“Təkamül nəzəriyyəsi sübut olunub...” - MÜSAHİBƏ

<b>“Təkamül nəzəriyyəsi sübut olunub...” - <span style="color:red;">MÜSAHİBƏ </b>
27 aprel 2016
# 09:00

Kulis.az fizik Yalçın İslamzadə ilə Təkamül nəzəriyyəsi ilə bağlı müsahibəni təqdim edir.

- Yalçın bəy, dünyada bir çox elmi nəzəriyyələr var. Amma ən çox mübahisə yaradan Təkamül nəzəriyyəsidir. Sizcə, bu nəzəriyyə niyə mübahisə yaradır?

- Elmi nəzəriyyələr həmişə mübahisə yaradıb. Fəlsəfə, ardıcıl olaraq geri çəkilib yerini elmə versə də, dinlər obyektiv dünya haqqında da fikir bildirdiklərindən və bu fikirlər elmi nəticələrlə üst-üstə düşmədiyindən, cəmiyyət nəzərində etibarlarını qorumaq üçün elmə qarşı çıxırlar. Çünki dinlər hər şeyi açıqlamaq iddiasındadırlar və “biz bu mövzuda yanılmışıq” ifadəsi onlardan eşidəcəyiniz bir ifadə deyil.

Belə mübahisələrə maraqlı bir misal Kopernikin Günəş mərkəzli modelidir. İlk başlarda katolik kilsəsi bu modeli ciddi aqressiya ilə qarşılamadı. Ancaq müəyyən zaman keçdikdən sonra bu nəzəriyyənin sadəcə o zamankı astronomiya üçün yenilik deyil, həm də kilsə doktrini üçün təhlükə olduğu görüldükdə kilsənin davranışı dəyişdi və bu modeli hədəfə aldılar. Kopernikin “Göy cisimlərinin hərəkəti haqqında” kitabı çap olunduqdan 57 il sonra bu sistemi müdafiə edən və ondan dərin nəticələr çıxaran Bruno yandırılır, Papa 1616-ci ildə heliosentrik modeli məhkum edir, 1633-cü ildə Qaliley inkvizisiya məhkəməsi qarşısında Günəşi mərkəzdə qəbul edən modeli inkar etməyə məcbur edilir. Kilsənin gec anladığı təhlükə, xristian teologiyasının “yuxarı-aşağı” iyerarxiyasının bu modellə qüvvədən düşdüyü idi. Aristotelin, Platonun və Akvinalı Fomanın təsiri ilə yaranan dünya görüşü, göy və yer arasında qatı ayrılığa əsaslanırdı, yuxarılar müqəddəs və dəyişməz, aşağı müvəqqəti və günah məkanı idi. Kilsə isə özünü yuxarı ilə aşağı arasında qapı, vasitəçi kimi təqdim edirdi. Yer ilə göy arasındakı bu fərqləndirmə insanların düşüncələrində özünə dərin yer etmişdi, quşlar yuxarıda uçduğu üçün ov heyvanı olaraq daha üstün sayılırdılar. Dünyanın maddəni özünə tərəf çəkməsi kimi, xəsislik sərvəti özündə saxlamaq, acgözlük hər şeyi udmaq, tənbəllik hər şeyin onun ayağına gəlməsini istəmək idi - kilsənin günah anlayışı belə yer mərkəzli idi. Cənnət göylərdə, cəhənnəm yerin dibində idi. Əgər Yer fırlanırsa, iyerarxiya pozulurdu. Kilsə bunu anladıqda modelə düşmən münasibəti göstərdi. Hətta protestant reformistlərin də münasibəti fərqli deyildi. Martin Lüter, Koperniki axmaq adlandırıb modelini lənətləmişdi.

Təkamül nəzəriyyəsi də - geosentrik model Yer planetinin kainatın mərkəzində olmadığını göstərdiyi kimi - insanın dünyada özünə ayırdığı xüsusi yeri şübhəyə alır, insanın digər canlılarla eyni kökdən gəldiyini, növlərin eyni anda, indiki formalarında yaradılmadığını, əksinə bir tarixə sahib olduqlarını, tarixdəki ağıl almaz və saysız-hesabsız vəhşiliklərin səbəbinin şeytanın insanı yoldan çıxarmasında deyil, bir areala sahib olma, çoxalma, həyatda qalma instinktlərində axtarılmalı olduğunu deyir. Darvin tərəfindən yetkin bir nəzəriyyə olaraq açıqlandığı andan bu yana mühafizəkarlar tərəfindən səhv olduğu sübut olunmağa və öyrədilməsinə mane olunmağa çalışılır.

Təkamül nəzəriyyəsi bu gün yer kürəsində yaşayan 3.5-5 milyon arası canlı növünü naturalizm çərçivəsinə yerləşdirən elmi nəzəriyyədir.

- Hal-hazırda yaşayan, yoxsa...

- Hal-hazırda 1 milyonu sinifləndirilmiş, 3.5-5 milyon arası canlı növü var və bu rəqəm indiyə qədər yaşamış bütün növlərin cəmi 1 faizidir. Bu növlər insan ağlının təsəvvür etməkdə çətinlik çəkdiyi qədər uzun müddət ərzində təkamül keçiriblər, indiki formalarını alıb müxtəlif areallarda yaşamağa uyğunlaşıblar.

Təkamül nəzəriyyəsi canlıların birliyini və müxtəlifliyini izah edir-mənşə olaraq birliklərini, növlər olaraq müxtəlifliklərini. Bütün canlıların mənşəyi ortaqdır, həyatda qalmaq və çoxalmaq əsas məqsədləridir. Olduqca yüksək açıqlama gücünə sahib bir nəzəriyyədir və gücünü üç sadə anlayışdan alır:

Variasiyalar - bütün fərdlər fərqlilik göstərir

Təbii seçmə - variasiyalar həyatda qalmaq baxımından avantaj və dezavantajlar yaradır, təbii seçmə prinsipi hansı variasiyaların həyatda qalacağına qərar verir.

İrsiyyət - həyatda qalan fərdlər bu fərqlilikləri öz uşaqlarına ötürürlər.

Şimal qütbü yaxınlığında dairəvi arealda aralarında fərqliliklər olan, ancaq bir-birləri ilə cütləşə bildikləri üçün eyni növə aid edilən rinqa qağayıları populyasiyaları yaşayır. Arealın iki ucundakı qağayılar fərqlidirlər və cütləşmirlər, iki ayrı növdürlər. Arealın bir ucundan digər ucuna getdikcə, fərqlər kiçikdir və fərqli növ yaratmırlar, ancaq arealın ən sonunda bu fərqlər akkumulyasiya olunaraq ayrı növ yaradıblar.

- Daha aydın olsun deyə, Darvinin kəşfini qısaca necə izah edərdiniz?

- Darvin “Biql” gəmisində 5 illik səyahətə çıxmazdan əvvəl əsas marağı geologiya idi. Geologiya, dünyanın tarixinin düşünüləndən çox daha qədim olduğunu ortaya qoyurdu. O dövrlərdə dünyanın yaşı, ən yaxşı halda bir neçə min illərlə ölçülürdü, - müxtəlif teoloqlar “Tövrat”-da yaradılışdan bu yana sıralanan nəsillərin yaşını toplayaraq bu nəticəyə gəlmişdilər - James Ussher dünyanın eradan əvvəl 4004-cü ildə, 23 oktyabrda yaradıldığı qənaətinə gəlmişdi. Geologiya isə, dünyanın çox uzun müddət ərzində formalaşdığını və müxtəlif geoloji formasiyaların yaşını və formalaşma mexanizmlərini öyrənirdi.

Darvin, Charles Lyellin “Geologiyanın prinsipləri” kitabını özü ilə götürmüşdü və imkan olduqca sahilə çıxıb geoloji formasiyaları müşahidə edirdi. Pataqoniyada tapdığı, nəsli kəsilmiş böyük məməlilərə aid fosillər və Qalapaqos kimi kiçik adalar qrupunda müşahidə etdiyi müxtəliflik onun növlərin müxtəlifliyinin səbəbləri haqqında düşünməsinə stimul verdi. Adalarda ilıq suda yaşayan pinqvinlər, suda üzən kərtənkələlər, polen, ya da toxumlarla qidalanmasından asılı olaraq dimdikləri müxtəlif formalar almış quşları müşahidə etdi, fosilləri və heyvan müqəvvalarını toplayıb İngiltərəyə göndərdi.

Bu gün yaşayan 10 minə yaxın quş, 30 mindən artıq balıq növü var. Növlərin müxtəlifliyini yaradan səbəb nədir? Niyə bu qədər növ var? Niyə daha qədim geoloji qatlarda ancaq qədim canlılara rastlanır? Niyə bu canlıların nəsli kəsildi? Havay adalarında heç məməli növü olmasa da Drosophilia milçəyinin 500-dən artıq növü var. Viktoriya gölündə yaşayan, aralarında genetik olaraq sadəcə 0.4% fərq olan yaxın balıq növlərindən bəziləri yosun yeyir, bəziləri plankton, digərləri böcəklə qidalanır və başqa balıqların embrionlarını oğurlayırlar. İrlandiya maralının, Dodo quşunun, qılınc dişli qaplanın, Griffin böcəyinin, dinozavrların nəslinin kəsilməsinə səbəb nədir? Bütün dünya üzərində canlıların müxtəlifliyini və bütün geoloji tarix ərzində növlərin müxtəlifləşərək həyatda qalmalarını, ya da nəsillərinin kəsilmələrini təkamül nəzəriyyəsi variasiyalar, bunların həyatda qalmaq üçün uyğun olub-olmaması və nəsildən-nəslə ötürülə bilməsi ilə izah edir. Yura dövrünə aid geoloji təbəqələrdə heç vaxt hominin fosilinə rastlanılmır.

- Yerləşmiş düşüncə tərzi ilə uyğun gəlməməsi baxımından...

- Yerləşmiş düşüncə ilə əlaqədar iki məqamı xüsusi vurğulamaq istəyirəm. İlkin olaraq insanların əsrlərlə vərdiş etdikləri düşünmə tərzidir. Heraklit deyirdi ki, hər şey axır, dəyişir. Bu dinamik düşüncənin qarşısında bir də Platonun formlar nəzəriyyəsi var. Platon deyirdi ki, mükəmməl, dəyişməyən formlar var və bilgi xatırlamadır, ruh özü ilə bərabər dünyaya gələrkən bilgini də gətirir. Yeganə bilgi metodu təfəkkürdür, oturub düşünməkdir, xatırlamağa çalışmaqdır. Uaythedin “Qərb fəlsəfəsi Platona dipnotdan ibarətdir” aforizmi, platonik düşüncənin indi də təsəvvür edə bilməyəcəyimiz dərəcədə hakim olduğunu ifadə edir. Bu iki düşüncə uzun müddət mübarizə apardı. Aristotel sonradan Akvinalı Foma tərəfindən kilsəyə də qəbul etdirilən sintezi yaratdı, “Ayın altındakı” və “Ayın üstündəki” dünya bölgüsünü apardı. Ay üstü dünya ideal formlar dünyasıdır, orda efirdən ideal kürələr var, orbitlər ideal dairədir, orda heç nə pozulmur, dəyişilmir, müqəddəs məkandır. Ay altı bölgü isə pozulmanın, dəyişmənin, günahın dünyasıdır. İnsanlar tarix boyu bu ideyalar aləmi ilə əlaqədar olan düşüncəni birinci növ bilik kimi görüb onun üzərinə daha çox düşündülər və dünyanı xor gördülər - dünyəvi bilgi ikinci dərəcəli, əhəmiyyətsiz bilgi sayıldı. Sxolastiklər kabinetlərində oturub dünyanın necə olduğuna dair təfəkkürə dalır, əslində isə necə olmalı olduğunu təbiətə “diktə edirdilər”. Ancaq müəyyən astronomik müşahidələr - Ayın altındakı bölgədən yox, üstündəki bölgədən gəldiyi hesablanan bir meteorit və kainatın dərinliklərində baş verən, işığı 18 ay görünən supernova partlaması Ay üstü bölgənin dəyişməz olmadığını göstərdi. Alimlər “təbiətdən soruşmağa” başladılar. Təbiətin necə işlədiyini anlamaq üçün, müşahidə və təcrübə aparmaq, bunun üçünsə təbiətə və laboratoriyaya getmək, kabineti tərk etmək lazımdır. Renessansın insana və təbiətə antik marağı diriltməsi ilə də birləşdikdə, təbiətin anlaşılması geri dönülməz şəkildə başladı. Kepler göylərin, Qaliley yerin qanunlarını kəşf etdi, Nyuton Yer-Göy fərqini ortadan qaldırıb vahid Kainat nəzəriyyəsini yaratdı. Təsadüfi deyil ki, elmdə sıçrayış Nyuton və Leybnizin inteqral və differensial cəbri yaratmaları ilə gerçəkləşdi. Bu yeni riyazi aparat, sonsuz kiçikləri və daima dəyişən funksiyaları araşdırmağa imkan verirdi - təbiət statik deyil, olduqca dinamikdir. Maraqlıdır ki, Nyuton özü də dünyanın yaşının gənc olduğuna inanırdı, Tövrata dayanaraq bir dünya tarixi yazmışdı, ancaq bunu heç vaxt ictimailəşdirmədi.

İkinci məqam, qlobal ticarətin yayılması, böyük coğrafi kəşflər dövrünün başlaması idi. Coğrafi kəşflər dünyanın böyüklüyü haqqında təsəvvürümüzü genişləndirdi. Siz, bəşəriyyətin tarixin çox uzun dövründə yaşadıqları kimi, kiçik ərazidə yaşasanız, kəlimə ehtiyatınız bir neçə yüz söz, səyahət uzaqlığınız bir neçə yüz kilometr, canlılar haqqında təsəvvürünüz kəndinizdəki bir neçə növ, tarix anlayışınız iki nəsil əvvəldən uzağa getməz. Coğrafiya yer üzü, geologiya zaman, biologiya növlər, antropologiya ənənəvi cəmiyyətlər haqqında təsəvvürlərimizi artırdı. Artıq geoloji, bioloji və ekoloji hadisələrə dünya miqyasında baxmaq lazım olduğunu anladıq. İstənilən mürəkkəb strukturun tarixinə baxsaq, sadədən mürəkkəbə doğru irəliləmə görürük. Həndəsə, bəzi elementar anlayış və postulatlardan, yazı gilə qazınmış bir neçə işarədən, canlılar daha sadə formlardan mürəkkəbə doğru dəyişdi. Problem, uzun zaman ərzində kiçik dəyişikliklərin kümülativ təsirlərini anlamaqda təsəvvürümüzün yetərsiz olmasıdır. Bir şimpanzenin təsadüfən “to be or not to be” yazması üçün lazım olan vaxt, kainatın yaşından çoxdur. Ancaq bir seçici prinsip olarsa, təbii seçmə kimi səhv hərfləri silən bir seçmə, bu cümləni yazmaq üçün sadəcə 4.5 gün vaxt lazım olur.

Lokal düşünsəniz, “Nuh tufanı” əfsanəsinə inanmaqda çətinlik çəkməzsiniz, yaşadığınız ərazidə bir neçə növ müşahidə edərsiniz və bunların bir gəmiyə sığacağına inana bilərsiniz. Ancaq milyonlarla növ var olduğuna görə, hər canlıdan bir cüt yenə milyonlarla canlı deməkdir. Bu qədər canlının yerləşəcəyi, qidalanacağı, təmizliklərinin aparılacağı böyüklükdə gəmi inşa etmək mümkün deyil. XIX əsrin əvvəllərində uzunluğu 100 metrdən artıq olan bir neçə taxta gəmi hazırlandı və hamısı batdı. Ən uzun taxta gəmi 140 m uzunluğunda “Wyoming” idi, hər dəfə taxtalar deformasiya olunurdu və gəmiyə su dolurdu, bu suyu boşaltmaq üçün gəmiyə böyük nasoslar quraşdırdılar, ancaq gəmi özünü doğrultmadı və batdı.

- Yalçın bəy, bayaq sizin də dediyiniz kimi, dünyada nə qədər canlı növü var, ancaq insanın növü birdir. Niyə?

- Hazırda yer üzündə 7 milyarddan artıq insan yaşayır. Dünya əhalisinin sayı, ilk milyarda 200 il əvvəl, XIX əsrin əvvəllərində çatdı. İndiyə qədər bir çox insan qrupunun nəsli kəsildiyi kimi, hazırda nəsli kəsilmək üzrə olan insan qrupları da mövcuddur. İnsanların kütləvi ölümlərinə səbəb aclıq, quraqlıq, təbii fəlakətlər, müharibələr, xəstəliklərdir. Hər belə sınaqdan sonra həyatda qalmağı bacaranlar nəsillərini artırdılar. Bir qrup çoxalması üçün, xarici düşməndən qorunmalı və qida istehsalını təmin etməlidir. Hazırda insan təbiəti çox zaman gələcəkdə onun zərərinə olacaq şəkildə dəyişdirir. Əkinçilik və heyvandarlığın miqyası genişlənir, göllər, şəhərlər salınır, meşələr yox edilir. Paralel olaraq əhali sayı artmağa davam edərsə yeni bir fəlakət qaçılmaz olacaq. Dəyişən şərtlərə daha hazırlıqlı olan insan qrupları həyatda qalacaq. Maraqlıdır, həm Darvin, həm Wallace Malthusun əhalinin həndəsi, qida istehsalının ədədi silsilə ilə artdığını iddia edən məqaləsindən təsirlənmişdilər. Ancaq bir zamanlar insan qida zəncirinin aşağılarında idi və mühitin və genetik mutasiyalarının ümidinə qalmışdı. Modern insan növü 200 min il əvvəl ortaya çıxdı, başqa növlər də mövcud idi. 30 min il əvvəl Avropada Neandertallar, Asiyada Denisovanlar və Homo floriensislər yaşayırdı. Siyahıya son əlavə olunan Cənubi Afrikada tapılan Homo Naledi hominin fosilidir. Yox olma səbəbləri müxtəlifdir, kimisi vulkan püskürməsinin atmosferə buraxdığı kükürd, kimisi ani iqlim dəyişikliklərinə uyğunlaşa bilməmək səbəbi ilə yox oldular, adaptasiya ola bilmədilər. Ancaq həyatda qalan yeganə hominin növünün uğur hekayəsini güman ki, böyük beyinə - dilə, simvolik düşünməyə, əməkdaşlıq və planlamaya imkan verən bu orqana borcludurlar. Beyin olmasa idi insan sadəcə instinktlərinə güvənə bilərdi. İnsan beyninin ən yeni qismi neokorteksdə əllərin və dilin istifadəsinə geniş yer ayrılıb. Bu həm dilin və əllərin istifadəsinin yeni uğur olduğunu göstərir, həm də məhz bu yeniliyin insanı həyatda saxladığını bildirir. İnsanı digər homininlərdən fərqləndirən böyük beynidir. “Kortikal hominculus” təmsilləri neokorteksdə əllərin və dilin istifadəsinə ayrılmış yerin genişliyini yaxşı vizuallaşdırır. ASPM genindəki mutasiya beynin kiçik qalmasına, mikrosefalik olmasına səbəb olur.

Alimlər insanlar şimpanze genləri arasındakı fərqli gen sektorlarını siçan embrionuna enjektə etdikdə, embrionda əllərin inkişafı sürətlənir. Əsas məsələ, əl və dil ilə beyin bölgələri arasında qarşılıqlı əlaqədir. Neandertalların da beyni böyük idi, ancaq daha ağır bədəni kontrol edirdi və görmə funksiyasına daha çox yer ayrılmışdı. Bir hipotezə görə Neandertallar Homo Sapienslərlə mübarizəni uduzdular. Homo Sapienslərdə Neandertal genləri mövcuddur, digər tərəfdən Sapienslərlə Neandertallar arasında şiddətli mübarizə olduğuna dair də mülahizələr var. Ola bilsin ki, ilk başda eyni arealda yaşamağa və evliliklər etməyə başladılar, ancaq evliliklər uğurlu alınmadığı üçün düşmənçilik başladı və daha böyük qruplarda yaşayan Homo Sapiens daha kiçik qruplarla yaşayan və daha sadə alətlərə sahib olan Neandertalların nəslinin kəsilməsinə səbəb oldular. Homo Sapiens taleyini öz əlinə almadan əvvəl sadəcə instinktlərinə güvənə bilərdi və uğurunun səbəbi bir neçə faydalı mutasiyadır.

- “Növlərin mənşəyi” neçənci ildə nəşr olundu?

- Darvin səyahətdən qayıtdıqdan sonra uzun müddət müşahidələrini ümumiləşdirmək haqqında düşündü və kitabını yazmağa başladı. Ancaq kitabın doğuracağı nəticələr onu narahat edirdi. Asiyada araşdırmalar aparan Alfred North Wallace adlı naturalistin Darvinə göndərdiyi uzun məqalə qəti qərar verməsinə səbəb oldu, məqalədə Wallace oxşar nəticələrə gəlmişdi, Darvin “mənim kitabımın ən yaxşı xülasəsi” dediyi məqaləni öz yazısı ilə birgə Linneaus Dərnəyinə təqdim etdi. Nəzəriyyənin açıq müdafiəsi və populyarlaşdırılması işini, əleyhdarlar tərəfindən “Darvinin iti” deyə çağrılan Tomas Haksli öz üzərinə götürdü. Maraqlıdır, həm Darvin, həm də Wallace və Haksli uzun dünya səyahətlərinə çıxmış, dünyanı bir bütün və fərqlilik məkanı olaraq görə bilmiş naturalistlər idi.

Darvin müşahidələrini ümumiləşdirib “Təbii seçmə üsulu ilə növlərin mənşəyi” başlığı ilə çap etdi. Növlərin dəyişməz olduğu inancının səhv olduğunu və insanın primatlarla ortaq əcdada sahib olmasını açıqlaması “bir cinayət etirafı” təsiri doğuracağını düşünürdü.

Darvin ciddi bir alim olaraq nəzəriyyəsinin təsdiqini tapması üçün, çoxsaylı ara keçid formlarının tapılmalı olduğunu, növlərin yaranması mexanizminin açıqlanmalı olduğunu qeyd etdi. Darvinin zamanından bu yana xeyli ara keçid formları tapıldı, Mendel statistik genetika təcrübələrini apardı, Fisher və Dobjanski təkamülün genetik mexanizmini açıqlayaraq modern sintezi yaratdılar. Dəyişikliklərin yer aldığı irsiyyət vahidi olan genlərin quruluşu açıqlığa qovuşduruldu.

Başqa çətinlik isə, o zaman yerin yaşının az olduğunun düşünülməsi idi, Lord Kelvin yerin yaşını 20 milyon il olaraq hesablamışdı. Darvin, “bir də xəyalət kimi Lord Kelvin ortaya çıxdı” deyə yazmışdı bir məktubunda. Ancaq Ernest Rezerford Kelvinin hesablamasının səhv olduğunu və radioaktivlik hesablarının yerin yaşının daha qədim olduğunu göstərdi. Yerin yaşı milyard illərlə ölçülməyə başlandı. Canlıların bir tarixi olduğu anlaşıldı və bu tarix öz naturalistik kontekstinə yerləşdirilmiş oldu. Kainatın bir tarixi var - 14 milyard il əvvəl Böyük partlayışla yarandı və bütün istiqamətlərdə genişlənməkdədir. Sübutu mikrodalğa arxa fon radiasiyası və qalaktikaların işıqlarının qırmızı rəngə sürüşməsidir. Qara dəliklər toqquşur, ulduzlar enerjilərini itirib çökür, kvazarlar partlayır. Yer kürəsinin bir tarixi var - 4.5 milyard il əvvəl yaranıb. Sübutu Kanada və Avstraliyadakı qədim qayalıqlarda, zirkon kristallarının daxilindəki uranın qurğuşuna çevrilmə müddətinin ölçülməsidir. Bir zamanlar Pangea adlı süperqitə Qondvana və Laurasiyaya ayrıldı, dağlar yüksəldi, vulkanlar partladı, şiddətli zəlzələlər oldu, yeni geoloji qatlar yarandı. Oxşar olaraq canlılar aləminin də bir tarixi var və bu tarixi bizə təkamül nəzəriyyəsi izah edir. Nə Zenonun paradoksları, nə də Platonun ideal formları uyğun yanaşma deyil, kainat Heraklitin dediyi kimidir: hər şey dəyişir. Dəyişməyənlər, adaptasiya olmayanlar fosilləşir. Dinozavrlar kimi.

- Dinozavrların ölümünün səbəbi nə idi?

- Səbəb kimi 66 milyon il əvvəl nəhəng bir asteroidin yerə çarpması fərziyyəsini irəli sürmüşdülər. 180 km genişliyindəki Chicxlub krateri bu zərbənin təsiri ilə yarandı. Kraterdəki iridium ölçmələri burda iridiumun miqdarının dünya ortalamasından 1000 dəfə artıq olduğunu göstərdi. İridium nadir elementdir və bu qədər konsentrasiyası ancaq kosmosdan gəlmiş ola bilər. Bu toqquşma günəşin qarşısını kəsən nəhəng toz buludu yaradıb qış effekti yaratdı, o dövrdəki canlıları 75% məhv oldu.

Başqa dəyişikliklərin də təsiri olmuş ola bilər - 300 milyon il əvvəl yaşamış çəyirtkəyə oxşar qanadlı həşəratlar vardı, o zaman atmosferdə oksigen indikindən çox olduğu üçün bu çəyirtkələr nəhəng idilər və qanad uzunluğu 70 sm idi. Oksigen miqdarı bədən ölçüləri üçün üst limit müəyyən etdiyinə görə, atmosferdə oksigen azaldıqca nəhəng canlıların nəsli kəsildi. Bu fərziyyəni yoxlamaq üçün 31% oksigen olan mühitdə normal tarakanlardan daha böyük olan tarakanlar yetişdirildi. Hazırda atmosferdə oksigen miqdarı 21%-dir.

66 milyon əvvəl axırıncı dinozavr ölüb. Ən qədim hominin fosili bir neçə milyon illikdir. Arada qalan milyonlarla il ərzində nə baş verib?

- Nə baş verib?

- Bəzi canlılar yox olub, yeni növlər yaranıb. Dəqiq olan odur ki, bütün canlıları eyni anda və indiki formada yaranması doğru olsaydı, bu qədər uzun zaman nə üçündür sualı cavabsız qalır.

- Fosillərlə bağlı dindarların...

- Dindarlar yox, yaradılışçılar deyək...

- Yaradılış tərəfdarları. Onlar deyirlər ki, Darvinin dediyi ara fosillər tapılmayıb.

- Necə tapılmayıb? Bunu araşdırmaq çox çətin deyil. Qarşınıza uzun bir ara form siyahısı çıxacaq. Archaeopteryx, Sphecomyrma, Tiktaalik, Pakicetus, Homo Heidelbergensis, A. Ramidus, A. Afarensis vs. Kifayət qədər ara keçid formları tapılıb, tapılmaqdadır. Yaxınlarda Pataqoniyada 60 min kvadrat kilometr ərazidə böyük qazıntı işlərinə başlanıldı. Getdikcə tarixlər dəqiqləşəcək, formların sayı artacaq, həyat ağacının mənzərəsi tamamlanacaq. Yaradılışçılıq elmi nəzəriyyə deyil, dinin yeni görüntüdə elmə mane olma cəhdidir. Arxalarında Amerikanın “Discovery İnstitutu” adlı, məqsədi elmi nəzəriyyələri dini yanaşmalarla əvəz etmək və dolaylı olaraq siyasətə təsir etmək olan mühafizəkar düşüncə quruluşu dayanır. Bunlar əvvəllər təkamül nəzəriyyəsinin tədrisini qadağan etmək istəyirdilər. Bu alınmadıqda yaradılış nəzəriyyəsinə də təkamülün tədrisinə sərf olunan qədər vaxt verilməsini istədilər, kampaniyalar aparıb məhkəmələrə müraciət etdilər. 1986-ci ildəki belə kampaniyalar zamanı Nobel mükafatı laureatı Murray Gell-Mann və 72 başqa Nobel mükafatçısı və 24 elmi quruluş ABŞ Ali Məhkəməsinə imzaladıqları bəyanatı göndərib, yaradılışçılığın elmi nəzəriyyə olmadığını, məqsədinin xristian ideyalarını yaymaq olduğunu bildirdilər. İndiyə qədər başqa heç bir mövzuda bu qədər çox Nobel mükafatı laureatı bəyanat imzalamayıblar. Bəyanatda deyilirdi: “Dini ideyaları “elmi” etiketi ilə tədris etmək gənclərimizi elmi maraq mövzusunda səhv istiqamətləndirib təbiət fenomenləri ilə təbiətüstünə inanc arasında fərq qoyma gücündən məhrum edəcək”.

- Deyirlər ki, genlər nəsildən-nəslə ötürülür və dəyişmir...

- Laboratoriya şəraitində, E.coli bakteriyasının streptomitsin adlı antibiotikə dayanıqlı və qidalanmaq üçün histidin adlı amin turşusuna ehtiyac duymayan mutasiyaları əldə edilir. Vərəm bakteriyası və QİÇS virusu mutasiya edir, mövcud antibiotik və vaksinlərdən təsirlənmir. Darvinin Qalapaqosda müşahidə etdiyi quşlardakı mutasiyaları Princeton Universiteti bioloqları Rosemary və Peter Grantlar yenidən müşahidə etdilər, üstəlik quşların dimdiklərindəki fərqə cavabdeh olan gen də müəyyənləşdirildi - HMGA2 geni.

Genetik mutasiya yoxdursa, 6000 genetik xəstəliyin səbəbi nədir? Mükəmməl yaradılmış dünyada genetik Turner sindromunun, ya da Tay-Sachs xəstəliyinin izahı nədir? Bunlar zərərli mutasiyalardır. Neytral mutasiyalar olduğu kimi faydalı mutasiyalar da var. Məsələn, immunitet sisteminin B-hüceyrələri sümük iliyində bölünərkən bu hüceyrələrin antigen reseptorlarını yaradan genləri mutasiya edir və nəticədə bu reseptorlar sayəsində immunitet sistemi minlərlə antigenə qarşı mübarizə qabiliyyəti yaradır. Mutasiya nə qədər çox olarsa, immunitet sistemi o qədər hazırlıqlı olur.

“Mutasiya yoxdur” deyənlərin nə metodları, nə laboratoriyaları yoxdur, təcrübə aparmazlar. Bu gün elmdə hansısa sual cavabsızdırsa, bu sizin “cavabınızın” doğru olduğu mənasına gəlmir. Keçmişdə onları haqlı çıxaracaq cavabları olmadı, elm isə öz səhvlərini düzəltmə, özünü tamamlama funksiyasına sahibdir. Elmdə səhv nəzəriyyələr də olub, ancaq bunlar elmdəki “təbii seçmə”-yə dayanmayıb ələniblər. Bir zamanlar hominculus, humus, flogiston, sinir mayesi kimi səhv nəzəriyyələr var idi, bunları elmi metod ələdi, fəlsəfə ya da din deyil. Riyaziyyatda Ferma problemi 350 il sonra, Puankare problemi 100 il sonra həll olundu. Heyzenberq kvant fizikası qurulduğu dövrlərdə Borla mübahisələrini xatırlayır və gecələr parkda “Təbiətin, kvant mexanikasının göstərdiyi kimi absurd olması mümkündürmü?” deyə saatlarla düşündüyünü yazır. Hazırda bütün elm sahələrində cavablarını gözləyən suallar var, elmi suala elmdən kənarda cavab yoxdur.

- Harun Yəhyanın irəli sürdüyü ideyalara necə baxırsınız, bəs?

- Elə ciddi ideyaları yoxdur ortada. Amerika mənşəli, əvvəllər “kreasionizm”, sonralar “intelligent dizayn” adlanan cərəyanın iddialarını Türkiyədə və Azərbaycanda yayır. Analogiya, insan əsərləri ilə kainat arasında əlaqə qurub saatın bir yaradıcısı olduğu kimi kainatın da bir yaradıcısı olduğunu sübut etməkdir. Analogiya ilə nəzəriyyə qurulmaz, bir nəzəriyyənin faktları, sübutları olmalıdır. Falsifikasiya oluna bilən hipotezlər irəli sürməlidir.

İntelligent dizayndan danışarlar, ancaq 6000 genetik xəstəlikdən, növlərin yox olmalarından, yeni növlərin yaranmalarından danışmazlar. Vilyam Ceyms deyirdi ki “tarix qan vannasıdır”-tarixdəki ən davamlı, ən ciddiyə alınmış fəaliyyət müharibələrdir. Milyonlarla uşaq və böyük öldürüldü, kölələşdirildi, işgəncələr gördülər. Konkistadorların Amerikanı işğalı vəhşilik tarixidir, ancaq yerli qəbilələr də bir-birlərinə qarşı az vəhşilik etməmişdilər. Kolumbun Amerikaya gəlməsindən əvvələ aid edilən toplu məzarda qətl edilmiş yüzlərlə uşaq və böyük cəsədi tapılıb. Amerika Yaponiya atom bombası atıb minlərlə insanı öldürdü, ondan əvvəl yapon ordusu Çində minlərlə insanı vəhşicə öldürmüşdülər. Bütün bunları bir tək şeytanın yoldan çıxarması ilə izah etmək mümkün deyil. Necə olur ki dünya üzərinə səpələnmiş minlərlə böyüklü-kiçikli insan qruplarının həqiqət anlayışı olduqca fərqli ikən, şiddət metodları demək olar ki, eynidir?

Onlar elmi terminlərdən istifadə edərək, gözəl təbiət mənzərələrindən yararlanaraq öz düşüncələrini təbliğ edirlər. Elmin belə şərhlərə ehtiyacı yoxdur, nə də belə şərhlərin elmə bir xeyri yoxdur. Çünki elm elə bir institutdur ki, milyonlarla insan araşdırmalarıyla, laboratoriyada təcrübələrlə, riyazi modellərlə suallara cavab axtarır, yeni suallar qoyur, bunu elmi jurnallarda dərc edir, konferanslarda müzakirə edirlər.

Heç tutaq ki, bu gün elm mövcud deyil, gen-bol istifadə etdiyiniz terminlər, şəkillər, animasiyalar icad olunmayıb. Bir aborigenə ya da elmi terminlərdən xəbəri olmayanlara düşüncənizi necə izah edəcəksiniz? Burda Platonun təsiri yada düşür, ideal formlar. Bütün cavabların verildiyi ideal bir sistem anlayışı. Elm “mükəmməl” olmaq iddiasından çox uzaqdır. “Mükəmməl”-ə çatdığını düşündüyü an inkişaf dayanır. Hər zaman yeni suallar və tam izah olunmayan fenomenlər var. Zamanı gəldikdə bunları yenə elm cavablayacaq. Çünki elmdə rəqabət, təcrübə, metodologiya, hesablamada xəta payı, açıq müzakirə praktikaları var. Bu da elmin inkişafını təmin edir. Elmdə həllini gözləyən suallar var, xüsusilə fiziki və bioloji dünyanın başlanğıcına dair nəzəriyyələr təkmilləşdirilməlidir. İlkin şərtlər bizim zaman, məkan, enerji, kütlə anlayışlarımızın sərhədini çox aşır, ekstremal şərtlər yaranır. Başlanğıca getdikcə dəqiqlikdən uzaqlaşır, hələ ki məntiqli təxminlər ortaya qoya bilirik. Ancaq indi yaxşı təsdiqlənmiş nəzəriyyələr də bir zamanlar məntiqli təxminlər idilər. Texnologiya inkişaf edib yüksək enerjili sürətləndiricilər qurulduqca dünya haqqında təsəvvürlərimiz dərinləşdi. İlk şərtləri laboratoriyalarda daha yaxşı formalaşdırdıqca təsəvvürlərimiz daha da aydınlaşacaq. Elm çox gəncdir, elm tarixini Şumer ya da Yunan sivilizasiyası ilə başlamaq insanlarda elmin 4000 il yaşı olduğu səhv təəssüratını yaradır. Elm inqilabı 1543-də Kopernikin “Göy cisimlərinin hərəkəti” əsəri ilə başlayıb, 1687-ci ildə Nyutonun “Prinsipia” əsəri ilə tamamlandı. Bu inqilab sadəcə mexanika sahəsində idi. Ancaq bu təkanın molekulyar-kinetik nəzəriyyə, elektromaqnit nəzəriyyəsi, kvant mexanikası, nisbilik nəzəriyyəsi kimi nəzəriyyələrə ilham verməsi üçün əsrlər keçməli idi. “Science” sözü ilk dəfə 19-cu əsrin əvvəllərində işlədilib. Dövlətlərin maliyyələşdirdiyi “Böyük elm” (Big science) təşəbbüsü isə İkinci Dünya müharibəsindən sonra geniş yayıldı. Elmdə, maliyyəti milyardlarla dollar olan layihələri ancaq dövlətlər maliyyələşdirə bilər, maliyyət artdıqca həvəskar naturalistləri professional alimlər əvəz etdi. Kvant mexanikasının yaranmasının 100 ili hələ tamam olmayıb. Higgs bozonu və qravitasiya dalğaları daha dünən müşahidə olunub.

Sizə bir əhvalat danışım. Küçədə, əllərində bəzəkli kitablar, jurnallar olan iki missioner yaxınlaşmışdı. Onlar mükəmməl yaradılışdan danışırdılar, rəsmlər göstərirdilər. Ancaq yaxın keçmişdə indi təbliğat üçün istifadə etdikləri günəş sistemi modeli üçün kilsə insanları öldürüb, işgəncə verib, ev həbsinə göndərib. Bu gün bu qədər diş həkimi, göz həkimi, kardioloq varsa, hansı mükəmməl yaradılışdan danışırsız? Revmatizma ya da əsəb xəstəliklərinin, göz və mədə bağırsaq xəstəliklərinin bu qədər növü var, xərçəng insanlığın bəlasıdır - mükəmməllikdən danışırlar. Bir insan bir ay şəxsi gigiyenasının qayğısına qalmasın, mükəmməllikdən nə qədər uzaq olduğu görən kimi bilinər. Elm təbiətin səhvlərini düzəltməklə məşğuldur. Əlbəttə, təbiətə elmin tətbiqi ilə az ziyan da vurulmayıb. İnsan təbiəti düzgün anlaşılmasa, problemlərin səbəbi kimi “şeytanın yoldan çıxarması” göstərilsə, instintkləri doğru tanınıb ərazi, təbii sərvət, əyləncə acgözlüyünü əhilləşdirməsə təbiəti və özünü məhv edəcək. Psixoanalizin məqsədi, insanı narahat edən, ancaq özünün tanıya bilmədiyi psixoloji problemləri ona göstərməkdir. Problemin qaynağı bilindikdə onu həll etmək daha asan olur. Eyniylə insan təbiəti və onun təbiətə və özünə vurduğu zərərlərin səbəbi anlaşılmadan bir həll gözləmək mümkün deyil. İlk addım “bioloji aydınlanma” olmalıdır.

- Rasselin məşhur fikri var: “Elm var, din var və onların arasında bir torpaq sahəsi var ki, o fəlsəfədir”. Aydındır ki, elm daha çox təcrübəyə, din isə inanca əsaslanır. Yəni sizcə, dinin elmə müdaxilə cəhdinin səbəbi nədir?

- Bizim beynimiz təbiəti öyrənmək üçün ortaya çıxmayıb. Beynimiz həyatda qalmaq üçün mövcuddur, elm uzun inkişaf yolu keçdikdən sonra əldə etdiyimiz bacarıqdır. Din təkamülü izah edə bilməz, ancaq təkamül dinlərin yaranmasını izah edə bilir. Yer üzündə 4200 din var, bu din mənsublarının mütləq əksəriyyəti öz dinlərinin mütləq həqiqəti dediklərinə inanaraq həyatlarını başa vururlar. Dinlər, insanın həyatda qalmasına kömək edir. Ancaq dinin funksiyasını genişləndirib onu elmə və siyasətə üstün etmək istədikdə bu səhv adaptasiya olur, həyatda qalmağa, dövrlə ayaqlaşmağa mane olur. Yoxsa, müxtəlif dövlətlər başqa dövlətlərin əhalisinə onları çox sevdikləri üçün din təbliğ etməzlər. Məqsəd hədəf cəmiyyətlərin həyatda qalma, öz kimliyinə sahib olma, arealını müdafiə etmə instinktlərini zəiflətməkdir. İnsan ölümün son olduğunu asanlıqla qəbul edə bilmir. Bizim instinktlərimiz bizə yaşamağı və çoxalmağı əmr edir. Dinlər isə davamlılığın ölümdən sonra da olacağı sözünü verirlər. Ölüm heç vaxt insana təbii gəlmədi, əksəriyyət gənc yaşda, müharibələrdə, aclıqdan, xəstəliklərdən, vəhşi heyvan hücümlarından öldülər. Dinlər ölüm qorxusundan yaxşı istifadə edirlər. Dinin cəmiyyətdə və fərdi həyatda müsbət funksiyaları var, ancaq uzağa gedən iddialar ortaya qoymamalıdır. Bir sferada adaptiv olan inanc, başqa sferada inkişafa mane olur. Din, fəlsəfə və elmə gəldikdə isə, ölçülə bilən parametrlərdən istifadə edərək təcrübədə sınana bilən hipotezlərə sahib, dünyanın işləyişinə dair nəzəriyyələri ancaq elm ortaya qoya bilər. Elmi metoddan başqa bilgi əldə etmə yolu yoxdur, digərləri arzuları və qənaətləri bilgi kimi qəbul etdirməyə çalışırlar.

- Siz həmişə elmi müdafiə edirsiniz. Bir maraqlı fakt deyim. Səhiyyə komitəsinin sədri bir dəfə dedi ki, biz süni mayalanma ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsindən icazə almalıyıq.

- Biz dini ölkə deyilik axı, sekulyar dövlətik. Üstəlik süni mayalanma hamıya məcbur edilmir, sadəcə icazə veirlir. Dinin sahib olduğu sadəcə “halal-haram” kriteriyasıdır. Tibb təkamül məqsədlərinə xidmət edir-çoxalmağa və həyatda qalmağa kömək edir. Dinin avtoritetini bütün sahələrə genişləndirmək cəhdi zərərlidir. Bu gün insanlarda peyvəndin zərərli olduğu düşüncəsi formalaşır, müxəlif komplo nəzəriyyələri uydururlar. Peyvənd onlarla xəstəliyi tarixə çevirdi. Qərbdə uşağını peyvənd etdirməyənlər cinayət məsuliyyətinə cəlb olunurlar, dini səbəblərlə peyvəndi rədd etməklə uşaqlarının ölümlərinə səbəb olan valideynlər var. Tibb üçün dindən icazə almaq nə deməkdi? Biz hara gəlib çıxmışıq?

- Düzdü, nəzəriyyələrin əleyhinə bir nəzəriyyə yaranmayıb, daha çox onu genişləndirən nəzəriyyələr ortaya çıxıb. Ancaq ola bilərmi ki, Təkamül nəzəriyyəsinin əleyhinə nəsə yarana?

- Əleyhinə yarana bilməz. Bu gün təkamülün izah edə bilmədiyi suallara cavab verməli və təkamülün izah etdiklərini də etməlidir.

Çünkü təkamül elmi nəzəriyyədir. Müqayisəli anatomiyadan, paleontologiyadan, genetikadan, beyin araşdırmalarından gələn sübutları da izah etməlisiz. Növlərin ayrılma tarixini müəyyən etmək üçün yeni yaradılan “molekulyar saat” metodu, paleontologiyanın ortaya qoyduğu tarixləri təsdiqləyir. Siz bu iki metodun göstərdiyi, üst üstə düşən tarixi də yeni nəzəriyyə ilə açıqlaya bilməlisiniz - 25 milyon il əvvəl ayrılan növlərdə 7.3%-lik, 12 milyon il əvvəl ayrılan növlərdə 3.6%-lik DNA fərqi var.

Fizikadan misal versək, nisbilik nəzəriyyəsi daha çox izah gücünə sahibdir. Amma Nyuton mexanikası da səhv deyil, çünkü bu mexanika ilə körpülər tikilir və kosmosa uçuş aparatları göndərilir. Ancaq nisbilik nəzəriyyəsi aşağı sürətlər və kiçik kütlələrdə Nyuton mexanikasının yaxşı bir nəzəriyyə olduğunu gəstərir. Böyük sürətlər və kütlələrdə həm Nyuton mexanikasını aşır, həm də daha dəqiq izah verir.

- Yəni bu qədər problem var...

- Ən ciddi sübutlardan biri beynin quruluşudur. Yəni biz beynimizin ibtidai hissələrini digər canlılarla paylaşırıq. Məsələn, kiçik beyin - serebellum var - hərəkəti idarə edir. Ancaq insanı insan edən əsas faktorlardan biri - əmək alətlərinin yaradılması üçün tələb olunan incə əl bacarıqları beynin neokorteksi tərəfindən koordine edilir.

- Yalçın bəy, insanları qıcıqlandıran üç nəzəriyyə var: biri yerin mərkəzdə olmadığı, ikincisi, Darvinin, üçüncüsü isə Freydin nəzəriyyəsi. İnsanlar qürurlarına sığışdıra bilmirlər ki, onlar canlılarla ortaq keçmişi paylaşırlar.

- Əlbəttə, hər bir insan öz keçmişi haqqında yüksək fikrə sahib olur. Hətta Avropa ilk dəfə böyük primatlar sərgilənəndə insanlar narahat olmuşdular. Kraliça Viktoriya da demişdi ki, “rahatsız edici şəkildə bizi xatırladırlar”. Təbii ki, bizim antroposentrik (növ eqoizmi) və fərdi eqoizmimiz var. İnsanlar tanrıları öz təsəvvürlərinə uyğun yaradırlar. Dinlər deyir ki, insan göydən düşmüş, cənnətdən qovulmuş bir mələkdir. Təkamül isə deyir: biz yüksəlmiş primatlarıq. İnsanlar özlərini digər qruplardan üstün hesab etdikləri üçün tarix boyu bir-birləri ilə müharibələr aparıb, ağlasığmaz işgəncələr törədib. Hər insan öz nəslini, kəndini, rayonunu, millətini, dilini ən yaxşı hesab edir. İnsanın özünü mərkəzə qoymaq iddiası var, ona görə də Yeri mərkəzdə hesab edirlər. Din də deyir ki, biz dünyanı insana görə yaratmışıq. Beləcə, insan eqosunun şişirdilməsi baş verir. Dinlər bir tərəfdən insanları ucaldır: onlar digər canlılardan üstündürlər, cənnət onları gözləyir, düşmüş mələklərdirlər. Digər tərəfdən onları qorxudur: yoldan çıxa bilərlər, şeytana qarşı müdafiəsizdirlər. Günahkar insanın cənnətə gedən yolunun dindən keçdiyini iddia edirlər. Əvvəlcə günahı təlqin edib sonra resept yazırlar.

Düşmüş mələklərin, ilahi planın bir hissəsi olmaq yerinə yüksəlmiş primat olma ehtimalı insanları dəhşətə salır. Elm həmişə sadə modellərlə işə başlayır. Tutaq ki, atom fizikasında bu hidrogen atomudur. Ya da qravitasiya nəzəriyyəsi üçün ayın yerin ətrafında dönüşü. İnsanlar üçün sadə model nə ola bilər? Bu qədər ekoloji fəlakət, müharibələr, dəhşətlər şeytanın işidir? Yoxsa insanın kontrolsuz, doymaq bilməyən instinktlərinin? II Dünya Müharibəsindən sonra primotologiya sahəsində ciddi irəliləyiş baş verdi. Şimpanzelərin əmək aləti istifadə etdiyi, aynada özünü tandıqları, ət yemələri müşahidə olundu. İnsanlar primatlar arasında bütün parametrlər üzrə sadəcə dərəcə fərqi var. Şimpanzelər də iqtidar axtarır, bunun üçün müxtəlif oyunlar qurur, ərazilərini müdafiə edir, qrup halında başqa qrupların areallarını işğal edirlər.

- Yalçın bəy, doğurdanmı biz meymundan yaranmışıq?

- İnsan yaxın tarixdə primatlarla, uzaq tarixdə digər bütün canlılarla ortaq mənşəyə sahibdir. İnsan şimpanze, bonobo və qorilla ilə çox yaxın qohumdur. Siz insanla şimpanzenin hemoqlobinlərinin fərqini görə bilməzsiniz, qana qırmızı rəng verən oksigen daşıyıcı molekul hemoqlobinin bütün 287 alt-qrupu şimpanzeninkilərlə eynidir. Genetik yaxınlığımız 98.5%-dir. Qan qrupumuzdakı Rh faktoru, rezus meymunlarından əldə edilən plazmada identifikasiya edildi.

- Amerikada bir müəllimi Təkamül nəzəriyyəsinə görə məhkəməyə çıxarmışdılar: “Meymun məhkəməsi”. Sovetlər bunu təbliğ edirdi, ancaq Amerika yox. Onda Təkamülü belə izah edirdilər: insan insandan keçir. Ancaq “Homosapiens” kitabında deyilir ki, Yer üzərində 10-15 insan növü yaşayıb. Bu sonradan olub?

- İndi təkamülün tək xətt üzrə getmədiyini, daha çox budaqlandığını və bəzi budaqların quruduğunu qəbul edirlər. Bir çox hominin növü olub, sadəcə modern insan həyatda qala bilib. Biz Homo habilis, Homo ergaster, Homo sapiens xətti üzrə inkişaf etdik, Homo rudolfensis, P. Boisei kimi budaqların isə davamı olmadı.

Beynin böyüməsinə paralel olaraq, şüur sonralar meydana çıxıb, insanlar uzun müddət instinktlərlə yaşayıb. Təkamül psixologiyasındakı son araşdırmalar, “rasional insan” modelini ciddi şübhə altına alır. Kişilərə qadın şəkilləri göstərilir, onlar fərqində olmadan böyük göz bəbəkləri olan qadınları daha cazibədar olaraq dəyərləndirirlər. Qadınlar hansı kişilərdən xoşları gəlir? O kişidən ki, onların immunitet sistemi güclüdür. Kişilər isə o qadınları seçir ki, onların ostrogen hormonu daha çoxdur, yəni qadının doğurqan olmasına diqqət yetirir. Şüura çıxmadan əvvəl beyində bir çox şüuraltı proseslər gedir. Prosopaqnozia xəstələri üzləri tanımırlar. Üzdən tanımadqları halda, yaxın adamla qarşılaşdıqda, dərilərinin elektrik keçiriciliyi ani artış göstərir. Demək ki, tanıyan şüuraltı mexanizm var, ancaq gördükləri adamın kim olduğunu şüura çıxara bilmirlər.

- Təkamül nəzəriyyəsini insanlar niyə anlamaqda çətinlik çəkirlər?

- Məncə, tənbəllikdəndir. O qədər müxtəlif suallar yaranır ki, bunları araşdırmaq xeyli vaxt aparır. Ancaq dində bu çox asandır. Beyin konfortudur. Asan cavablar var, bu cavablara inandığınız üçün sizə mükafat belə vəd olunur. Din elmlə heç vaxt mübahisəyə girməməlidir. Dinin fəaliyyət sahəsi etikadır. Elm isə davamlı şəkildə özünü yeniləyir. Məşhur “Piltdoun” fosili hadisəsi var, saxta fosil idi, ancaq çox inandırıcı idi, bir çox alim bu kəşfə sevinsə də, fosilin saxta olduğu yenə alimlər tərəfindən ortaya çıxarıldı. Uşaqlıqdan sevməsəniz, elm sizə çox yorucu gələcək, insanlar dünyanın olduğu kimi deyil, olmasını istədikləri kimi düşünürlər.

- Elə bil dindarların əvvəlki hakimiyyəti əllərindən alınıb. İndi insanlar daha çox elmə əsaslanırlar, dinə isə əxlaq kitabı kimi baxırlar.

- Məncə, yox, kimiləri inananları istismar etmək, kimiləri siyasətə təsir etmək üçün dinləri təbliğ edirlər. Problem dini funksional, faydalı ola biləcəyi sahənin xaricinə genişləndirməkdir. Bu gün əsas risk, öz düşüncəsini təbliğatçılara qeydsiz-şərtsiz təslim etməkdir. Bir gənc özü araşdırmadan, bir sahənin mütəxəssislərinin həmrəy olduğu, elmdən kənar şəxslərin isə qarşı çıxdığı mövzularda, mütəxəssis olmayanlara inanmaq mövzusunda ehtiyatlı olmalıdır. Sizə “həqiqətləri” deyənlər, o həqiqətlərdə öz maraqlarını təmin edirlər. Təkamül nəzəriyyəsini araşdırmaq istəyən gənclər aşağıdakı qaynaqlara müraciət edə bilərlər:

Ədəbiyyat siyahısı

1. Yuval Noah Harari, “Sapiens”

2. Carl Zimmer, “Evrim-bir fikrin zaferi”

3. Frans de Waal, “İçimizdeki maymun”, “Bonobo ve ateist”, “Köken ağacı”

4. Jared Diamond, “Üçüncü şempanze”, “Tüfek, mikrop, çelik”, “Çöküş”

5. David Sloan Wilson, “Herkes için evrim”

6. Francisco Ayala, “Evrim-kullanım klavuzu”

7. Daniel Dennet, “Darvinin tehlikeli fikri”

8. Edward Wilson, “Yeryüzünün sosyal fethi”

9. NTV, “Hayat kitabı-zamanın büyük bilimcileri ile söyleşiler”

10. Robert Winston, “İnsan içgüdüsü”

Qan Turalı

Ayxan Ayvaz

# 7981 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #