Bazarlığa çox həvəslə gedirdi -  Sevgilisi Kafkadan yazır...

Bazarlığa çox həvəslə gedirdi -  Sevgilisi Kafkadan yazır...
11 aprel 2020
# 16:41

Kulis.az görkəmi tərcüməçi Vilayət Hacıyevin təcüməsində Frans Kafkanın sevdiyi xanım Dora Diamantın yazıçı haqqında xatirəsini təqdim edir.

Dora Diamant (1903–1952) Polşanın Bjezin şəhərciyində yəhudi ailəsində doğulub. Birinci Dünya müharibəsi zamanı əvvəlcə Bratislavada, sonra isə Berlində yaşayıb. Kafka onunla 1923-cü ilin iyulunda Müritsdə (Almaniya) dincələrkən tanış olmuşdu. 1923-cü ilin sentyabrından Kafkanın ölümünə qədər birlikdə yaşayıblar. Kafka ölümünə lap az qalanda – aprelin sonuna yaxın ona evlənmək təklif edir. Qız məmnuniyyətlə razılıq verir. Yazıçı xeyir-dua almaq üçün onun atasına məktub yazır, may ayında isə rədd cavabı gəlir... və Kafka böyük ürək ağrısı ilə bu cavabla razılaşmalı olur...

Tərcüməçidən

Kafka ilə keçən həyatim

Kafkayla ilk dəfə 1923-cü ilin yayında Baltik dənizi sahilində rastlaşdım. Onda hələ çox gənc idim, on doqquz yaşım vardı, qaçqınlar üçün Berlin “Xeyriyyə evi”nin Potsdam yaxınlığındakı Mürits düşərgəsində könüllü işləyirdim. Bir gün çimərlikdə ər-arvadla iki uşaq gördüm. Ən çox kişi diqqətimi cəlb elədi və uzun zaman onun təsirindən qurtula bilmədim. Hətta şəhərdə görəndə arxalarınca getdim, sonralar onlara yenə rast gəldim. Bir gün “Xeyriyyə evi”ndə dedilər ki, doktor Frans Kafka axşam yeməyinə gələcək. Həmin gün mətbəxdə işləyirdim. Birdən otaq kölgələndi və başımı qaldıranda gördüm ki, çöl tərəfdə kimsə pəncərənin önündə dayanıb. Çimərlikdə rast gəldiyim cənabı dərhal tanıdım. O, içəri girdi. Mən hələ onun Kafka, çimərlikdəki qadının da bacısı olduğunu bilmirdim. Kişi şirin bir ləhcə ilə dedi:

– Belə zərif əllər bu cür qanlı işlərlə məşğul olur.

Axşam hamımız uzun stolların arxasında oturmuşduq. Balaca bir oğlan bayıra çıxmaq istəyəndə yıxıldı. Kafkanın gözləri heyranlıqla parladı:

– Çox yaxşı yıxıldın, – dedi, – yaxşı da ayağa qalxdın!

Sonralar bu sözlər haqqında fikirləşəndə mənə elə gəldi ki, Kafka onda demək istəyirdi: hər şeyi xilas etmək olar, yalnız Kafkadan başqa… Kafkaya nicat yox idi…

Kafka ucaboy, arıq idi, qara saçları vardı, iri addımlarla yeriyirdi və mənə elə gəlirdi, o, avropalı deyil, hindudan dönmədir. Özünü həmişə şax tuturdu, yalnız hərdən başı azacıq yana əyilir, çox vaxt da tək dayanıb kənardan dayaq uman adam təsiri bağışlayırdı, lakin buna acizlik demək olmazdı. Onda nəsə bir nəvaziş hiss olunurdu. Əslində, buna insanlarla təmasda olmaq arzusu deyərdim, sanki bununla etiraf etmək istəyirdi: “Mən tək heç nəyəm, yalnız insanlarla birlikdə nəsə oluram!”

Niyə Kafka mənə belə təsir bağışladı? O vaxt Şərqdən gəlmişdim, xəyallarla, Dostoyevskinin romanlarından yaranmış duyğularla yaşayan təcrübəsiz bir qız idim. Qərb barədə, onun elmi, mədəniyyəti, həyat tərzi haqqında çox eşitmişdim, Almaniyaya da nəsə öyrənmək, nəsə götürmək həvəsi ilə gəlmişdim. Bu gəliş mənə çox şey verdi. Ancaq onu da həmişə hiss edirdim ki, buradakı insanlara nəsə lazımdır və bunu mən verməliyəm. Müharibənin dəhşətlərindən sonra hamı xilası Şərqdən gözləyirdi. Mən isə oradan qaçmışdım, çünki elə bilirdim işıq Qərbdən gəlir. Sonralar bu xəyallarım özünü doğrultmadı, Avropa gözləntilərimi verə bilmədi, məni məyus etdi. Əslində, avropalılar da ürəklərinin dərinliklərində narahat idilər, sanki nəsə çatmırdı. Şərqdə, ən azı, insanları tanımaq olurdu. Bəlkə də, Avropadakı sərbəstlik orada yox idi, hər kəs fikrini istədiyi kimi ifadə edə bilmirdi, ancaq Tanrının xəlq etdiyi dünya ilə insanın vəhdətini hamı başa düşürdü. Mən də Kafkanı ilk dəfə görəndə onun obrazı insanlar haqqındakı təsəvvürlərimi tamamladı. Ancaq Kafka da mənə diqqətlə yanaşdı, sanki nəsə gözləyirdi.

Onun sifətində ən çox diqqəti çəkən geniş açılmış iri gözləri idi. Danışmağı da, dinləməyi də xoşlayırdı. Bəzilərinin dediyi kimi, onun gözlərində qorxu yox idi, bu, daha çox heyranlıq ifadəsini andırırdı. Qonur, utancaq gözləri vardı, danışanda parıldayırdı. Bu gözlərdə həmişə nəsə bir yumor qığılcımı olurdu, lakin bu, istehzadan çox, hiyləgərliyə oxşayırdı, sanki onların sahibi heç kəsin bilmədiklərini bilirdi. Adətən, şövqlə danışır, danışmağı da çox xoşlayırdı. Danışığı yazdıqları kimi obrazlı olurdu. Xəyalında canlandırdıqlarını istədiyi kimi ifadə edəndə nəsə yaxşı bir şey düzəltmiş ustatək özündən razı qalır, sevinirdi. Biləkləri çox nazik, barmaqları isə uzun, incə idi. Nə barədəsə danışanda sanki barmaqları da dilə gəlirdi, əl-qolundan çox, barmaqlarını oynadırdı. Bəzən zarafat üçün barmaqlarımızın kölgəsini divarda kimin daha tez “tutacağını” yoxlayırdıq və ona çatmaq olmurdu. Kafka həmişə çox həvəslə oynayırdı, onunla istədiyin kimi şənlənmək, zarafatlaşmaq olurdu. Deməzdim ki, depressiya onu səciyyələndirən əsas əlamət idi – həmişə depressiyaya düşmürdü. Düşəndə də səbəbi çox vaxt bilinirdi. Məsələn, şəhərdən evə qayıdanda... Belə anlarda tez-tez depressiyaya düşür, bütün varlığı üsyana qalxırdı. O vaxt inflyasiya dövrü idi. Kafka ən çox insanların gündəlik həyat şəraitindən əzab çəkir, ancaq özü ilə mübarizə aparmağın yolunu da bilirdi. Onun fikrincə, ətrafında baş verənlərdən yaxasını kənara çəkməyə haqqı yox idi. Buna görə şəhərdə gəzmək Kafka üçün çarmıxa çəkilmək kimi bir şey idi, onu cismən məhv edirdi. Məsələn, nəsə almaq fikri olmasa da, saatlarla növbəyə dayanır, səbəbini isə belə izah edirdi: əgər burada şəhid qanı axıdılırsa, deməli, onun da qanı axmalıdır... Həmin ağır günlərdə bədbəxt xalqı ilə həmrəyliyini belə nümayiş etdirirdi... O səbəbdən də “Məhkəmə” romanının əsas ideyasını yaxşı başa düşürdüm. Kafka öz qəhrəmanını ona görə ölümə məhkum etmişdi ki, K. həyatı boyu “çarmıxa çəkilmək” istəmirdi. Ancaq həyat yalnız “çarmıxa çəkilmək”dən ibarətdir, Ali Məhkəmə də heç kəsə bəraət vermir. Əlbəttə, bu, mənim fikrimdir. Kafka o vaxt mənə deyirdi: “Bunların hamısı boş, mənasız şeylərdir, əslində, nə kömək var, nə də ağıllı məsləhət!” Ona elə gəlirdi ki, insanlar heç nəyi öz adı ilə deməyə cəsarət etmir, bütün faciələri yaltaqlıqla ört-basdır eləməyə çalışırlar.

Biz Berlində olanda Kafka tez-tez Şteqlits parkına gəzməyə çıxırdı. Hərdən mən də onunla gedirdim. Bir gün çarəsizlikdən ağlayan qız uşağına rast gəldik. Onu danışdırmağa başladıq. Öyrəndik ki, gəlinciyini itirib. Kafka elə o dəqiqə özündən bir əhvalat uydurdu: “Sənin gəlinciyin səyahətə çıxıb. Bunu dəqiq bilirəm, çünki mənə məktub yazmışdı.” Qız inanmadı: “Məktub yanındadır?” – “Yox, evdə qalıb, sabah gətirərəm”. Qız təəccüblənsə də, bir az sakitləşdi. Frans həmin məktubu yazmaq üçün tez evə qayıtdı.

Yazmağa elə ciddi girişdi ki, sanki əsər üzərində işləyirdi. Həmişə yazı stolunun arxasına keçib kiməsə məktub və ya açıqça yazmağa başlayanda necə gərginləşirdisə, indi də elə oldu. Əslində, bunun özü də vacib idi, nəyin bahasına olursa-olsun, qızı məyusluqdan qurtarmaq, razı salmaq lazımdı. Deməli, təxəyyülü gerçəkləşdirməklə yalan həqiqətə çevrilməli idi. Səhəri gün məktubu parkda gözləyən qıza apardı. Qız hərfləri tanımadığı üçün özü ucadan oxudu: gəlincik yazırdı ki, eyni ailədə belə çox qalmaq axırda onu bezdirdi, necə deyərlər, bir az havasını dəyişmək istədi. Sözün qısası, onu çox sevən balaca qızdan bir müddətə ayrılmalı oldu. Söz verirdi ki, ona hər gün məktub yazacaq. Və Kafka, doğrudan da, hər gün məktub yazmağa, gəlinciyin hərəkətlərinə uyğun yeni-yeni macəralar uydurmağa başladı. Bir neçə gündən sonra uşaq, doğrudan da, oyuncağının itdiyini unutdu, Fransın uydurmalarına inanmağa başladı. Kafka da məktubun hər cümləsini elə diqqətlə, elə yumorla yazırdı ki, istər-istəməz gəlinciyin bu hərəkətinə haqq qazandırmalı olurdun: gəlincik indi böyümüşdü, məktəbə gedirdi, təzə-təzə adamlarla tanış olurdu. Qızı da həmişə inandırmağa çalışırdı ki, onu yenə çox sevir, ancaq eyni zamanda da həyatındakı çətinliklərdən, görəcəyi işlərdən, maraq dairəsinin genişləndiyindən söz açır və deyirdi ki, bütün bunlar hələlik geri qayıdıb onunla bir yerdə yaşamağa imkan vermir. Qızdan xahiş edirdi ki, bu barədə düşünsün və beləliklə də, o, qaçılmaz əbədi ayrılığa hazırlanırdı.

Oyun, ən azı, üç həftə davam etdi. Frans bu işi necə sona çatdıracağından çox narahat idi. Çünki bu, əsl sonluq olmalıydı. Elə bir sonluq ki, oyuncağın itməsi ilə yaranan boşluq dolsun. Çox götür-qoy etdi və axırda qərara aldı ki, gəlinciyi evləndirsin. Əvvəlcə oğlanı, sonra nişan mərasimini, toya hazırlığı, təzə bəylə gəlinin yaşadıqları evi bütün təfərrüatı ilə təsvir etdi, axırda da belə yazdı: “Özün də görəcəksən ki, biz gələcəkdə görüşə bilməyəcəyik!”

Beləliklə, Kafka böyük sənətin köməyilə uşağı bu balaca çətinlikdən qurtardı. O, elə sənətkar idi ki, dünyanı düzəldə bilərdi...

Biz əvvəlcə Şteglitsdə, sonra Tsalendorfda yaşadıq. İlk günlərdə otağımız bir idi, sonralar iki oldu. Birinci mənzildən sahibəyə görə çıxdıq. “Balaca qadın” novellasında Kafka onu belə təsvir edirdi: “O, yalnız nifrət etdiyi üçün, həmin sonsuz nifrət ona heç vaxt rahatlıq vermədiyinə görə mənimlə məşğul olurdu...”

Kafka yazmalı idi, çünki yazmaq onun üçün yaşamaq demək idi. O, yazı ilə nəfəs alırdı. Əgər desəydilər ki, nəyisə on dörd günə yazıb, deməli, on dörd gün gecə-gündüz ara vermədən işləmişdi. Adətən, yazmağa başlamazdan əvvəl ağır addımlarla, qanıqara halda gəzişərdi. Az danışar, iştahasız yeyər, heç nəyə qarışmaz, kədərli olardı. Həm də tək qalmaq istəyirdi. Əvvəllər onun bu hərəkətlərini anlamırdım, ancaq sonralar hər şeyi başa düşdüm. Başqa vaxtlarda hər xırda şeyə böyük maraq göstərən Kafka həmin günlərdə tamamilə başqa adam olurdu. Günlərini bir-birindən ayırmaq üçün onları rənglərlə müqayisə edərdim: al-qırmızı günlər, tünd-yaşıl rəngli günlər və mavi günlər... Sonralar nəsə yazanda mənim otaqda qalmağım xoşuna gəlməyə başladı. Bir dəfə axşam yeməyindən sonra yazmağa girişdi və o qədər yazdı ki, gözümə işıq düşməsinə baxmayaraq, divanda otura-otura yuxuya getdim. Ayılanda gördüm ki, gəlib yanımda oturub. Diqqətlə üzünə baxdım. Sifəti nəzərəçarpacaq dərəcədə dəyişmişdi. Ruhi gərginliyin izləri o qədər dərin idi ki, sifəti tamam başqa şəklə düşmüşdü.

Sonuncu hekayələrindən olan “Yuva” bircə günün içində yazıldı. Onda qış idi və axşam düşəndə işləməyə başladı, səhərə yaxın hekayə artıq hazır idi. Sonra təzədən üzərində işlədi. Yarızarafat, yarıciddi deyirdi ki, bu hekayədə öz həyatını yazıb. Bəlkə də, ata evinə qayıdacağını, bununla azadlığını itirəcəyini əvvəlcədən hiss etdiyi üçün belə qorxuya düşmüşdü. Mənə deyirdi ki, “Yuva”dakı “Baş meydan” sənsən! Tez-tez yazdıqlarını mənə oxuyurdu. Heç vaxt da nəyisə şərh və ya izah etməzdi. Ancaq mən yazılardakı yumoru, özünə kinayəni hiss edirdim. Hərdən də deyirdi: “Yəqin, bilmək istəyirəm ki, mən o kabusların əlindən qurtulmuşam, ya yox?!” “Kabus” deyəndə Berlinə gəldiyi günə qədər ona əzab verənləri nəzərdə tuturdu. Onları xatırlayanda dəli olmaq dərəcəsinə çatırdı. Sanki onu qəsdən özündən çıxarırdılar. Öz ruhunu bu “kabus”lardan təmizləmək üçün yazdıqlarının hamısını yandırmaq istəyirdi. Onun istəyinə hörmətlə yanaşdım, xəstə yatanda yazdıqlarının bir neçəsini gözləri önündə yandırdım. Əgər, doğrudan da, nəsə yazmaq istəyirdisə, gələcəkdə öz “azadlığına” qovuşanda yazacaqdı. Ədəbiyyat onun üçün müqəddəs idi, mütləq idi, toxunulmaz idi, saf idi, böyük idi. “Ədəbiyyat” deyəndə Kafka çox şeyi nəzərdə tutmurdu. Həyatda baş verənlərə o qədər də inanmadığı üçün fikirlərini çox ehtiyatla ifadə edirdi. Söhbət ədəbiyyatdan gedəndə isə birmənalı olurdu, güzəşt tanımırdı, çünki ədəbiyyat onun bütün varlığı idi. Çox şeyin dərinliyinə getmək istəmirdi, çünki özü dərinlikdə idi, ancaq söhbət insanların müəmmalardan xilas olmasından gedəndə yarımçıqlıqla barışmırdı. O, həyatı heç bir çıxış qapısı olmayan labirintdə öyrənmişdi, hansı tərəfə getsə, ümidsizliyə dirənirdi. Kafkaya görə, hər şeyin, hətta adi gündəlik hadisələrin də kosmik səbəbi vardı. Bu cür baxış, yəni həyatın bütövlükdə qavranılması Şərqdə də vardı. Şərqdə elə mənəvi şərtlər vardı ki, həyat həvəsini itirmək istəməyən hər bir kəs onları qeydsiz-şərtsiz yerinə yetirməli idi və Kafka da bunu hiss edirdi. Qərb isə bunu unutduğu üçün Allah ondan üz döndərmişdi. Ona görə də başımıza belə işlər gəldi. Düşünürəm ki, bu gün Kafkaya marağın artmasının bir səbəbi də elə budur: Allahın bizdən üz döndərdiyini dərk etməyimiz...

Mənə irad tuturlar ki, Kafkanın bir neçə əlyazmasını yandırmışam. Axı mən çox gənc idim və gənclər də, adətən, bu günlə, bəlkə, bir az gələcəklə yaşayırlar. Digər tərəfdən də, onların hamısı Kafkanın özünü özündən xilas etməsi üçün vasitə idi və ona elə gəlirdi ki, Berlində keçmişin zülmlərindən, doğrudan da, azad olub. Ancaq bu keçmiş çətinliklər onun həyatı ilə çox sıx bağlı idi. Onlardan hansınınsa siminə toxunanda o birilər də dilə gəlirdi. Kafkanın daxili aləmi çox zəngin, çox müəmmalı idi. Əslində, Praqaya nifrət etmirdi, avropalılar Avropadan necə danışırdılarsa, o da Praqadan elə danışırdı. Onu ən çox qorxudan yenə də valideynlərindən asılı vəziyyətə düşməsi idi. Bu asılılıq onun “yuvasını” dağıdırdı, ona görə də son dərəcə qənaətcil idi. Spartalılar kimi, aza qane olmağa çalışırdı. Bir müddət Berlində ona elə gəldi ki, daxili və zahiri ziddiyyətlərdən xilas olmağı bacarıb. Çox adi, heç kəsin diqqətini cəlb etməyən, heç bir xüsusi arzusu, istəyi olmayan adam kimi yaşamaq istəyirdi. Bunun üçün xüsusi planlar da qururduq. Məsələn, fikirləşirdik ki, balaca bir restoran açaq, özü də orada xidmətçi işləsin. Belə olsa, özü heç kəsin gözünə görünmədən hamını müşahidə edə bilər, gündəlik adi həyata qoşulardı. Əslində, bütün bunları, özünəməxsus tərzdə olsa da, həyata keçirirdi.

Geyiminə çox fikir verirdi. Onun fikrincə, harayasa başdansovdu bağlanmış qalstukla getmək hörmətsizlik idi. Kostyumlarını ən yaxşı dərzilərə tikdirərdi. Geyinib-kecinməyə çox vaxt sərf edərdi, ancaq buna lovğalıq demək olmazdı. Güzgüdə sınayıcı nəzərlərlə özünə baxardı. Ancaq buna da özündənrazılıq demək olmazdı, ona görə belə edirdi ki, ətrafındakıları özündən uzaqlaşdırmasın.

Çox həvəslə bazarlığa gedirdi, çünki sadə adamları sevirdi. Yaşadığımız ərazidə onu tez-tez əlində bazarlıq zənbili, südqabı görmək olurdu. Adətən, günortaya qədər tək gəzməyə çıxırdı. Yazmaq da nəzərə alınmaqla, gününü dəqiq bölürdü. Gəzməyə gedəndə həmişə özü ilə qeyd dəftərçəsi götürürdü, yadından çıxanda yolda təzəsini alırdı. Təbiəti çox sevirdi. Ən çox xoşladığı şeylərdən biri də özünün cib saatı idi. Bütün gecəni yazdığı üçün sahibə işıqpuluna görə deyinməyə başlayanda gedib bir neft lampası aldım. Onun titrək işığını çox xoşlayırdı və neftini də həmişə özü doldururdu. Sonra da piltəsi ilə oynamağa başlayır, hər dəfə də lampada nəsə maraqlı bir şey tapırdı. Telefondan isə zəhləsi gedirdi, zənginə dözə bilmirdi. Bütün zənglərə özüm cavab verməli olurdum. Mənə elə gəlir, maşınlardan, mexanikadan heç xoşu gəlmirdi. Hər gün üçün bir hikmətli cümlə yazılmış təqvimimi də çox xoşlayırdı. Sonralar hərənin öz təqvimi oldu. Kafka, lazım gələndə ondan nəsə “öyrənirdi”. Bir dəfə içində üzüm yuduğum (üzümü, ananası çox xoşlayırdı) şüşə qabı sındırdım, həmin dəqiqə əlində təqvim mətbəxə gəldi, gözlərini bərəldib dedi: “Bir an hər şeyi darmadağın edə bilər!” Sonra vərəqi mənə uzatdı. O gülümsəyirdi.

Düzdür, Kafkanın kiminsə ona mane olmasından xoşu gəlmirdi, ancaq bununla belə, tez-tez qonağımız olurdu. “Ədəbi dünya”nın naşiri Villi Haası, “Yeni xəbərlər”in əməkdaşı Rudolf Kayzeri hələ də xatırlayıram. Bir dəfə də Frans Verfel təzə kitabından bəzi yerləri Kafkaya oxumaq üçün bizə gəlmişdi. Onlar çox oturdular və Verfel gedəndə onun ağladığını gördüm. İçəri girəndə hiss etdim ki, Kafka da çox pis vəziyyətdədir, öz-özünə mızıldanır: “Belə dəhşətli şeylər də olarmış...” O da ağlayırdı. Kitabı haqda Verfelə bircə söz də deyə bilməmişdi. Kiminsə haqqında hökm verəndə ya onu göylərə qaldırır, ya da tamamilə inkar edirdi – bu məsələdə orta yol yox idi. Öz yazılarına qarşı da belə ciddi, amansız idi. Mənə elə gəlir, arzularının heç vaxt həyata keçməyəcəyini bilsə də, özünə diletant kimi baxmırdı.

Heç kəs Kafkanın yanında özünü narahat hiss eləmirdi, ancaq bizə gələnlər də onunla çox ehtiyatla davranırdılar, elə bil barmaqlarının ucunda, ya da yumşaq xalı üzərində yeriyirdilər. Adətən, tək olurduq və Kafka mənə tez-tez Qrimm qardaşlarının, Andersenin nağıllarını, Hofmanın “Mur pişiyinin dünyagörüşləri”ndən, ya da Hebelin “Xəzinə dolu sandıqça”sından parçalar oxuyurdu. Onların arasında belə bir əhvalat da vardı: mədən fəhləsinin sevgilisi onu şaxtaya qədər ötürür və bundan sonra oğlanı bir daha görə bilmir. Aylar, illər keçir, qız qocalır. Günlərin birində sevgilisinin cəsədi şaxtadan tapılır. Qazda konservləşmiş meyit heç dəyişməyib, necə vardısa, elə də qalıb. Qocalmış qadın sevgilisinə yaxınlaşır, onu öpür. Qadın sevgilisini illərlə gözləmişdi və toy ilə dəfn mərasimi bir yerdə keçirilir. Kafka “bütövlüyünə” görə həmin hekayəni çox sevirdi, çünki səmimi idi. Klaystı da çox xoşlayırdı. Onun “Markiz fon O.” əsərini beş dəfə, altı dəfə dalbadal mənə oxumuşdu. Hötenin “Herman və Dorotea” mənzum romanından da tez-tez parçalar oxuyurdu. Bu əsərdə ən çox xoşuna gələn gündəlik adi həyata sevgi idi. Ancaq özünün arzuladığı kimi, bir firavan həyat yaşamaq ümidi onu konkret şəkildə ev, ailə, pulla bağlayırdı və məlum məsələ idi ki, burada söhbət meşşan həyat tərzindən getmirdi. Mən bu məsələni ona görə belə vurğulayıram ki, keçmiş nişanlısı haqqında necə sakit, obyektiv danışmasını tez-tez xatırlayıram. Nişanlısı qəşəng, ancaq təpədən-dırnağacan meşşan təbiətli qız imiş. Kafkaya elə gəlmişdi ki, onunla evlənmək Avropanın bütün saxtalıqları ilə evlənmək deməkdir. Və bir də qorxmuşdu ki, yazmağa vaxtı qalmaz. Digər tərəfdən də, həmin qızla nişanlanması onun orta təbəqədən olan insanların meşşan həyat tərzinə alışmaq cəhdi, həm də müəyyən mənada, bu həyata marağı imiş. O, hər şeyi öyrənmək, hiss etmək istəyirdi. Vərəm xəstəliyinin nəticəsi kimi, qan qusması da ovaxtkı şübhə-tərəddüdlərinə son qoymuşdu...

Həyatının ən böyük uğuru, çox gec də olsa, Praqadan qopması idi və elə bu uğura görə də ölməyə haqqı yoxdu. Valideynlərinin yanına qayıtmaq onun üçün diletant həyat tərzinə qayıtmaq deməkdi. Kafkanı ən çox qorxudan, mənəvi sıxıntıya düçar edən də elə bu idi.

Mən Berlində qaldım. Kafka istəmədi ki, mən də Praqaya – onun bütün bədbəxtliklərinin qaynaqlandığı ata evinə gedim. Atasına nifrəti və bu nifrətə görə də özünü günahkar hesab eləməsi ona çox əzab verirdi. Əminəm ki, hətta bəzən yuxularında atasını bir neçə dəfə boğub öldürüb də... Əvvəllər ondan hər gün məktub alırdım. Həmin məktubları sonralar gestapo onun gündəlikləri ilə birlikdə əlimdən aldı. Çox çalışsaq da, onları indiyə qədər tapa bilməmişik. Təxminən, otuz beş məktub idi. Onlardan birində Kafka insanların özünə qarşı münasibətdə buraxdıqları “texniki səhvlər”dən söz açırdı. Həmin vaxtlar Tolstoyun özünü özündən xilas etməkdən ötrü apardığı mübarizə ilə çox maraqlanırdı və həmin “texniki səhvlər”dən də bir neçəsini orada tapmışdı. Başqa birində də gördüyü yuxudan danışırdı: quldurlar onu Berlindəki mənzilindən qaçıraraq ağzını bağlayıb ucqar həyətlərin birinin çardağında gizlədirlər. “Bilirdim ki, xilas yolum yoxdur, çünki məni tapa bilməzdin...” Və qəfil hiss edir ki, mən yaxındayam, çalışır oradan çıxsın, bir anlığa ona elə gəlir, azad olub, hətta ağzına bağladıqlarını da dartıb qoparır. İndi bircə qışqırmaq lazım imiş ki, mən eşidəm. Ancaq elə həmin anda da quldurlar onu görür və ağzını təzədən bağlayırlar...

Ən dəhşətlisi Kafkanın əlacsız bir xəstəliyə tutulması idi. Mənə elə gəlirdi, bu xəstəliyi özü zorla tapıb. Xəstəlik gəlmişdi ki, onu azadlığına qovuşdursun. Özü belə istədiyi üçün gəlmişdi. Həyatının son dəqiqələrində yaşamağa məmnuniyyətlə davam etmək istəsə belə, xəstəliyindən narazılıq etmədi.

Praqanı xəstə kimi tərk etsə də, mənən təzələnmişdi. Bacısı onu Vinervald sanatoriyasına gətirmişdi və Kafka ilə orada təzədən görüşdüm. Qırtlaq vərəmi də elə burada üzə çıxdı. Daha danışa bilməzdi, istədiklərini yazırdı. Ən çox da Praqada yaşadığı dəhşətlərdən yazırdı. Orada üç həftə qalmışdı. Vəziyyəti ağırlaşanda onu Vyanadakı xəstəxanalardan birinə gətirdilər, çoxçarpayılı palataya yerləşdirdilər. Hər axşam xəstələrdən biri ölürdü. Mən yanına gələn kimi boş qalan çarpayını dinməzcə göstərirdi. Bir dəfə də mənə şən, elə hey ora-bura vurnuxan, boğazına rezin boru salınmış olsa da, yeməkdən ləzzət alan cavan, xəstə oğlanı göstərdi. Onun bığları yenicə çıxmışdı, gözləri də alışıb-yanırdı. Kafka oğlanın iştahayla yediyini görəndə sevinirdi. Ancaq səhəri gün onun da boş qalan çarpayısını mənə göstərdi. Kafka sarsılmaqdan çox, qəzəblənmişdi, başa düşə bilmirdi ki, həmişə şən görünən bu oğlan necə ölə bilərdi... Onun qəzəb dolu istehzalı təbəssümünü heç vaxt unutmayacağam...

Kafkanı xəstəxanadan Vyana yaxınlığındakı Klosternoyburq-Kirlinq sanatoriyasına köçürdülər. Orada ona çox gözəl, həmişə gün düşən eyvanlı bir otaq vermişdilər. Yanında mən qaldım, sonra dostu Dr. Klopştok da gəldi. Həmin sanatoriyadan Kafka valideynlərinə, yeznələrinə, bacılarına, Maks Broda məktublar yazdı. Vyanada mühazirə oxuyandan sonra Maks Brod da yanına gəldi ki, vəziyyətinin çox ağır olduğunu hiss eləməsin. O, sanatoriyada olan müddətdə Kafka, demək olar, “Söhbətlər”dən başqa, heç bir əsər üzərində işləmədi. Həmin kağızlar indi Klopştokda olmalıdır. Öldüyü gündən əvvəlki axşam kitabının korrekturası üzərində işlədi. Səhər tezdən, saat dördə qalanda Dr. Klopştoku çağırdım, çünki Kafkanın nəfəsi çatmırdı. Klopştok o dəqiqə vəziyyətin nə yerdə olduğunu başa düşdü, gedib həkimi oyatdı. Həkim onun boğazına buz qoydu. Kafka səhəri gün günortaya yaxın keçindi. Onda 1924-cü il iyunun üçü idi...

İllər keçəndən sonra Kafkanın müxtəlif əsərlərdən parçaları mənə necə ucadan oxuduğunu xatırlaya-xatırlaya onun kitablarına tez-tez müraciət etməyə başladım. Hiss etdim ki, alman dilində çətinliklərim çoxdur. Alman dili çox müasir dildir, bu günün dilidir, ancaq Kafka dünyası üçün qədim dillər lazımdır, çünki onun daxilində qədim dövrlərin düşüncə tərzi, qədim dövrlərin əşyaları, qədim dövrlərin qorxusu gizlənmişdi. Kafkanın beynində sözün elə incə çalarları vardı ki, müasir beyinlər onu duya bilməz. Kafkaya öz dövrünün, ya da hansısa bir xalqın, hansısa bir talenin nümayəndəsi də demək olmaz. Onun realizmi də gündəlik həyatı əks etdirmir. Bu realizm mahiyyətcə elə mütləq, elə yığcam bir məntiqdir ki, orada yalnız bir neçə qısa anı yaşamaq olar.

"Xəzər" jurnalı, 2017/4

# 8719 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #