Azərbaycan ədəbiyyatının yuxu xəstəliyi

Azərbaycan ədəbiyyatının yuxu xəstəliyi
28 oktyabr 2014
# 12:32

Bu haqda başqa bir yazıda yazmışdım. Zövqünə və səmimiyyətinə inandığım bir neçə yaxın insan bu mövzunu ayrıca yazı şəklində işləməyimi təklif etdilər. Buna ehtiyac var dedilər. Belə başa düşdüm ki, deyəsən həssas mövzuya toxunmuşam. Bu mövzuya toxunmağıma səbəb isə Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” əsərini oxumağım oldu.

Bu əsər də Əkrəm Əylislinin başqa əsərləri kimi yuxularla zəngindir. Bu isə birmənalı olaraq yazıçının zəifliyidi. Əkrəm Əylisli heç cürə bu qədər yuxu bolluğuna haqq qazandıra bilməz. O tərəfi, bu tərəfi yoxdur. Bu yazıçı zəifliyidi, vəssəlam. Qurtarmaq lazımdı bu yuxu söhbətini. Niyə? Yuxu bir dəfə olar. İki dəfə olar. Özü də yerində. Adamın yaddaşına hopar. Əslində “Dağlar deyir ki, soyuqdur” əsərində yuxuda görülənlər hadisə kimi maraqlı olsa da bu hadisələrin yuxu kimi müəllif tərəfindən təqdim olunması hadisələrin maraqlılıq dərəcəsini aşağı salır.

Yəni Əkrəm müəllim elə bilir ki, bolluca yuxu yazmaqla yaxşı iş görür, amma əslində özü öz zəhmətini yerə vurur, gül kimi mövzuları yuxu adıyla sözün həqiqi mənasında zay edir, bir nəsr nümunəsi kimi qiymətini aşağı salır. Şəxsən mən nəsrdə yuxunu sevmirəm. Tirajından, məşhurluğundan, yaşından, cinsindən asılı olmayaraq bunu yazıçının qorxaqlığı və tənbəlliyi kimi qəbul edirəm.

Əgər nəsrdə yuxudan söhbət gedirsə xoşladığım çox az istisnalar var və bu istisnalardan biri də Qonçarovun “Oblomov” əsərində Oblomovun yuxusudu. Bu çox yerində və ustacasına işlənmiş yuxudu və bu yuxu əsərin ruhuna, süjetinə, mövzusuna, ümumilikdə əsərin qəhrəmanının ruhuna çox uyğundu. Bu o qədər gözəl və ustacasına işlənmiş bir yuxudu ki, oxucu onu yuxu kimi yox, qəhrəmanın həyatının ayrılmaz parçası kimi qəbul edir. Eləcə de Knut Hamsunun “Misteriyalar” əsərində Nagelin yuxusunu xatırlamaq olar.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı yuxularla zəngindir. Az qala bütün obrazlar yuxu görürlər. İsa Hüseynovun “Tütək səsi” povestində, Yusif Səmədoğlunun “Qətl günü” əsərində, Mövlud Süleymanlının “Köç” əsərində, Anarın əsərlərində, Afaq Məsudun “Azadlıq” və “İzdiham” romanlarında yuxudan geniş istifadə olunub. Sanki yazıçılar hadisələrin real həyatda baş verdiyini yazmaqdan ya qorxurlar, ya utanırlar, ya da oxucuların bu hadisələrin real həyatda baş verməsinə inanacağına müəlliflərin özləri belə şübhə edirlər.

Yəni müəlliflər özləri öz yazdıqlarına inanmırlar. Bir sözlə, yuxu Azərbaycan nəsrinin ən böyük problemlərindən, bəlalarından biridi. Yuxu Azərbaycan ədəbiyyatının xəstəliyidi desək heç bir mübaliğəyə yol vermərik. “Kim yatmış, kim oyaq” sualı bir qram da aktual deyil. Məlum olur hamı yatıb. Hətta Cırtdanın özü belə...

Sanki bizim adamların həyatında, reallıqda heç bir əhəmiyyətli hadisə baş vermir, hər şey yuxuda baş verir. Hətta bizim nəsrdə obrazların gördüyü yuxularda sirlər və düyünlər açılır, məsələlərə, problemlərə birdən-birə aydınlıq gətirilir. Elə bil hekayə, povest, roman yox, sirlər dünyası üçün ssenari yazırlar.

Düzdü, azərbaycanlılar bir xalq olaraq sözün həm həqiqi, həm də məcazi mənasında yatmağı, əsnəməyi, mürgüləməyi, özünü yuxululuğa vurmağı sevən xalqdır, amma bu o demək deyil ki, onların hamısı ucdantutma maraqlı yuxular görürlər. Azərbaycan yazıçılarının əsərlərini oxuduqda adamda belə bir təəssürat yaranır ki, bizim camaat dünyada ən maraqlı yuxular görən xalqdı.

Doğurdan da başa düşmək çətindi. Necə olur ki, maraqsız və mənasız bir həyat yaşayan adam başını yastığa qoyub gözünü yuman kimi maraqlı yuxular görməyə başlayır. Nədir bunun səbəbi? Necə baş verir bu? Xahiş edirəm psixoloqlar, sosioloqlar, antropoloqlar və digər LOQ-lar bu məsələyə aydınlıq gətirsinlər.

# 3195 dəfə oxunub

Müəllifin son yazıları

# # #