğunu bildirir. Mövzu ilə bağlı ayələr belədir:

“O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik”. (Ənbiya surəsi, 104)

“İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam? Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?” (Məryəm surəsi, 66-67)

“Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır. De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir”. (Ənkəbut surəsi, 19-20)

“Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir”. (Rum surəsi, 27)

Burada çox az bir qismini qeyd etdiyim Quran ayələrindən də göründüyü kimi, Allah insan daxil olmaqla, bütün məxluqatın Axirətdəki yenidən yaradılışına ilkin yaradılışı nümunə verir. Qurandakı digər ayələrdə də Axirətdəki yenidən yaradılışın anidən olacağı bildirildiyinə görə, demək ki, yer üzündəki yaradılma da ani bir yaradılmadır. Ayələrə görə, bunun əksi Axirət üçün də qüvvədədir. Yəni əgər Allahın yaratma qanunu təkamüldürsə və Allah bu dünyada canlıları təkamüllə yaradıbsa, ayələrə görə gərək axirətdə də canlılar eyni cür bir təkamül prosesinə tabe tutula. Çünki Allah yenidən dirilmənin də ilkin yaradılış kimi olduğunu bildirir. Axirət üçün də belə bir şey Qurana görə mümkün deyil, təbii ki. Ona görə də dünyadakı Yaradılış da təkamül prosesi ilə deyil, anidən yaratma ilə olmuşdur.

Allahın yaratma qanununun təkamül olduğunu deyən şəxs bu qanunu sadəcə dünyaya aid edə bilməz. Qurana görə dünyadakı Yaratma qanunu nədirsə, Axirət üçün də eynidir. Beləliklə də, məqalədə gətirdiyim əsas tamamilə doğrudur. Şahin Həsənli Allahın yaratma qanunun təkamül olduğunu iddia edirsə, Axirətdəki yenidən yaradılmanın da hansı təkamül mexanizmləri ilə baş verdiyini və bu mexanizmlərin Qurandakı hansı ayələrə əsaslandığını göstərməlidir.

7. Sözü gedən yazıda Quranda verilən Hz. Musanının əsasının ilana çevrilməsi, Hz. İsanın palçıqdan quş modelinin anidən quşa çevrilməsi, Hz. İbrahimin misalındakı parçalanmış quşun ani şəkildə yenidən dirilməsi və bu kimi Allahın yaratmasına nümunə olan bir çox hadisənin istisna təşkil etdiyi qeyd edilir. Lakin bu, müəllifin şəxsi fikridir. Allah Quranda bu nümunələri istisna kimi təqdim etmir. Məhz Allahın yaratmasına bir nümunə kimi təqdim edir. Emin bəy bunun əksini iddia edirsə, sübutla danışsın. Mən öz növbəmdə sübutla danışaraq ani yaradılışa ayələr göstərmişəm. Etirazı olan tərəf də Qurandan Allahın təkamül fərziyyəsinin iddia etdiyi kimi bir təkamül mexanizmi yolu ilə yaratmasına nümunə ola biləcək, təkamülün Allahın qanunu olduğunu isbat edə biləcək tək bir ayə göstərsin.

8. Bu maddədə təkamül fərziyyəsinin çökmədiyi, elmi isbatının olduğu, fərziyyə deyil, nəzəriyyə olduğu iddia edilmişdir. Hərçənd ki, sadəcə şəxsi fikirdən ibarət bu cümlələrə heç bir elmi əsas göstərilməmişdir. Misal üçün, təkamül fərziyyəsinin hansı elmi dəlillərə əsasən doğru olduğu vurğulanmamışdır. Ümumiyyətlə, bütün yazıya hakim olan dəlilsizlik, sübutsuzluq prinsipi bu maddədə qeyd edilən nüanslarda daha çox öz əksini tapmışdır. Müəllif təkamül fərziyyəsinin doğru olduğunu iddia edirsə, tək bir elmi dəlil təqdim etməlidir. Eyni zamanda bu suallara cavab verməlidir:

