Adını Səməd Vurğun qoydu, yeməyini qardaşına satdı, öləndən sonra gizli məktubu çıxdı - Maraqlı faktlar

Adını Səməd Vurğun qoydu, yeməyini qardaşına satdı, öləndən sonra  gizli məktubu çıxdı - Maraqlı faktlar
5 noyabr 2020
# 16:30

Bu gün aktyor, Xalq artisti Eldəniz Zeynalovun ölümündən 19 il keçir. Bu münasibətlə Kulis.az aktyor haqda maraqlı faktları təqdim edir.

1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbiçi Məmmədlə Zeynəbin ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: “Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun”.

***

Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevdir. Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında səhnəyə də çıxıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayır: “Elə o vaxtdan başıma daş düşdü”.

***

Gallery

Uşaq olanda qardaşlarını tamaşaya aparır. Əhvalat belə olur: ət tapılmayan zamanlar imiş. Birgə yemək yeyəndə öz qabındakı küftənin suyunu asta-asta içib, qardaşlarının yeməklərinin hamısını yemələrini gözləyib. Qardaşların qabı boşalandan sonra baxıblar ki, Eldənizin boşqabında küftələr diri qalır, yalvarıblar ki, bizə də ver küftələrdən. Eldəniz küftəni onlara pulla satmağa razılaşıb, aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirib.

***

İlk kino rolu “Əhməd haradadır” filmində Rəngsaz Əhməddir.

***

“Bir cənub şəhərində” filminə çəkilərkən Eldəniz rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda Eldəniz rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəflətən qucaqlayacam. Belə də ediblər. İşıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, Eldənizin üstünə qışqırır.

***

Filmlərimizdə ən az sözü olan obrazları oynayıb, amma hər dediyi kəlmə tamaşaçıların dilində əzbərdir: “Tofiqin canı üçün buraxmaram...”, “Lazım gəlsə olar”, “Gördün ala, bütün Amerika mən diyəni diyir”, “Başımın razmeri də 59 dur...”, “Buna bax, mən ölüm, menya ubit xoçet”, “Ağa naçalnik, bir deyir tax. Bir deyir çıxart!” və s.

***

Azərbaycan kino cameəsində haqqında bu qədər əhvalat gəzən, adına bu qədər lətifə danışılan adam yoxdur. Bir dəfə tamaşalardan birində səhnənin arxasından danışa-danışa, yəni alqış istəyə-istəyə çıxan Eldənizə əl çalmırlar. Eldəniz Zeynalov təəccüblənir. Tərəf-müqabili öz replikasını deyəndə, Eldəniz onu saxlayır: “Ala, bir dəyqə diyan sən... Ay camaat, mənəm də, Eldəniz, nöş əl çalmursuz?” Səhnəni gülüş və alqış sədaları bürüyüb.

***

Eldəniz Yaponiyadan gətirilən maşın alıbmış. Maşının sükanı sağdaymış. Eldəniz maşını alan kimi Mikayıl Mirzə ilə Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər. Qayıdanda onları yol polisi saxlayır. Eldəniz əsəbiləşir:

***

“Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdu?”.

Bu zaman Mikayıl Mirzə tez maşından düşüb girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır. Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş eləməyən Eldəniz deyinə-deyinə əlini sükana atır, görür sükan yoxdur. Tez qapını açıb düşür və yüyürüb polisin yaxasından tutur ki: “Bura bax, alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu geri qaytar...”

***

Xalq artisti fəxri adı ona çox gec verilir. Bu adın sevincini ürək dolusu yaşaya bilmir. O zaman artıq xəstəxanada idi. Onu təbrik edib “Fəxri ad alacağınızı gözləyirdinizmi?” deyə soruşanlara “Gözləyirdim, deyəndə, bu adı elə xalq arasında daşıyırdım. Bəzi aktyorlar xalq artisti adını alanda məndən bir növ utanırdılar. Sağ olsun, dövlətimiz, yenə də əməyimi qiymətləndirdi” deyirdi.

***

Eldəniz Zeynalovun qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı “Qonşu qonşu olsa” tamaşasının rejissoru olub.

***

Eldəniz Zeynalov adi bir qəza üzündən xəstələnir. Təsadüfən ayağını sındırır və bu hadisədən sonra 6 ay xəstə yatır. Travmatologiya İnstitutunda əməliyyat olunaraq iki ay orada müalicə alır. Daha sonra həkimlər ayağının yenidən əməliyyat olunmasını məsləhət görürlər. Bu dəfə Respublika Elmi Arterioloji Mərkəzdə əməliyyat olunur. Bu dəfə də uğursuz keçirilir. Əməliyyatdan sonra vəziyyəti günbəgün ağırlaşır. “Ayağı sınandan sonra atam xəstə yatırdı. Həkimlər onu düzgün əməliyyat etməmişdilər” deyə oğlu Elbrus danışır: “Yataq xəstəsi olmuşdu, gəzə bilmirdi. Heç ayağa da qalxa bilmədi, üstəlik dinib-danışmır, bütün günü halsız qalırdı. Bəzən kənardan deyirlər ki, məclis adamı idi və yaxud hansısa səbəbdən rəhmətə getdi. Amma fakt budur ki, o, məhz ayağının sınması üzündən dünyasını dəyişdi. Ayağında çürümə başlamışdı.

***

Yastığının altından sonradan sənət dostu Telman Adıgözəlova yazdığı məktub çıxıb. Aktyor övladlarını, ailəsini Telman Adıgözəlova tapşırıbmış məktubda.

# 29058 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #