“Sərkisyan dedi ki, Zahid müəllim, qayıt Şuşaya” - MÜSAHİBƏ

“Sərkisyan dedi ki, Zahid müəllim, qayıt Şuşaya” - <span style="color:red;">MÜSAHİBƏ
14 aprel 2016
# 11:46

Son günlər cəbhə bölgəsində baş verən hadisələr hər kəsin diqqətindədir. Oxucuların marağını nəzərə alaraq Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasovla müsahibəni yenidən təqdim edirik.

***

Bu gün, mayın 8-də Şuşa şəhərinin işğalından 22 il keçir...

Bu ağrılı günü Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasovla yad etdik.

Zahid müəllim 2009-cu ildə Azərbaycan nümayən heyətinin tərkibində Şuşaya gedib, İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Zahid Abbasov vaxtı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Vilayət komsomol komitəsində şöbə müdiri işləyərkən Serj Sarkisyan və Robert Köçəryan onun rəhbərlik etdiyi şöbədə çalışıblar...

Kulus.Az Z.Abbasovla bu və ya digər maraqlı mətləblərlə bağlı müsahibəni təqdim edir.

- Şuşanın hansı məhəlləsi idi sizinki?

-1957-ci il mart ayının 14-də Şuşanın “Qurdlar” məhəlləsində anadan olmuşam. “Qurdlar” şəhərin ən mərkəzi məhəlləsi idi. Bilirsiniz ki, Şuşa Azərbaycanın hər zaman ən gözəl mədəniyyət mərkəzlərindən biri olub. Şuşanın memarı Kərbəlayi Səfixan Qarabağidir. Şuşa qalasının bünövrəsi 1750-ci ildə Pənahəli xan tərəfindən qoyulub.

- Bunlar tarixi faktlardır... Başqa yerdən də oxumaq olar... Siz...

- (Sözümüzü kəsir) Yox, yox, elə məsələlər var ki, deməsəm məni rahat başa düşməyəcəksiniz... Pənahəli xan qalanı tez bir zamanda tikdirib. Qala divarının eni 2,5 metr, hündürlüyü isə, bəzi yerdə 15, bəzi yerlərdə 8-10 metrdir. Şuşanın 2 qapısı olub.

Pənahəli xan sənəti, sənətkarı sevən insan idi. Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını möhkəmləndirdi. Xanın sənəti dəyərləndirdiyini bilən Kərbəlayi Səfixan Qarabaği Ərdəbildən Qarabağa köçür. Molla Pənah Vaqif Qazaxdan Şuşaya köçür. Kərbəlayi Səfixan 110 yaşında Şuşada dünyasını dəyişib. O, əvvəlcə Bərdə məscidini tikib, sonra isə Şuşada 17 məhəllə salıb. Şuşa “put” daşları – qaya daşları ilə tikilib. Təxminən 9-cu dərəcəli mərmər hesab olunur bu daşlar. Şuşada gecələr fənərə ehtiyac yox idi. Yağışdan yuyulan bu daşlar gecə ağarıb rahat yeriməyə imkan verirdi.

Şuşanın memarlıq ansamblı çox fərqli idi. Bura heç yerə bənzəmirdi... Nə Şəkiyə, nə Lahıca və s.

- Təbiəti də bənzərsiz idi...

- Şuşada hər məhəllənin öz bulağı vardı. Eyni zamanda öz məscidi, öz təndiri... Mən dünyanı, demək olar ki, gəzmişəm, heç bir yerdə məhəllə bulağı görməmişəm. Heç kəs başqa məhəlləyə suya getməzdi. Gedəndə pis baxardılar: sizin məhəllənin kişiləri hara baxır ki, suyunuz gəlmir - deyə...

- Amma sovet dövründə bircə Gövhər ağa məscidi qalmışdı deyəsən?

- Yox, üç məscid qalmışdı. Çoxunu anbar kimi işlədirdilər. Memarlıq abidəsi olduğu üçün dağıtmırdılar. Ümumiyyətlə, Şuşa şəhərində 248 tarixi-memarlıq abidəsi vardı. Heç bir sənət Şuşada elə-belə yaranmayıb. Dövrün bütün tanınmış sənətkarlar Şuşaya yığışırdı. Zadəganlar hər axşam bəzənib Cıdır düzünə çıxırdı.

- İşğaldan sonra bir dəfə Şuşaya getdiniz... Məhəllənizi ziyarət edə bildinizmi?

- Bir dəfə getdim, həəə... Məhəlləmizə getdim, evimizdə oturub çay da içdim.

- Yaşayan var evinizdə?

- Mənim evimdə keçmiş Şaumyan rayonundan qaçqın düşən erməni ailəsi yaşayır.

- Bəs demədiniz, mənim evimdə nə gəzirsiz?

- Dedim (gülümsünür)... Mənə dua edirdilər ki, evinizdə qalan ərzaqla bir-iki ay yaşadıq, sağ olun...

- Qarabağ səfərində Serj Sarkisyanla maraqlı söhbətiniz olub. Bir müddət mətbuat bunları yazırdı...

- Bu barədə danışmaq istəmirəm. Çünki, bu mövzuda bəzi jurnalistlər lap ağını çıxarıblar. Yazırlar ki, guya mən hər ay Rostova gedib, Köçəryanla şahmat oynayıram (gülür). Belə axmaq şeylər yazmaq olmaz axı... Ona görə bu mövzuda danışmaq istəmirəm.

- Tomas De Valın kitabında danışmısız axı... Danışmısız, o da yazıb...

- Biz görüşəndə Sərkisyan müdafiə naziri idi. Onunla şəxsən tanışam. Mənim işçim olub ikisi də: Serjik də, Köçəryan da! Serjik mənə dedi ki, Zahidcan xoş gəlmisən! Mən heç ona cavab vermədim. Ona dedim, biz belə danışmamışdıq! Dedim, sən də, mən də, Robik də Azərbaycan vətəndaşı olan gənclərin tərbiyələndirilməsi ilə məşğul idik. Siz ikiniz də xəyanət etdiniz. Sizin əliniz qana batıb!

- Siz ona ərklə Serjik deyirsiniz, yoxsa hamı elə müraciət edirdi?

- Səkkiz il birlikdə işləmişik. Onun evində dəfələrlə olmuşam. Get-gəlimiz var idi. O, çox qəliz adam idi. Serj Sarkisyan prezidentliyə namizədliyini irəli sürəndə məndən müsahibə aldılar. Soruşdular ki, seçilə bilərmi? Dedim, lazım gəlsə minlərlə adamı öldürər, yenə vəzifəyə gələr! Mən deyən də oldu. O Robikdən daha qətiyyətli və mürəkkəb adamdır.

- Şuşadakı evinizi keçmiş işçinizdən – Serjikdən geri istədiniz... Deyəsən, deyib, buyurun, gəlin Şuşada yaşayın...

- Dedim, mənim dörd nəvəm var və hər gün soruşurlar ki, baba nə vaxt gedirik Şuşaya? O da dedi, mənim bircə nəvəm var. Qızdır...

- Söhbəti belə yayındırdı?

- Yayındıra bilmədi. Dedi, sənə mühafizəçi də verirəm, gəl Şuşada – öz evində yaşa. Dedim, mənə elə yaşayış lazım deyil. Dedim, mən sənin ananın əlindən qurqut (milli erməni yeməyi – red.) alıb yemişəm, sən mənim anamın bişirdiyi xəngəldən yemisən. Mənim atam rəhmətə gedəndə onun tabutuna girənlərdən biri sən idin. İndi həmin kişinin qəbrini dağıtmısınız. Niyə? Yalandan gözünü sildi, burnunu çəkdi – guya qəhərləndi! Müxtəlif bəhanələr gətirdi... Bu mövzunu keçək...

- Bu barədə son sual: necə işçi idilər?

- Köçəryan, ümumiyyətlə erməni dilini bilmirdi. Rusdilli idi və Xarkovda Sənaye İnstitutunu bitirmişdi. Azərbaycan dilini də bilmirdi. Serjik Azərbaycan dilini bilirdi.

- Şuşadan nə vaxt çıxdınız?

- Mayın 8-i, axşam 6 olardı... Axşam o qədər atışma getmişdi ki, avtomatlar qızmışdı, atmırdı. Dedilər, kömək gələcək. Gündüz saat 1-2 radələrində ermənilər çəkilmişdi. Bizə yüzcə nəfər adam lazım idi. Amma gəlmədi heç kim. Ermənilərin texnikası az idi, canlı qüvvə çox idi. Sonuncu dəfə 8-i yığışıb, Rəhim Qazıyevlə danışdıq. Dedi, narahat olmayın ordu gəlir. İnanın, sevindiyimdən ağladım. Kömək gəlsə, Şuşa getməyəcəkdi. Zəngdən bir az sonra iki vertolyot göründü, onlar isə bizim mövqelərimizi vurdu.

Mayın 8-i, axşam 6-da evə gəldim. Tamam tutulmuşdum. Birdən binamızın həyətinə QRAD düşdü. Özümə gəldim bundan sonra. Bildim ki, qalmağın adı yoxdur. Əynimi dəyişib evdən çıxdım.

O vaxt oğlumun iki yaşı vardı. Onun şəklini termoya taxmışdıq. Götürüb cibimə qoymaq istədim. Amma qoymadım, arxasını yazıb tərsinə termoya taxdım.

- Nə yazdınız?

- Yazdım ki, mən almasam da, bu uşaq böyüyüb bu evi geri alacaq!

- İndi hardadı oğlunuz?

- Təhsil alır... Üçüncü kursda oxuyur.

- Müharibə olsa gedərmi?

- Əlbəttə gedər! Mən ona vəsiyyət etmişəm ki, müharibə başlasa sən gedib orda ölməlisən.

- Mədəniyyət sahəsində çoxdan işləyirsiz...

- 1991-ci ildən mədəniyyət şöbəsinin müdiriyəm. Partiya dağılandan sonra əmrimi bu işə verildi.

- Siz komsomol və partiya işçisi idiniz. O vaxt bilmirdiniz ki, Köçəryan “KRUNK”-un üzvüdür?

- O vaxt bilmirdik. O təşkilat 3-4 ayın içində yarandı. Mən birinci gündən bu hadisələrin içində olmuşam. O vaxt Kamran Bağırova dedik ki, Poqasyanı seçməyin. Təhlükəli adamdır. Amma seçdilər. Mitinqçilərin arasından çıxmırdı qorxusundan. Birdən-birə vəzifə verdilər ona və hər şey qarışdı. Andrey Saxarov gəldi Şuşaya, dedi ki, ermənilərin sosial vəziyyəti pisdir. Bütün digər yerlərin iqtisadiyyatı yüksəlir, Dağlıq Qarabağın yox. Mən ayağa qalxıb etiraz etdim. Xankəndi paytaxt olanda orda 200-300 ev vardı. Amma sonrada 50 minlik şəhərə çevrildi, adı da Stepan Şaumyanın şərəfinə Stepanakert qoyuldu. Amma o vaxt Şuşada 85 min əhali vardı, indi isə ermənilər tamam dağıdıb azərbaycanlıları. Sonradan Saxarovu qovduq. Vəzirov buna görə bərk əsəbiləşmişdi.

- Nə əcəb ermənilər sizin vəzifəyə keçməyinizə mane olmurdular?

- 1982-ci ilin iyul ayının 29-da Heydər Əliyev Şuşaya gəldi. Mən Komsomolun katibi idim. O zaman hər kəsə bir iş tapşırılmışdı. Elə alındı ki, mən Heydər Əliyevlə şəxsən görüşdüm, mənimlə ətraflı maraqlandı. Azərbaycanlı olduğumu, Moskvada təhsil aldığımı bildirdim. Heydər Əliyev Vilayət Partiya Komitəsinin birinci katibi Gevarkova tərəf döndü və dedi ki, bəs deyirsiniz ali təhsilli yerli azərbaycanlı kadrlar yoxdur?

Heydər Əliyev gedəndən sonra Gevarkov arxamca maşın göndərdi. Məlum oldu ki, məni Vilayət Komsomol Komitəsinə şöbə müdiri təyin ediblər. Sonra söz verdi ki, məni Vilayət Partiya Komitəsinə keçirəcək. O vaxt 23-24 yaşım vardı. Gənc mütəxəssis kimi mənə Şuşada ev də verdilər.

- Sizcə ermənilərlə yenidən birlikdə yaşamaq mümkündürmü?

- Erməni əclaf millətdir. Bir əsrdə Şuşanı dörd dəfə yandırıblar. 1905, 1918-20, 1948 və 1992... Üç dəfə yandırılandan sonra biz ermənilərlə birlikdə işləyirdik. Atam həmişə yanımda erməni görəndə əsəbiləşirdi. Deyirdi, onlar daşnakdır, uzaq dur onlardan. Mən deyirdim, ata, o zəmanə getdi artıq, unut o söhbətləri. Amma tarix göstərdi ki, atam haqlıdır.

- 23 il... Uzun müddətdir. Amma, etiraf edək, son dövrlərdə ədəbiyyat sahəsində Şuşadan ciddi bir imza çıxmadı. Ha fikirləşirəm, bircə Kərim Kərimli yada düşür...

- Var, ancaq azdır. Şuşa alınandan sonra məni Binəqədi İcra Hakimiyyətinə müavin təyin etdilər. İki-üç ay işlədikdən sonra ərizəmi yazıb geri qayıtdım. Oturmağa otağım belə yox idi. Qorxdum ki, Şuşa mədəniyyəti itə bilər. Mən Şuşa üçün canımı da verməyə hazıram.

- Şuşanın sehri nə idi?

- Həm Pənahəli xan, həm də oğlu İbrahim xan sənət vurğunu olublar. İstedadlı adamları ora yığırdılar. Pənahəli xan əvvəlcə Şahbulaq qalasını salıb. İqtisadiyyatı gücləndikcə digər xanlıqlar hücumlara başlayıb. Müdafiə olunmaq üçün əvvəlcə Bayat qalasını tikdirib, oranı yarımçıq qoyub Şuşa qalasını tikdirib. Bütün bunlar 3 ilin içində baş verib.

- Biz orda qaldıq ki, son vaxtlar Şuşadan ciddi qələm adamları çıxmır...

- Niyə ki, Vasif Quliyev, Çingiz Əlioğlu yaxşı yazırlar.

- Vasif müəllim daha çox jurnalistdir, Çingiz müəllim isə, son illərin imzası deyil axı... Bəlkə Aqil Abbas haqlıdır? Çadır və Üzeyir Hacıbəyov məsələsində...

- O, Aqil Abbasın fikridir. Üzeyir Hacıbəyov kahada da doğula bilər! Çünki, musiqi gndən, qandan gəlir.

- Birdən ümidsizləşmirsiniz ki, Şuşa yoxdur, onun mədəniyyəti necə olacaq?

- Yox. Çalışıram ki, bu şəhərin mənəvi dünyası ölməsin. Şuşa ilə bağlı 15 kitabım çıxıb. 10 ildir ki, “Şuşa və şuşalılar” kitabını yazıb bitirə bilmirəm. Şuşaya qayıtmasam, bu kitab bitməyəcək.

- Düşmən əlində olan doğma şəhərə qonaq getmək necə hissdir?

- O biri dünyanı görüb gəlmək kimi...

Şərif Ağayar

Mirmehdi Ağaoğlu

Cəlil Cavanşir

08.05.2014

# 12686 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #