“... Onun nəsri nəyinsə haqqında deyil, nəyinsə özüdür. Hisslər yatdığı zaman sözlər də gözlərini yumur”.
Semuel Bekket
“Hazırlıqsız oxucu üçün Coysun hüdudsuz romanı fətholunmaz xaos kimidir... Şekspir, Kevedo və Höte kimi, Coys da ədəbiyyatçı deyil, ədəbiyyatın özüdür”.
Xorxe Luis Borxes
“Mənim məqsədim öz ölkəmin ruhunun tarixinin bir fəslini yazmaq olub. Mən Dublini ona görə səhnə olaraq seçdim ki, fikrimcə, iflicin mərkəzi məhz bu şəhərdir”.
Ceyms Coys
“İnkivizasiya” qurbanı
1925-ci ildə Londonun mərkəzi meydanlarnın birində uzun müddət davam edən məhkəmə prossesindən sonra London məhkəməsinin qərarı ilə 1904-cü ildən kilsədə kəbin kəsdirmək istəmədiyinə görə vətənindən didərgin düşmüş irland yazıçısı Ceyms Coysun “Uliss” romanı pornoqrafiya və pozğun ədəbiyyat adlandırlaraq tonqala atılaraq yandırıldı. Orta əsrlərin fanatik xristian inkivizasiyası, işıqlanma əsri olan 20-ci əsrin birinci rübünün sonuna qədər Avropada at oynamaqda davam edirdi. Bundan səkkiz il sonra isə Hitler Berlinin mərkəzi meydanında kazarma kommunizminin baniləri olan Marksın və Engelsin əsərlərindən tonqallar çatacaqdı.
Nə qəribədir ki, bütün dünyada artıq ədəbiyyatın brendinə çevrilən Ceyms Coys yaradılıcılığı bəraətini məhz 1933-cü ildə aldı. Uzun məhkəmə çəkişmələrindən sonra nəhayət ki, 1933-cü də ABŞ-da “Uliss”in çap edilməsinə icazə verildi. 1921-ci il nəşrndən sonra 1936-cı ildə İngiltərədə artıq bir dəfə “inkvizasiyanın” qurbanı olmuş roman ikinci dəfə nəşr olundu. Coysun öz vətəni İrlandiyada isə “Uliss” yalnız 1960-cı ildə bəraət ala bildi. Baxmayaraq ki, bu dövrə qədər İrlandiyada “Uliss” haqqında kifayət qədər resenziyalar yazılmışdı, amma İrlandiya kömrüyündə ölkəyə bu romanın gətirilməsi qəti qadağanıdı. İrlandiya hətta dəfələrlə bu kitabın Vatikanın qadağan olunmuş kitablar indeksinə salınması üçün çalışmışdı.
Coys vətənini hər şeydən çox sevirdi və onun üçün də mübarizə aparır və katolik fanatizmi azarına tutulmuş ölkəsini müalicə etməyə çalışırdı. O öz vətənini – İrlandiyanı “balalarını yeyən donuz” adlandırırdı. Və elə ona görə də demək olar ki, özünün bütün yaradıcı həyatını vətənindən kənarda yaşadı. Artıq 30-cu illərdə Coys balaca İrlandiya adasından qat-qat böyükdü və vətənində onu qəbul etməsələr belə, o vətənin bayrağına, rənginə və bütün başqa simvollarına çevrilmişdi.
Yeni ədəbiyyatın banisi
20-ci əsrin birinci rübü, doğurdan, dünya tarixinin ən ziddiyyətli dövrü idi. Bir tərəfdən, qırmızı inqilab xaosu, bütün Avropanı yandırıb külə döndərən dünya müharibəsi, Avropa iqtisadiyyatının çöküşü, aclıq və səfalət; digər tərəfdə, Nitsşenin qürubundan sonra zühur edən Freydin analitik fəlsəfi nəzəriyyəsi və metodikası və ənənəvi dünya ədəbiyyatını yerlə-yeksan edən Coys.
Çox qəribədir ki, Coysun yaradıcılığında Birinci Dünya müharibəsi, siyasi ideyaların və cərəyanların böyük savaşı və ən əsası marksizmin və nasiszmin böyük zəfərləri demək olar ki, heç hiss olunmur. Sanki Coys o dövrdə yaşamırdı və sanki Coys bütün Avropanı tir-tir titrədən əsgər çəkmələrinin səsini eşitmirdi. Elə bil ki o, yaşadığı dövrə aid deyildi.
Əslində, elə beləydi. Coys yaşadığı dönəmə aid deyildi. Daha doğrusu, Coys yaşadığı dönəmin üzərindəydi. Amma fövqündə deyildi!
O, Avstriya yəhudisi Ziqmund Freydlə birlikdə yeni dünyaya açılmış qapı idi ki, İkinci Dünya savaşından sonra Qərb dünyası bu ikisinin yaradıcılığından doğub törəyən mədəniyyətlə yüksələcək və klassik-patriarxal ənənələrinin toz-torpağını üst-başından çırpıb atacaqdı.
Coysun yaradılıcığı dünya ədəbiyyatında insan şüurunun açıq olmayan tərəflərini araşdıran bir eksperment idi. Coys bütün yaradıcılığı boyunca eksperment apardı.
Coysun yaradıcılığı böyük bir labortoriyadır. Bu gün də bu laboratoriya hələ də işləməkdə davam edir. Təsadüfi deyil ki, 700 səhifəlik “Uliss” romanı haqqında, bu romanın həcmindən 1000 dəfə artıq ressenziyalar və araşdırmalar yazılıb. Təkcə onu demək kifayətdir ki, bu romanın rus versiyasını tam şəkildə hazırlamaq yüksək səviyyəli mütəxəssislər qrupu 60 il çalışıblar. 1925-ci ildə romanın kiçik bir hissəsi rus dilinə çevrilib dərc olunsa da, romanın tam həcmli tərcüməsi 1982-ci ildə başa çatıb və elə həmin ildə “Uliss” tam həcmlə və şərhlərlə rus dilində nəşr olunub. Bundan əvvəl romanın müxtəlif hissələri dəfələrlə rus dilində çap olunub. Romanın tamhəcmli rus vesiyasının hazırlanması üçün 1933-cü ildən başlayaraq, Stalinin repressiyaları zamanı müəyyən fasilələri istisna etməklə, mütəxəsis qruplar ardıcıl olaraq çalışıblar və romanın üslubunu, dilini və texnikasını qoruyub saxlamaq üçün əllərindən gələn hər şeyi ediblər.
İlk dəfə şüur axını formatını ədəbiyyata gətirən Coys yaradıcılığı dünya ədəbiyyatında, doğurdan, fövqəladə hadisə idi. İlk dəfə ədəbiyyata ənənəvi klassik üslubla girən Coys öz müasirlərindən heç bir şeylə fərqlənmədi. Onun “Kamera musiqisi” şerlər kitabı ənənəvi ingilis ədəbiyyatı nümunəsi idi. Amma bu yaxınlarda Azərbaycan türkcəsinə tərcümə edilən “Dublinlilər” hekayələr toplusu ilə Coys digər müasirlərindən fərqli olduğunun işarətlərini verdi. Bu hekayələrdə Coys artıq ustad ədəbiyyatçı olduğunu və həssas psixo-analitik kimi yetişdiyini isbatladı.
Və “Cakoma Coys”... 16 səhifəlik qəribə, süjetsiz, formasız və heç bir quruluşu olmayan bir əsər... “Cakoma” dünya ədəbiyyatında “yeni roman”ın ilk nümunəsidir. Bu əsəri sadəcə, formasız simmetriya adlandırmaq olar. Ən əsası isə bu əsərin hər hərfində, hər nöqtəsində Coysun ürək döyüntülərini və tir-tir əsən hisslərini eşidirsən...
Bu əsərin çox çox qəribə yaranma tarixi var. Triyestdə yaşayan Coys “Sənətkarın gənclik portreti”ni bitirmək üzrədir. Eyni zamanda, “Didərginlər” pyesi üzərində çalışır və “Uliss”i beynində yoğururdu. O, çörək pulu qazanmaq üçün qəzetlərə esselər, məqalələr yazır, ingilis dilindən dərs verir. Birdən Coys öz şagirdi, gənc italyan yəhudisi Ameliya Poppereyə vurulur...
Dünya ədəbiyyatının ən uzun günü
1933-cü ildə “Uliss” romanı tam həcmlə ABŞ-da nəşr olunduqdan sonra bütün dünya ədəbiyyatında şok yaşandı. Ona qədər Coysun ardıcılları hesab olunan “itirilmiş nəsil”in nümayəndələri artıq ədəbiyyatda köklü dəyişikliklərə nail olsalar da, “Uliss”in tamhəcmli nəşri aydın səmada parlayan ildırım təsiri bağışladı. Geniş oxucu kütləsi üçün və peşəkar ədəbi dairələr üçün “Uliss” tam bir gözlənilməzlik idi. Qadağan olunmasıyla çoxdan əfsanəyə çevrilmiş romanın heç kəs bu qədər böyük və monumental olduğunu zənn etməmişdi və doğurdan da “şüur axını” üslubunu bu qədər simmetriya qanunlarına uyğunlaşdırmağı başaran bir insanın dahiliyinin miqyası hər kəsi heyrətə salmışdı.
Bu gün dünyanın bir çox ölkələrində 16 iyun “Uliss”in qəhrəmanı Leopold Blumun şərəfinə “Blum günü” adlanır. Məsələ orasındadır Coysun 700 səhifəlik bu mükəmməl romanında baş verənlər bir gündə, 1904-cü ilin 16 iyununda baş verir və şüur axını üslubunda yazılan bu roman bədii ədəbiyyat olduğu qədər, həmçinin fəlsəfi traktatdır. Ona görə də “Uliss”in dərkini asanlaşdırmaq və onun geniş oxucu kütləsində daha asan qavranılması üçün Coys yaradıcılığını tədqiq edən onlarla mütəxəssis bu romana şərhlər yazıb.
“Uliss” ilk dəfə nəşr olunduğu 1918-20-ci illərdən başlayaraq dünya ədəbiyyatının sensasiyası oldu və bu gündə dünya ədəbiyyatının sensasiyası olmaqda davam edir. Bu əsərdən sonra dünya ədəbiyyatının yüzlərlə incisinin yaradılmasına baxmayaraq, bu “Uliss”in miqyasını az da olsa kiçildə bilməyib. Əksinə bu gün dünya ədəbiyyatının incisi hesab olunan hər bir əsər “Uliss”in epizodlarından doğulub.
Əslində, bu romanı pornoqrafik adlandırmaq heç də doğru deyildi. Sadəcə, romanın bir neçə epizodunda erotik səhnələr mövcuddur və bu günün parametrləriylə yanaşarsaq, bu səhnələr belə məsum uşaq oyuncağıydı. Həssas və incə psixologiya ustası olan Coys pornoqrafiya yazmırdı, o sadəcə, öz labaratoriyasında insanı tədqiq edirdi...
Şayiələrə inanarsaq, “Uliss”in yaranma tarixi, xüsusi ilə Odisseyin arvadı Penolopanın ziddinə olaraq, Blumun arvadı Mollinin ona xəyanət etməsi sırf intriqa və qısqanclıqla bağlıdır. Məsələ orasındadır ki, Coysun dostları ondan intiqam almaq üçün iddia edib ki, Coysun arvadı Nora gənclik illərində həm onunla, həm də başqasıyla birlikdə olub. Bu şayiənin nə qədər həqiqət olduğu bilinmir. Amma iddia olunur ki, avtobioqrafik cizgilərlə zəngin olan “Uliss” qısqanclığın və qəzəbin əsəridir. Bununla belə, əsər o qədər möhtəşəm və nəhəngdir ki, bu nəhənglik dünya ədəbiyyatında bir daha təkrarolunmazdır.
Uğursuzluğun ünvanı
Coysun kitablarının taleyi çox mürəkkəb və təlatümlüdür. Çox məhsuldar olmasına və bütün dünyada yeni ədəbiyyatın ünvanı olmasına baxmayaraq, Coys hər zaman nəşr olunmaq problemi ilə üzbəüz olub. “Dublinlilər” 1905-ci ildə yazılsa da, 1914-cü ildə işıq üzü gördü. 1914-1921-ci illdərdə yazılan “Uliss” 1918-20-ci illərdə hissə-hissə çap olunsa da, tezliklə qadağan olundu və yalnız 12 ildən sonra tam həcmdə nəşr olundu.
Yazıçının sonuncu böyük əsəri isə demək olar ki, ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən rədd edildi. Coys sonuncu “Finneqan üçün ehsan” romanı üzərində tam 17 il işlədi. Əsərin başladığı ilk illərdə özü də etiraf edirdi ki, nə yazdığını bilmir. Hərdən isə zarafatla “bu kitab – mənim ehsanımdır”, - deyirdi.
Ölümünə az qalmış hamınının gözlədiyi “Finneqan” nəşr olunduqdan sonra hər kəs böyük xəyal qırıqlığına uğradı. Bu böyük roman sonsuzluqdan və əlçatmaz xaosdan ibarətidi. Bəziləri bu romana görə Coysu dəli və xəstə adlandırdılar. Bəziləri hesab etdilər ki, gözlərinin işığı tükənən Coys nə yazdığını belə bilməyib… 1939-cu ildə nəşr olunan roman hələ də “mütəxəssislərin kiçik dairəsi” üçün mövcuddur. Və bu eksperimental roman hələ də tam tədqiq olunmayıb.
Əsər rus dilinə hələ də tam olaraq çevrilməyib. Bir sıra epizodları tərcümə olunsa da, Coysun nəvəsi və varisi Stiven kitabın nəşri üçün çox böyük qonorar tələb etdiynə görə kitabın rus versiyası hazırlanmadı.
“Finneqan üçün ehsan” hər kəs üçün anlaşılmaz qaldı və bu gündə anlaşılmaz qalmaqda davam edir. Ancaq Coys bu romanın zamanının gələcəyinə inanırdı. Bu, bəlkə də belədir, bəlkə də belə deyil. Qərarı sözsüz ki, zaman verəcək.
Nə olursa-olsun Coys bütün zamanların ədəbiyyatında istisnasız çox böyük və təkrarolunmaz hadisədir. Tam dəqiqliyi söyləsək Ceyms Coys 20-ci əsrin Homeri, Platonu, Dantesi, Şekspri, Hötesi idi. O, bütün ədəbiyyat tarixini özündə birləşdirən fətholunmaz dahi idi və şübhəsiiz ki, 20 əsrin ən böyük tərəqqisi idi.
Könüllü didərgin
Ceyms Coys 1882-ci il fevralın 2-də Dublində çox uşaqlı kasıb ailənin övladı olaraq gözlərini dünyaya açdı. Onun atası Con Coys başarısızlığı ucbatından bir neçə dəfə iflas etmiş və böyük ailəni kiçik pensiya hesabına saxlayırdı. Anası Meri Coys başqalarının paltarlarını ütüləyir və ailənin ayaq üstə durması üçün var gücü ilə çalışırdı. Kasıbçılıqdan ailə tez-tez bir yerdən başqa yerə köçürdü. Bu tale ömrünün sonuna qədər Coysu təqib etdi. 1904-cü ildə Coys vətəni İrlandiyanı bir dəfəlik tərk etdikdən sonra Avropanın müxtəlif şəhərlərində 200-dən artıq ünvanda yaşadı və ömrünün sonuna qədər öz evi olmadı.
Kasıb ailədə böyüsə də, Coys yaxşı təhsil almışdı. O, əvvəl yezuit kollecində, sonra isə Dublin universtetində oxudu. Ədəbiyyat və fəlsəfədə yüksək səviyyə göstərən Coys dəqiq elmlərdə orta səviyyəli idi. 16 yaşından başlayaraq Coys esselər və şeirlər yazmağa başlayıb. O illərdə onun ən çox sevdiyi yazıçı isə dramatruq Henrik İbsen idi. İbsenin Coysun üzərindəki təsiri uzun müddət hiss olundu.
Qatı katolik kollecində təhsil alsa da, Coys on beş yaşında kilsədən birdəfəlik ayrılır. 16 yaşında İbsenə həsr etdiyi bir essedə Coys yazmışdı: “Mən Allaha və ölümə necə də nifrət edirəm!”
Kilsədən ayrılması sonradan Coysun bütün ömrünü vətənindən kənarda didərgin həyatı yaşamasına səbəb olur. O, bütün ömrü boyu katolik kilsəsi ilə mübarizə apardı və İrlandiyanı cəhalətdə boğduğuna və ölkəsinin milli birliyinə mane olduğuna görə katolik kilsəsinə nifrət etdi.
1904-cü ildə Coys Parisə gəlir və burda ingilis dilindən dərs deməyə başlayır. Lakin anasının xəstələndiyini eşidərək yenidən Dublinə qayıdır. Anası vəfat etdikdən sonra o, çoxdan sevdiyi qulluqçu qız Nora Barnakl ilə həyatını birləşdirir. Lakin ondan kilsədə kəbin kəsdirmək tələb olunur. Coys kilsədə kəbin kəsdirməkdən imtina edərək Nora ilə birlikdə birdəfəlik İrlandiyanı tərk etdi. Coys Nora ilə ancaq 27 ildən sonra vətəndaş kəbini kəsdirdi.
Coys həyatının əsas hissəsini Sürixdə yaşadı. Amma onun didərgin həyatı Triyestdən tutmuş Parisə qədər bir çox Avropa şəhərlərində zənginləşdi.
Fransanın Almaniya tərəfindən işğalı zamanı Parisdə yaşayan Coys yenidən Sürixə döndü və artıq xəstə, yorğun olan böyük ədəbiyyatçı 1941-ci il yanvarın 13-də öldü. O son nəfəsində belə kilsəylə barışmadı və ölümündən sonra da didərgin həyatı davam elədi.
O, bütün ömrü boyu Dublindən yazdı. Hətta bir dəfə söyləmişdi: “Əgər bir gün Dublin yer üzündən silinsə, onu mənim əsərlərimlə onu bərpa etmək olar”.
Coys vətəninə ancaq 1960-cı ildə qayda bildi. Artıq o vətəninin rəmzi və brendi idi.
Evsiz dublinli, “pornoqrafiyaçı”, kilsə düşməni - ARAŞDIRMA
4 avqust 2011
13:42
3448 dəfə oxunub
Oxşar xəbərlər
İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"
12:00
11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?
17:00
5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?
12:00
5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid
09:00
4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...
12:00
30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?
09:00
27 noyabr 2024