A. Təkamül fərziyyəsinə əsasən ilk hüceyrənin mənşəyi nədir?

B. Canlıların milyonlarla il ərzində bir-birindən törədiyini göstərən canlı qalıqları haradadır?

C. Canlı orqanizmlərinin sahib olduğu sadələşdirilməz komplekslik təkamül prosesində dağılmadan necə əmələ gəlir?

D. Təkamül fərziyyəsinin mexanizmlərinin işlək olduğuna dair tək müşahidə edilmiş bir örnək varmı? Varsa, hansıdır?

E. Faydalı mutasiya nümunəsi varmı? Varsa, qeyd edilməli.

Bu maddədə eyni zamanda Yaradılış nəzəriyyəsinin tək sübutunun paleontoloji dəlillər olduğu qeyd edilmişdir. Paleontoloji tapıntıların Yaradılışa sübut təşkil etdiyi doğrudur, lakin Yaradılışın tək sübutu olduğu yanlışdır. Çünki Yaradılışın sübutu paleontoloji qalıqlarla yanaşı astronomiya, müqayisəli anatomiya, mikrobiologiya, genetika və s. bir çox elm sahələrində də əldə edilən elmi kəşflərdir. Astronomiya sahəsində Böyük Partlayış nəzəriyyəsi ilə kainatın yoxdan yaradılmasının isbat edilməsi, genetika sahəsində əldə olunan yeni kəşflərlə DNT-nin, əslində, təkamülçülərin zənn etdiyindən çox-çox daha kompleks olduğunun ortaya çıxması, milyardlarla səhifəlik informasiya bazasını içində daşıyan DNT-nin təsadüfi proseslərlə meydana çıxa bilməyəcəyinin kəşf edilməsi, 3,8 milyard illik sianobakteriya fosilləri ilə hal-hazırkı bakteriyaların heç bir fərqinin olmadığının aşkarlanması, ekosistemi təşkil edən faktorların zəncirvari əlaqələrinin nə qədər həssas olduğunun aşkarlanması ilə incə əyar amilinin sübuta yetirilməsi, kvant fizikası sahəsindəki kəşflərlə maddənin mütləq olmadığının kəşf edilməsi və s. saymaqla bitməyəcək minlərlə elmi kəşflə Yaradılış məhz elmin göstərdiyi fakt halını almışdır. Təkamül fərziyyəsi isə hər gün tapılan heç bir dəyişikliyə məruz qalmamış yeni fosillərlə daha da çıxılmaz vəziyyətə düşməkdə, artıq əsr yarımdır cavablaya bilmədiyi sualların yanına yeni-yeni müəmmalar əlavə olunmağa davam etməkdədir.

Qaldı ki, izah gücü məsələsinə, doğrudur, təkamül fərziyyəsinin möhtəşəm nağıl izah etmək, hipotezlər uydurmaq bacarığı vardır. Ancaq bunları elmə qatmaq olmaz. Həqiqəti fərziyyələr deyil, faktiki qalıqlar göstərir. Hansı ki, əldə 600 milyon heç bir dəyişikliyə məruz qalmamış fosil qalığı var. Bu 600 milyon elmi tapıntının, paleontoloji qalığın cavabını heç bir nağılvari izah gücü verə bilməz və vermir.

9. Bəli, təkamül fərziyyəsinə məhz “fərziyyə” deyirəm, çünki bu fərziyyə elmi təsdiqini tapmadı. Emin bəy əgər təkamül fərziyyəsinin nəzəriyyə olduğunu iddia edirsə, təkamül fərziyyəsinin doğruluğunu göstərəcək tək bir elmi sübut qeyd etsin. Cavab olaraq yazdığı bu ölçüdə məqalənin içində hələ heç bir elmi sübut təqdim edilməyib. Bu qədər fəlsəfi söz oyunu etməkdənsə, əgər olsaydı, tək bir elmi sübutun təqdim edilməsi daha faydalı olardı, təbii ki.

10. Bu maddədə Şahin Həsənlinin elmin və dinin əhatə etdiyi sahə barədə qeyd etdiyi yanlış məqamlara cavabımdan müəllif bir neçə cümləni götürüb, məsələyə aidiyyatı olmayan fəlsəfi izahları da mövzunun içinə qataraq qarmaqarışıq bir şərh verib. Halbuki mövzu Emin bəyin qeyd etdiyi qədər mürəkkəb deyil. Şahin Həsənli məqaləsində dinin sahəsinin bu dünya olmadığını, sadəcə axirət aləmi olduğunu, elmin də sahəsinin sadəcə maddi aləm olduğunu vurğulamışdı. Bu iddiaya həm dini, həm də elmi olaraq cavab vermişdim. Cavab yazısında isə verdiyim cavabın yanlış olduğu irəli sürülərək həm elmi, həm də dini olaraq çox yanlış cümlələr qurulub. Emin İmanlı: “O, yazısında dini fizikləşdirir, elmi isə metafizikləşdirir. Elə sanır ki, din fiziki aləmdən danışırsa, deməli, bu, onun predmetinə daxildir. Bundan əlavə, o, elmin bətnindən metafizika da dartıb çıxardır və nəticədə, "Elmin araşdırma predmetində sadəcə maddə var deyə bir məhdudiyyət yoxdur."- sözlərilə predmeti xalis maddə hesab olunan bir nəsnəni metafizikləşdirməyə cəhd göstərir”,- cümlələrini qeyd etdikdən sonra mənim elmin və dinin mahiyyətindən xəbərsiz olduğumu qeyd edib. İndi isə onun fikrinə nəzər yetirək:

Şahin Həsənli fiziki aləmin dinin sahəsi olmadığını, mənsə olduğunu qeyd etmişdim. Emin İmanlı da yenə fiziki aləmin dinin sahəsinə aidiyyatı olmadığını iddia edir. Daha əvvəl də qeyd etdiyim kimi, onun məqaləsində əsas çatışmayan cəhət davamlı olaraq mücərrəd iddialar irəli sürüb heç bir isbat təqdim etməməkdir. Bu məsələdə də eyni şəkildə dinin sahəsinin sadəcə Axirət dünyası olmadığını, bu dünyanın da dinin sahəsi olduğunu isbat edən ayələr təqdim etmişdim. Buna deyilir - əsaslı danışmaq. Emin İmanlı isə gətirdiyim o qədər ayələrə qarşı “Elə sanır ki, din fiziki aləmdən danışırsa, deməli, bu, onun predmetinə daxildircümləsini qeyd edərək cavab vermiş olduğunu düşünür. Halbuki Şahin Həsənlinin qeyd etdiyi eyni səhvi təkrarlamaqdan başqa heç bir şey etmir. Eyni sualı Emin İmanlıya da verirəm: Əgər dinin sahəsi eyni zamanda bu dünya deyilsə, nə üçün Müqəddəs kitablarda Allah çoxsaylı ayələrlə bu dünya haqqında bəhs edir? Nə üçün bu dünyanın yaradılmasından, canlıların yaradılmasından, həyat proseslərindən, qidalanmalarından, dünyadakı fiziki qanunlardan, insanın həyatından, insan xarakterlerindən və s. tutmuş mikrodan-makroya, ən incə məqamına qədər bu dünyaya dair hər şey qeyd edilir? Niyə məhz insanın bu dünyadakı həyatında qarşısına çıxacaq mərhələlər barədə məlumatlar verilir, insanların necə davranmalı olduğu barədə əmrlər, yaxud qadağalar qeyd edilir? Bütün bunlar məhz bu dünyaya aid deyilmi? Buna görə də dinin sadəcə Axirəti əlaqələndirdiyi ilə bağlı izah yanlışdır. Dinin həm bu dünya, həm də Axirətlə bağlı, hər iki aləmlə bağlı izahlar verdiyi ilə əlaqədar qeyd etdiyim məqamlar isə tamamilə doğrudur və əsası da bütün Müqəddəs kitablardır. Eyni zamanda müəllif "Elmin araşdırma predmetində sadəcə maddə var deyə bir məhdudiyyət yoxdur."- sözlərilə predmeti xalis maddə hesab olunan bir nəsnəni metafizikləşdirməyə cəhd göstərir. Savalan bəy belə bir yanaşma ilə din və elmin mahiyyətindən xəbərsiz olduğunu göstərir” cümlələri ilə elmin predmetinin xalis maddə olduğunu iddia edir. Əgər elmin predmetini sadəcə xalis maddə olaraq düşünürsə, bu məqamlara açıqlıq gətirməlidir:

Kvant fizikası sahəsindəki araşdırmalar nəticəsində, əslində, maddənin mütləq olmadığı isbat edildi. Fotonların müşahidə edici bir subyektə əsasən həm zərrəcik, həm də dalğa xüsusiyyəti göstərdiyi aşkarlandı. Bu sahədəki nəticələr barədə elm arenasında heç bir şübhə yoxdur. Bütün araşdırmalar tam elmi mahiyyət daşımaqdadır və bütün kəşflər də müşahidələrlə tam təsdiq edilmişdir. Kvant mexanikası sayəsində, əslində, maddənin mütləq olmadığı faktiki olaraq isbatlandı və elə təkamül fərziyyəsinin də ideoloji əsası olan materializm elmi olaraq süquta uğradı. Kvant fizikasının göstərdiyi nəticələrə əsasən, hal-hazırda yaşadığımız və indiyə qədər maddi dediyimiz “bu dünya”nın, əslində, maddi olaraq bir əsasının olmadığı, hər şeyin bir növ holoqrafik görüntüdən ibarət olduğu aydın oldu. Kvant fizikası sahəsində aparılan bu araşdırmaların isə “maddi” bir əsası yoxdur. Faktiki olaraq, müşahidəçi olmayanda zərrəciyin “dalğa”, yəni qeyri-maddi hal alması üzərində araşdırma aparıldı. İndi necə izah edilə bilər ki, bu araşdırmanın predmeti “xalis maddə”dir? Çünki ortada maddə yoxdur. Bu halda, E. İmanlının elm üçün “predmeti xalis maddədir” sözü harada qalır? Havada...

Eyni zamanda duyğuların, hisslərin mənşəyi ilə bağlı psixologiya, neyrobiologiya kimi elm sahələrinin də mərkəzində predmeti maddə olmayan elmi araşdırmalar durur. Müəllifin bu araşdırmalardan xəbərsiz olması faktları dəyişdirmir. Ona görə də burada dediyi “Savalan bəy belə bir yanaşma ilə din və elmin mahiyyətindən xəbərsiz olduğunu göstərir” fikri tam tərsinə dönür və əslində, özünün din və elmin gerçək mahiyyətindən, həqiqətən də, xəbərsiz olduğu göz önünə sərilir.

Məqalənin son hissəsində qeyd edilən, Şahin Həsənliyə yazdığım məqalədəki heç bir nüansa aidiyyatı olmayan, ümumiyyətlə, mövzuya aidiyyatı olmayan fəlsəfi izahlara isə cavab verməyə ehtiyac duymadım, çünki qeyd edilən fikirlər tamamilə elmi və dini əsası olmayan şəxsi, fəlsəfi şərhlərindən ibarət idi. Qeyd olunanlardan “Dini mətnlərdə (Quran kimi) hansısa bir meta-dini həqiqətin və ya bilginin qeyd olunması onun dini olması anlamına gəlmir” cümləsinə gözümün sataşması belə oradakı nüanslarda cavab verilməyə dəyəcək bir məqamın olmamasına qənaət gətirməyimə bəs etdi.

Emin İmanlının yazdığı “cavab əvəzi” məqaləsindəki maddələrə tək-tək cavablar verdim. Lakin ümumilikdə məqaləni dəyərləndirməli olsam, qeyd etməliyəm ki, onun məqaləsində əsas çatışmayan cəhət dəlil əksikliyidir. Qeyd edilən məsələlərin əsaslı olmasına diqqət edilməyib. Məqalə sadəcə müəllifin şəxsi fəlsəfi dəyərləndirmələrindən ibarət bir yazıdır. Unudulmamalıdır ki, əhəmiyyətli olan kiminsə şəxsi fikirləri deyil, faktlardır. Şahin Həsənliyə yazdığım cavab məqaləsində mən şəxsi fikirlərimi qeyd etməmişdim. Elmi faktlardan və dini qaynaqlardan nümunələr təqdim etmişdim. Mən əsaslı, faktla, dəlillə, sübutla danışıram. Cavab vermək istəyən də əsaslı dəlil, sübutla gəlməlidir. Nəticədə, ümid edirəm, Emin İmanlı bəy bundan belə hansısa fərziyyəni anlatmağa cəhd edərkən, öncə özü o fərziyyəni öyrənib, sonra belə bir şeyə cəhd edəcək və daha çox sübutlara istinad etməyə etina göstərəcəkdir.

İstinadlar:

1. Francis Darwin, “The Life and Letters of Charles Darwin”, səh. 80-81.

2. Charles Darwin, The Correspondence of Charles Darwin, vol. 8, 1860, ed. Frederick Burkhardt (Cambridge: Cambridge University Press, 1993), 316.

3. Darwin, Life and Letters, 2:165

4. “In 1860, Sedgwick called Darwin’s Origin “a cold atheistical materialism””. David L. Hull, Darwin and His Critics: The Reception of Darwin’s Theory of Evolution by the Scientific Community(Cambridge, MA: Harvard University Press, 1973), 161

5. Richard Dawkins, The Blind Watchmaker (New York and London: W. W. Norton, 1987), 6.

6. Richard Dawkins: You Ask The Questions Special, The Independent, 04 December 2006.

# 2962 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #