Ərəblinski Üzeyir bəy və Haqverdiyevlə niyə düşmən oldu? - “Cavabsız suallar”

Ərəblinski Üzeyir bəy və Haqverdiyevlə niyə düşmən oldu? - <span style="color:red;">“Cavabsız suallar”
21 dekabr 2015
# 11:12

Teatrşünas İlham Rəhimli “Cavabsız suallar” kitabında milli teatr tariximizlə bağlı, görkəmli sənətkarlara, ictimai xadimlərə maraqlı suallarla müraciət edib. Kulis aktyor Hüseyn Ərəblinskiyə verilən sualları təqdim edir.

Hüseyn Ərəblinskiyə (1881 – 4.3.1919) xitab

Birinci sual.

– Cənab Ərəblinski!

Dostunuz, aktyor və rejissor Hüseynqulu Sarabski «Köhnə Bakı» (Bakı, «Yazıçı», 1982, səh. 76) kitabında Sizin, Əbülfət Vəlinin və özünün 1907-ci ilin ortalarında «İslamiyyə» mehmanxanasına gedib Tiflisdən Bakıya gəlmiş Əbdürrəhim bəy Haqverdiyevlə görüşməyinizdən bəhs edir. O, yazır:

«Əbdürrəhim bəylə görüşəndən sonra o, bizi təbrik etdi:

– Uşaqlar, gözünüz aydın olsun, «Ağa Məhəmməd şah Qacar» əsərinin icazəsini almışam.

Ərəblinski:

– Çox da icazə almısan. Oynamaq üçün gərək aktyor olsun, aktrisa olsun, teatr olsun, paltar olsun, quruluş olsun, məşq üçün yer olsun... necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa.

Əbdürrəhim bəy:

– Hüseyn, mən səndən bunu gözləməzdim. Sən aktyorsan, zəhmət çəkib məşq edərsən, Ağa Məhəmmədi olduğu kimi oynayarsan, xalq səni alqışlayanda hamısı yadından çıxar. Amma Hüseyn, sənin canın üçün Ağa Məhəmməd nə sənin rolundur. Səni qoymuşam qabağıma, Ağa Məhəmmədi yazmışam.

Bu sözlər Ərəblinskiyə bərk toxundu:

– Mən məgər belə çirkinəm ki, məni ona oxşadırsan? O tövr qan içən cəllada! Dünyada adam qurtarmışdı məni oxşatmağa?

Papağı ilə ağacını götürüb acıq eləyib getdi.

Əbdürrəhim bəy dalınca:

– Hüseyn! Hüseyn! – deyə çağırdı.

Ərəblinski qulaq asmayıb getdi.

– Canım, bu nə iş idi oldu, mən onu incitmək istəmirdim. Mən Hüseynin xətrini çox istəyirəm. Onun sınıb getməsi yaxşı olmadı, – deyə, Əbdürrəhim bəy dilləndi.

Dedim:

– Eybi yoxdur, biz onun könlünü alarıq».

Bu hadisənin üstündən bir neçə gün keçəndən sonra Sarabski öz evində quzu qonaqlığında sizi barışdırıb.

Zatən, Əbdürrəhim bəydən inciməyinizə heç bir səbəb yox idi axı?

Hətta incisəniz belə, Sizdən yaşlı, kifayət qədər məşhur yazıçıdan küsüb otağı tərk etməyə hacət vardımı?

Axı, Nadir şah, Otello, Gavə rolları kimi Ağa Məhəmməd şah Qacar da Sizin parlaq sənət uğurunuz olub.

Pyesi oxumadan nə üçün bədgüman olmusunuz?

Oxumuş, ziyalı aktyorsunuz. Əcəba, bəyəm bilmirdiniz ki, dünya dramaturgiyasında aktyora, onun yaradıcılıq imkanlarına görə obraz yazan ədiblər çox olub?

Haqqınızda yazılanlardan bilirik ki, ümumiyyətlə, dost-tanışlardan tez-tez küsüb-barışırmışsınız. Yeri gəldi-gəlmədi məşqlərdə, hətta adi söhbətlərdə, yaş fərqinə baxmadan, hamının üstünə qışqırırmışsınız.

Cənab Ərəblinski!

Bu qışqırmaqlarınızın, bu küsməklərinizin səbəbi nə idi?

***

İkinci sual.

– Möhtərəm sənətkar!

Tiflisdə çıxan «Zakavkazye» qəzeti 1908-ci il iyul ayının 4-də belə bir məlumat çap edib. «Əbdürrəhim bəy Haqverdiyev Şekspirin «Hamlet» faciəsinin tərcüməsini bitirmişdir. «Kral Lir»in tərcüməsinə başlamışdır. «Hamlet» gələn mövsümdə Bakıda oynanılacaqdır. Hamlet rolunda Hüseyn Ərəblinski çıxış edəcəkdir».

Mətbuat «gələn mövsüm» deyəndə elə 1906-cı ilin sentyabr-oktyabr aylarında başlayacaq teatr mövsümünü nəzərdə tutur. Nə həmin il, nə də sonrakı illərdə «Hamlet» faciəsi tamaşaya qoyulmadı və Siz də Hamleti oynamadınız.

Nə üçün tərcümə hazır olandan sonrakı 11 il ərzində, bütün cəhdlərə baxmayaraq, «Hamlet» tamaşaya qoyulmadı? (Ərəblinski 1919-cu ildə qətlə yetirilib – İ.R.).

Axı, Siz bu rolu oynayacağınızı dəfələrlə bəyan etmişdiniz. Hətta müxtəlif müsamirələrdə, o cümlədən 1911-ci ilin aprel ayında Moskvada olarkən «Hemletin «Qəbr, ya səbr» (Cəfər Cabbarlının tərcüməsində belədir: «Olum, ya ölüm») monoloqunu ehtirasla söyləmisiniz.

1908-ci il dekabrın 12-də oynanılan «Əmir Əbül Üla» tamaşasının afişa və proqramlarının aşağı hissəsində belə bir elan var. «Gələcək tamaşa: «Leyli və Məcnun», «Hamlet, Danimarka hökmdarı».

Deməli, əsər üzərində hətta məşqlər də gedib.

Mustafa Mərdanov Sizin haqqınızda xatirələrində yazır: «Hüseyn Ərəblinski 1910-cu ildə Şekspirin «Hamlet» əsəri ilə tamaşaçıları tanış etmək xəyalına düşdü. O, «Hamlet»in tərcüməsini Əbdürrəhim bəy Haqverdiyevdən alıb, əsərin üzərində yaradıcılıq işi apardı. Ərəblinski «Hamlet»in Azərbaycan dilinə olan tərcüməsini müxtəlif rus tərcümələri və ingilis dilində olan orijinalı ilə yoxlatdırıb, onun düz gəlməyən və çətin anlaşılan, səhnəyə uyğun olmayan yerlərini Haqverdiyev və başqa Azərbaycan ziyalıları ilə razılaşıb düzəldirdi.

Hüseyn Ərəblinski «Hamlet»i əzbər bilirdi».

Əcaba, bəs «Otello» (Uilyam Şekspir), «Qaçaqlar» (Fridrix Şiller), «Vətən» (Namiq Kamal), «Dəmirçi Gavə» (Şəmsəddin Sami), «Sultan Osman» (Fransua Volter), «Müfəttiş» (Nikolay Qoqol), «Yəhudilər» (Yevgeni Çirikov), «Əlmənsur» (Henrix Heyne) kimi mürəkkəb tərcümə əsərləri tamaşaya hazırlayan və baş rollarda çıxış edən Hüseyn Ərəblinskinin «Hamlet»i hazırlamasına nə əngəl ola bilərdi?

***

Üçüncü sual.

– Cənab Ərəblinski!

Aşqabad, Tiflis, İrəvan... qastrollarında bir neçə dəfə bəzi aktyor dostlarınız Sizin tündməcaz, əsəbi davranışınızdan inciyərək səfəri yarımçıq qoyublar. Hətta Əhməd Qəmərli bu barədə mətbuatda da çıxış edib («Yeni İrşad», 8 dekabr 1911).

Onları incitməyinizin, hətta mehmanxanada yer bölümü üstündə konflikt yaratmanızın əsasında nə dururdu?

Əsəbiniz yaradıcılıqda Sizə mane olurdumu?

Haqqınızda yazılan xatirələrdən görünür ki, doğma ananızla da əsəbi danışırmışsınız. Hətta onun da üstünə qışqırırsınızmış.

Bəs buna səbəb nə idi?

***

Dördüncü sual.

– Möhtərəm ustad!

Vərəm xəstəliyinə (bəzi qəzetlər sill naxoşluğu yazıb) tutulanda Sizi müalicə üçün 1913-cü ilin yayında Suxum şəhərinə öz vəsaiti ilə milyonçu Murtuz Muxtarov (700 manat) göndərib.

Muxtarovdan başqa heç kəs aktyor dostlarınızın Sizin müalicəniz üçün müraciətinə səs verməyib.

Dəfələrlə səy göstərmisiniz ki, Xarkovda və ya Moskvada teatr təhsili alasınız. Milonçulara müraciət etmisiniz, lakin heç kəsdən səs çıxmayıb. Bəzi mənbələr bunun səbəbini xarakterinizin bir qədər qabalığı ilə bağlayırlar.

Bu məsələyə necə aydınlıq gətirərdiniz?

Hər hansı kiçik məsələ ilə bağlı dövri mətbuatda, bir-iki cümlə ilə də olsa, fikrinizi açıqlamısınız. Ancaq heç yerdə Murtuz Muxtarova təşəkkürünüzə və ya minnətdarlığınıza rast gəlinmir.

Niyə?..

Nə üçün?..

***

Beşinci sual.

– Hörmətli Hüseyn bəy!

Bakı şəhər qradonaçalnikinin əmri vardı: «Şəhərdəki elanbəndlərdə Azərbaycan türkcəsində yazılmış afişaların rus dilində olan afişalardan yuxarıda yapışdırılması qadağandır».

Əmrdə bu da göstərilmişdi ki, afişa və proqramlarda tamaşa, ifaçılar barədə məlumat əvvəl rus, sonra azəri türkcəsində verilməlidir.

«Yeni İrşad» (26 fevral 1912) və «İqbal» (3 may 1912) qəzetləri yazır ki, Hüseyn Ərəblinski şəhər dumasının qərarını pozub. Şəhərin müxtəlif guşələrindəki daş elanbəndlərə Azərbaycan teatr truppasının tamaşasına aid afişanı müxtəlif rus elanlarından yuxarıda yapışdırıb. Buna görə də birinci dəfə 50 manat və ikincidə isə 10 manat cərimə edilib.

Əvvəla, elanbəndlərin yanında keşikçi, ya güdükçü dayanmırdı. Deməli, həmin afişaları yapışdıranda yanınızda, yaxud ətrafda göz qabağında yasovul, ya girdavoy olmayıb.

İkincisi, Siz orada qaradavoy görsəydiniz təbii ki, onun gözü qarşısında qadağan olunmuş işi tutmazdınız.

Üçüncüsü, Ərəblinski afişa yapşdıran deyildi. O işi əlində kley və fırça başqa adam icra edirdi. Görünür Siz afişanı onun əlindən alıb özünüz yapışdırıbsınız. Yanınızda da sənət dostlarından kim, ya kimlərsə olub.

Təbii ki, yanınızda öz simsarlarınızdan, ya məsləkdaşlarınızdan kimsə olub. Tutduğunuz «qanuna zidd» işi onlar görüblər.

Onlardan kim Sizi «yasovulxanaya» çuğullaya bilərdi?

***

Altıncı sual.

– Cənab Hüseyn Ərəblinski!

Üzeyir bəy Hacıbəylinin «Leyli və Məcnun» operasının böyük uğurundan sonra bu adda bir neçə opera, beşdən çox «Əsli və Kərəm», «Mehr və mah», «Yusif və Züleyxa», «Göbəyin ağ dələmə»... kimi «operalar» yazıldı. Lakin heç biri tarixdə qalmadı.

Üzeyir bəy Moskvada təhsil alanda «Əsli və Kərəm»in ilk səhnə taleyini Müslüm bəy Maqomayevə, başda Hüseynqulu Sarabski olmaqla onun opera dəstəsinə həvalə etmişdi. Dar məqamda Siz bu yaradıcı heyəti hirs-hikkəylə tərk etdiniz. Ağəli Ağayevin «Əsli və Kərəm»ini tələm-tələsik hazırlayıb bir gün əvvəl oynamağa qərar verdiniz. Bununla ürəyiniz soyumadı və «Sədayi-həqq» qəzetinin 15 may 1912-ci il tarixli sayında aşağıdakı məzmunda məktubunuz dərc edildi.

«Cümə günü, may ayının 18-də oynanmalı «Əsli və Kərəm» adlı Üzeyir bəyin operasında mən rejissor deyiləm. Mən cümə axşamı, may ayının 17-də oynanacaq «Əsli və Kərəm» operasında rejissoram.

İmza: Artist-rejissor Hüseyn Ərəblinski».

Sənət dostlarınız Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Xəlil Hüseynov da mətbuatda çıxış etdilər ki, biz Ağəli Ağayevin deyil, Üzeyir bəyin yazmış olduğu «Əsli və Kərəm» operasında oynayırıq.

Hazırladığınız tamaşada baş rollar Əsli və Kərəmi həvəskar aktyorlar Binəqədinski ilə Nasiriyə tapşırmışdınız. Quruluşunuz çox uğursuz oldu.

Üzeyir bəyin Mayılov teatrında oynanılan operası isə böyük təntənə ilə keçdi. Tamaşaçıların rəsmi müraciət-xahişi ilə bu opera qısa müddətdə dəfələrlə tamaşaçılara təqdim edildi. Xatırladım ki, «Əsli və Kərəm» (bəzi mənbələrdə «Çoban operası» adı ilə təqdim edilib) 1912 – 1917-ci illərdə ən çox oynanılan və ən çox gəlir gətirən opera olub. Hətta «Leyli və Məcnun»dan da çox göstərilib.

Tragik Ərəblinski! (Bu ifadəni özünüz çox xoşlayırdınız. Hətta rus dilindəki vizit vərəqənizə də bu sözləri yazmışdınız).

Sizi nə vadar etdi ki, Üzeyir bəyə və azı 6-7 il çiyin-çiyinə çalışdığınız sənət dostlarınıza arxa çevirdiniz?

***

Yeddinci sual.

– Sənətkar!

«Məzəli» satirik jurnalı 10 oktyabr 1915-ci il sayında rəssam Əzim Əzimzadənin karikaturasını çap edib. Şəklin altında bu mətn yazılıb:

«Teatrda pərdə qalxandan sonra məşhur artist Ərəblinski küsmüşdü.

– Bir az dayanın görək Ərəblinskini yola gətirmək olarmı?»

Belə hallar həm Bakıda, həm də Tiflis, Aşqabad qastrollarında dəfələrlə olub.

Bu rəsmdə söhbət harada oynanılan və hansı tamaşadan gedir?

(«Məzəli» jurnalındakı rəsm çap olunandan əvvəl ay yarım ərzində bir dəfə səhnəyə çıxmısınız. Oktyabr ayının 2-də Tağıyev teatrında S.Lanskoyun «Qəzavat» dramının tamaşasında Əhməd bəyi oynamısınız. Hər halda daha düzünü özünüz bilərsiniz).

Küsüb-inciməyinizin səbəbi nə idi?

Əsasən kimə və niyə acıq eləmişdiniz?

Sonra səhnəyə çıxmaq üçün könlünüzü kim aldı?

***

Səkkizinci sual.

Cənab tragik!

– Sənət dostlarınız Hüsenyqulu Sarabski (Rzayev), Cəmo bəy Hacınski, Sadıq bəy Hacınski, Əhməd bəy Hacınski və Siz 1915-ci il oktyabr ayının 15-də Bakı qradonaçalnikinə ərizə yazıb şəhərdə «Müsəlman dram cəmiyyəti» yaratmağa icazə istəmisiniz. Məktub-müraciətinizdə yazmısınız ki, libretto və dramlar çap edəcək, nümunəvi əsərlərə mükafat verəcəksiniz. Aktyor kursları təşkil etmək əsas məramlarınızdan idi.

1916-cı il fevral ayının 29-da şəhər bələdiyyəsi icazə məktubu imzalayıb. May ayının 22-də ilk iclasınız olub və Sadıq bəy Hacınski idarəyə sədr, Miryaqub Mehdiyev sədr müavini, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Bağır bəy Məlikov, Cəmo bəy Hacınski, Əhməd bəy Hacınski, Sidqi Ruhulla, Gülsabah xanım, Gülbahar xanım və daha bir neçə şəxs idarə üzvləri seçiliblər.

İlk tamaşanız Tağıyev teatrında («Şəhər teatrı» da yazılıb), 1916-cı il noyabr ayının 4-də göstərilən «Əmir Əbül Üla» (Hüseyn Bədrəddin və Məhəmməd Rüfət) əsəri olub. Bunun ardınca Nəriman Nərimanovun «Bahadır və Sona» (15 dekabr) dramının tamaşası oynanılıb. Sonra da başınız qarışdı «Neft və milyonlar səltənəti» filminə çəkilməyə. Truppa, rəsmi elan edilməsə də, dağılmaq həddinə çatdı.

1917-ci il yanvarın 26-da Səkinə Axundzadənin təbdilində «Zülmün səmərəsi» («Lakme») tamaşasını «Nicat» truppası ilə oynamısınız. Az sonra Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının «Müdiriyyəti»ndə baş rejissor vəzifəsini tutumusunuz.

Əcəba, bəs onda nə üçün «Müsəlman dram cəmiyyəti» yaratmağa qərar vermişdiniz?

Qərar vermişdinizsə və məqsədinizdə israrlı idinizsə bəs onda nə üçün aktyor kursları açmadınız, libretto və pyes çap etmədiniz, heç kəsə mükafat vermədiniz?

İşin başqa bir tərəfi.

Siz bu iddiada və istəkdə olanda Bakıda «Nicat» və «Səfa» truppaları, Hüseynqulu Sarabskinin yığma aktyorlardan ibarət mövsümi fəaliyyət göstərən opera və operetta artistləri dəstəsi vardı. «Müdiriyyət» fəaliyyətə 1916-cı ilin sentyabr ayından əzmlə və zəngin opera, operetta, dram, faciə, komediya əsərlərindən ibarət repertuarla fəaliyyətə başlamışdı.

Bu təqdirdə onsuz da pərakəndə halda olan aktyor qüvvələrini parçalamağa hacət vardımı?

Doqquzuncu sual.

– Ustad!

Hüseyn Quliyev adlı gənc bir dostunuz olub. 1916-cı ildən tanıdığınız bu teatr həvəsli cavan (təvəllüdü 1900-cü ildir) yaxşı xətti olduğu üçün pyeslərin üzünü səliqəli köçürməkdə Sizə yardımçı olub. Hərdən tamaşalarda epizod rollar oynayıb. Sonrada təhsil alaraq hüquqşünas işləyib.

Hüseyn Quliyev «Səhnə andı» kitabında (Bakı, «Yazıçı», 1982, səh. 114) çap olunmuş «Hamımızın sevimlisi» məqaləsində yazır:

«Bir axşam «Nadir şah» dramı oynandığı yerdə mən kütləvi səhnədə iştirak edirdim. Kim isə Hüseyni çaşdırmaq məqsədi ilə ağ kağızı Nadir şaha – Hüseyn Ərəblinskiyə verdi. O, özünü itirmədi, kağızı alıb baxdı, ağ olduğunu görüb Mirzə Mehdi xan rolunu oynayan artistə tərəf uzadıb dedi:

– Al bu məktubu oxu!

Artistin dili dolaşdı, özünü itirib dedi:

– Qibleyi-aləm, çeşməyim evdə qalıb!

Pərdə salındıqdan sonra məktubun yazılan nüsxəsi bir artistin cibindən çıxdı. Sonralar mən həmin hadisəni onun yadına salanda deyərdi:

– Bu hələ yüzdə biridir!»

Hüseyn bəy!

Bu riyakarlığı edən aktyor kim idi?

Deyirsiniz ki, bu, sizə qarşı fitnəkarlığın «yüzdə biridir». Deyə bilərsinizmi, bunu niyə edirdilər?

Edənlərin arxasında kimlər dururdular?

***

Onuncu sual.

– Hüseyn bəy!

Həmən Hüseyn Quliyev öz xatirələrində bunu da yazır:

«Bakıda Mustafa Hacı Əbdülbağı oğlu adlı bir zərgar vardı. Hüseynin oyununa aşiq idi. O, qaş yerində Hüseynin şəkli qazılmış bir üzük düzəltmişdi. Bir çoxları həmin üzükdən alıb taxırdılar.

O üzükdən biri də məndə vardı».

Ərəblinski cənabları!

Sizin də bir müddət taxdığınız, lakin sonradan barmağınızda görünməyən həmin üzüyü kimə bağışlamışdınız?

Yox, əgər üzüyü evdə saxlamışdınızsa, onu kim götürmüş olar?

Bilirik ki, ölümünüzdən sonra həyat yoldaşınız Asiya xanım evdən çıxarılıb. O, Kamenisti (indiki Bəşir Səfəroğlu) küçəsində bir mənzil kirələyib. Sonralar aktyor Ələkbər Hüseynzadəyə ərə gedib və bir müddət Aşqabadda yaşayıblar. Qohum-əqrəbanız ananız Pəri xanımı da evdən çıxarıblar və o, bacınız Dürsədəfgilə köçüb. Mənzilinizin əşyaları isə amansızlıqla yağmalanıb.

Bəlkə də həmin üzük elə o məqamda oğurlanıb?

# 1946 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #