Həyat yoldaşına görə öpüşməkdən imtina edən Xalq artisti – Maraqlı faktlar

Həyat yoldaşına görə öpüşməkdən imtina edən Xalq artisti – Maraqlı faktlar
22 noyabr 2020
# 12:00

Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.


Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) 22 noyabr 1938-ci ildə Salyan rayonunda doğulub.
1956-cı ildə Salyanda 2 saylı orta məktəbi bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyur. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.

Gallery

Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.

Gallery

Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.

***

Yüzə qədər filmdə irili-xırdalı obrazlar yaratmasına baxmayaraq, heç kim onun dilindən "mənim yaratdığım" ifadəsini eşitməyib. Onu insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı sevdirmişdi.

Gallery

Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Lətifə isə hələ məktəbdə oxuyurdu. Aralarında səkkiz yaş fərq var idi. Bir gün qız fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birlərini. Və elə bir gün gəlir ki, artıq Həsən sevimli Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...

***

Onun ən yüksək keyfiyyətlərindən biri də sədaqəti olması olub. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə də, onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə ruhlandıran bu inam, ailə sevgisi idi.

Gallery

Lətifə xanım bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.

***

Onun ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam...

Gallery

1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.

***

Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Olduqca mülayim adam olub. Hamıya “qurban sənə” deyə müraciət edirmiş. Bəzən onun “sənə”sini də demirdi elə “qurban” formasında qalmışdı dilində.

Gallery

Yaxın dostu kino adamı Şeyx Əbdül Mahmudov deyir: “Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr, lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni? İşə gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.

***

Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

Gallery

Rejissor Tofiq İsmayılovun evində keçirilən ad gününə əlində iri bağlama ilə gəlir. Tofiqə deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə gedəndə Həsəni qanıqara görüb nə olduğunu soruşur. Həsən deyir ki, bəs dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb, qardaşı arvadının cehizlik billur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özüylə vazanı dərsə gətirib Həsənə verir ki, apar qoy yerinə.

Gallery

Bir gün tədbirlərin birində çəkinə-çəkinə nazir Polad Bülbüloğluna yaxınlaşıb yenidən teatra qayıtmaq istədiyini bildirir. Polad Bülbüloğlu dərhal “Azdrama”nın o vaxtkı rəhbəri Həsən Turabova tapşırır ki, Həsən Məmmədovu işinə bərpa etsin.

***

Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.

# 40184 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #