Bu gün Ceyms Coysun "Uliss" romanının qəhrəmanı Leopold Blumun adıyla hər il Dublində qeyd edilən "Bloomsday” – “Blum günü"dür!
İyunun 16-da dünyanın bir çox ölkələrində Blum günü qeyd edilir.
Təbii ki Blum günü ən təntənəli şəkildə yazıçının vətənində keçirilir.
Coyssevərlər romandan parçaların ictimai oxunuşunu təşkil edir, Blumun və onun dostu Stiven Dedalın Dublindəki "marşrutu" üzrə hərəkət edirlər.
Dublində hətta onların "azıb" marşrutdan yayınmaması üçün xüsusi lövhələr də var.
Bir çox ədəbiyyatsevərlər 100 il əvvəlin kostyumlarını geyirlər.
Romanda adı çəkilən yeməklərdən sifariş edirlər.
Məsələn, italyan pendiriylə buterbrod, qızardılmış qoyun böyrəyi, bir stəkan burqund şərabı... Blüm günü 1954-cü ildən qeyd edilir.
***
Ceyms Coys 1882-ci ildə İrlandiyada doğulub, XX əsrin ilk on ili içində vətənindən ayrılıb və həyatının böyük hissəsini Avropada mühacir kimi yaşayıb, 1941-ci ildə İsveçredə ölüb. “Uliss” 1914-1921-ci illər arasında, Triyestina, Zürih və Parisdə yaradılıb. Kitab 1918-ci ildə hissə-hissə “Little Review”da çap olunmağa başlayıb
“Uliss” bir günün, 1904-cü ilin cümə axşamına düşən 16 iyunun, həmin gün və ertəsi günün erkən saatlarında gəzən, maşınla gedən, oturan, danışan, xəyal quran, içki içən və silsilə şəkildə böyüklü-kiçikli fizioloji, fəlsəfi aktlardan keçən bir neçə xarakterin bir-birinə qarışan və bir-birindən ayrılan həyatlarındakı bir gününün təsviridir. Coys niyə məhz bu günü – 1904-cü ilin 16 iyununu seçib? Coys gələcəkdə evlənəcəyi Nora Barnaklla həmin tarixdə qarşılaşıbmış.
“Uliss” üç əsas personajın ətrafında qurulmuş silsilə səhnələrdən ibarətdir. Bu personajlardan ən çox görünəni reklam sahəsində işləyən, daha dəqiq desək, reklam agenti Leopold Blumdur. Əvvəllər mürəkkəbqurudan kağız sataraq dəftərxana ləvazimatı işində olan Vizdom Helinin yanında işləyib, amma indi öz əli öz başıdır, reklam yığmağa çalışır, alındıra bilmir. Bir azdan izah edəcəyim səbəblərdən Coys ona macar-musəvi bir soy-kök bəxş edib. Digər iki personaj isə bunlardı: Coysun əvvəllər “Sənətçinin gənc adam olaraq portreti”ndə (1916) təsvir etdiyi Stiven Dedal və Marion Blum, yəni Leopoldun arvadı Molly Blumdur. Bu üç hissəli tabloda Leopold Blum mərkəzi personajdırsa, Stiven ilə Molli də yan fiqurlardı: Kitab Stivenlə başlayıb Marion ilə bitir. Stiven Dedalın soyadı antik Kritin məşhur şəhəri Knossedəki labirintin əfsanəvi yaradıcısının adıdır – başqa şeylər icad etməklə yanaşı, özünə və oğlu İkara qanad düzəltmiş olan Dedal. Stiven Dedal məktəb illərində yezuitlərin sərt intizamına məruz qalıb və indi bu təhsilə şiddətlə qarşı çıxır, amma mahiyyətcə metafizik xarakterli, iyirmi iki yaşlı Dublinli gənc müəllim, araşdırmaçı və şairdir. Bir az dalğındır, sərxoş olanda belə ehkamçıdır, eqo-sentrik (mən-mərkəzçi) düşüncə adamı, qısa aforizm ustası, fiziki olaraq çəlimsiz və müqəddəslər qədər gigiyenadan uzaqdır (axırıncı dəfə oktyabrda çimib, indi isə iyundur). O, iynəli sözləri olan və dəymədüşər bir cavandır – oxucu əsla onu tam şəkildə təsəvvür edə bilməz. O, sənətkar fantaziyasının yaratdığı isti varlıqdan çox, yazıçı zehninin əks olunmasıdır. Tənqidçilər Stiveni Coysun cavanlığı ilə eyniləşdirməyə çalışırlar.