Zorlanmağı arzulayan qadınlar

Zorlanmağı arzulayan qadınlar
27 mart 2013
# 08:00

“Bozun 50 çaları”nın təsiri hələ getməmiş Silviya Deyin “Crossfire” seriyası satış rekordları qırmağa başlayıb. Bu kitablarının əksəriyyətinin alıcısı qadınlardır. Bəs qadınlar niyə bu cür romanları sevirlər? Kulis.Az romanlarında eşq və seksuallığı çəkinmədən qələmə alan türk yazar Nərmin Mezmenin “Tempo” jurnalı üçün yazdığı məqaləni təqdim edir. Yazıdakı psixiatr rəyi isə professor Mehmet Sunqura aiddir.

Çox vacib bir fərqlilik olmadıqca “qadın” və “kişi” deyə ikiyə ayırmağı sevmirəm. Bugünkü günümüzdə seksual əsər oxumaq məsələsi məncə, iki cinsiyyət arasında bu qədər dərin bir sərhəd çəkəcək qədər fərq yaratmır. Söhbət romandan gedəndə, onsuz da statistikaya baxsaq roman oxucuları olaraq qadınlar çoxluq təşkil edəcək. Kişilər xüsusi maraq dairələrini, hobbilərini və ya peşələri ilə əlaqəli olmayan kitablar xaricində o qədər də roman oxumazlar. Sevgi romanlarından xüsusən kənar durmağa çalışırlar. Tabuları və ya kompleksləri olan cəmiyyətlərdə romantiklik, seksuallıq kimi məsələlərdə insanların doğru fikirlərini və seçimlərini çox dəqiq araşdırmağımız çətindi.

“Kişi üçün sevgisiz də seks olur. Amma qadın…”

Məncə, seks romanı içində eşq və ya ən azından eşq zənn edilən bir hiss varsa bu qadınlar üçün qəbul ediləndir. Kişilər isə seksi sevgi olmadan da oxuyurlar. Mövzusu erotikadan pornoqrafiyaya uzanan bu qədər kişi jurnalları hər halda qadınlar üçün buraxılmır. Seks romanlarının oxunmasında cinsiyyət fərqliliyi qadın və kişinin sevgi-seks məsələləri araşdırılmadan müəyyənləşdirilməməlidir.

Sevgi-seks əlaqələrində qadınları sadəcə kişilər dünyasından ayırmaq kifayət etmir. Öz aralarında da ayırmaq lazımdı (mövzu kişilər olsaydı da onlar üçün də bu bölünmə olacaqdı). Kişi sevmək istəmirmi? İstəyir, amma sevəcəyi qadını tapana qədər də seksual həyatını yaşamağa davam edər. Sevgiyə inanan kişi üçün belə seks sevgisizsiz ola bilir. Amma qadın…

Qadın, seks yaşamaq üçün sevgi və ya sevgini xatırladacaq bir şeylər hiss etmək istəyər. Münasibətinin əvvəl və ya sonrasında özü kişidən ayrılmaq niyyətində deyilsə gec-tez bu hissin arxasınca qaçacaq. Bəzi qadınlar sadəcə aşiq olmaq istədikləri kişi ilə bərabər olmağı seçər və gözləyərlər. Bəziləri isə o gözlədikləri hissi tapa bilməsələr də əlaqəyə girə bilirlər. Amma reallıq da budur ki, qadın aşiq deyilsə də birlikdə olduqdan sonra kişidən sevgi gözləyər, aşiq edilmək və hətta aşiq olunmasını istəyər. Kişinin o qadınla bağlı belə bir fikri yoxdusa tez bir zamanda çıxıb getməlidi. Belə ki, bu məsələdə də qadınlar qruplara bölünürlər.

Seksuallığını kişiyə servis edənlər


Bəziləri isə seksuallığı kişiylə paylaşmaq deyil də kişiyə servis vermək və ya ona lütf etmək kimi düşündüyündən özünü aldatmış, istifadə edilmiş hiss edirlər. Ya da xəyal qırıqlığına uğradığı bir cinsi akta “hə” dediyi üçün özünə hirslənsə də, bunun günahını yenə kişidə görəcəkdir. Hər halda yaşanan bu pis hal onları aqressiv, kinli edəcəkdir. Sırf kişini canından bezdirmək üçün öz həyatlarını da cəhənnəmə çevirər belə qadınlar.

Bir başqa qadın tipi də vardır ki, seks qurtarandan sonra bədəninin və ruhunun aclığının davam etdiyinin fərqinə vardığı an cinsi komplekə girmədən unudar bunu. Belə qadınlar xoşbəxt azlıqlardır.

”Sahib” kişi qəhrəmanlar

Çox az rast gəlinən “azlıqda qalan xoşbəxt qadınlar”a gəldikdə isə onlar adətən kişiylə qarşılıqlı olaraq biri digərini seçər və seçilirlər. Sevişməzdən əvvəl qarşılıqlı aşiq olurlar. Cinsi həyatlarında sevgi, şəfqət, ehtiras, bağlılıq, həyəcan vardır. Bir-birlərini tanıdıqca sevgiləri də böyüyər. Bu cür münasibətlərdə özlərini bir-birlərindən üstün və ya aşağı tutmazlar.


Bir də təbii ki, elə doğulduğu andan etibarən adət-ənənələr, mədəni, ictimai tabularla həyat və seçimlərinə qadağalar qoyulan qadınlar vardır. Xoşbəxtlik anlayışını yaşaya bilmək bir yana qalsın, bunu istəməyə belə haqları olmadığına inanırlar. Belə qadınlara həqiqətən sevdiklərini inandırmaq çətin olduğu kimi, saxta bir sevgi ilə də aldatmaq çox asandır.


Qadın olmağıma baxmayaraq bəzi statistik məlumatlardakı qadınları (statistikaya aid olmayan qadınların da bəzilərini) başa düşə bilmirəm. Xüsusilə, qadının əzilməsi, şəxsiyyətinin ayaqlar altına atılması, həyatının qəddar bir kişi tərəfindən idarə edilməsinin təsvir edildiyi romanlardakı “sahib” kişi qəhrəmanlarına gizli-gizli heyranlıq duyan qadınları heç vaxt anlaya bilməmişəm.

Zorlanmaq xəyalı

Bir neçə il bundan əvvəl ABŞ-da qadınlar arasında keçirilmiş sorğuda “Ən böyük xəyalınız nədir?” sualına iştirak edənlərin 60% -nin cavabı ya yaraşıqlı hindu qəbilə başçısı, ya da ərəb şeyxi tərəfindən atı belində qaçırılıb zorlanmaq olub. Bütün hindu qəbilə başçılarının və ərəb şeyxlərinin “Hollivud” məhsuluna çevrilmiş bu imicləri qadınlarda pis təsir yaradıb. Bir də təbii ki, zorlandıqdan sonra şahzadə olacaqlarını, ya da zorlayanların onları yenidən at belində öz evlərinə aparacaqlarını düşünürmüşlər. Bu istək qadının həmişə başa düşülməyi və romantika gözləyən, sevgi və şəfqət istəyən xarakteri ilə heç qəti uyğunlaşmayan bir təzaddır...

Despot, əziyyət verən və sevən kişilərin xəyalı

“Parisdə son Tango” filmində kişi qəhrəman Marlon Brando olduğu üçün Mariya Şnayderin yerində olmaq istəyən və bunu kimi daha neçə oxşar hekayəyə eyni reaksiya verən bir çox qadın tanıyıram. Son illərdə yoluxucu xəstəlik kimi yayılan vampir romanları, filmləri də mənə bu misalı xatırladır. Vəhşi, idarəedici, ağrı-əziyyət verən, kobud, amma eyni zamanda qadının canını öldürməyəcək qədər incidən və onu sevən bir kişi...

“Hakim, güclü kişinin qadını olmaq” fikri bəzi qadınlar üçün arzu olunandı. Bu bir həqiqətdi. Hələ üstəlik kişi yaraşıqlı və varlı olarsa bu barbarlığa heyranlıq daha da artır. Bu cür münasibətlərdə eşqin, sevginin olduğunun düşünülməsi belə mənə absurd gəlir. İstər qadın olsun, istər kişi ruhi, zehni və fiziki bir işgəncə ilə yaşayacaq və buna “sevgi, eşq” deyəcəksə, mənə görə, bu eşq deyil, əsarətdir. Çünki, bu bir sahib-əsir münasibətidir.


Qəhrəmanlarımın seksuallığının əsasında məhəbbət durur

Eşqə inanan, sevgiyə böyük dəyər verən biri olaraq romanlarımda qəhrəmanlarımın seksuallıqlarının ana xətti eşqdir. Qadın qəhrəmanlarım sevgilərini və cinsi həyatlarını özləri seçərək könüldən yaşayarlar. İdarə olunmazlar. “Qismət” deyilən o gözəgörünməzi idarə edərlər. Cəsurdurlar. Sadəcə seçim edərkən, qərar verərkən deyil, sonra da nəticələrinə eyni cəsarətlə sahib çıxma əzmindədirlər.

Mənim qadın oxucum öz şəxsiyyətini itirmədən özünü kiməsə həsr edən qadınlarımı sevər. Yenə də qadın qəhrəmanlarımın biri digərindən fərqlidir. Eynən, biz qadınların birimizin digərindən fərqlənməsi kimi... Hər bir qadın qəhrəmanım da öz oxucu kütləsini tapır. Hər bir qadın oxucumun əsərlərimi oxuma və bəyənmə səbəbləri dəyişsə də, sonda qəhrəmanlarımın cinsi həyatlarında əsas götürdükləri sevgidir. Onları cəlb edən çılğın, amma sakit, ehtiraslı, amma səbirli, qorxmaz, amma başa düşən, şəfqətli sevgilərdir.

Kitablar vasitəsilə canlanan gizli qadınlıq

Qadın oxucularım arasında bir hissəsini əri işə getdikdən sonra, davamını isə gecə əri yatandan sonra hamamda gizli oxuyanlar, həftədə bir dəfə bazardan qayıdarkən qəsəbənin kitabxanasında bir neçə səhifə oxuyub həyəcanla növbəti həftəni gözləyənlər də var. Bu qadınlar həyatlarını qəfəsdə saxlayan kişiləri sevmək əziyyətindən çoxdan vaz keçiblər. Mübarizə aparmağı, qadınlıqlarını yaşamağı, kişilərinə də cənnət yaşatmağı lazımsız bilirlər. Sadəcə gizlin-gizlin sevgidən, seksdən oxuyaraq xəyallarında canlandırırlar. Özləri olmasa da romandakı qadınların sevərək, sevilərək, sevişərək yaşadıqlarını bilmək onlara kifayət edir.

Sayca çox az olsalar da romantik, ruhi, zehni və fiziki ehtiyaclarını rahatlıqla ödəyən, sadəcə sevdiyi ilə və doya-doya yaşayan qadınları unutmayaq. Cinsi həyatlarını həyatın özü qədər təbii görənlər seksə aid kitabları çox rahat oxuyurlar. Amma dizləri üstündə süründürülən, əziyyət verilən, təcavüz edilən və bütün bunlardan sonra öpüldüyü üçün özünü sevilən bir adam kimi hiss edən qadınların da hekayələrini ciddi qəbul etmirlər.

Psixiator professor Mehmet Sunqur


-Qadınlar erotik romanları niyə oxuyurlar?

- Kişi erotizmi videoda birbaşa görmək istəyir. Romanda bir hadisə var və seksuallıq o hadisənin içərisinə yerləşdirilir. Kişiyə bir videodan hissə göstərildiyi zaman o ehtiraslanır, amma qadın üçün o hissə kifayət deyil.

- Qadınların özlərini bu cür romanların qəhrəmanlarıyla bərabərləşdirmələri yaxşıdırmı?

- O hekayə həyatımızın yalnız bir hissəsindən bəhs edir. Bəli, oxuduqlarını özləriylə eyniləşdirirlər və tablonun tamını görə bilmirlər.

Qadınları erotika məsələsində ən çox ehtiraslandıran nədi?

- Aparılılan araşdırmalar erotizm olduğunu göstərir. Təkcə romantizm isə çox az ehtiraslandıran təsirə malikdir. Seksuallığı başlamaq və bu yöndə aktiv olmaq ehtirası artırır. Məsələn, qadın xəyal quranda seksuallığı özü istiqamətləndirir və bu onu daha da ehtiraslandırır. Erotik romanlar qadınlara belə təsir göstərirlər.

- Halbuki, kişilərin çoxu qadınların romantizmdən daha çox təsirləndiyini düşünürlər.

- Biz onsuz da erotik romantikadan danışırıq. Aqressiya, yəni porno qadınlara maraqlı gəlmir. Seksuallıq nə qədər aqressivdirsə qadın bir o qədər uzaqlaşır ondan.

- Məsələn, “Bozun əlli çaları”nda sərt erotizm var. Bəs onu niyə sevirlər?

- Müasir dünyada “Zorakılığa yox!” deyirik. Amma zorakılıq göstərən kişiyə boyun əyirik. Bunun adı “güclərin tarazlığı”dı.

- ”The Newsweek” jurnalı bunu “yaradıcı boyun əymə” olaraq müəyyənləşdirərək karyera qadınının yataqda buna ehtiyac duyduğunu yazır. Razısınızmı?


- Əgər burda zorakılıq yoxdursa qəbul edə bilərəm. Qadınların hüquqları artıb, bəli, amma yenə də yanlarında yol göstərən bir kişi istəyərlər.

- Bu hüquqlar cinsi həyata necə təsir edir?

- Qadınlar kişilərdən daha çox şey istəyirlər. “Mən nə etsəm sən də eynisini etməlisən”-deyirlər. Bu kişiləri əksinə inkişaf etdirir. Ancaq kişilərin buna adaptə olmaları üçün qadınların səbirli olmaları lazımdı.

- Yəni yaxın gələcəkdə bu cür kitablardakı kişilərin real həyatda qarşımıza çıxması gözlənilmir?

- Bu cür adamlar azdı.

# 55125 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #