Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair

Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair
13 noyabr 2019
# 15:37

Bu gün məşhur el şairi Sücaətin anım günüdür. Onun vəfatından 17 il keçir. Kulis. Az bu münasibətlə Sücaətlə bağlı maraqlı faktları təqdim edir.

Uşaqlıqdan çox dalaşqan olub. Qardaşı, tanınmış jurnalist Hidayət Elvüsal onu daha çox bu cümlə ilə xatırlayır: “Ya dalaşırdı, ya şeir yazırdı”.

***

Gənc yaşlarında o zaman üçün dissident sayılan el şairlərinin şeirlərini əzbər bilirdi və yayırdı. Bunların içərisində Borsunlu Məzahir, Azaflı Mikayıl və başqaları vardı. Sonralar özü də eyni taleni yaşadı. Tutuldu, şeirlərinin çapına qadağa qoyuldu.

***

Onun həbs olunmasının tarixçəsi qəribədir. Kəlbəcərdə bir uşağı maşın vurub öldürür. Sücaət gəlib soruşur ki, nə olub? Bir “zambaq” söyüş söyür uşağın qarasına, deyir, yolun içində nə gəzirdi? Sücaət “zavmaqı” döyür və iş polisə düşür. Məsələ Sücaətin üç il azadlıqdan məhrum edilməsi ilə nəticələnir.

***

Üç il cəzayla kifayətlənmirlər. Sücaəti Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən qovurlar. Şairin nakam tələbə biletinə şeiri də vardır.

Image result for sücaət

***

Sonralar o yenə dinc durmur. Yun idarəsinin müdirini döyür və daha bir neçə il həbs cəzası alır.

***

Şairin ən gözəl şeir silsilələrindən biri həbsxanadan anasına yazdığı şeirlərdir. “Deyin, dustaqları buraxacaqlar” misrası ilə başlanan məşhur şeirini də o zamanlar yazıb.

***

Kəlbəcərdə bir qız sevirmiş. Sevgi şeirlərinin çoxu ona ünvanlanıb.

***

Şairin müğənni Nəzakət Məmmədovanı sevməsi ilə bağlı da söz-söhbət dolaşır. Hətta bu sevgini dastanlaşdırıb oxuyan aşıqlar da var.

***

Deyilənə görə, Nəzakət Məmmədovanın vaxtsız ölümündən sonra onun qəbri üstünə gedir və aşağıdakı bəndin yer aldığı şeiri orda söyləyir:

Dur, əzizim, barışmağa gəlmişəm
Dözəmmirəm, dözüm sənsiz qalıbdı
Öz ürəyim öz sinəmi eşitmir
Odum sənsiz, közüm sənsiz qalıbdı...

***

Kəlbəcərin işğalı onun səhhətinə çox pis təsir göstərdi. Şeirlərində yazdığı kimi bu dərdə dözə bilmədi. Ürək və şəkər xəstəliyi tapdı. Hər iki xəstəlik onun ölümünə səbəb oldu.

***

Ömrünün sonuna yaxın gözləri tutulan şair bu işdə qohumu, tanınmış şair Məmməd Aslanı günahlandırırdı. Deyirdi, onun tapdığı həkim məni kor elədi. Ancaq yaxınlarının dediyinə görə, bu, əsası olmayan bir söhbətdir. Sücaət sadəcə Məmməd Aslandan incidiyi üçün belə söhbətlər edirdi.

***

Heç vaxt kitabını çap etdirmək həvəsində olmayıb. Şeirlərinin dildə-ağızda dolaşmasını istəyib. Bu gün Azərbaycanda elə bir məclis olmaz ki, Sücaətdən bir misra oxunmasın və ya deyilməsin.

***

Bakıdan çox Moskvada olub. Rejissor Əjdər İbrahimov və məşhur rus müğənni Vısotski ilə dostluq edir, tez-tez məclislər qururmuş.

***

Axır zamanlar Kəlbəcər İstisuyunda kurort idarəsinin rəisi işləyib. Orda çox tanınmışları qonaq qəbul edib və maraqlı səs yazıları yazdırıblar. Xalq artisti Alim Qasımovla da zapisləri var. Sücaət şeir deyir, Alim oxuyur.

***

Yaxınlarının dediyinə görə, Kəlbəcərə qayırtmaq ümidini itirməsə ölməyəcəkdi. Son şeirlərinin bir bəndi belədir:

Yavaş-yavaş unudulur Kəlbəcər
Bəzi ürəklərdə odu qalıbdı
Hava bürosunun məlumatında
Səkkizcə hərflik adı qalıbdı...

***

Səməd Vurğundan sonra şeirləri ən çox əzbərlənən şairdir. Onun külliyyatı Kəlbəcərdə qalıb. İlk kitabını adamların yaddaşından yazıya köçürüblər.

# 12014 dəfə oxunub

Oxşar xəbərlər

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər