Avropanın ilk fatehi

Avropanın ilk fatehi
3 oktyabr 2012
# 16:21

Layihə-DÜNYANI DƏYİŞDİRƏN ŞƏXSİYYƏTLƏR

«Böyük İsgəndər məni özünün qələbələri ilə deyil, siyasi instinkti ilə heyrətə gətirir»

Napoleon Bonapart

İsa Məsihin doğumundan 336 il əvvəl Elladanın şəhər-respublikalarını öz iradəsinə tabe etdirməyə nail olan Makedoniya tiranı «Dəli» Fillip qızı Kleopatranı Epir çarı Moloslu İsgəndərə ərə verirdi. Toya Elladanın bütün şəhərlərinin liderləri və Makedoniya ilə sərhəddə yaşayan tayfaların başçıları iştirak edirdi. Bir müddət əvvəl atasının növbəti evliliyinə etiraz olaraq ona asi olub Makedoniyanı tərk edən 20 yaşlı İsgəndər də toyda iştirak etməklə atası ilə barışmışdı. Lakin bir çoxları bu barışığın uzun müddətli olacağına inanmırdı. Çünki anasına həddindən artıq bağlı olan İsgəndər atasının dəli qəzəbinə dözümsüzdü. Həddindən artıq dikbaş olan gənc İsgəndər anasının təhqir olunmasını qəbul edə bilmirdi.


Bir neçə gün davam edən toyun son gecəsində Fillip qonaqlarının, sərkərdələrinin və yunan filosoflarının əhatəsində teatra doğru addımlayırdı. Tiranın kefi çox kök idi. Nəhayət ki, o, yunan şəhərlərini və Balkan çarlarını İrana qarşı birlikdə hərəkətə keçməyə razı sala bilmişdi. Toydan sonra bütün Ellada fars şahənşahlarının vassallığından qurtulmaq üçün Fillipin komandanlığı altında Kiçik Asiyaya doğru yönələcəkdi.

İsgəndər atasından bir addım arxada addımlayırdı. Onlardan öndə isə gözətçilər gedirdi. Birdən gözətçilərdən biri geri çevrilib qılıncını Fillipin sinəsinə soxdu. Makedoniyanın dəli qəzəbə sahib tiranı Fillip, oğlu İsgəndərin qucağında can verəndə gözətçilər qatil Pavsaniyi doğradılar.


İsgəndərin qəddarlığı

Bütün yunan şəhərlərini və Balkan yarımadasını özünün dəmir yumruğunda sıxmağı bacaran Fillipin varisi İsgəndərdi. Amma əgər İsgəndərin ağıldankəm qardaşını nəzərə almasalar belə, Makedoniya taxt-tacının əsil sahibi sağdı. Uzun illər əvvəl Fillipin qardaşı Perdikki öldüyü zaman taxta onun körpə oğlu Amint çıxarılmışdı. Amma Amintin reqenti olan Fillip sonradan özünü çar elan edərək qardaşı oğlunun haqlarını əlindən almışdı. Amma Fillip qardaşı oğlunu öldürməmiş, qızı Kainanı ona ərə verərək taxtın əsl sahibinin könlünü almışdı.

İnstinkti İsgəndərdən tələsməyi tələb edirdi. Çünki bir çox knyazların Amintin tərəfini tutacağı elə indidən bəlli idi. Fillipin cəsədini yerdən qaldırıb apararkən İsgəndər müəllimi Aristotelə baxdı. Böyük filosof hər şeyi anladı. Bir neçə saatdan sonra Aristotelin yaxın dostu Fillipin Baş naziri Antipatr İsgəndəri Makedoniya çarı elan etdi. Səhəri gün Makedoniyanın ordu komandanları İsgəndəri müdafiə etdilər. Hər zaman ordu içində olan İsgəndəri komandanlar yaxşı tanıyırdılar.

İsgəndərin ilk işi atasının qatillərini cəzalandırmaq oldu. Elə ilk gündə Makedoniya və Yunanıstan İsgəndərin hüdudsuz qəddarlığının şahidinə çevrildilər. Nə qədər qəribə də olsa, İsgəndər atasının qətlində öz qohumlarını və Makedoniyanın sayılıb-seçilən əyanlarını günahlandırdı. Bir neçə günün içində yeni tiran nəslinin bütün kişilərini öldürdü. Qadınlara isə toxunmadı.

Edam olunanların içində Makedoniya taxt-tacının əsl sahibi və İsgəndərin doğma bacısının əri Amintdə vardı. İsgəndərin qəddarlığından dəhşətə gələn bir çox Makedoniya əyanları isə İrana qaçıb Daraya sığınmaqla canlarını qurtardılar. Bir neçə ildən sonra İsgəndər onları İranda edam edəcəkdi.

Fillipə edilən sui-qəsdin əsl səbəbi isə heç zaman bilinmədi. Bəzi ehtimallara əsasən sui-qəsd İsgəndərin anası Olimpiada tərəfindən hazırlanıb. Çünki Olimpiadanın əsas rəqibi olan Fillipin gənc arvadı Kleopatra hamiləydi və o, oğlan doğsaydı, taxt-tac atası ilə yola getməyən İsgəndərin əlindən birdəfəlik çıxacaqdı.

Fillipin ölümündən bir ay sonra Kleopatra qız doğdu və İsgəndər Avropa adı verilən qızcığaza toxunmadı. İsgəndər Kiçik Asiyaya getdikdən sonra Olimpiada keçmiş rəqibini və onun qızını öldürdü. Avropanı anasının dizləri üstündə boğdular, sonra Olimpiada Kleopatraya intihar etməyi əmr etdi.

Qəddarlığını nümayiş etdirməklə yanaşı İsgəndər mərhəmətini də göstərdi. Taxta oturar-oturmaz Makedoniya xalqını vergidən azad etdi və xalqın sevimlisinə çevrildi.

Elladanın ram edilməsi

Fillipin ölümünü eşidən Frakiya və İlliriya qəbilələri İsgəndərə tabe olmaqdan imtina edərək üsyana qalxdılar. İsgəndər bir an belə düşünmədən Makedoniya falanqalarını onların üzərinə yönəltdi. Bir neçə döyüşlə barbarların ittifaqını pozub onları təslim olmağa vadar edən İsgəndəri şimaldan gələn xəbər özündən çıxardı. Yunanıstanın ən böyük və ən varlı şəhərlərindən biri olan Fiva İsgəndərin hegemonluğunu qəbul etmirdi və bütün Ellada polislərini İsgəndərə qarşı birləşməyə çağırdı. Hiddətindən çatlayan İsgəndər ordusunu cənubdan şimala yönəltdi. Bir an belə vaxt itirmək olmazdı. İsgəndərin sürətli hərəkətini çaşqınlıqla seyr edən yunan polisləri Fivaya kömək etməkdənsə, hadisələri izləməklə kifayətləndi. Şəhəri mühasirəyə alan İsgəndər bir neçə gündən sonra Fivalıların müqavimətini qırıb şəhərə daxil oldu. Şəhərdə daş üstündə qoymadı. Bütün Yunanıstan İsgəndərin hədsiz qəddarlığından dəhşətə gəldi. Şəhərdəki bütün kişiləri qılıncdan keçirən İsgəndər qadınları və uşaqları qul bazarında satdı. Bir ay əvvəl Yunanıstanın ən çiçəklənən polisi olan Fiva artıq yox idi.

Fivadan ayrılan İsgəndər ordusunu Afinaya doğru yönəltdi. Afinalı məşhur natiq Demosfen onu südəmər uşaq adlandırmışdı. Afina Domesfeni İsgəndərə vermədi və danışıqlar təklif etdi. Yunanıstan polislərin toplandığı qurultayda İsgəndəri yunan şəhərlərinin hegemonu olaraq tanıdılar. Bununla bərabər şəhərlər müstəqil daxili siyasət aparmaq hüquqlarını özlərində saxladılar.

Yunanıstanı ram edən İsgəndər özünün və atasının xəyalını gerçəkləşdirmək üçün Şərqə doğru yönəldi. Onun hədəfi Balkanları həşəmətli pers şahənşahı Daranın hegemonluğundan çıxarmaq idi.

Fillipin xəyalı

Fillip bütün ömrünü Elladanı Makedoniya hegemonluğu altında birləşdirməyə və yüz ildən artıq davam edən İran suverenliyindən qurtarmağa həsr etmişdi. Bütün Yunanıstan polisləri, həmçinin Makedoniya çarlığı İran şahənşahlarına bac verirdilər. Sonuncu dəfə Daranın atası Kserks Yunanıstana girərək Afinanı yandırmışdı.

Bütün həyatını bu işə sərf edən Fillip ölümündən az öncə demək olar ki, istədiyinə nail ola bilmişdi. Güclü hərbi strateq olan Fillip Makedoniya ordusunda islahatlar keçirmiş, yaratdığı falanqalarla meydan savaşında ordusunu məğlubedilməz hala gətirmişdi. Qəzəbli tiran bütün yunan şəhərlərinə öz hegemoniyasını qəbul etdirməyə nail ola bilmişdi. Ölümündən bir neçə saat əvvəl Fillip İran hegemoniyasından çıxacağına adı kimi əmindi…

Aristotelin «Avesta» nifrəti

Uşaqlıqdan lovğa və inadcıl olan İsgəndəri atası özünün əsas davamçısı olaraq görürdü. İsgəndər 10 yaşından ordu içində yaşamağa başlamışdı. Elə o vaxt atasına hədiyyə edilən və bütün cəhdlərinə baxmayaraq Fillipin öhdəsindən gələ bilmədiyi Buçefalı ram etməklə hər kəsi təəccübləndirmişdi. Sonradan İsgəndər bütün döyüşlərə bu sevimli atı ilə qatılacaqdı.

İsgəndərin 13 yaşı olanda Fillip oğlunun hərtərəfli təlim ala bilməsi üçün Yunanıstanın ən böyük filosofu və elm adamı kimi tanınan Aristoteli dəvət edir. Platonun ən böyük şagirdlərindən biri olan Aristotel, ustadına dönük çıxmaqla yanaşı, onun ölümündən sonra həm də ideyalarının əleyhinə çıxırdı. İdealist Platondan fərqli olaraq materialist Aristotel tipik yunan millətçisi idi. Məhz bu üzdən Fillip oğlunun tərbiyəçisinin Aristotel olmağını istəyirdi.

Aristotel üç il müddətində İsgəndərə təlim keçdi və bu müddətdə yeniyetmədə farslara nifrət oyada bildi. Aristotelin Zərdüştlüyə qarşı fikirləri İsgəndərə o qədər təsir etmişdi ki, Persepolu aldıqdan sonra onun ilk işi 72 min öküz dərisi üzərində yazılmış «Avesta» vartalarını yandırmaq oldu. «Avesta» məhv etməsi haqqında müjdəni İsgəndər Aristotelə xüsusi məktubla bildirmişdi.

16 yaşına çatanda ilk dəfə atası ilə mübahisə edən İsgəndər anası ilə birlikdə taxt-tac şəhərindən getdiyinə görə Aristoteldən də ayrılmışdı. Aristotel isə Makedoniyanı tərk etmədi. Yalnız İsgəndər çar olduqdan sonra ondan aldığı pulla öz fəlsəfə məktəbini açmaq üçün (Litsey) Makedoniyadan ayrıldı.

Gedər-gəlməz yolun başlanğıcı; Troya xarabalıqları üzərində ilk qələbə

Fillipin Baş naziri Antipatrı öz yerinə Makedoniya valisi təyin edən İsgəndər yunan şəhərlərinin birləşmiş qüvvələrini Kiçik Asiyaya doğru istiqamətləndirdi. İsgəndərin 40 minlik ordusu Dardaneli keçib əfsanəvi Troyanın xarabalıqlarının yerləşdiyi ərazidə sahilə yan aldı. Quruya ilk olaraq İsgəndər çıxdı və nizəsini Troyanın xarabalıqlarına sancdı. Avropanın ilk fatehi gedər-gəlməzə qədəm qoymuşdu.

Perslərlə ilk döyüş Troya xarabalıqlarının kənarında baş verdi. Makedoniya falanqaları perslərin döyüş arabalarını asanlıqla darmadağın etdi. 5 minlik süvari dəstəsinin başında duran İsgəndər perslərin qaçmaq istəyən əsgərlərini doğradı. Perslərin məğlubiyyətinin əsas səbəblərindən biri İsgəndərə qarşı çıxarılan ordunun demək olar ki, muzdlulardan ibarət olmasıydı.

Səhəri gün pers zülmündən zinhara gələn Kiçik Asiya şəhərləri İsgəndərə təslim olduqlarını bildirdilər. İsgəndər Kiçik Asiyanın yarısını döyüşsüz əldə etdi. Qədim Lidiya şəhərləri İsgəndəri özlərinin xilaskarı olaraq gördülər və İsgəndərin ordusunda xidmətə başladılar.

Kiçik Asiyadan İran torpaqlarına doğru irəlləyən İsgəndər Daranın 300 minlik ordusunu Kilikiyada qarşıladı. Döyüş meydanına birinci İsgəndər yetişmişdi. Mərkəzdən falanqalarla rəqib ordunu sıxışdıran İsgəndər cinahlardan süvarilərlə perslərin sıralarını pozdu. Dara qaçdı. Dəməşqə girən İsgəndər Daranın xəzinəsini ələ keçirdi.

Bu qələbə İsgəndərin şöhrətini bilinən hər tərəfə yaydı. Daranın sülh şərtlərinə məhəl qoymayan gənc fateh yeni səfər əmri verdi. Hər kəs güman edirdi ki, İsgəndər Daranın arxasınca Persiyanın dərinliklərinə doğru yönələcək. Amma o geri döndü. Satrapların hökmranlıq etdiyi bir şəraitdə Persiyanın içinə doğru hərəkət etmək doğru olmazdı. Aralıq dənizi sahillərində qədim Finikiya şəhərlərini təslim edərək pers donanmasını zərərsizləşdirən İsgəndər Misirə hərəkət etdi. Ancaq qədim Tir şəhəri İsgəndərə təslim olmadı və 7 aylıq mühasirədən sonra İsgəndər şəhəri yandırdı. Bununla da Aralıq dənizindəki pers donanmasının varlığına son qoyuldu.

İsgəndər Amon Raya azadlıq verir

Misiri işğal etdikdən sonra Qədim Misir dinini qadağan edən perslər Zərdüştlüyü aparıcı din elan etmişdilər. Misirə doğru hərəkət edən İsgəndər qədim misirlilərin dinini azad buraxacağını dedi. İsgəndərin ordusu yol üstü, iki aylıq mühasirədən sonra Qəzzani işğal etdi.

Misir İsgəndərə təslim oldu. Daranın satrapı Mazak yeni cahangirin qarşısına çıxaraq diz çökdü. İsgəndər misirlilərə verdiyi sözü tutdu. Misir məbədlərində yenidən Amon Raya ibadət etməyə başladılar.

İsgəndər Misirdə 6 ay qaldı. Bu müddətdə o, Aralıq dənizinin kənarında İsgəndəriyyə şəhərinin özülünü qoydu və dünyanın hər yerindən bu şəhərə kitablar toplamaq əmrini verdi. İsgəndəriyyənin məşhur kitabxanası müsəlmanlar Misiri fəth edəndə yandırıldı. Ömər İsgəndəriyyə kitabxanası ilə bağlı belə demişdi: «O kitablarda yazılanlar Quranda varsa, o zaman onlara ehtiyacımız yoxdur, yox əgər Quranda yoxsa, o zaman yenə də o kitablara ehtiyacımız yoxdur».


İsgəndər Misirdə özünü tanrı Zevsin oğlu elan etdi. Onun bu addımı Misir ənənələrinə uyğun olaraq firon titulu ala bilmək üçün atdığını deyirlər. İşğal olunan ərazilərdə yeni hakimiyyətin qurulması ilə məşğul olan İsgəndər ordusunu da yenidən formalaşdırdı. Artıq onun ordusunda ancaq bir ovuc makedoniyalı və yunan əsgəri vardı. Buna baxmayaraq ordunun komandanları makedoniyalılardan ibarət idi və hətta Asiya şahı olduqdan sonra da, heç bir halda İsgəndər bu ənənəsini dəyişmədi.

Tarixin gedişi dəyişir

İsgəndər Misirdə olanda Daranın yenidən böyük ordu toplaması haqqında məlumat aldı və ordunu yenidən Persiya torpaqlarına yönəltdi.

Eramızdan 331 il əvvəl İsgəndər Dəclə və Fərat çaylarının arası ilə irəliləyib Midiyaya daxil oldu. Onu Persiyaının ürəyi olan Midiya sərhədləri qarşısındakı böyük düzənlikdə yarım milyonluq ordu ilə İran şahənşahı Dara gözləyirdi. Dara döyüş arabalarının sərbəst manevr edə bilməsi üçün bu dəfə geniş meydan seçmişdi. Döyüşdən əvvəl əsgərlərin qarşısına çıxan İsgəndər: «Asiya sizin ayaqlarınız altındadır. Dünyaya sahib olmaq üçün qalib gəlməkdən savayı şansımız yoxdur», - söyləmişdi.

Bizim eradan əvvəl 331-ci ilin 1 oktyabrında tarixdə o zamana qədər rast gəlinməyən bir savaş başladı. Yenə də mərkəzdən alınmaz qala təsiri bağışlayan falanqalarla hücuma keçən İsgəndər cinahlardan süvariləri vasitəsi ilə pers ordusunun nizamını pozdu. Lakin bu böyük döyüşdəki inanılmaz qələbəni İsgəndərə məhz Dara verdi. Cinahlarda azacıq pozğunluq yarananda vahiməyə düşən Dara ordusunu və sərkərdələrini döyüş meydanında buraxaraq qaçdı. Əslində Dara əsgərlərini bir yerə toplasa, doğru əmrlər versəydi, İsgəndərin ordusunu mühasirəyə sala, onları məğlub edə, tarixin axarının dəyişməsinin qarşını ala bilərdi. Amma Tanrı dəyişiklik qərarı vermişdi və Dara qorxaraq döyüş meydanını tərk etdiyi gün, həm də Avropanın günəşi doğacaqdı.

Asiyanın şahənşahı

Məşhur Qavqamel savaşından sonra pers əyanlarının və Daraya tabe olan xalqların qorxaq şahənşaha olan inamı itdi. Artıq Persiyaını bütün qapıları makedoniyalı gəncin üzünə açıqdı. Qavqamel çölündən Babilə və Suza doğru irəliləyən İsgəndər Suzda özü üçün möhtəşəm toy etdi. O, eyni gündə iki fars şahzadəsi ilə - Daranın qızı Satira və Daranın bacısı Parsatida ilə evləndi. Bundan başqa İsgəndər 80-ə qədər makedoniyalı və yunan sərkərdəsini pers əyanlarının qızları ilə evləndirdi. On mindən artıq makedoniyalı və yunan əsgəri isə pers qızları ilə ailə həyatı qurdu.

Persiyanın qədim şəhərlərindən olan Suzdakı möhtəşəm toyda pers əyanları İsgəndərin hakimiyyətini qəbul edib, onu Pers şahənşahı elan etdilər. Həddindən artıq lovğa və qürurlu olan İsgəndər özünü Asiya şahənşahı elan etdi.

Suzda çalınan məşhur toy əslində İsgəndərin bir siyasətçi kimi nə qədər uzaqgörən olmasının göstəricisi idi. İsgəndər yaxşı başa düşürdü ki, böyük imperiyanı idarə edə bilmək üçün ellin-pers mədəniyyətini uzlaşdırmalı və onları birləşdirməlidir. Bu toydan sonra İsgəndər ənənəvi yunan geyimlərindən imtina etdi və qonaqları bu paltarla qəbul etdi. Kef məclislərinə geniş pers paltarları ilə qatılmağa başladı. Lakin İsgəndərin addımlarını onun yaxın silahdaşları həzm edə bilmirdilər. Onların pers ənənələrinə nifrəti vardı, fatehin onları bu ənənələrlə yaşamağa məcbur etməsinə dözə bilmirdilər. Xüsusi ilə şahənşahın ayaqlarını öpmək makedoniyalılar və yunanlar üçün dözülməz təhqir idi. Hər zaman İsgəndərlə bir dost kimi davranan ətrafı indi onun qarşısında ikiqat əyilməyi heç həzm edə bilmirdilər. İsgəndərin çox yaxın dostu olan Kleyt eyş-işrət məclislərinin birində bu ənənələrə açıq şəkildə etiraz etmişdi. O, pers donuzları ilə birlikdə şərab içmək istəmədiyini bağıraraq söyləmişdi. İsgəndər isə nizə ilə uşaqlıq dostunu yerindəcə öldürmüş, sonra onun başını qucaqlayıb ağlamışdı.

İsgəndər yaxşı başa düşürdü ki, 30 minlik Makedoniya və yunan əsgəri ilə Asiyanın geniş çöllərində nə hakimiyyətini qoruya, nə də yeni torpaq işğal edə bilər. Buna görə də pers əsgərlərini ordusuna qatır və onlara təlim keçirdi. Əks təqdirdə İsgəndərin geriyə dönmək imkanı olmayacaqdı...



(Ardı var...)

# 7169 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #