[b]Mirzə Cəlil barədə böyük yalan - ARAŞDIRMA[/b]

[b]Mirzə Cəlil barədə böyük yalan - <span style="color:red;">ARAŞDIRMA  [/b]
18 iyul 2017
# 12:02

Kulis.az tədqiqatçı-alim, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin “Cəlil Məmmədquluzadə neçənci ildə doğulub?” məqaləsini təqdim edir.

Ədəbiyyatımıza şedevrlər bəxş etmiş böyük Azərbaycan mütəfəkkiri Cəlil Məmməd­qu­luzadənin zəngin və mənalı həyatı elmi ictimaiyyətin daim diqqət mərkəzində olmuş və ədibin tədqiqatçıları müx­təlif vaxtlarda ortaya yeni və maraqlı faktlar çıxarmışlar. Bu baxımdan, akademik İ.Həbibbəylinin əməyini xüsusi qeyd etməliyik. Görkəmli alim Mirzə Cəlilin həyatı ilə bağlı elmi ictimaiyyətə əv­vəl­lər məlum olmayan xeyli faktlar aşkar etmiş, onun bir sıra əsər­lərini üzə çıxarmış və nəsil şəcərəsini tərtib etmişdir. Törəmələri dünyanın müxtəlif ölkələrinə səpələnmiş və hal-hazırda da İranda, Fransada və başqa ölkələrdə yaşayan ədibin qohum­larını üzə çıxartmaq, onlarla əlaqə yaradaraq Böyük babalarını ilk növbədə onların özünə tanıtmaq üçün alim doğrudan da əvvəlki tədqiqatlar və tədqiqatçılarla müqayisəolunmaz dərəcədə xeyli iş görmüşdür. İlk baxışdan belə görünə bilərdi ki, Mirzə Cəlilin haqqında hər şey söylənmiş və buraya nəyisə artırmaq cəhdi pers­pektivi olmayan bir işdir.

Amma bu, ilk baxışdan belədir və burada da tədqiq olun­mamış sahələr tap­maq müm­kün­dür.

C.Məmmədquluzadənin doğum tarixi üçün ən etibarlı mənbə sayıla biləcək əsər onun 25 il ömür-gün yoldaşı olmuş Həmidə xanım Cavanşir-Məm­məd­quluzadənin xatirələri olmalı idi. Həmidə xanımın xatirələri “Mirzə Cəlil, pasportunda yazıldığına görə, 1869-cu ildə doğulmuşdur”[1, s.9] cümləsi ilə başlayır. Kitabın rus dilindən tərcüməçisi, müqəd­dimə və şərhlərin müəllifi prof. A.Zamanov Həmidə xanımın bu cümləsinə belə şərh verir: “Xatirələrin yazıldığı illər(1934-1938) nəzərə alınmalıdır. Bu zaman C.Məmmədquluzadənin doğulduğu il dürüst deyildi. Ədibin xatirələri nəzərə alı­naraq, 1869-cu il onun anadan olduğu il kimi qəbul edilmişdi. Sonralar yazıçının doğum şəhadətnaməsi prof.Ə.Şərif tərəfindən tapıldı və məlum oldu ki, o, 1866-cı ildə doğulmuşdur” [1, s.146].

Qeyd etmək lazımdır ki, ədibin doğum tarixini 1866-cı il olaraq ədəbiyyat tarixinə təqdim etmiş görkəmli alim, professor Əziz Şərifin tədqiqatlarına düzəliş edən akademik İ.Həbibbəyli müəyyən etmişdir ki, Ə.Şərif bu doğum tarixində Mir­zə Cəlilin atası Məmmədqulu Hüseynqulu oğlunun Qori müəllimlər seminari­yasının müdirinə yazdığı ərizəsinə əsaslansa da, əslində həmin ərizə Məmmədqulu kişinin üçüncü ərizəsidir. Bundan əvvəlki iki ərizəsində oğlunun 1869-cu ildə doğulduğunu yazmış(1880-ci və 1881-ci illərdə yazdığı ərizələrdə Cəlilin müvafiq ola­raq 11 və 12 yaşında olduğunu göstərmişdir), yaşının azlığına görə semina­riyaya qəbuldan imtina edil­di­yinə görə, müsbət cavab almaq üçün üçüncü ərizədə onun yaşını 3 il artıq göstərmişdir. Aka­demik bu tarixin Mirzə Cəlilin sonrakı sə­nəd­lərində də təsdiq olunduğunu yazır. Məsələn, Mirzə Cəlil sonralar aldığı pas­portda da, nikah kağızında da doğum tarixi kimi 1869-ci ili göstərir. Alim qeyd edir ki, vəfatı ilə bağlı verilən nekroloqlarda da doğum tarixi 1869-cu il göstərilmişdir. Beləliklə, sanki müxalif fikrə yer qalmır. Bir halda ki, ədibin özü də bu rəqəmin üzərində dayan­mışdır, mübahisəyə yer qalmamalıdır.

Bütün bunlara baxmayaraq, bizim aşkar etdiyimiz, indiyə qədər hörmətli akademikimizin və başqalarının tədqiqat­larından kənarda qalan sənədlər fərqli mülahizələrə də yaşamaq hüququ qazandırır. Əvvəlcə həmin sənədlər haqqında bir neçə kəlmə demək lazımdır.

Məlum olduğu kimi, istər Osmanlı dövləti, istər İran, istərsə də Rusiya İmperiyası əvvəlcə işğal, sonra isə ilhaq etdiyi əraziləri özününküləşdirmək, bu ərazilərdən yararlanmaq, ilk növ­bədə isə vergi toplamaq üçün dövlət məmurları tərəfindən tərtib edilmiş ciddi sənədlərə əsas­lanırdılar. Məsələn, Osmanlı dövlətində tərtib edilən bu cür sənədlər “müfəssəl” “icmal dəftərləri” adlanırdı və son dövrlərdə Naxçıvan sancağı, Qarabağ əyaləti və başqa ərazilərimiz haqqında bu cür dəftərlər osmanlı arxivlərindən üzə çıxarılaraq ərəb əlifbasından latın qrafikasına keçirilərək nəşr edilmişdir. 1727-ci ildə osmanlı məmurları tərəfindən tərtib olunmuş belə sənədlərdən biri “Naxçıvan san­ca­ğının müfəssəl dəftəri”dir və onu mərhum aka­demik Z.Bünyadovla tarix üzrə fəlsəfə doktoru H.Məm­mədov-Qaramanlı nəşr et­dir­mişlər [2].

“Naxçıvan əyalətinin statistik təsviri” kitabının müəllifi V.Qri­qor­yev yazır ki, atası Fətəli şah Qacar tərəfindən Azərbaycan hakimi təyin edilmiş Abbas Mirzə hər 6 ilin tamamında numeys adlanan məmurunu Naxçıvana göndə­rərək bu cür sənədlər tərtib etdirir, onun bir nüsxəsini də Naxçıvan xanına göndə­rirdi ki, onun əsasında vergi yığılsın və mərkəzi dövlət xəzinəsinə gön­də­rilsin. Bu sənədlərdə əhali, onların bütün əmlakı-əkin yeri, mal-heyvanı da siyahıya alınırdı ki, kimin nə qədər vergi verməli olduğu dəqiq müəyyən edilsin [3, s.61].

Türkmənçay müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqlarını ilhaq edən Rusiya İrandan 20 milyon rubl gümüş pul təzminat almış, üstəlik tələb etmişdir ki, bu ərazilərə aid həmin təyinatlı sənədləri(buraya maliyyə sənədləri də daxil idi) 6 ay ərzində Rusiya hökumətinə təqdim etsinlər. İran dövləti bu tələbi də yerinə yetirmişdi. Rusiya hökuməti bu yolla həmin ərazilərdə yaşayan əhalinin hansı miqdarda vergi ödədiyini müəyyən edib gələcəkdə onların vergidən yayınmasının qarşısını almaq istəyirdi.

Aydın məsələdir ki, həmin ərazilərə aid bu cür sənədlər Rusiya İmpera­tor­luğunun vaxtında da vaxtaşırı tərtib edilirdi. Bu sənədlərə “Kameral təsvir” de­yi­lirdi. 1831-ci ildə İrəvan əyaləti üzrə İnzibati İdarədə kollejski assasör rütbəsində müşavir olaraq çalışan İ.Şopen tərəfindən tərtib edilmiş “Kameral təsvir”də əhalinin siyahısı ilə yanaşı, ərazidə yerləşən dağlar, su ehtiyatları, tarixi abidələr, faydalı qazıntılar, vergilər və s. haqqında məlumatlar da yer almışdır. Bir sözlə, həmin ərazi bir növ inventarlaş­dırılmışdır. Naxçıvan şəhəri haqqında sonrakı kameral siyahılar 1843-cü, 1848-ci, 1859-cu, 1873-cü və 1886-cı illərdə tərtib edilmişdir. Görünür, əhalinin xeyli artması ilə bağlı olaraq bu işin çətin­ləş­məsi səbəbindən 1886-cı ildən sonra kameral siyahılar tərtib olunmamışdır.

Bu kameral siyahılarda bizi maraqlandıran şəxslər haqqında olduqca qiymətli məlumatlar olduğundan, çox dəyərlidir. Orasını da qeyd etmək lazımdır ki, ki, ailə üzvlərinin sənəddə göstərilən yaşı onların özündən, yəni ailə başçısından soruşularaq yazılırdı.

İndi Naxçıvan şəhəri üzrə tərtib edilmiş kameral siyahılara nəzər salaq. Axtarışları texniki baxımdan asanlaşdırmaq üçün, sonuncu, 1886-cı ilin kameral siyahı­sın­dan başlayaraq irəliki tarixə getmək lazımdır. Həmin sənəddə Böyük ədibimizin ailəsi 444 nömrə ilə qeyd edilmişdir:

“444(498). Məmmədqulu Usta Hüseynqulu oğlu 50 yaşında;

Həyəti olan evi var, vergi mükəlləfiyyətlidir, ildə 6 rubl vergi ödəyir. İltizamçı­dır (otkup­şik). Ailədə 2 qadın var. Oğlanları: 1)Yusif 21 y; 2)Cəlil 18 y; 3)Hü­seyn(onun adı həm də Ələkbərdir) 14 y”.[4].

İndi bu sənədin təhlilinə keçək.

Mötərizədəki 498 rəqəmi bu ailənin bundan əvvəlki kameral siyahıdakı (1873) sıra nömrə­sidir və sənədin bu xüsusiyyəti tədqiqatçının işini xeyli asan­laşdırır.

Ailənin başçısı Məmmədqulu kişi 50 yaşındadır. Sənədin tərtib olunduğu 1886-dan 50 rəqəmini çıxdıqda 1836 alınır, bu o deməkdir ki, Məmmədqulu kişi ak.İ.Həbibbəylinin yazdığı kimi 1840-cı ildə deyil, 1836-cı ildə doğulmuşdur. (Orasını da qeyd edək ki, kameral siya­hı­lar­da şəxslərin ölüm tarixləri göstəril­mədiyinə görə, biz də həmin tarixlərə toxunmayacağıq və onun doğrudan da 1905-ci ildə vəfat etdiyinə şübhə etmirik).

Həyətli evinin olması Məmmədqulu kişinin həyat səviyyəsinin normal olduğundan xəbər verir. O vaxt bir öküzün qiymətinin 10-12 rubl olduğunu nəzərə alsaq, ödədiyi 6 rubl vergi də kiçik rəqəm kimi görünməməlidir.

Ailədəki 2 qadının biri yəqin ki, Məmmədqulunun həyat yoldaşı Sara, digəri isə qızı Səkinədir. Ak.İ.Həbibbəyli Səkinənin 1881-ci ildə doğulduğunu yazır [5, s.23-37].

Məmmədqulunun böyük oğlu Yusifin yaşını həmin şəcərədə göstəriləndən 2 il azaltmalıyıq, yəni onun 1863-cü ildə deyil, 1865-ci ildə doğulduğu aydınlaşır.

Bizi isə ən çox maraqlandıran sözsüz ki, Cəlilin yaşıdır. 18 yaşında olması onun 1868-ci ildə doğulduğunu göstərir. Bəs Həmidə xanımın və ak.İ.Hə­bib­bəylinin bir çox sənədlər vasi­təsilə müəyyən etdikləri 1869-cu il rəqəmi necə olsun? Bu məsələyə qayıdacağıq.

Məmmədqulu kişinin bu sənəddə yer alan sonuncu oğlu Hüseynin-Ələk­bərin 1872-ci ildə doğulduğu məlum olur və yeganə şəxsdir ki, doğum tarixi rəsmi tərcümeyi-halındakı rəqəmlə üst-üstə düşür. Amma bununla belə, indiyə kimi elmə məlum olmayan bir faktı da müəyyən etmiş olduq-sən demə, Ələkbərin əsil adı Hüseyn imiş və Ələkbər adı ona sonradan verilib. Adətən, belə hallara o vaxt rast gəlinirdi ki, ailənin hansısa yaxın adamı vaxtsız rəhmətə gedirdi və uşağın adını dəyişdirib ölən adamın adı ilə çağırırdılar ki, mərhumun adını yaşatsınlar.

Məmmədqulu kişinin sonbeşiyi kimi təqdim edilən(Həmidə xanım onun sonbeşik olduğunu yazmır), kiçik yaşlarında ölən Xəlilin haqqında isə belə mülahizə yürütmək olar ki, o 1873-cü ildə tərtib edilən kameral siyahıdan sonra doğulmuş, 1886-cı ildə, növbəti kameral siyahı tərtib edilməmişdən əvvəl ölmüş və sənədlərə düşməmişdir. Bununla belə, Xəlilin sonbeşik olması məntiqi baxımdan şübhə doğurur, çünki 1872-ci ildə doğulan Hüseyn-Ələkbərlə Səkinənin arasında 9 il yaş fərqi olduğuna görə, düşün­mə­yə əsasımız vardır ki, Xəlil məhz həmin dövrdə-1873-181-ci illər arasında, yəni Hüseyndən sonra, Səkinədən əvvəl doğulmuş və 1886-cı ildən əvvəl ölmüşdür.

İndi 1873-cü ildə tərtib edilmiş kameral siyahıya baxaq[6]:

“498(1059). Məmmədqulu Hüseynqulu oğlu 37 y; oğlanları: Yusif 8 y; Cəlil 5 y; Hüseyn 1 y.

Qeydlər: ailə başçısı heyvandarlıqla məşğul olur;

Məmmədqulu Hüseynqulu oğlu və onun oğlu Ələkbər(onun adı həm də Hüseyndir) 2-ci Tacirlər Gildiyasına qəbul edildiyinə görə 1897-ci ildə bu şəhərin vergi mükəlləfiyyətli əhalisi­nin siyahısından çıxarılmışlar(İş №167/1897);

Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi olduğuna görə, Cəlil Məmmədqilu oğlu bu şəhərin vergi mükəlləfiyyətli əhalisinin siyahısından çıxarılmışdır(İş №42/1886)”.

Sənədin təhlilinə ondan başlayaq ki, siyahıda adı çəkilən şəxslərin hamısının yaşı 1886-cı illə müqayisədə düzgündür, yəni bu iki sənədlərdəki rəqəmlər arasında ziddiyət yoxdur. Burada da Məmmədqulunun 1836-cı, Yusifin 1865-ci, Cəlilin 1868-ci, Hüseynin 1872-ci ildə doğulduğu görünür.

İkincisi, Məmmədqulunun haqqında indiyə qədər rast gəlmədiyimiz yeni faktlar üzə çıxır-məlum olur ki, Məmmədqulu kişi təkcə ticarətlə yox, həm də heyvandarlıqla məşğul olub. Həm də məlum olur ki, hansısa fəaliyyəti 1897-ci ildə onu və kiçik oğlu Ələkbəri imtiyazlı tacir zümrəsinə qaldırıb. Bu fəaliyyətin nədən ibarət olduğuna qayıdacağıq.

İndi Cəlilin doğum tarixlərindən 1868-ci, yoxsa 1869-cu ilin düzgün olduğunu aydınlaşdır­ma­ğa çalışaq. Mirzə Cəlilin 1869-cu ildə doğulduğu qənaətinə gələn akademik İ.Həbibbəyli yazır ki, 1880-ci ildə Qori Müəllimlər Seminariyasının mü­dirinə yazdığı ərizədə Məmmədqulu kişi oğlunun 11 yaşında, 1881-ci ildə yazdığı ikinci ərizəsində 12 yaşında olduğunu bildirir, amma seminariya müdiri yaşının az olduğunu səbəb gətirərək Cəlili seminariyaya qəbul etməkdən imtina etdiyinə görə, 1882-ci ildəki üçüncü ərizəsində oğlunun yaşını 3 il artıq göstərməklə istəyinə nail olur və professor Ə.Şərif Məmmədqulunun əvvəlki iki ərizəsini görmədiyinə görə Cəlilin 1866-cı ildə doğulduğu qənaətinə gəlmişdir[7, s.6].

Məmmədqulu kişi 1873-cü ildə siyahını tərtib edən dövlət məmuruna oğlu Cəlilin 5 yaşında olduğunu demişdir və bu rəqəmə etibar etməliyik. O vaxt doğum şəhadətnaməsi olmadığına görə, uşağın yaşını valideynlərin sözü ilə yazırdılar. Burada bir incə məqama diqqəti çəkək: əvvəla, valideyn uşağının yaşını deyərkən, məntiqlə uşaq balaca olan vaxtda səhv etmək ehtimalı daha azdır, yəni 1873-cü ildə Məmmədqulunun Cəlili 5 yaşında göstərməsi faktı 1880ci ildə 11 yaşında göstərməsi faktından daha dəqiq sayılmalıdır.

İkinci, çox mühüm fakt ondan ibarətdir ki, haqqında söhbət etdiyimiz dövrdə 15 yaşına çatmış kişilərdən ildə “başpulu” deyilən 1 rubl 20 qəpik vergi alınırdı, 15 yaşdan kiçik oğlan uşaqları və qadınlar bu vergidən azad idi­lər[3, s.103]. Ona görə də heç bir valideyn məntiqlə öz oğlunun yaşını böyütməyə maraqlı ola bilməzdi ki, vergi verməsin-əgər Cəlil doğrudan da 1869-cu ildə doğulmuşdusa, Məmmədqulu onun 1868-ci ildə doğulduğunu yazdırmazdı.

Beləliklə, Cəlil Məmmədquluzadənin doğum tarixi kimi 1868-ci ili qəbul et­məkdən başqa çarə qalmır, axı təqdim etdiyimiz hər iki sənəd də rəsmi dövlət sə­nə­didir və ona inanma­mağa ixtiyarımız yoxdur. Orasını da qeyd etmək lazımdır ki, bu sənədləri Naxçıvan qəza polis rəisi imzalayıb, bir növ indiki pasport-masa rəisləri kimi.

1886-cı ilin kameral siyahısında Məmmədqulu Hüseynqulu oğlunun iltizam­çılıqla (rusca “otkup­şik”) məşğul olduğunu gördük. Bu peşənin nədən ibarət olduğunu oxuculara izah edək. Bu o deməkdir ki, dövlət müəyyən vergiləri müxtəlif adamlara “satırdı”, yəni həmin şəxs döv­lətin toplayacağı məbləğdə vergini əvvəlcədən xəzinəyə ödəyib dövlətdən rəsmi icazə-“iltizam” alır və həmin vergiləri öz xeyrinə toplayırdı. Və aydındır ki, bunu dövlətin yolunda havayı əziyyət çəkərək, vətənpərvərlik duyğusundan etmirdi. İltizamçının topladığı pul onun ödədiyindən bəzən 2-3 dəfə çox olurdu. Dövlət burada itirmirdi, iltizamçı da itirmirdi, itirən isə, aydındır ki, vergi ödəyiciləri idi.

“Naxçıvan əyalətinin statistik təsviri” kitabının müəllifi V.Qri­qor­yev Naxçıvan əyalətində iltizama verilən fəaliyyət növlərini də geniş təsvir etmişdir [3, s.110-117]. Buradan məlum olur ki, rahdarlıq və ya gömrük 1.300, boyaqçılıq müəssisələri 370, qəssablardan alınan rüsumlar 250, dəri aşıla­yanlardan alınan vergi 65, mizançılıq 100, xoşxəbərlik(meyvə satanlardan alınan rüsumlar) 80, əlləflik 50, sabunxanalar 60, tütün məmulatları 15, daş duzun çıxarılması və satışı 1.000 və Culfa bərəsi(paromu) 100 tümənə iltizama verilirdi(1 tümən 4 rubl gümüş pula bərabər idi). Orasını da nəzərə almaq lazımdır ki, aradan keçən 53 il ərzində (1886-cı ildə) yəqin ki, bu rəqəmlər artmışdı.

Beləliklə, 1886-cı ilin kameral siyahısında iltizamçılıqla məşğul olduğu yazı­lan Məmmədqulu Hü­seyn­qulu oğlunun 1897-ci ildə tacir zümrəsinə daxil olması üçün malik olduğu sərvətin mənbəyi aydın olur. Amma burada başqa bir faktor da rol oynamışdır: tədqiqatçıları yazır ki, 1897-ci ildə Nehrəm kənd məktəbindən istefa verən Cəlil Məmmədquluzadə 1897-1903-cü illərdə Naxçıva­nın və İrəvanın hüquq orqanlarında çalışmışdır. Düşünmək olar ki, nüfuzlu Mirzə Cəlil atasının və qardaşının Tacirlər Gildiyasına daxil olmasına kömək göstərmişdir (“Gildiya” bir növ ittifaq, birlik mənasını verirdi). Ancaq Məmmədqulunun yalnız proteksiya ilə buraya yüksəldiyini düşünmək ədalətsizlik olardı, axı o əvvəldən də iltizamçılıq edirdi və aydındır ki, bu işlə məşğul olmaq üçün xeyli imkanlı olmaq lazımdır.

Təəssüf ki, Məmmədqulu Hüseynqulu oğlunun hansı sahənin iltizamçısı olduğu yazılma­yıb və biz qiymətli məlumatdan məhrum olmuşuq. Maraqlananlar üçün qeyd edək ki, tütün iltizamçısından başqa heç kim Naxçıvan şəhərində onu sata bilməzdi və aydındır ki, onun qiymətini də iltizamçı özü təyin edirdi. Sabun iltizamçısından başqa heç kim bütün Naxçıvan əyalətində sabun bişirə və sata bilməzdi. Başqa yerlərdən gətirilən sabun da iltizamçıya satılmalı idi. Bazara satıl­maq üçün gətirilən buğdanın, arpanın, unun və darının hər batmanı üçün 2, dü­yünün 1 batmanı üçün iltizamçıya(əllaf) 4 qəpik ödənilirdi. 1 at yükü quru və ya yaş meyvə üçün iltizamçıya 12 qəpik gümüş pul və 1 çərək (8 funt) meyvə xoşxəbər iltizamçısına ödənilirdi və s. Göründüyü kimi, iltizamçılıq çox gəlirli iş idi və bu hüququ əldə etmək üçün yəqin ki, güclü rəqabət var idi. Məmmədqulu Hüseynqulu oğlunun buna nail olması onun çox çevik və bacarıqlı, yuxarı dairələrlə əlaqəli adam olduğundan xəbər verir. Görünür, Mirzə Cəlilin Ömər Faiq Neman­zadə və Məşədi Ələsgər Bağırovla birlikdə Məhəmmədağa Şahtaxtlıdan satın aldığı və “Qeyrət” adlandırdıqları mətbəənin satın alınmasında atası tacir Məmmədqulu kişinin sərvətinin ciddi rolu olmuşdur. (Maraqlıdır ki, gələcək həyat yoldaşı Həmidə xanım Cavanşirlə tanış olmasına da bu mətbəə səbəb olmuşdur. Həmidə xanım xatirələrində yazır ki, atası Əhməd bəy Cavanşirin əlyazmalarını kitab ºəklində çap etdirmək üçün mətbəəyə gəlmiº və 1.000 nüsxə üçün 240 rubla razılaşmışlar).

Həmidə xanımın xatirələri Məşədi Məmmədqulunun bu fəaliyyətini də ay­dın­laşdırmağa kömək edir. Müəllif yazır: “Naxçıvan duz mədənlərinin məşhur icarədarları-Canpoladov qardaşları 1877-ci il müharibəsi(1877-ci il rus-türk müharibəsi nəzərdə tutulur.-N.Ə.) zamanı Məşədi Məm­məd­quluya podrat duz buraxmışdılar.Nəticədə onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdır”[1, s.9].Beləliklə, Məşədi Məmmədqulunun duz iltizamçılığı ilə məşğul olduğunu düşünə bilərik.

Çox güman ki, rusca orijinalda “otkupşik” olan sözü tərcüməçi səhv olaraq “icarədar” kimi tərcümə etmişdir. Bu məlumat Canpoladov qardaşlarının Naxçıvan duzunun iltizamçısı olduğu və Məmmədqulu kişinin bu qardaşlarla işgüzar əlaqələrinin mövcudluğundan xəbər verir.

Həmidə xanım qayınatasının iltizamçı və tacir olduğunu çox güman ki, yaxşı bilirdi, lakin xatirələrini yazdığı 1934-1938-ci illərdə SSRİ-də sinfi mübarizənin ən kəskin dövrü olduğunu, kütləvi repressiyaların baş verdiyini nəzərə alsaq, onun Mirzə Cəlilin mənşəyini ört-basdır etmək cəhdi təbii görünməlidir. Ona görə də Canpoladov qardaşlarının vasitəsilə Məmmədqulu kişinin maddi vəziyyətinin “bir qədər yaxşılaşmasını” ötəri olaraq qeyd edir və çox dərinə getmir.

Naxçıvan şəhəri üzrə 1859-cu ilin kameral siyahı­sına baxaq[8]:

“1059(300). Məşədi Hüseynqulu Baba oğlu 51 y(xırdavat alveri edir); oğlu Məmməd­qulu 23 y (ailədə 1 qadın var)”.

Bu sənəd bizə olduqca qiymətli və indiyə qədər elmə məlum olmayan iki mə­lumat verir. Biz buradan Məmmədqulunun atası Hüseynqulunun doğum ta­rixini öyrənirik. Məlum olur ki, Məşədi Hüseynqulu 1808-ci ildə doğulub. İkinci məlumat isə birincidən də qiymətlidir. Mirzə Cəlilin bioqrafları indiyə qədər Məşədi Hüseynquludan irəli gedə bilməmişdilər. Biz bu sanədin vasitəsilə Məşədi Hüseynqulunun atasının adının Baba olduğunu öyrənirik. Məşədi Hüseynqulu 1873-cü ilin ka­meral siyahısında yoxdur, aydındır ki, vəfat edib. Yaşasaydı, 1873-cü ildə 65 yaşında olacaqdı. Beləliklə onun 51-65 yaş arasında öldüyünü görürük, amma neçə yaşında öldüyü məlum deyil.

Naxçıvan şəhərinin bundan əvvəlki kameral siyahısı 1848-ci ilə aiddir[9] :

“300. Məşədi Hüseynqulu Baba oğlu 40 y (bənnadır); oğlu Məmmədqulu 12 y (ailədə 2 qadın var)”.

Buradakı adını bilmədiyimiz qadınlardan biri şübhəsiz ki, Məşədi Hüseyn­qulunun arvadı, digəri isə qızıdır. 1859-cu ildə bu qadınlardan biri yoxdur. Çox güman ki, o, Məmmədqulunun adını bilmədiyimiz bacısıdır və artıq ərə gedib.

1831-ci və 1843-cü illərə aid kameral siyahılarda bu ailənin haqqında məlu­mat əldə etmək mümkün ol­ma­dı və təəssüf ki, Hüseynqulunun atası Babanın ya­şını və atasının adını öyrənə bilmədik. Görü­nür, rəsmi tərcümeyi-halında yazıldığı kimi, Hüseynqulu doğrudan da İrandan gəlib. Akademik İ.Həbibbəyli bu gəlişin tarixi kimi XIX əsrin 30-cu illərini[5, s.23]. H.Məmmədquluzadə isə (adı çəkilən əsəri) 40-cı illərini ehtimal edir. Bizim təqdim etdiyimiz sənədlər göstərir ki, Məşədi Hüseynqulu Naxçıvana 1843-1848-ci illər arasında gəlmişdir. Əgər 1843-cü ildən qabaq gəl­səy­di, həmin siyahıya düşərdi. Beləliklə, Həmidə xanımın ehtimalı həqiqətə daha yaxındır. Məşədi Hüseynqulu­nun əvvəlcə bənna olması faktı isə təsdiq olunur.

Böyük yazıçımızın ata tərəfdən nəsil şəcərəsi haqqında, onların doğum tarixləri və digər məlumatlar barədə əldə edə bildiyimiz bu qədərdir. Təbii ki, onun ana tərəfdən nəsil şəcərəsinin də ədəbiyyatşünaslığımız üçün maraq doğuracağı faktını nəzərə alıb səylərimizi davam etdirdik. Bunun üçün akademik İ.Hə­bibbəylinin təqdim etdiyi qiymətli faktlardan yararlanmaq təbii ki, ən doğru yol hesab edildi. Biz ondan öyrənirik ki, yazıçının ana babası Məşədi Babadır, onun Hacı Həşim və Kərbəlayi Əli adlı oğlanları olub. Bu məlumatlardan istifadə edərək əvvəlcə 1886-cı ilin kameral siyahısına müraciət edib orada Məşədi Babanı və oğlanlarını axtardıq. Amma təəssüf ki, Hacı Həşim Məşədi Baba oğlunu kameral siyahıların heç birində aşkar edə bilmədik. Hacı Həşimin adının təsbit edilməməsi məsələni bir qədər şübhə altında qoysa da, zənnimizcə həmin ailə budur[4]:

Naxçıvan şəhərinin Kameral təsviri, 1886-cı il.

“337(373). Kərbəlayi Əli Məşədi Baba oğlu 18 y; qardaşları: 1.Nəcəf 17 y; 2.Cəfər 8,5 y; (ailədə 1 qadın var); vergi mükəlləfiyyətlidir. Həyəti olan evi var, ildə 1 rubl vergi ödəyir. Qara fəhlədir”.

Sənəddən göründüyü kimi Məşədi Baba artıq rəhmətə gedib və siyahıda yoxdur. Böyük oğlu, Kərbəla ziyarətində olmuş Əli 1868-ci ildə doğulmuşdur və bacısı oğlu Cəlillə yaşıddır. Ailədəki tək qadın yəqin ki, onların anasıdır.

Bu Kameral siyahıdan əvvəlkində Məşədi Baba sağdır[6]:

Naxçıvan şəhərinin Kameral təsviri. 1873-cü il.

“373(894). Məşədi Baba Ramazan oğlu 60 y; oğlanları: Əli 6 y; Nəcəf 4 y (ailədə 1 qadın var). Xırdavat alverçisidir”.

Əvvəlki kameral siyahıda oğlanlarının yaşının azlığı səbəbindən müəyyən tərəddüdlər yarana bilərdi, amma bu sənəddən görünür ki, Məşədi Baba 1813-cü ildə doğulub, yəni 1836-cı ildə doğulan kürəkəni Məmmədquludan 23 yaş böyükdür və hər şey yerindədir. Ailədəki qadın da onun həyat yoldaşıdır. Xırdavat ticarətçisi, başqa sözlə baqqaldır.

Bu sənədə görə, böyük oğlu Əli 1867-ci ildə doğulub. Beləliklə, 1886-cı ildə tərtib edilmiş sənədlə müxtəliflik əmələ gəlir. Bu sənədlərin hansına üstünlük verməli? Zənnimizcə, 1873-cü ildə tərtib edilən kameral siyahıya üstünlük vermək lazımdır, çünki uşaq kiçik olanda onun yaşını səhv salmaq ehtimalı daha azdır.

Maraqlıdır ki, ədibin yaratdığı tiplərdən də bəzilərini bu kameral siyahılarda tapmaq mümkündür. Onlardan biri Mirzə Cəlilin xüsusi ustalıqla yaratdığı, koloritli usta Zeynaldır. Məlum oldu ki, Usta Zeynal nehrəmlidir. Naxçıvan şəhərinin 1886-cı ilə aid kameral siya­hısında sonradan buraya köçdüyü qeyd olunur və Nehrəmdən gəldiyi bildirilən bu ailəni 1908-ci ildən Naxçıvan şəhərinə aid ediblər[10]:

“476.Usta Zeynal Abbasəli oğlu 45 yaşında; arvadı Şeyda Hacı Məhərrəm qızı 35 y; oğlu Əliqulu 17 y; qızları: Ruqiyyə 7 y; Zəhra 2 y;

Qeyd: Ailə buraya Nehrəm kəndindən gəlib və Palata Jurnalında 1908-ci ildən Naxçıvan şəhərinə aid edilib(İş №118)”.

1886-cı ildə hələ Nehrəm kəndində yaşayan Usta Zeynal həmin kəndin siya­hısındadır və yuxarıdakı qeyd həmin kameral siyahıda da vardır[11].Həmin siyahıda Zeynal 25 yaşında olduğuna görə, 1861-ci ildə doğulduğu anlaşılır. Naxçıvan şəhərindəki siyahıya görə 1886-cı ildə Usta Zeynal 1863-cü ildə doğulmalı idi, yəni iki siyahıda ona aid edilən yaşlar arasında 2 il fərq yaranır, amma biz 1886-cı ildə Nehrəm kəndinin siyahısında göstərilən yaşını daha düzgün hesab etməliyik. Usta Zeynal 1886-1908-ci illər arasında Naxçıvan şəhərinə köçüb, amma hansı ildə köçdüyü bilinmir.

Hekayənin digər qəhrəmanı Muğdusi Akop da tarixi şəxsiyyətdir. Naxçıvan şəhərinin 1886-cı ilə aid kameral siyahısında “Muğdusi Akop Kazarov Manukov 47 y.” kimi qeyd edil­mişdir. O vaxtkı yazılış formasına görə Kazarov (və ya Qazarov) yazılsa da, Qazar onun atasıdır və “Qazaroviç” kimi oxunmalıdır.

Göründüyü kimi, əsərlərinin mövzusunu real həyatdan alan yazıçı bəzən personajlarını öz adları ilə vermək praktikasından da istifadə etmişdir. Amma onun bu üsuldan həmişə istifadə etdiyini iddia etmək mümkün deyildir, çünki mövzusunun Nehrəm kəndindən götürüldüyü bildirilən “Danabaş kəndinin əhvalatları” povestinin baş və mənfi qəhrəmanı Xudayar bəyi bu kəndin əhalisi içərisində tapmaq cəhdlərimiz uğur qazanmadı. Görünür, Mirzə Cəlil həyatdan aldığı bu personajın adını dəyişdirərək oxucularına təqdim etmişdir.

Beləliklə, indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalmış kameral siyahılar üzərində aparılan araşdırmalar yeni və olduqca maraqlı faktların üzə çıxmasına səbəb oldu. İnanmaq istəyirik ki, bundan sonra bu sahəyə maraq göstərən tədqiqatçılar yeni-yeni mühüm faktları üzə çıxarmağa nail olacaqlar.

ƏDƏBİYYAT

1.H.Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim. Bakı, 1981.

2.Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, 2001.

3.Статистическое описание Нахичеванской провинции. С.Пб, 1833.

4. AMDTA, F.978, s.1, s.v.7, I C.

5.İ.Həbibbəyli. Mirzə Cəlilin nəsil şəcərəsi. “Qobustan”, 1999, səh.23-37.

6.AMDTA, F.978, s.1, s.v. 1.

7.İ.Həbibbəyli. Ustad Mirzə Cəlil Məmmədquluzadə.// C.Məmmədquluzadə. Əsərləri,4 cilddə. I c. Bakı, 2004. Səh.4-38.

8.AMDTA, F. 10, siy.1, sax.vah.69.

9.AMDTA, F.10, siy.1, sax. vah 1.

10.AMDTA, F.978, s.1, s.v. 7, II C.

11.AMDTA, F.978, s.1, s.v.5.

# 2518 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #