Bakının gizli abidələri

Bakının gizli abidələri
27 sentyabr 2016
# 08:30

Bakıda yerləşən tarixi abidələr haqqında çox danışmaq olar. Bu barədə yetərincə danışılıb da, yazılıb da. Bir neçə əsrin şahidi olan həmin abidələr – qalalar, karvansaralar, yaşayış məskənləri, müxtəlif dinlərə etiqadı əks etdirən ibadət ocaqları və s. Bakının qədim Şərq koloritinin qorunub saxlamasında böyük rol oynayıb.

Bakı haqqında məlumat ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir fironu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilib. Bundan başqa, Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazılar, arxeoloji tapıntılar da sübuta yetirir. Eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılan daş yazı buna əyani misaldır.

Deyilənləri nəzərə almaqla bu gün Bakının 5,5 mindən çox yaşı olduğunu söyləyə bilərik.

Təbii ki, bu qədər yaşı olan bir şəhərdə qədim və orta əsrlərə aid olan tarixi abidələrin sayı da çox olacaq. Lakin təqdim edəcəyimiz yazıda Bakının gizli qalan abidələri haqqında məlumat veriləcək. Bu abidələri başqa abidələrdən, məsələn, Qız qalasından fərqləndirən əsas cəhət onların gözdən kənarda olmasıdır.

İçərişəhərdəki yeraltı dünya

Bu gün Azərbaycan tarixi ilə tanış olmaq istəyən turistlərin ən çox ziyarət etdikləri yer, təbii ki, İçərişəhərdir. Burada isə ən çox Şirvanşahlar sarayı, Qız qalası, bir neçə məscid, dolanbac yollar və s. turistlərə göstərilir. Lakin İçərişəhərin yeraltı dünyasının özü də ayrılıqda bir tarixdir. Bura insanı heyrətləndirəcək qədər maraqlı tarixi tikililərlə zəngindir. Bura yeraltı hamamlar, bir neçə otaqdan ibarət olan su anbarları, haqqında indi də əfsanələr söylənilən gizli yollar daxildir.

Аzərbаycаnın оrtа əsr şəhər və qаlаlаrındа еhtiyаt üçün tikilən yеrаltı gizli yоllаrın оlmаsı hаqqındа çохlu məlumаtlаrа rast gəlirik. Хаlq arasında bu kimi yеrаltı gizli yоllаr hаqqındа çох dаnışılır. Təsаdüfi dеyil ki, şəhər və qаlаlаrın yеrаltı yоllаrı, хüsusi mаrаğа səbəb оlmаqlа yаnаşı, оnlаrın təsаdüfdən yаrаnmаdığı və rеаl həyаtа bаğlı оlduğunu tarixçilər də təsdiq edirlər. Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq üçün möhtəşəm bürclər və divar boyu yeraltı yollar da bu tikilinin (qala divarlarının) ayrılmaz hissəsi kimi inşa olunub.

İçərişəhərdə məhz bu məqsədlə şimal tərəfdən qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün Qoşa Qala qapılarınadək uzanan yeraltı yol inşa edilib. Yeraltı yol qala divarının bürclərdən biri olan dördkünc qala-bürclə qərb və şərq tərəfdən birləşir. Qala-bürcün bu cür yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib-çıxa bilməsi məqsədi daşıyırdı. Bu yeraltı yol hələ də öz strateji və memarlıq əhəmiyyətini qoruyub saxlayır. Qala divarı boyunca “İçərişəhər” metrostansiyasının İçərişəhərə giriş qapısından Qoşa Qala qapılarına qədər uzanan yeraltı yol müxtəlif illərdə müxtəlif səbəblərdən bağlanıb.

Yeraltı tikilinin içərisində yerləşən bir neçə otaqdan ibarət su anbarı hal-hazırda qalmaqdadır. Bu su anbarı, yaxınlıqda yerləşən ovdan ilə əlaqəlidir. Yеrаltı yоl vахtilə fəаliyyətdə оlаn böyük su kəmərinin qаlığıdır.

İçərişəhərdəki yeraltı hamam Qoşa Qala qapılarından daxil olarkən solda Bakı xanlarının evinin yerində, qala divarlarının dibində yerləşir.

Qeyd edək ki, bir zamanlar bu yeraltı hamamda şəhərə girən tacirləri məcburən çimizdirər, təmizlənməmiş onları şəhərə buraxmazdılar. Onun qala qapılarının yanında yerləşməsi də bu səbəblə izah olunur.

Bu adsız hamam təqribən XIV əsrin sonları XV əsrin əvvəlləri Şirvanşahlar dövlətinin dinclik və əmin-amanlıq dövründə inşa edilib və tеmpеrаtur rеjiminin sаbit sахlаnması üçün yеr аltındа tikilib. Vахt kеçdikcə, tоrpаq qаtının qаlınlığı аrtаrаq оnu tаmаmilə örtüb. 1906-cı ildə İçərişəhərin ruslar tərəfindən tam işğalından sonra indiki yeraltı hamamın ərazisi rusların hərbi komendantlığına çevrilıb. Məhz həmin dövrdə istifadəyə yararsız olan və bir hissəsi uçmuş hamamın günbəzləri sökülərək üzəri torpaqla örtülüb. Postsovet məkanında isə bu ərazidə hərbi polis idarəsi yerləşib.

Bayıl qalası

Bakının daha bir görünməyən sirri isə Bayıl qalasıdı. Bu gün abidə əsasən “Bayıl qəsri” adlandırılır. XIII əsrdə inşa edilən qala Bakıda baş verən güclü zəlzələ nəticəsində suların altında qalıb. Zaman-zaman Xəzər dənizində suların azalıb-çoxalması ilə əlaqədar gah üzə çıxıb, gah da yenidən görünməz olub. Arif Ərdəbilinin “Fərhadnamə” poemasında da “Bayıl qəsri” haqqında maraqlı məlumatlar verilib. Qalanın uzunluğu 180, eni isə 35 metrdi. Bu gün də suyun altında olan qala bir əsrə yaxındır ki, alimlər tərəfindən tədqiq edilir.

Qalanın Xəzərin dibində olması elm aləminə çoxdan məlumdur. Hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilən Bakı limanının xəritəsində “Bayıl daşları”nın sudan çıxmağa başladığı qeyd edilib. Bu marağın səbəbi abidədən daha çox, Xəzər dənizinin səviyyəsi məsələsi ilə əlaqədar olub. Həmçinin Abbasqulu ağa Bakıxanov da adıçəkilən qala haqqında maraqlı məlumatlar verib.

Tədqiqatlar nəticəsində müəyyənləşib ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Gərşəsbin oğlu Fəribürzün dövründə tikilib.

Qalada aparılan tədqiqatlar zamanı “Bayıl qəsri”nin memarı Əbdül-Məcid Məsud oğlunun adının əks olunduğu yazı fraqmenti tapılıb. Bu memar eyni vaxtda, yəni 1232-ci ildə Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da tikib. Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğunu təsdiq edir. Üzərində ardıcıl olaraq Şirvanşahların adları yazılan daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirlər verilib.

Mütəxəssislərin əksəriyyəti bu fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi, bu qaladan da iz qalmayacaqdı. 1939-1969-cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700-dən artıq yazılı daş tavalar çıxarıldı.

Bu gün Bayıl qalasının çox hissəsi eroziyaya uğrayıb. Qalanın yalnız müəyyən hissəsi salamatdır. Lakin bu da onun memarlıq üslubuna, tarixiliyinə xələl gətirmir.

Abidənin on beş qülləsi var. Bunlardan yalnız şimal-qərb tinindəki və cənubdakı iki qüllə dairəvi formadadır və içərisi boşdur. İçərisi bütöv olan on iki qüllənin hamısı yarımdairə şəklindədir. Künclərdə olan üç dairəvi qüllənin, qəsrə girmək üçün 1,3 m enində qapısı var. Səkkiz və doqquzuncu qüllələri birləşdirən cənub divarında, habelə on dörd və on beşinci qüllələri birləşdirən şimal-qərb divarında da 1,6 metr enində qapı qoyulub. Qüllələrin bəzilərində yuxarı hissəyə çıxmaq üçün daş pilləkənlər mövcuddur. Bütün divar boyu, kürsülükdən yuxarıda, hər 15-20 metrdən bir dördbucaqlı formalı məsafələr qalıb.

Abidənin tədqiqi zamanı onun dövrünü göstərən materiallar da əldə olunub. Bəzi daşların üzərində hicri 632-ci il tarixi qeyd olunub ki, bu da miladi 1232-1235-ci illərə müvafiqdir. Bundan əlavə, 1939 – cu ildə buradan tapılan mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin adları yazılıb.

Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin ortasında – daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılıb. Bəzi araşdırmaçılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, əksər tədqiqatçılar onu atəşgah və ya məbəd qalıqları hesab edir.

Bu gün ölkəmizə gələn xarici qonaqların, turistlərin məlum tarixi abidələrlə yanaşı, “Bayıl qəsri” kimi qədim şəhər sirləri ilə də tanış olmaları çox vacibdir. Bakının görünməyən tarixi ilə bağlı cəmi iki fakta toxunduq. Lakin Sara Aşurbəylinin “Bakının tarixi”, “Şirvanşahlar dövləti” əsərlərində, Qılman İlkinin “Bakı və bakılılar”, Manaf Süleymanovun “Eşitdiklərim, gördüklərim, bildiklərim” adlı sənədli monoqrafiyalarında Bakının görünməyən tarixi haqqında xeyli məlumatlara rast gəlmək olar.

Elmin NURİ

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #