Sabirin atası şiəliyə görə həbsdə yatmış, sürgün edilmişdi ARAŞDIRMA

Sabirin atası şiəliyə görə həbsdə yatmış, sürgün edilmişdi ARAŞDIRMA
9 iyul 2013
# 07:45

Layihə: Bizə yalan söylədilər

XIX əsrin birinci yarısında Şamaxı böyük şəhər sayılırdı, quberniyanın mərkəzi idi.

Bu, 1859-cu ilə qədər davam etdi, şiddətli zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürüldü.

Şamaxıda həm sünnilər, həm də şiələr yaşayırdı.

Onlar arasında daim nifaq və düşmənçilik olurdu.

Hacı Tahir sünni idi.

Peşəsi qaratikan kötüyündən çubuq və qəlyanbaşı düzəltmək idi, çöpçülük də edirdi.

Sünnilər arasında hörmətli adam sayılırdı, iki oğlu vardı, Zeynalabdin kiçiyi idi.

Böyük oğul atanın meyarlarına görə üzüyola idi, amma kiçiyi yola gəlmirdi.

Bir işin ucundan yapışmırdı, şiələrin məşhur musiqiçisi Mahmud ağanın məclislərinə gedirdi.

Bunun üstündə üzü danlanırdı, amma Zeynalabdin atasını daha çox əsəbiləşdirəcək şeylər tapıb onları edirdi.

Bütün bu avaraçılığa dözmək olardı, oğullar o zaman da beləydilər, sözə qulaq asmazdılar.

Amma Zeynalabdini ətrafında olan gənclərdən fərqləndirən bir şey eşitdi ata.

Zeynalabdin şiələrin məhərrəmlik təziyələrində iştirak edirdi.

Oğlun evə gec qayıtdığı gecələrdən biriydi.

Ata yatmamışdı, oğlunu gözləyirdi.

Elə o gecə oğlunu evdən qovdu.

Zeynalabdin atasından da tərs idi, evə qayıtmaq üçün heç bir cəhd göstərmirdi.

Şəxsi təşəbbüsləri ilə atadan xahiş edənlərə atanın eyni cavabı verirdi: “Mən onu ölmüş bilirəm”.

Allah bir qapını bağlayıb, digərini açırdı.

Şiələrin ən hörmətli axundu Ağa Seyidəli Ağa məclislərin birində Zeynalabdini yanına çağırdı, ona böyük iltifat göstərdi.

Zeynalabdinin atasına vurduğu zərbə isə amansız oldu.

Şiəliyi qəbul etdi və bu barədə atasına xəbər göndərdi.

Atası bu qədərini gözləmirdi.

Amma özünə gəldi, sünnilərin hörmətli adamlarını evinə yığdı və hamının hüzurunda Zeynalabdini oğulluqdan çıxartdığını elan etdi.

Sünnilər qəmli, şiələr şad idilər.

Zeynalabdinin ağır günləri bundan sonra başladı.

Qohumları da onu görəndə üzlərini yana çevirdilər.

Təmtək qalmışdı quberniya paytaxtında.

Bu günlərdə bir sünni dükanı soyuldu, Zeynalabdinin hadisədən xəbəri də yox idi.

İntiqam alovuyla alışıb-yanan sünnilər soyğunun şiələr tərəfindən edildiyinə adları kimi əmin idilər, amma oğru tapılmırdı.

Əllərinə düşən bu imkandan Zeynalabdini cəzalandırmaq üçün istifadə etdilər, onun əleyhinə ifadə verib həbs etdirdilər.

Şəhər qalabəyisi Zeynalabdinin boynuna “günah”ını qoymaq üçün ona həbsxanada ağır işgəncələr verdirdi.

Yaş çubuqlarla sünnilərin “vurun, əllərinizə qurban olum” nidalarıyla şəhərin meydanında döydürdü.

Amma Zeynalabdin cəzaya mətanətlə dözdü, “etiraf” etmədi.

Onu həbsdən azad etdilər.

Ancaq yaş çubuqlar sünnilərin qisas alovunu söndürə bilməmişdi, imza topladılar və Zeynalabdini Bakıya sürgün elətdirdilər.

Şiələrin heysiyyatı zədələnmişdi, Zeynalabdinin başına gələnləri özləri qarşı təhqir bilirdilər.

Ağa Seyidəli Ağanın yanında Zeynalabdin haqda söhbət açılmış və Ağa “O bizdəndir!” demişdi.

Əllərində olan bütün imkanlardan istifadə etdilər, imza topladılar,

Tiflisə teleqram vurdular nəhayət üç aylıq sürgündən sonra Zeynalabdinin sürgününə son qoydular.

Şamaxı şiələri Zeynalabdini təmtəraqla qarşıladılar.

Məsciddə böyük məclis quruldu, Ağa Zeynalabdini əvvəlki günahlarından tövbə etdirib ziyarət üçün Xorasana göndərdi.

Onun Xorasandan qayıdışını da bayram etdilər.

Zeynalabdin üçün pul topladılar, ona baqqal dükanı açdılar və evləndirdilər.

Bir müddət sonra Zeynalabdinin böyük qardaşı da şiəliyi qəbul etdi.

Sabir Zeynalabdinin sonbeşiyi idi.

P.S. Məqalə hazırlanarkən professor Abbas Zamanovun 1973-cü ildə çap edilmiş “Sabir və müasirləri” kitabında verilmiş Seyid Hüseynin xatirələrindən istifadə edilmişdir.

Layihənin digər yazıları:

İntihar edib uşaqları qorxudan Azərbaycan yazıçısı ARAŞDIRMA

Anasına qulaq assaydı Molla Ömər olacaqdı

Ermənilər Sabirin kitabını necə "çap" etdilər?

“Millət necə tarac olur olsun” Sabirin deyilmiş

# 3908 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #