Dünyanın ən məşhur oğurluğu 105 yaşında

Dünyanın ən məşhur oğurluğu 105 yaşında
25 avqust 2016
# 15:18

Nə vaxtsa heç fikirləşmisiz ki, niyə “Cakondo” bəşəriyyət tarixinin ən məşhur əsəridir? Təsəvvür etmək çətin olsa da həqiqətən bir zamanlar “Xanım Liza del Cakondo” haqqında yalnız ən alovlu incəsənət sevdalıları danışırdılar. Çox da böyük olmayan bu əsər Luvrun çoxsaylı incilərindən sadəcə biri idi. Son yüz ildə isə ona münasibət çox dəyişdi. Bizim üçün “Cakondo” ilk növbədə brendə, keyfiyyət və yüksək zövqün göstəricisinə çevrildi. İncəsənət tarixinin ən böyük oğurluğunun isə bunda misilsiz rolu oldu.

Şedevri necə oğurlamaq olar?

21 avqust 1911-ci ildə Luvr muzeyindən Leonardo da Vinçinin məşhur şedevri yoxa çıxdı.

O dövrün qəzetləri baş verənləri əsl detektiv əhvalatı kimi təqdim edirdilər. Jurnalistlər yazdığına görə bazar ertəsi günü səhər saat yeddidə bir nəfər Luvrda gizləndiyi balaca anbardan çıxır. Həmin adam öz qurbanının harda olduğunu və onu zədələmədən çərçivədən necə çıxarmaq lazım olduğunu gözəl bilirmiş. Oğru cəld tərpənir. O, əsəri ağ örtüyə büküb vintli pilləkənlə Sfinks həyətinə qaçır. Bu vaxt o muzeyin sanitar işçisi ilə rastlaşsa da ikinci elə bilir ki, həmin adam Luvrun gecə növbəsində çalışan işçilərindəndir. Səkkizin yarısında isə oğru artıq muzeyin daxili həyətində gələcəyin incəsənət şedevri ilə təkbətək qalmışdı.

Bir neçə saat sonra Luvrun “Kvadrat salon”una “Mona Liza”nın surətini çıxartmaq istəyən rəssam gəlir. Ancaq tablonun yerində olmaması onu təəccübləndirmir. Rəssam belə qərara gəlir ki, əsəri fotoqraflar götürüblər və bir neçə saata qaytaracaqlar. Əlbəttə, bir neçə saat keçəndən sonra da əsər yerinə qaytarılmır. Bu vaxt muzey işçiləri ləng fotoqrafların emalatxanasına baş çəkirlər. Lakin əsər burda da olmur. Muzey rəhbərliyi əsərin oğurlandığını başa düşəndə artıq axşam düşmüşdü və oğru heç bir iz buraxmadan şəhər izdihamına qarışmışdı.

Beləcə 21 avqust 1911-ci ildə məşhur rəsm əsəri böyük bir qalmaqalın yaradıcısına çevrildi,. Bu hadisə ilə incəsənət tarixində isə yeni era başlandı.

Səmərəsiz axtarış

Cinayət işi təkcə muzeydə deyil, bütün Fransada səs-küyə səbəb oldu. Növbəti gün muzeyə tamaşaçıların girişi yasaqlandı, polis Luvrun hər küncündə axtarış apardı. Təəssüf ki, axtarışlar nəticə vermirdi.

“Mona Liza” itmişdi.

Mətbuat muzey rəhbərliyini incəsənət əsərini layiqincə qoruya bilməməkdə ittiham edirdi. “İllüstrasion” adlı məşhur jurnal isə oğurluq hadisəsini “milli fəlakət” adlandırır, “Cakondo”nı redaksiyaya gətirənə 40 min, əsərin yerini nişan verənə 20 min, sentyabrın 1-nə qədər “Cakondo”nu tapana isə 45 min frank mükafat vəd edirdi. Amma pul mükafatı ilə də oğrunu ələ almaq olmur. Yüksək tirajlı bütün Avropa qəzetləri ilk səhifəyə əsərin reproduksiyasını vururlar, polis isə 6.5 min vərəqə çap edərək Paris küçələrində yayır. “Əsrin oğruluğu” bütün dünyada müzakirə olunur. Hətta incəsənətdən min addım uzaq olan ən adi avropalı belə artıq gülümsəyən italiyalı xanımı tanıyırdı. Və günbəgün, hər qəzet buraxılışı ilə, hər şam yeməyində onun gülüşü daha da məşhurlaşırdı.

Ancaq jandermeriya və Fransa hakimiyyəti adi cinayətkar qarşısında aciz qalır. Axtarış dalana dilənir, polis ən ağlasığmaz fərziyyələr irəli sürməyə başlayır.

Şübhəlilərdən biri də Pikassodur

Oğurluqda şübhəli bilinən ilk şəxs alman kayzeri II Vilhelm oldu. Fransız jurnalistləri yazırdılar ki, kayzer Fransanın zəifliyini göstərmək üçün xüsusi xidmət orqanlarına tapşırıq verərək əsəri oğurlatdırıb. Alman həmkarlar isə fransız hakimiyyətini onları müharibəyə təşviq etməkdə günahlandırırdılar. Şübhəli bilinənlər arasında anarxistlər də vardı, Florensiyalı gözəlin gülüşünə vurulan aşiq də, amerikalı milyoner Morqan da. Deyilənə görə Morqan özünün nəhəng kolleksiyasını doldurmaq üçün əsəri oğurlatdırıb.

Şübhəli şəxslər arasında məşhur rəssam Pablo Pikasso və şair Giyom Apolliner də vardı. Onların adı bundan əvvəl də Luvrla bağlı oğurluqda hallanmışdı. O, Luvrdan oğurlanmış İberya heykəllərini əldə etmiş, bunun əsasında özünün məşhur “Avinyonalı qızlar” əsərini çəkmişdi. İberiya heykəllərini oğurlayan isə şair Giyom Apollinerin tanışı Jeri Pyer idi. Amma polis lazımı dəlillər əldə edə bilmədiyi üçün Pikasso və Apollineri azad edir.

Vətənpərvər razvyazka

Oğurlanmış əsər yalnız iki il sonra tapıldı. Özünü Vinçenso Leonardo kimi təqdim edən şəxs Florensiyada incəsənət əşyalarının ticarəti ilə məşğul olan Alfred Ceriyə müraciət edərək ona “Mona Liza”nı sata biləcəyini deyir. Bu xəbərdən şoka düşən Ceri Florensiyada yerləşən Uffitsi Qalereyasının direktorunu da özü ilə görüşə aparmaq qərarına gəlir. Bir neçə gün sonra Florensiyadakı otellərin birində oğru çamadandan itkin şedevri çıxaranda isə daha şübhə qalmır. Bu “Cakondo”nun orijinalı idi. Ceri dərhal polisə məlumat verir.

Məlum olur ki, oğru Vinçenso Perucia adlı həvəskar rəssamdır. O, Milan yaxınlığında anadan olmuşdu. Dövrün bütün iddialı rəssamları kimi Perucia da incəsənət paytaxtı Parisə gəlmişdi. O, Luvrda işə düzəlir və rəsm əsərlərinin vandalizmdən mühafizəsi üçün hazırlanan metal və taxta örtüklərin düzəldilməsi ilə məşğul olur. O, hardasa səkkiz aylıq iş həyatında muzeyin bütün zallarının giriş-çıxışını, binanın sxemini, mühafizəçilərin postlarının yerini öyrənir.

Bəs onu cinayətə sövq edən nə idi? Perucianın ifadəsinə görə o, incəsənət şedevrini doğma vətəninə qaytarmaq istəyirmiş. Guya İtaliya səfəri zamanı on mindən çox incəsənət əsərini özü ilə Fransaya aparmasını Napoleona bağışlaya bilmirmiş. Ancaq Perucianın bu vətənpərvərlik iddiasını alt-üst edən başqa faktlar üzə çıxmışdı. Əvvəla əldə etdiyi qəniməti dövlətə təhvil verməmişdi, bundan başqa o, əvvəllər oğurluq üstündə ittiham olunmuşdu. Belə çıxır ki, Perucianı yalnız pul maraqlandırırmış.

Yeri gəlmişkən, bədbəxtlikdən və ya xoşbəxtlikdən Perucia incəsənət tarixini pis bilirdi. Leonardo da Vinçi əsəri Fransaya özü gətirmiş və Fransa kralı I Fransiskə satmışdı. “Cakondo” uzun müddət Fontenbloda yerləşən sarayın Qızıl kabinetinin divarını bəzəmiş, XIV Lüdovik zamanında isə əvvəl Versala gətirilmiş, daha sonra Luvra verilmişdi.

Məhkəmənin qərarı və başqa nəticələr

Perucainın patriotizmindən mütəəssir olan İtaliya məhkəməsi ona məhkəmə xərclərini ödəməklə bir il on beş gün iş kəsir. Bəs həvəskar rəssamın sonrakı taleyi necə olur? O, Birinci Dünya müharibəsi zamanı qəhrəmanca döyüşür, hərbi xidmətdən sonra isə birdəfəlik Fransaya köçür və burada ömrünün axırına qədər özünün kiçik dükanında boya ticarəti ilə məşğul olur.

Məlum cinayət “Mona Liza” üçün olduqca faydalı oldu. Əsər İtaliya turnesindən sonra qəhrəman kimi ölkəyə qayıtdı. O, Fransaya Milan-Paris qatarının xüsusi kupesində gətirilirdi. Cinayət hadisəsi onu bütün dünyada məşhurlaşdırmışdı.

Bu gün “Cakondo” daha çox qalmaqalı ilə maraqlıdır. Onu görmək üçün nəhəng növbəyə duran izləyicilər forma və rənglərin harmoniyasından həzz almaqdan çox florensiyalı gülümsəyən xanımı görmək üçün Luvra gəlirlər.

# 1378 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #