Qıza görə məktəbdən qovuldu, rus serjantı döydüyü üçün başını qırxdılar, atasını dəfn etdiyi gün səhnəyə çıxdı – Tanımadığımız Fuad Poladov

Qıza görə məktəbdən qovuldu, rus serjantı döydüyü üçün başını qırxdılar, atasını dəfn etdiyi gün səhnəyə çıxdı – Tanımadığımız Fuad Poladov
4 may 2021
# 12:12

Bu gün mərhum sənətkar, Xalq artisti Fuad Poladovun anım günüdür. Kulis.az aktyor haqda maraqlı faktları təqdim edir.


Fuad Ağarəhim oğlu Poladov 1948-ci il mayın 24-də Bakının “Sovetski” məhəlləsində müəllim ailəsində doğulub. Aktyorun anası Hənifə xanım ibtidai sinif müəlliməsi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi, həm də məktəb direktoru olub. Sonralar o, uzun illər maarif şöbə müdiri olur.

***

Atası məktəb direktoru işləsə də hələ birinci sinifdə ilk dəfə məktəbdən qovulub. Buna səbəb isə zirzəmidəki pillələrin üstündə oturub eyni sinifdə oxuduğu qızla söhbət etməsi olur. Onun məktəbdən qovulmasına atası heç bir reaksiya vermir, heç kimdən heç nə xahiş etmir. Onu 132 nömrəli məktəbə keçirirlər.

Bundan sonrakı illərdə də o, çox şuluq, ipə-sapa yatmayan uşaq olur. Tez-tez dərs buraxır, müəllimlərə mane olur. Atası həddindən artıq ciddi, zəhmli adam olduğu üçün nadinclik etdiyi günlərin səhərisi Poladov məktəbə ya dayısını, ya da dayısı oğlunu, ya da onun nişanlısını aparırmış.

***

O, elə sinifdən dram dərnəklərinə getməyə başlayır. Sonra televiziya açılır, verilişlərə dəvət olunur. Teatra böyük həvəsi olduğundan onların şəkilləri olan albomlar düzəldir. Hökümə Qurbanovanın, Ələsgər Ələkbərovun, Sidqi Ruhullanın şəkillərini toplamağa başlayır. Məktəbi bitirən kimi isə sənədlərini İncəsənət universitetinə verir. Valideynləri onun bu seçiminə qarşı çıxır. Onlar istəmirlər ki, o, aktyor olsun.

***

Doqquzuncu sinifdə oxuyanda ilk dəfə “İstintaq davam edir” filminə çəkilir, Adil İsgəndərovun iki illik kinoaktyorluq kurslarına daxil olur.

1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Akademik Milli Dram Teatrına çox erkən - universitetin ikinci kursunda oxuyarkən - rejissor Tofiq Kazımov tərəfindən dəvət olunur. Bundan o, bir-birinin ardınca maraqlı rollar ifa edir. Ətrafında böyük sənətkarları görmək və onlarla çalışmaq arzusunda olan Fuad Poladov pillə-pillə, roldan-rola özünütəsdiqə başlayır. Teatrda çox böyük qayğı ilə əhatə olunur. Xüsusilə də yaşlı nəslin nümayəndələri tərəfindən ona qarşı həddindən artıq diqqət hiss olunur.

***

“Məkr və məhəbbət”, “Məhəbbət əfsanəsi”, “Qılınc və qələm”, “Büllur sarayda”, “Atayevlər ailəsi”, “Alov”, “Məhv olmuş gündəliklər”, “Darıxma ana”, “Hamlet”, “Şah Qacar” kimi tamaşalarda maraqlı obrazlar yaradır.

“Məhv olmuş gündəliklər”dəki Savalandan sonra “Darıxma, ana” tamaşasındakı rolu ona böyük uğur gətirir. Bu tamaşa ümumittifaq miqyasda tanınan tamaşa olur. Əsərin müəllifi Nodar Dumbadze özü də gəlib tamaşaya baxır. Barəsində xeyli yazır. Fuad Poladov bu tamaşadakı roluna görə Ümumittifaq Teatr Festivalında birinci diploma layiq görülür. Respublika Lenin Komsomolu Mükafatını alır.

***

Elə bu ərəfələrdə Fuad Poladov əsgərliyə gedir. Hərbi xidməti isə Bakıda çəkir. Fuad Poladov “Skafandrlı adam” kitabında xatırlayır:

“Həmin ərəfədə Heydər Əliyev teatra gəlmişdi. İsmayıl Dağıstanlı da partkom idi. Əliyevə dedi ki, Fuadı əsgər aparmaq istəyirlər, repertuarın da az qala, yarısı onun çiyinlərindədi. Əliyev mədəniyyət şöbəsinin müdiri olan Azad Şərifova bircə kəlmə “Razberis!” (“Həll elə!”) dedi və məni Bakıda saxladılar. Gündüzlər hərbi hissədə olurdum, axşamlar gəlib tamaşalarımı oynayırdım. Amma bu da qısa çəkdi. Bir rus serjant vardı, onunla sözümüz çəp gəldi, dalaşdım. Ona qədər başımı da qırxmamışdılar. Hadisədən sonra başımı qırxdırıb Sumqayıta göndərdilər, daha tamaşalara da buraxmadılar. Ümumilikdə, əsgərliyim 7-8 ay çəkdi. Onda “Alma almaya bənzər” filminin çəkilişləri başlayırdı. Həsən Məmmədovun oynadığı rola mən təsdiq olunmuşdum. Əşrəf Mamayev – ikinci rejissor – demişdi ki, yuxarıdan tapşırıldığına görə, yəqin, çəkilişlərə də buraxarlar. O hadisə ilə üst-üstə düşdü, buraxmadılar, Həsən Məmmədov çəkildi”.

35 yaşlarında olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmayıb.

***

Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

***

Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrı tərk etməsi, bir də həmin teatrı iki il işlədikdən sonra 2017-ci ildə tərk etməsi. Bu hadisələr yalnız onun deyil, tamaşaçılar üçün də əlamətdar hadisə olub. Təəssüflə yanaşılıb. Amma Poladov özü getdiyi səbəbləri dəqiq bildiyi üçün buna təəssüflənməyib. Ümumiyyətlə, hərəkətlərinə görə heç vaxt təəssüflənməyib. Teatrdan son gedişi isə işlədiyi teatrda gənc həmkarı Hikmət Rəhimova qarşı yaşanan haqsızlıqlara etirazı olub.

Teatrdan ilk gedişinə səbəb Xalq artisti Həsənağa Turabov ilə Fuad Poladov arasında yaşanan konfliktin nəticələri səbəb olur. O, Həsən Turabovun teatra direktor seçilməsinə etiraz edir. Fuad Poladova görə Həsən Turabov çox yaxşı aktyor olsa da, yaxşı idarəçi deyildi, teatr işinə ciddi yanaşmırdı. Elə iclas vaxtı Həsən Turabovun seçilməsinə kəskin etirazını bildirir, lakin, böyük səs çoxluğu ilə Həsən Turabov teatra direktor təyin olunur. Bundan sonra aktyor özünə qarşı bir sıra haqsızlıqlar görür. Bütün bunlar onu teatrdan getməyə məcbur edir.

***

1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

***

Teatrdan gedən zaman aktyorun 40 yaşı olur. Bu hadisə ona çox pis təsir etsə də, bu vaxta qədər subay qalan Fuad Poladov ailə qurmaq qərarına gəlir. O, elə universitet illərindən tanıdığı sonra isə bir yerdə işlədiyi Gülüstan adlı xanımla evlənir. Onların bir qızı, bir oğlu olur.

Fuad Poladov ailə həyatına çox ciddi yanaşır, sonralar ailə məni xilas etdi, yoxsa başıma çox şeylər gələ bilərdi. Ailə məni naməlumluğa yuvarlanmaqdan qurtardı sözlərini deyir.

***

Onun teatrda son oynadığı tamaşa “Müsyö İbrahim və Quran çiçəyi” tamaşası olub. Tamaşadan sonra səhnənin önünə gəlib diqqətlə onu dayanmadan alqışlayan tamaşaçılara uzun-uzadı sirli-sirli baxaraq deyib: “Mən gözəgörünməzliyə çəkilirəm”.

***

Teatrdan gedəndən bir il sonra aktyor xərçəng xəstəliyinə tutulur. Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də, heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib. Sonralar səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. 4 may 2018-ci ildə vəfat edir.

Öz yas və dəfnini də heç kimin qarışmasını istəmədən, sadə, təmtəraqsız olmasını arzulayıb. Böyük sənətkar üçün adətən olduğu kimi hansısa böyük səhnəli zallarda vida mərasimi keçirilməyib. Arzusuna müvafiq olaraq atasının yanında, "Qurd qapısı" qəbiristanlığında dəfn olunur. Məzar daşı istədiyi kimi sadə bir başdaşıdır.

***

Ölümündən sonra isə Poladovun həyat yoldaşı Gülsüm Poladova həyat yoldaşının son vəsiyyətini də açılayıb:
“Deyirdi, “Azdrama"dan götürülməyimə yol vermə, evimdən, ancaq evimdən çıxar məni. Birdən gəlib sənin “saqqızın oğurlayarlar”, birdən kiməsə əl açarsan, birdən nədəsə mən qoyduğum qaydanın əksinə gedərsən... Bax a, Gülüstan, məzarımda tərs dönərəm, halal eləmərəm heç nəyi”.

Diqqət! Materialdan istifadə edərkən hiper linklə istinad etmək vacibdir!

# 4522 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #