Daşqalaq edilən, fahişə filosoflar

Daşqalaq edilən, fahişə filosoflar
15 yanvar 2014
# 13:50

“İnsan əsasən nə erkəkdir, nə də dişi. Cinsiyyətin fərqli olmasının səbəbi cinsə xas forma fərqini yaratmaq olmayıb yalnız nəsil artırmağa yarayır...”

(Marie Le Jars de Gournay, “Qadınlarla Kişilərin bərabərliyi haqqında”)

Yuxarıdakı sətirlər İntibah dövrünün filosoflarından Maria Le Jars de Gournaya aiddir. Bu adı eşitməmiş ola bilərsiniz. Çünki Gournay kişi hegemonluğu dövründə arxa planda qalan qadın fikir adamlarından sadəcə biridir. Bu gün biz qadın və kişi bərabərliyi haqqında danışırıq, qadının müxtəlif sahələrdə ön planda olmasını müdafiə edirik. Amma tarixə nəzər saldıqda fərqli məsələlərlə rastlaşırıq. Bu yazıda fəlsəfə dünyasının xanım filosoflarının həyatına qısaca nəzər salacağıq.

Elm dünyasına nəzər saldıqda Mariya Küri kimi elm adamı olmuş qadınlarla rastlaşırıq. Bəs görəsən fəlsəfə dünyasında vəziyyət necədir?

Aristotel, Platon, Dekart... Filosof deyəndə ilk olaraq ağlımıza gələn adların ortaq bir özəlliyi var; hamısının kişi olması. Bunun səbəbi düşünə bilməyin kişilərə bəxş edilən bir xüsusiyyət olması deyil, qadınların düşüncələrini kişilər kimi sistematik bir şəkildə təqdim etmək üçün lazımi vaxtın və imkanın olmamasıdır. İkinci bir səbəb isə qadınların yaratdığı əsərlərə kişilərin az diqqət ayırmasıdır. “Qadın filosoflar tarixi” adlı əsərdə 44 qadın filosofun həyatından bəhs olunur. Bu yazıda həmin kitabdakı diqqətçəkən adların üzərində dayanacağıq. Qadın filosofları xatırlarkən onları da dövrlərə görə təsnif etmək doğru olardı.

Krotonlu Theano

Bildiyimiz kimi fəlsəfənin başlanğıcı antik dövrlə bağlıdır. Yaşadığı həyatı sorğulama, insan və dünyanı izah etmək çabaları ilk dəfə bu dövrdə, qədim Yunanlarda başlayıb. Bu dövrdə həm kişi, həm də qadın filosoflar üçün önəmli suallar vardır. Məsələn, insan niyə dünyaya göndərilmişdir, dünyadakı vəzifəsi nədir, düşünmək və həyata keçirmək arasındakı əlaqə nədir? ...Bu suallara bağlı olaraq düşüncələr fəlsəfənin təməli olaraq tarix səhifəsində öz yerini almışdır.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu dövrün ünlü fikir adamları dedikdə, qarşımıza kişilər çıxmaqdadır. Amma bu dövrdə düşüncə dünyasında önəmli qadınlar da olmuşdur. Bizim ilk nümunəmiz Krotonlu Theanodur. Krotonlu Theano ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir.

Bəs Krotonlu Theanonun düşüncələri necədir? Theanoya görə ruh yenidən doğulacaqdır, bunun üçün insan müdrik həyat tərzi yaşamalıdır. Sırf maddə yoxdur, ruh ön planda olmalıdır. Riyaziyyat və musiqi önəmlidir, çünki ikisində də rəqəmlər var. Belə ki, rəqəmlər nizamı qoruyan yeganə ünsürdür.

Theano “Pifaqor məktəbi”ndə qızlara dərs deyib. Bu dərslərin böyük bir qismi əxlaq haqqındadır. Özü dövrünün önəmli adamlarından biri olmasına baxmayaraq, dərslərində qadınları arxa planda saxlayaraq, yaxşı həyat yoldaşı olaraq yetişdirməyə çalışması çox maraqlıdır. Əslində bu fakt dövrün sosial vəziyyətinə işıq tutur.

Fahişə və filosof Aspasia

Theanodan sonra sizə təqdim edəcəyimiz ikinci önəmli qadın filosof Aspasiadır. Onun həyatı B.e.ə. 460-cı ildən sonrakı dövrə təsadüf edir. Aspasianı qadın fikir adamı kimi təqdim edənlər çox olsa da, bəzi araşdırmaçılar onun Hetaira(fahişə) adlandırıldığını və lağ edildiyini önə sürürlər. Bu çox maraqlı məqamdır. Çünki o dövrdə Hetaira adlandırılan qadınlar pula görə bədənlərini satırdılar. Aspasia da Afinada Hetaira kimi fəaliyyət göstərməyə başlayır və bir Hetaira məktəblərindən birini idarə edir. Bu məqam ona cəmiyyət içərisində başucalığı gətirməsə də, digər tərəfdən sahib olduğu fəlsəfi biliklər və ritorika çoxlarını heyran edirdi. Aspasia əslində olduqca yaxşı təhsil almış bir qadındır. Sokrata dərs deməsi və Sokratın ona heyran olması Platon tərəfindən qələmə alınıb. Aspasia yaşadığı dövrdə insanları fəlsəfəyə meylləndirən əsas şəxslərdən biri hesab olunur.

Daşqalaq edilən qadın filosof - Hypatia

Antik dövrün önəmli adlarından biri də Hypatiadır. Onun yaşadığı dönəm b.e.ə. 370-ci ildən sonraya təsadüf edir. Hypatia yeni platonçuluğun dəbdə olduğu bir dönəmdə İskəndəriyyədə yaşamışdır. Önəmli filosof olmasıyla bərabər astronomiya və riyaziyyatla da maraqlanan Hypatia çətin bir dövrdə yaşamışdır. Belə ki, həmin dönəmdə xristianlıq yeni-yeni yayılmağa başlamışdı və xristian olmayanlara qarşı ciddi təzyiqlər var idi. Bu Hypatianın da həyatına təsir etmişdir. Fəlsəfənin bu dövrdə bölücü, pozucu bir sistem olması haqqında fikirlərin yayılması onun da vəziyyətini çətinləşdirmişdir. Buna baxmayaraq bu üstün düşüncə sahibi olan xanım filosof İskəndəriyyə Universitetində astronomiya və həndəsə dərsi demişdir. Hypatianın atası tanınmış riyaziyyatçı Theondur.

Hypatianın Platonun fikirlərini müdafiə etdiyi məlum olsa da, dövrümüzə heç bir əsəri gəlib çatmamışdır. Platonçu fəlsəfəyə görə əsil həqiqət görülən deyil, onun arxasında olandır. Hypatianın bu fikri müdafiə etdiyi ehtimal edilir. Onun həyatı ilə bağlı ən maraqlı məqam isə ölümü ilə bağlıdır. Paqanist olmaqda, dövlətin işlərinə qarışmaqda günahlandıraraq və daşqalaq edilərək öldürülmüşdür.

Bu üç qadın filosofun həyatına nəzər saldıqdan sonra, antik dövrə ümumi bir nəzər salaq. Antik dövrün qadın filosofları güclü xarakterə sahibdir. Susmaq əvəzinə məktəblərdə fəaliyyət göstərmiş, düşmən hesab edilsələr də, təhqir olunsalar da zəkaları və elmləri ilə ətraflarındakı insanları heyran etməyi bacarmışdılar.

Yazı Sinem Doğanın “Düşünce dünyasının gölgede kalanları: Kadın filozoflar” məqaləsi əsasında hazırlanmışdır.

# 9122 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #